“İçimdəki Medeyanı oyatmayın...”

 

"Dördüncü divar" layihəsinin qonağı kinoşünas Sevda Sultanovadır

 

Əslində, onunla bağlı bütün suallarımın cavabı yazılarında var. O, kino, teatr və ədəbiyyat sahəsində unikal və fərqli zövq sahibidir. Eləcə də biliklərini dostları, tanışları və oxucuları ilə paylaşmağı bacaran böyük ürəkli insan, nəzakətli qələm sahibidir. Beləliklə, bugünkü "Dördüncü divar" layihəsinin qonağı kinoşünas Sevda Sultanovadır.

 - Sevda, kino sənin üçün daha çox nəyi ifadə edir? Sırf peşə istiqamətindən yanaşırsan, ya çətin anlarda sığına biləcəyin doğma dünyadır?

- Kino mənim üçün intim bir şeydir. Kişi-qadın münasibəti qədər məhrəm və müqəddəsdir. Sadəcə, kişi-qadın münasibətindən fərqli olaraq, bu intimliyi sözə çevirib, publikayla paylaşırsan... Bir müddətdir ki, Kulis.az da "Əsl kino" layihəsini hazırlayıram. Bu layihədə əsasən son illərdə çəkilən filmlərdən yazıram. Özəlliklə də festivallarda nümayiş olunan filmlərdən. Olur ki, müasir kinematoqrafiyadan yoruluram. Çünki o filmlərin böyük bir qismi, təəssüf ki, nə mövzuya yanaşma baxımından, nə kinematoqrafik həll baxımdan yeni söz demir. Söhbət müasir kinodan gedirsə, mənə görə rejissorları belə təsnifatlandırmaq olar: yüksək plankalı rejissorlar, örnəyi, Qodar, Almodovar, Trier, Vim Venders, Anderson və b. Adını çəkdiyim rejissorlar həm mövzuya yanaşma, həm seçdikləri ifadə formaları, üslub, təsvir həlli baxımından kino dünyasının, obrazlı desək, Zevsləridir. Düzdür, Andersonun son "Xəyali sap"  filmini onun potensialına layiq bilmirəm.

- Niyə?

- Əvvəla təsvir musiqiyə qurban verilir, üstəlik, mövzunu da səthi işləyib, sıradan bir film çəkib. Bununla belə, onu əvvəlki filmlərinə bağışlamaq olar.  İkinci sırada, sadəcə, yaxşı film çəkən rejissorlar dayanır. O rejissorlar ki, hətta festivallarda yüksək mükafatlar da alırlar. Onlar adətən kinonun mövcud qaydaları, basmaqəlib təsvirləri, rakursları, mizanları ilə işləyərək ənənəvi, amma maraqlı, təsirli əhvalat nəql edirlər. Fikir vermişəm, uzağı iki yaxşı film çəkə bilir, üçüncüyə keçəndə potensial sanki tükənir. Ona görə müasir kino bəzən məni çox darıxdırır, sıxır. Klassik filmlər üçün darıxıram, Jan Pyer Melvillin, Fassbinderin, Vendersin izləmədiyim filmlərinə baxmağa ehtiyac duyuram. Almodovara, Viskontiyə təkrar qayıtmaq istəyirəm. Amma vaxt azlığından bu bir az çətindir. Bu mənada kino mənim üçün ilk növbədə sevgidir, duadır, doğma sığınacaqdır. Təbii ki, kinonun nəzəri hissəsi, peşəkar tərəfi də önəmlidir. Ona görə, kino ədəbiyyatını oxumağa, ciddi müəlliflərin ustad dərslərini dinləməyə çalşıram. Bu, həm də intellektual formanı  saxlamağa kömək edir.  

- "Şüşə oyuncaqlar" adlı lal uşaqların bayram sevincindən bəhs edən qısametrajlı filmə çəkilmisən. Bu, ilk və sondur?

- Film, səhv eləmirəmsə, 2003-cü ildə çəkilib. Rejissor Elçin Musaoğlu məni filmə çəkilməyə dəvət edəndə, dedi ki, sənin üzündə mənə lazım olan hər şey var. İlk dəfəydi kamera qarşısına keçirdim, maraqlı təcrübə oldu. Amma çətin idi, özəlliklə də Elçin kimi tələbkar rejissorla işləmək. Film "Əl-Cəzirə" festivalında yüksək mükafat aldı. Deyilənlərə inansaq, kinoya uyğun fakturam var, amma aktrisa kimi istedadlı olduğumu deyə bilmərəm. Rejissor Səidə Haqverdiyeva mənə bir qısametajlı filmində fahişə obrazını təklif edib. Hekayə də, obraz da məni maraqlandırdı. Ümumiyyətlə, Səidənin iti duyumu, dəqiq müşahidələri var.  Ümid edirəm, həmin filmi tezliklə çəkəcəyik. Rejissor Asif Rüstəmov "Cehizsiz qız"ı yeni yozumda  çəkmək istəyirdi, kamera filmi olacaqdı deyəsən. Təklif edəndə razılıq verdim, amma hələ söz olaraq qalıb. Rejissor dostlarıma deyirəm ki, əgər ssenari ürəyimcə olarsa və təbii ki, rejissor da maraqlı yanaşma edərsə, yataq səhnələrinə də çəkilərəm. Bu mənada kompleksim yoxdur.

