Günəş gözlərinin dərinliyində qeyb olub,

 

 

Günəş gözlərinin dərinliyində qeyb olub,

az qalır ki, Tanrı məni qucaqlasın

Yoxluğun hökm edir göz yaşlarıma

Hər gün bu evdə geri dönməyin

gözləntisiylə neçə ümid göz açdı.

"Bəlkə heç dönməyəcək birini

        gözləməkdir səninkisi" - dedim qəlbimə.

"Qəhərlənmə, qəzəblənmə" - dedi...

Yenə olsa, yenə sevərdi...

Bu gün yol kənarındakı

        çiçəksatan da səni sordu.

Yoxluğun kimi təzə,

sənin kimi eşq qoxan gülləri varmış.

Danışdı güllərə

necə düşkün olduğundan,

Xəbərsiz baharın

payızdan əvvəl solduğundan.

Hər yerdə sən varsan sanki...

Ona görə

baxdığım bütün üzlərdə,

endiyim ən qaranlıq gözlərdə belə səni axtardım,

sənə pərəstiş etdim!

Bəlkə

ən çox sənə yaradım...

Hər gün bir məktub yazdım,

dənizlərə atdım,

rəsmləri yandırdım

Bircə xatirələrmiş səni yaşadan,

Xatirələr!..

Sənsizliyi bağırır göy üzünə...

Buludlar da ağlayır-

Damla-damla səssiz-səssiz

Necəsən- deyə sormuşsan:

"Sənsizliklə sərxoş sənli sənsiz".

...Yoxluğun - kor quyu,

kor qaranlıq

Acıyır yaralarım...

Yalnızlığıma sinmiş qoxun.

Əslində səndən daha çox sevdi məni yalnızlıq...

İndi həsrət qədəhinin dibində

qəlbim sərxoş.

Sordular: - Öldürülən hisslərinin matəmində

nədir belə gözəlliyin?

Dedim ki: - Üzüm ondan,

qəlbim ondan xatirə.

Ən gözəl eşqsə mənimkisi...

Qovuşa bilmədiyim hər gün üçün

sən mənim Tanrıya duayla açdığım ovcumun çiçəyisən...

Sənsizliyin kölgəsində

bir şam yandıracam.

Sevgini unutduran məsafələr deyilmiş,

qəlblərin darısqallığı imiş...

Hıçqırıqlarıma son ver!

 

***

 

Səninlə olacaq sabah üçün

Bu günün təqvimini öldürürəm,

Gecə xəyalıma qovuşacağın üçün

günəşi söndürürəm.

...Sənsizliyin son baharında

ümidlərimin yarpaqlarını

kədərimlə öldürdün.

Gecələrim gündüzlər qədər

qaranlıq deyil...

Günəşi gözlərinlə aydınladırsan,

Ayı mənə hədiyyə et!

...Küləkləri, gözlərinin yağmuruyla güldürdün

Həsrət kölgəsi sənsizliyin bələdçisidir.

Günlərim gödəkcəm kimi daralmış,

Hər gecə yuxuda əllərim qucağını geyinir.

Yalnız olduğuma inanma!

Sənsizlik yalnızlığıma yaxın olmuş

Heç kəsin qəlbində dərd daşıyarkən

Hüznlərə qərq olub

əskiklə yaşayarkən

yalnız olduğuna inanma!

Eşq küçəsində addımladım...

Daha eşqin halı dəyişib

Yalnızlığa öyrəşir.

...indi kor olmuş pəncərələr mən!

Yenə seyr edirəm gözlərində sıxılan buludları...

İsladır yoxluğunu,

qəlbimin tərk edilmiş xarabasında

yalnızlıq damır hər küncünə...

 

Ayşən RƏHİM

 

Ədəbiyyat qəzeti.- 2018.- 17 fevral.- S.10.