Vətənimə bənzəyən Vətən  

 

Siz heç ananıza bənzəyən qadın gördünüzmü həyatınızda? Gülüşü, danışığı, gözləri hətta qoxusu da ananızı xatırladan bir qadın... İnsan belə birisiylə qarşılaşdığında sevincindən uçar, bərk-bərk sarılmaq, uzun-uzun danışmaq, əllərindən tutub öpmək istəyər. Nəfəsi hüzur, qoxusu sərinlik gətirər, dərdlə alışan ürəklərə...

Vətən bir anadır, ondan uzaqlara gedincə ürəyiniz həmişə narahat olar. Belə ki, ürək o zaman ruzgar kimi əsib torpağına sarılmaq istəyər...

...İlk dəfə Azərbaycana dəvət ediləndə bir az tərəddüd etdim. Yad bir ölkə, hələ mənim bilmədiyim bir dil, tanımadığım insanlar... Azərbaycan haqqında heç bir fikrim olmasa da, sanki könlüm quşu ona doğru uçurdu. Azərbaycan torpaqlarına ilk addım atdığım an düşüncələrimin məni aldatdığını hiss etdim. Orada Vətənimin qoxusu, ölkəmin istiliyi, doğmalığı vardı. Gülərüzlü insanları, onların sevgi dolu gözləri "Xoş gəldin, bacım" - deyə gülümsəyirdi. Asiyanın incisi olan gözəl Bakının küləkləri saçlarımı oxşayır, Xəzərin  coşqun dalğaları məni özünə aşiq edirdi. Ruhumu bürümüş inanılmaz bir hüzur özümü xoşbəxt hiss etməyimə səbəb olmuşdu. Sanki uzun bir ayrılıqdan sonra darıxdığım anama sarılmış kimiydim. Anamçün darıxarkən, ona bənzəyən başqa birisini tapmağım, onunla uzun-uzun danışıb həsrəti yox etmiş kimi hiss edirdim özümü.

Bakının hər addımında yeni xatirələrə qovuşurdum. Gözəl yerləriylə birlikdə acıların, göz yaşların şəhərinə dönmüş Bakı bağrı qanla dolmuş, qəlbinin ortasına övladlarını dəfn etmiş məyus, günahsız ana kimi titrəyirdi. Şəhidlərinin soyuq məzarları ürəyinə bıçaq kimi saplanmışdı. Xəzər dənizi fırtınalarıyla hüzünlərdən gücü qalmayan Azərbaycanın fəryadını anlatmağa çalışırdı. Namərdlərin əlində əsir qalan, alçaqların zincirinə vurulan Azərbaycan övladlarından danışırdı. Qanlı keçmişinin qara bağlarından pıçıldayır, əsir qalmış Füzülinin qəmli qəzəllərini oxuyurdu dəniz...

Bu ölkənin sevinci , acısı da, xoşbəxtliyi , hüznü qəlbimi dindirirdi. Anam kimi sevdiyim bu ölkə məni buraxmaq istəmirdi, ondan daha ayrılmadan darıxmağa başlamışdım. Ayrıldığım andan artıq mənim hayatıma yeni bir hiss, Azərbaycan həsrəti girdi. Azərbaycanda keçən hər günüm ömrümün unudulmaz, dəyərli anlarına dönmüşdü. Azərbaycan necə idi deyə soruşanlara desəm, necə izah etsəm?!

Mələklərə həsr olunmuş şeir kimidir Azərbaycan... Göz yaşlarında boğularkən başqasının gözlərindən axan yaşları silən əl kimidir Azərbaycan... Sevdiyi üzülməsin deyə titrəyən dodaqlarıyla gülümsəyən yar kimidir Azərbaycan... Bakı küləkləri ilə yanan qəlbləri sərinlədən, Gəncəsiylə elm incilərini saçan, Şəkisiylə insanların həyatını dadlandıran, Qarabağıyla milyonları gözyaşlarına boğan, sevgisiylə özünü özlədəndir Azərbaycan..

 

Şahista Kamranlı (Ortiqova)

 

Ədəbiyyat qəzeti.- 2018.- 17 fevral.- S.29