Yaponiya - Günəşlə oyanıb yüksələn ölkə

 

Tanınmış yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala Mirələmov həm nəsr, həm dram, həm də publisistik əsərlərin müəllifi kimi geniş oxucu kütləsinə yaxşı tanışdır. Onun publisistikasında müxtəlif ölkələrə səyahətlərlə bağlı təəssüratları özünəməxsus yer tutur. "Çində möhtəşəm on gün" və 2015-ci ildə rus dilində işıq üzü görmüş "Çin - dünyanın səkkizinci möcüzəsi" əsərləri ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılanıb. Müəllifin Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, qonşu Gürcüstan və s. ölkələrdən bəhs edən yol qeydləri də bu qəbildəndir. Yazıçı son dəfə Azərbaycan nümayəndə heyətinin tərkibində Yaponiyada olmuş və öz təəssüratlarını əhatəli şəkildə qələmə almışdır. H.Mirələmovun "Yaponiya - Günəşlə oyanıb yüksələn ölkə" adlı publisistik qeydlərini oxucularımıza təqdim edirik.

 

Yaponca "muda" - "israf" deməkdir

 

Yaponlar yemək haqqında danışmağı çox xoşlayırlar və elə hey yemək barədə fikir mübadiləsi edirlər. Yemək yeyəndə də elə hey yeməyin ləzzəti və onlara necə xoş gəlmələri barədə söhbət edirlər. Bu ölkədə nahar etmək və bir neçə dəfə yemək zamanı "oishii", yəni dadlıdır deməmək ədəbsizlik sayılır.

...Bununla belə, yaponlar israfçılığa qarşı çox həssasdırlar nemətləri israf etmənin böyük günah olduğuna inanırlar. Bu dəyər onların işlərinə də, təbii ki, öz təsirini göstərir. Elə buna görə də deyirlər ki, "lazımsız bir işi ixtisar edərkən lazımsız bir işçi də avtomatik olaraq ixtisar olunacaq". Onlar üçün qənaətcillik, resursları minimum həddə istifadə etməklə, məhsul və müştəriyə orientasiya və bunu edərkən də ən az xərclə etmək, ən yüksək keyfiyyətə nail olmaq, ən vacibi isə tələbi ən sürətli şəkildə qarşılamaqdır.

Yaponları qərblilərdən fərqləndirən digər bir cəhət də ixtisaslaşma ilə bağlıdır. Belə ki Qərbdə, adətən, işçi bir sahənin mütəxəssisi olur, o sahədən kənar heç nə ilə maraqlanmır. Yaponiyada isə işçilər fərqli vəzifələrdə çalışdırıldığından hər sahədən xəbərdar olurlar. Bunun əksi olduqda, yəni bir işçi yalnız bir şeyi mükəmməl bildikdə onda eqo hissi oyanır, "bu şeyi ən yaxşı mən edərəm" fikri formalaşır ki, bu da şirkətdaxili uyğunsuzluğa gətirib çıxara bilir, işçi özünü əvəzedilməz hesab eləməyə başlayır... Şirkətlər üçün əsl təhsilin işçinin işə qəbul edildiyi andan başladığı qəbul edilir. Yeni işə girən üçün giriş törəni hazırlanır. Bu törənə işə girənin ailəsi də çağırılır, ailəsindən işçiyə dəstək olması xahiş olunur. Rəhbər heyət işçini təqdim edir, nitq söylənir, bəzən ziyafət belə verilir. Məsələn, bir çox yapon şirkətlərində iş gününün başlanğıcında şirkətin himni hamı tərəfindən oxunur.