- Müharibə kino... Səncə, müharibə şəraitində olan, torpaqları işğalda olan ölkənin filmləri fərqlənməlidirmi?

- Hər bir rejissor, ümumiyyətlə, ölkəsindəki reallığı kinoya çevirməyi bacarmalıdır. Söhbət məhz realist film çəkməkdən yox, ən müxtəlif janrlardan, estetikalardan, ifadə vasitələrindən yararlanmaqdan gedir. Konkret müharibə filmlərindən danışırıqsa, Ernst Lubiçin 1942-ci ildə çəkdiyi  "Olum ya ölüm" filmi var. Onun müharibə mövzusunu komediya janrında işləməsi o dövrdə mübahisə doğurmuşdu. Ancaq bu, antifaşist filmdir və bu gün də ən yaxşı ekran əsərlərindən biri hesab olunur. Yəni önəmli  olan gerçəkliyə bədii, individual münasibətdir. Elçin Musaoğlunun müharibədən bəhs edən "Nabat" filmi modernist nəql texnikası üzərində qurulan kamera filmidir. Digər müharibə filmi, Yavər Rzayevin "Sarı gəlin"i passifist filmdir. Amma bizim Qarabağ mövzusu ilə yanaşı başqa aktual  mövzularımız da var, çünki reallığımız çoxqatlıdır. Məsələn, İlqar Nəcəfin "Nar bağı" filmi bizim gerçəkliyin başqa mühüm qatını göstərir. Yəni dediyim odur ki, biz təkcə müharibə mövzusunda çəkməməliyik və kinonu da bu çərçivəyə salmamalıyıq.

- Ümumiyyətlə, hansısa filmin içində olmaq istəmisən?

- Əsasən 60-cı illər fransız filmlərində. Ən çox da Erik Romerin "Monsodakı bulkasatan" filmində olmaq istərdim. Filmin yumşaq, iddiasız atmosferi var. Ümumiyyətlə, dünya kinosunda az qala çevriliş edən, Yeni Fransız Dalğası filmlərinə xiffətim var. Bəlkə həm də ona görə ki, 60-cı illər siyasi, mədəni, intellektual dəyişikliklər  dövrüdür.

- Qadın kimi sevdiyin rejissor olubmu?

- Hansısa rejissora qadın kimi rəğbət bəslədiyim yadıma gəlmir. Onlar mənə yaradıcı adam kimi daha maraqlıdır, nəinki kişi kimi. Ola bilsin, bu, həm də ondan qaynaqlanır ki, rejissorlar düşüncələrini, özlərini filmlərində açdığından, kişi kimi gözlənilməzlikləri qalmır.

- Kino sahəsində gender bərabərliyi qorunmayıb. Hətta ən inkişaf etmiş ölkələrdə də kişilərlə eyni cərgədə duran rejissor yoxdur. Səncə bu nə ilə bağlıdır?

- Maraqlı qadın rejissorlar var: Anyes Varda, Şantal Akerman. İlk sürrealist filmi çəkən də qadın olub, Jermen Dyulak.  Söhbətimiz kino ilə bağlı olsa da, Azərbaycanda maraqlı qadın rejissorlardan biri, "YUĞ" teatrında çalışan Günay Səttardır. Günay bir çox  kişi teatr rejissorundan istedadlıdr, peşəkardır, intellektualdır O, qurduğu hər əsərdə yeni nəsə edir. Ümumilikdə isə sənətdə, xüsusən də kinoda gender bərabərliyi məsələsinə diqqət kəsilməmişəm. Əsas odur ki, ortaya maraqlı iş qoyulsun və mən tamaşaçı kimi ləzzət alım. Deyim ki, qadın dramlarını, qadın mövzusunu kişilər daha yaxşı çəkirlər.

- Qadın bunu bacarmaz deyə kişi qənaətləri çoxdur. Səndə kişi bunu heç vaxt bacarmaz qənaəti olubmu?

- Kişilər heç vaxt qadın qədər məkrli olmağı bacarmaz. Nağıllarda, miflərdə də ifritələr, cadugərlər, daha çox qadın cinsindəndir, fitnə-fəsad tördənlər də ilahələrdir. Adlı-sanlı qəhrəmanların məhv olduğu Troya müharibəsi üç ilahənin hikkəsindən törədildi.

Məsələn, sən məni əsasən müsbət, yaxşı insan kimi tanıyırsan. Amma içimdə, illah da ki, bir Medeya vardır. Bəzən yarızarafat, yarıgerçək dostlarıma deyirəm ki, içimdəki Medeyanı oyatmayın.

Kişilərin dünyası qadınların dünyası qədər emosional, zəngin deyil. Biz, kişilərdən fərqli olaraq, daha gözlənilməz, daha təhlükəli ola bilərik. Qadın obrazları, qadını araşdıran filmlər, qadınlarla söhbət bu səbəbdən mənə daha çox maraqlıdır. Amma feminist deyiləm, ümumiyyətlə, feminizm, gender bərabəriyi temasında aşırılıq məni qıcıqlandırır. Qadının və kişinin bəlli təyinatı var. İstəsək də, istəməsək də instinktlərimizin, təbiətimizin əleyhinə gedə bilmərik. Qadın qatı feminist olanda, kişini əzmək istəyəndə, ondan qabağa keçmək istəyəndə cazibəsini itirir, kişiləşir. Kişiləşmək isə qadının faciəsidir. