Dünya ədəbiyyatının əlaçısı

 

Məlum olduğu kimi, 2017-ci il ədəbiyyat üzrə Nobel mükafatına yapon əsilli Böyük Britaniya yazıçısı Kadzuo İsiquro layiq görülmüşdür. Bu seçim hansı xüsusiyyətləri özündə ehtiva etdirir? Söhbətimiz elə bu mövzuda olacaq.

Gəlin birinci olaraq qalibdən deyil, məğlub olan şəxsdən başlayaq. Haruki Murakami yuxu görür: Stokholmdakı Konsert Huset zalına iynə atsan yerə düşməz. Çoxlu sayda jurnalistlərin, ictimai və dövlət xadimlərinin, İsveç kral ailəsinin qatıldığı tədbirdə İsveç Akademiyasının spikeri irəli çıxaraq əlindəki kağızdan oxuyur: "Ədəbiyyat üzrə Nobel mükafatı Murakamiyə təqdim olunur! Əhsən Sizə, Murakami!". Bu, sadəcə yuxudur. Əslində isə analoji hadisə ötən il oktyabrın 5-də yaşanmışdır. İsveç kralı XVI Karl Qustav həmin gün 2017-ci il ədəbiyyat üzrə Nobel mükafatını Kadzuo İsiquroya təqdim etmişdir.

Göründüyü kimi, Murakami ilə İsiquro tamamilə bir-birindən fərqli şəxslərdir. İsiquro yalnız doğuluşuna və soyadına görə yapon sayılır. O, Böyük Britaniya ədəbiyyatının ayrılmaz hissəsidir. Əslində Murakami ilə İsiquronu demək olar ki, daim müqayisə edirlər. Murakami yapon nəsrinin ən çox qərbləşmiş nümayəndəsidir. İsiquro isə qərb ədəbiyyatına yapon səliqəsini və eyni zamanda keçmişə daldırmanı gətirmişdir. Kitablarının dövriyyəsinə görə Murakami öndə getsə də, İsiquro oxucular tərəfindən daha ciddi qəbul olunan yazıçıdır. Bax, elə bu səbəbdən İsiquro tam qələbə qazana bilmişdir.

2017-ci ildəki Nobel mükafatının təqdim olunması qeyri-adi bir hadisəyə çevrilmişdir. Bunu hətta sensasiya kimi qəbul edənlər də olmuşdu. Hələ mükafatın sahibinin təyin olunmasına qədər mübahisələr qızışsa da, bunun İsiquro olacağına heç kəs güman etmirdi. Namizədlər sırasında keniyalı Nquqi Va Txionqunun və yuxarıda haqqında söhbət açdığımız Haruki Murakaminin adları daha çox hallanırdı. Həmçinin kanadalı Marqaret Etvudla israilli yazıçı Amos Oz barəsində də ara-sıra söhbətlər dolaşırdı. Sonuncu adı çəkilən ədibin namizədliyi Nobel mükafatına demək olar ki, çoxdan göstərilməsinə baxmayaraq, o, hər il yarışmadan əliboş qayıdırdı. Əvvəlki illərdə İsiquro da bukmekerlərin reytinq cədvəlində öncül yerlərdən birini tutmuşdu, son nəticədə isə bu, yazıçının möhkəm qəzəblənməsinə gətirib çıxarmışdı. Əsl sürpriz idi.

Digər tərəfdən yanaşanda, əvvəlki illərdəki qalmaqallar daha bu dəfə təkrarlanmayacaqdı.

Nobel mükafatı 2015-ci ildə Svetlana Alekseyiviçə (o, bukmekerlərin müzkirə mövzusunun liderliyini qazanmışdı) və 2016-cı ildə Bob Dilana görə (onu da nəzər-diqqətdən qaçırmışdılar) möhkəm tənqidə məruz qalmışdı. Səbəb birincinin jurnalist, ikincinin isə musiqiçi olması idi. Əlbəttə, İsiquronu sevməmək olar, xain isveçliləri düzgün seçim etməməkdə, deyək ki, Tom Stopparda, yaxud da rəhmətlik Yevtuşenkoya dəyər verməməkdə günahlandırmaq olar, amma indiki laureatın - olduqca ənənəvi və klassik bir yazıçının dünya ədəbiyyatı qarşısındakı xidmətlərini danmaq isə heç cür mümkün deyil.

Görünür ki, son iki ildən fərqli olaraq bu dəfə Nobel mükafatı özünün standart strategiyasına qayıtmış, müxtəlif nəhəng iddiaçılar arasında ən layiqlisi seçilmişdi. Bu isə bir sıra öncəgörənlərin arzusunun ürəyində qalmasına və gülünc vəziyyətə düşməsinə səbəb olmuşdu. Bir daha təkrar edirik ki, İsiquro bu yarışmada favorit deyildi, amma şəksiz iddiaçı idi.