Onu da qeyd edim ki, Yaponiyada orta təhsil ali təhsillə müqayisədə daha çətindir. Tokioda Jkesiri Ohaşi kəsişməsi adlanan beşmərtəbəli keçidin damında birlikdə dərs hazırlayan dörd məktəbliyə rast gəldik. Açığı, məni heyrətə gətirən binanın damında meşəni xatırladan park oldu. Əgər bu göydələnin damına liftlə qalxmasaydıq, deyərdim ki, bu park torpaq üzərində salınıb. Məktəblilər dərslərini irigövdəli bir ağacın altında hazırlayırdılar. Səfirliyimizin nümayəndəsi Fuad mənim xahişimlə soruşdu ki, bu şagirdlər neçənci sinifdə oxuyurlar. Məlum oldu ki, dördü də doqquzuncu sinifdə oxuyur və riyaziyyatdan ev tapşırıqlarını hazırlayırdılar. Onlara bir tənlik verdim ki, həll etsinlər. Dördü də gah tənliyə, gah mənə, gah da bir-birinə baxdılar. Hiss etdim ki, tənliyin həllində çətinlik çəkirlər. Tənliyi özüm həll edib, onlara göstərdim. Onlar da bütün yaponlara xas təbəssümlə "sağ olun!" dedilər. O an mənə orta məktəbdə riyaziyyatdan dərs demiş Əlheydər İsayevi və fizika müəllimim Xalidə Hüseynovanı hörmətlə xatırladım. Dünyasını dəyişən bütün müəllimlərimə uca Tanrıdan rəhmət dilədim.

 

***

 

Yaponiyada oxuyub-yazmağı bacarmayan adam yoxdur. Ekspertlərin rəyinə görə, yaponlar yer üzündə ən savadlı xalq sayılırlar.

Yaponiyada təhsil sahəsində çalışan məsul şəxslər - nazirdən tutumuş universitet rektorlarına və eləcə də məktəb direktorlarına qədər, hər biri öz təcrübələri, səriştələri, istedadları ilə ölkənin gələcəyi qarşısında eyni missiyanı yerinə yetirirlər. Çünki bu ölkədə təhsil sistemi yaponlar üçün həyatı davam etdirmə səbəblərinin ən önəmlisidir. Bu səbəbdən Yaponiyada mövcud olan 9 illik məcburi təhsil ölkə əhalisinin də 99 faizini əhatə edir. Ən maraqlısı budur ki, gənclərin 94 faizi təhsillərini universitet səviyyəsinə qədər davam etdirirlər. Yuxarıda dediyim kimi, işə qəbul zamanı tələbənin ali təhsil səviyyəsi çox da diqqətə alınmır, əsl təhsilin işçinin işə qəbul edildiyi andan başladığı qəbul edilir. Bəlkə elə buna görə Yaponiyada yoxsul yoxdur, çünki burada işsizlik problemi çoxdan həll edilib.

 

***

 

Yaponiyanın hər iki sakinindən biri gözəl rəsm çəkir və yaxşı səsə malikdir. Bu ailədəki və məktəbdəki təlim-tərbiyə ilə izah olunur - uşaqlara əvvəl rəsm çəkməyi və oxumağı öyrədirlər, sonra isə yazmağı və danışmağı. Uzunömürlülüyünə, yüksək yaşayış normasına və ən az uşaq ölümünə görə Yaponiya dünyanın 3-cü ölkəsi sayılır. Təsadüfi deyil ki, yapon xalqı uşaqların doyunca əylənə bilməsi üçün hər cürə şərait yaradıb. Məsələn, "Disney-si", "Disneylend", "Universal Studio" kimi dünyanın ən yaxşı əyləncə parkları Yaponiyadadır.

 

Uşaqlardan söz düşmüşkən, onu da vurğulayım ki, Tokio ən təhlükəsiz meqapolis hesab olunur. Buna görə də valideynlər ictimai nəqliyyatdan istifadə edən altı yaşlı övladları üçün belə narahatlıq keçirmirlər.

Yaponlardan çox şey öyrənmək olar.

Gündoğar ölkədə diqqəti cəlb edən əsas məsələlərdən biri uşaqların tərbiyəsinə olan yanaşmalardır. Burada uşaqların tərbiyə sistemi "ikudzi" adlanır. Bu, təkcə bir pedaqoji metod deyil, yeni nəslin təlim-tərbiyəsinə yönəlmiş böyük bir fəlsəfədir. Yaponiyada belə hesab edirlər ki, uşaq 5 yaşına qədər Allah, 5 yaşından sonra qul, 15 yaşından sonra isə dostdur.

Yapon müdrikləri demişdir: "Ata sevgisi dağlardan uca, ana sevgisi dənizlərdən dərindir". Bəlkə ona görədir ki, Azərbaycanda olduğu kimi, bu ölkədə də uşaqlar bütün suallarını analarına ünvanlayırlar. Gün ərzində yapon analar uşağa 7 saat yarımdan çox vaxt ayırırlar. Yaponiyada qadınlar və kişilər uşağa görə uzun müddət məzuniyyət götürə bilirlər. Lakin kişilər bu hüquqdan imtina edirlər, çünki bu onların maaşlarının azalmasına səbəb olur. Yaponiyada əhalinin çox hissəsi kişinin işləməsini, uşağın tərbiyəsi ilə ananın məşğul olmasının tərəfdarıdır.

