Cavidanə təbəssüm

 

Çəkinmə, gül! O lətif, incə,

nazlı qəhqəhələr

Simaxi-ruhumu öpdükcə

məsti-zevq olurum.

Hüseyn Cavid

 

1. Ölümlə sevişmək arzusu

 

İndi özümə yaddır

Dəli hönkürtülərim...

Güzgüdəki qadını

Ölümə sürüklədim...

 

Dünyada ən dəhşətli,

O çılğın ehtirasın

Yapışmışam əlindən...

Gülürəm...

Xısın-xısın...

 

Bilirəm

Uçurumun

Ruhuma aclığını...

Şahzadəsi deyiləm

Şirin, məsum nağılın...

Bu gecə sevişməyi

Dadmaq arzusundayam...

Ölümlə sevişməyin

Bircə addımındayam...

Əlim üzülüb tamam

Həyat adlı zalımdan...

yarım, anam

Hali deyil halımdan...

Edam olunur günəş

Ayın xəyanətində...

Ümidlərim can verir

Ölümü öpməyimlə...

 

Öpülmək istəyirəm

Gecəni səhərəcən...

Sevişmək istəyirəm

Ölümlə...

Ölənəcən...

 

Bu sonuncu arzunun

Qarşısında dik durdum...

Həzz alan qürurumun

Qucağında uyudum...

 

2. Mən göy üzü deyiləm...

 

İçim günahla dolu...

Çölüm günahla dolu...

Qətl edilmiş arzular

Çiynimdə ömür boyu...

 

Qarışıb hisslərimə

Əbədi yuxu eşqi...

Günah yağır gecəmə...

Günahım yuyur eşqi...

 

Gözlərim qan çanağı...

Saat gecənin beşi...

Yenə zülmət bağırır...

Ürəyimlə sevişir...

 

Hardadı bu ayrılıq?

Gəlib döysün sinəmi!

Eşitmirmi, ağlayır

Zorlanan eşq mələyi!

 

Ah...

Yenə özüməm

Həm qatil, həm günahkar...

Mən göy üzü deyiləm,

Sevə məni ulduzlar...

 

Axır dodaqlarımdan

Damcı-damcı kəlmələr:

-Tanrı, keç günahımdan!

Tanrı, qoyma ölməyə!

 

3. İblis üçün epitafiya

 

Çiliklənən güzgümü

Gözümə sığdırıram...

Qucaqlayıb özümü

Səhərə aparıram...

 

Tanrı bağışlayandı...

Bağışladımı məni?

Şeytanı daşlayanda

Alqışladımı məni?

 

Yoxsa...

Yaranışımdan

Şeytan özüm olmuşam?

Ölümlə yarışanda

Finişə tez çatmışam?

 

Ağarır damcı-damcı

Üfüqdəki dan yeri...

Doğuşdan betər sancı

Axtarır ölüm yeri...

 

Can verir ehtirasım

Üzü səhərə doğru ...

Ölümlü arzularım

Tək bircə ümid doğur...

 

Ümidə baş əyirəm...

Dərdə qəbir qazıram...

Qatil ehtirasımı

Ruhumda basdırıram...

 

Yazıram başdaşına

Ürəyimin qanıyla:

"Ömrümün yaddaşında

Ölüm eşq sayılar..."

 

Həya baxışlarımda

Açıram bu səhəri...

Ah...

Narıncı dumanda

Cilvələnir şəhərim...

 

İblis mən, mələk ...

İnsanam, insan özüm!

Yaraşır hisslərimə

Cavidanə təbəssüm...

 

Gəncə

 

Şəfa Vəli

 

Ədəbiyyat qəzeti.- 2018.- 24 fevral.- S.19.