İndiki qalib onunla unikaldır ki, onu şöhrətləndirən ingilis dili öz doğma dili deyil. Kadzuo İsiquro 8 noyabr 1954-cü ildə Yaponiyanın Naqasaki şəhərində anadan olmuşdur. Altı yaşında ikən ailəsi İngiltərəyə köçmüşdür. K.İsiquro burada işləmiş, ədəbiyyat kurslarına getmiş, 1981-ci ildən ədəbi yaradıcılıqla məşğul olmağa başlamışdır. 1978-ci ildə o, Kent Universitetində bakalavr dərəcəsi almışdır. Yazıçı "Məni getməyə qoyma", "Uşaqlığımı axtaranda", "Uzaq təpələr" və s. romanları ilə məşhurdur.

Dünya ədəbiyyatının əlaçısı - Ağaddin Babayev

K.İsiquro 1983-cü ildə "Ən yaxşı britaniyalı gənc yazıçı" nominasiyasını qazanmışdır. Bu mükafata o, təkrar olaraq 1993-cü ildə də layiq görülmüşdür. Yazıçının ikinci romanı "Qarışıq dünyanın sənətçisi" Böyük Britaniyada ilin kitabı olmuşdur. Romanda Matsui adlı rəssamın hərbçi keçmişindən bəhs olunur və yaponların İkinci Dünya müharibəsinə münasibəti araşdırılır.

İşiquronun 1989-cu ildə çapdan çıxmış üçüncü romanı olan "Günün qalanı" ingilis zadəganının həyatından bəhs edir. Bu monoloq-xatirələrin fonunda ənənələrin öləziməsi, dünya müharibəsinin yaxınlaşması, faşizmin yüksəlişi təqdim olunur. Buker mükafatına təqdim olunan bu roman münsiflər tərəfindən yekdilliklə bəyənilmişdir. Tənqidçilər K.İsiquronu ingilis dilində yazan bir əcnəbi kimi Cozef KonradVladimir Nabokovla müqayisə edirlər.

Yazıçının 1995-ci ildə üslubca daha mürəkkəb romanı "Təsəllisizlər" çap olunur. Əvvəlki romanlarda hadisələr bəlli keçmişdə baş verirdisə, bu romanda hadisələr adı məlum olmayan mərkəzi Avropa ölkələrinin birində bizim günlərdə cərəyan edir. Yazıçının 2000-ci ildə qələmə aldığı "Biz yetim olanda" romanında isə təsvir olunan hadisələr ötən əsrin əvvəllərində Şanxayda baş verir. Bu əsərində K. İşiquro keçmişə qapılmaq kimi sevimli üsuluna qayıtmışdır. Yeri gəlmişkən bildirək ki, yazıçı Nobel mükafatına da məhz "böyük emosional güclə yazılmış romanlarında bizim dünya ilə əlaqəmizin illüzor hissiyyat altında yatmış dərinliklərini üzə çıxardığına görə" layiq görülmüşdür.

İsiquro dünya ədəbiyyatının əlaçısıdır. O, səriştəlidir, bacarıqlıdır, qüsursuzdur. Onun mətnləri reallıqlarla zəngindir, bu daha çox keçmiş dövrləri əks etdirən səhnələrdə qabarıq görünür. İsiquro sözləri eyni zamanda soyuqisti, səslər və sükunət vasitəsilə çatdırmağı bacarır. Bizim qənaətimizcə, sonuncu Nobel mükafatını müəyyən dərəcədə yenə də musiqiyə görə veriblər. Amma budəfəki musiqi notlarla deyil, sözlə ifadə edilmişdir. İsiquronun nəsri poeziya ilə sintez olunmuşdur. Əslində ədib həm də şeir yazır, amma mükafatı o, romanlarına görə qazanmışdır.

İsiquroya Nobel mükafatının verilməsi onun kimi ədəbiyyat əlaçıları üçün siqnaldır. Birmənalı başa düşmək lazımdır ki, mükafatı təkcə eksperimentlərə görə vermirlər. Özünə və ənənələrə sadiqliyə görə mükafatlandırırlar. Yox, roman janrı heç bir halda ölməmişdir. K.İsiquronun Nobel mükafatı ilə təltif olunması buna əyani sübutdur. Az yazın, amma diqqətlə yazın. Belədə hökmən mükafat qazanacaqsınız./adalet.az/

 

Ağaddin BABAYEV

 

Ədəbiyyat qəzeti.- 2018.- 7 iyul.- S.32.