Ana və övladın vahidliyi: Yaponiyada "ana"ya "amae" deyirlər. Bu dərin mənalı sözü tam olaraq tərcümə etmək və anlamaq çətin məsələdir. "Amaeru" feilindən yaranan bu sözün mənası "nazını çəkmək", "himayə etmək" deməkdir.

Ta qədim zamanlardan yapon ailəsində uşaqların tərbiyəsi qadının başlıca vəzifələrindən biri olub. Əlbəttə, XXI əsrdə yanaşmalar olduqca fərqlidir. Əgər zərif cinsin nümayəndələri əvvəl yalnız ev təsərrüfatı ilə məşğul olurdusa, indi müasir yapon xanımları oxuyur, işləyir, səyahət edirlər. Bununla belə, əgər qadın ana olmağa qərar veribsə, o özünü büsbütün buna həsr etməlidir. Uşağın 3 yaşı tamam olmamış onu nənənin-babanın yanında qoyub işə çıxmaq olmaz. Qadının əsas vəzifəsi ana olmaqdır. Ana kimi öz öhdəliklərini başqalarının ixtiyarına buraxmaq yolverilməzdir. Bir yaşına qədər ana və uşaq praktik olaraq vahid tamdır. Ana hara gedirsə-getsin, nə edirsə-etsin, körpə mütləq onunla olmalıdır - ya sinəsində, ya da kürəyində. Bizim anaların "kenquru" adlandırdıqları "beybi-slinqlər" Avropadan xeyli əvvəl Yaponiyada çıxmışdı və yapon dizaynerləri hələ də bu "kenquru"ları təkmilləşdirməklə məşğuldurlar.

"Amae" - öz tüstüsünün kölgəsidir. Daimi fiziki və mənəvi əlaqə möhkəm ana nüfuzunu yaradır. Yapon üçün öz anasını incitməkdən və məyus etməkdən daha pis heç nə yoxdur.

Uşaq - Tanrı: "İkudzi" prinsiplərinə əsasən, uşaq beş yaşa qədər - Allahdır. Ona heç nə qadağan etmir, üstünə qışqırmır, onu cəzalandırmırlar. Onun üçün bu sözlər mövcud deyil: "olmaz", "pisdir", "təhlükəlidir". Körpə öz idrak fəaliyyətində azaddır. Avropalı və amerikalı valideynlərin baxış bucağından baxsaq, bu, ərköyünlükdür, uşağın şıltaq olmasına gətirib çıxarır və bu halda uşaq üzərində nəzarət etmək çətinləşir. Əslində isə Yaponiyada valideyn hakimiyyəti Qərbə nisbətən daha güclüdür. Hər şeyin kökündə isə şəxsi nümunə dayanır.

1994-cü ildə Yaponiyada və Amerikada təlim-tərbiyəyə yanaşmalarda fərqin tədqiqatı keçirilmişdi. Alim Azuma Xiroşi hər iki mədəniyyətin nümayəndələrindən öz uşağıyla konstruktor-piramidanı birlikdə yığmağı xahiş edirdi. Müşahidə nəticəsində aşkar edilmişdi ki, yaponlar əvvəlcə uşağa konstruksiyanı necə yığmaq lazım olduğunu göstərirdilər, sonra ona bunu təkrarlamağa icazə verirdilər. Əgər o səhv edirdisə, qadın hər şeyi yenidən başlayırdı.

Amerikalılar isə başqa yolla gedirdilər. Konstruksiyanı quraşdırmağa başlamazdan əvvəl onlar uşağa hərəkətlərin alqoritmini ətraflı başa salırdılar və yalnız bundan sonra onunla birlikdə konstruksiyanı yığırdılar. Bu tədqiqatdan bəlli olur ki, yaponlar sözlərlə başa salmaq əvəzinə, onu əməldə göstərməyə üstünlük verirlər.

Bu üsulla onlar həm də uşağa lap erkən yaşlarından ətrafdakı insanlara, hətta əşyalara qarşı diqqətli olmağı öyrədirlər. Balaca körpə isti su ilə dolu fincana əl uzadanda ona "olmaz" demirlər, uşağın əli yandıqdan sonra "amae" ondan üzr istəyir. Və uşağın yadına salır ki, onun tələsik və düşüncəsiz hərəkəti ona nə cür ağrıya başa gəldi.

Başqa nümunə: şuluqluq etmiş körpə sevimli maşınını qırır. Amerikalı və ya avropalı bu halda nə edəcək? Ehtimal ki, oyuncağı onun əlindən alacaq və onu almaq üçün nə qədər əziyyətə qatlandığı barədə moizə oxuyacaq. Yapon isə sadəcə deyəcək: "Sən onu (oyuncağı - tərc.) incidirsən".

Beləliklə, Yaponiyada uşağa 5 yaşına qədər rəsmən hər şey olar. Bununla onların şüurunda yaxşı tərbiyə edilmiş və valideynlərini sevən "Mən" obrazı formalaşdırılır.

Uşaq - qul: Beş yaşından sonra uşaq "sərt həqiqətlə" rastlaşır. O, riayət etməli olduğu qaydaların və məhdudiyyətlərin altına düşür. Məsələ ondadır ki, əzəldən yapon cəmiyyəti icmalar halında olub. Coğrafi və iqtisadi şərtlər insanları əl-ələ tutub yaşamağa və işləməyə məcbur edirdi. Yalnız qarşılıqlı kömək və fədakar xidmət yaxşı düyü məhsulu əldə etməyə imkan verirdi ki, bu da tox həyat demək idi. "Syudan isiki"nin (kollektiv şüur) və "ie" sisteminin (patriarxal ailə tərzi) güclü inkişafı məhz bununla izah olunur.

İctimai maraqlar hər şeydən üstündür. İnsan - mürəkkəb mexanizmin vintidir. Əgər sən bu mexanizmdə öz yerini tapmadınsa, deməli, lazımsızsan. Buna görə də 5 yaşından sonra uşağa qrupun bir hissəsi olmağı öyrədirlər. "Əgər sən özünü belə aparacaqsansa, sənə güləcəklər". Yapon üçün sosial yadlaşmadan daha qorxunc heç nə yoxdur və uşaqlar fərdi maraqlarını qurban verməyə tez alışırlar.

Tərbiyəçi (yeri gəlmişkən, o, daim dəyişir) - uşaq bağçasında və ya xüsusi hazırlıq məktəbində müəllimlik rolunu yerinə yetirmir, o, sadəcə, koordinatordur. Daha ağıllı uşaqları seçərək qrupların başçısı təyin edir, o başçılara öz qrupuna yaxşı nəzarət etmək tapşırılır və tərbiyəçi ümumi nəzarət edir.

Yapon uşaqlarının sevimli məşğuliyyətləri - komanda idman oyunları, estafet oyunları, xor oxunması və s. "Sürü qanunları"na riayət etmək, həmçinin anaya bağlılığa da kömək edir. Axı kollektiv normaları pozularsa, "amae" məyus olacaq. Bu, ananı biabır etmək deməkdir. Beləliklə, növbəti 10 ildə uşağa mikro-qrupların hissəsi olmaq öyrədilir, kollektivdə işləmək vərdişləri aşılanır. Onun kollektiv şüuru və sosial məsuliyyəti belə formalaşdırılır.

Uşaq - bərabərdir: 15 yaşından sonra uşaq praktik olaraq, formalaşmış şəxsiyyət hesab edilir. Sonrakı qısa mərhələ isə üsyankarlıq və identikliklə müşahidə olunur. Amma əvvəlki iki mərhələdə təməli qoyulmuş dəyərlər nadir hallarda pozulur. İkudzi - paradoksal və hətta qəribə tərbiyə sistemidir. Ən azından bizim qərbli düşüncəmizdə. Ancaq bu sistem ənənələrə söykənir, əsrlərin sınağından keçib və öz ölkəsinin intizamlı qanunlarından çıxmayan vətəndaşlarını böyütməyə kömək edir.

 

"Təvazökarlıq müdrikliyin yaraşığıdır" Yapon məsəli

 

Yaponiyada dövlət quruluşu konstitusiyalı monarxiyadır. Ölkənin konstitusiyası 1947-ci ildə qəbul edilmişdir. Yaponiya 2016-cı ildə müdafiə xərclərinə 42 milyard dollar ayırıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, Yaponiya müdafiə xərclərinin həcminə görə dünyada 5-ci yerdədir. Qeyd edim ki, Yaponiyanın ötən il üçün ümumi büdcəsi 800 milyard dollar olub.

Gündoğar ölkə son vaxtlar dünya ictimaiyyətinin diqqətini daha çox cəlb edir. Bəzi ekspertlər bunu orada kapitalizmin dağılması, eyni zamanda yaponların öz ölkələrini turizm regionu kimi göstərmək bacarığı, həmçinin alimlərinin qeyri-adi kəşfləri ilə əlaqələndirirlər. Unikal ənənələri, ləziz mətbəxi və yüksək mədəniyyəti, doğrudan da, turistlərə qeyri-adi Şərq dünyasına daxil olmaqda yardımçı olur.

"Yaponiya gözəl diyardır, çox şairanədir. O dərəcədə şairanədir ki, onu olduğu kimi təsvir etsən, oxucu inanmaz, deyər ki, yazıçı hissə qapılıbdır. Yaponiya elə bil böyük bir dekorasiyadır, elə bil hər şey burada insan əli ilə yaranmışdır..." Bu fikirləri mən hələ ali məktəbdə tələbə olanda bu gün Azərbaycan ədəbiyyatı tarixində adı gözəl nasir, istedadlı ssenarist, kinorejissor, hörmətli ictimai xadim kimi xatırlanan mərhum Həsən Seyidbəylinin "On beş gün Yaponiyada" kitabından oxumuşdum. Və həmin kitabdan bəzi maraqlı fikirləri yaddaş dəftərçəmə qeyd etmişdim.

Düz yarım əsr əvvəl - yəni 1966-cı ildə Yaponiyada 15 günlük səfərdə olan Həsən Seyidbəyli öz təəssüratlarını belə qələmə alırdı: "Təəssüf ki, hətta mədəni yaponların çoxu belə, Azərbaycanın harada olduğunu bilmirdilər". O zaman bu fikirlərin müəllifi belə qənaətə gəlirdi ki, Yaponiya bizdən çox uzaqdır, ancaq əsas səbəb uzaqlıq deyil, mədəni əlaqələrimizin zəifliyidir...

Həsən Seyidbəylinin təvazökarlığının o zaman təbii ki, yapon həmkarları da şahidi olmuşdular. Yaponiya səfərinin məqsədini yapon jurnalistlərinə açıqlayan Həsən müəllim belə fikir söyləmişdir: "Bizim bura gəlməkdə əsas məqsədimiz Yaponiyanın görkəmli kino xadimləri ilə yaxından tanış olmaq, mədəni əlaqələrimizi möhkəmlətmək, onların yaradıcılığını öyrənmək və mümkün qədər öz kinematoqrafiyamız haqqında onlara məlumat verməkdən ibarətdir. Biz istəyirik ki, hər birimizin beş-on nəfər yaxşı yaponiyalı dostumuz olsun, bir kino xadimi kimi onlarla möhkəm əlaqə saxlayaq".

Bu fikri təkrar oxuyandan sonra, istər-istəməz, məndə belə bir sual yarandı: Bəs görəsən ölkəmiz müstəqillik əldə etdiyi 25 il ərzində bu əlaqələr nə şəkildə inkişaf edib?

Əvvəla, onu qeyd edim ki, "Gündoğar ölkə" Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin dekabrında tanımışdır. Bundan doqquz ay sonra, yəni 1992-ci ilin sentyabrından iki ölkə arasında diplomatik əlaqələr qurularaq inkişaf etməyə başlayıb. Lakin bu, heç də o demək deyil ki, Yaponiya ilə ölkəmiz arasında mədəni əlaqələr məhz bu dövrdən başlayır. Hələ buna qədər Yaponiya ilə mədəni əlaqələrin mövcud olması barədə kifayət qədər məlumatlar var. Və iki ölkə arasında əlaqələrin əməkdaşlıq səviyyəsində davam etdirilməsi həmin tarixi təcrübəyə söykənir. Şübhəsiz ki, diplomatik əlaqələr sistemində mədəni və hər hansı sahədə qarşılıqlı əməkdaşlığın da xüsusi rolu vardır.

 

Ardı var

 

Hüseynbala Mirələmov

 

Ədəbiyyat qəzeti.- 2018.- 24 fevral.- S.18-19.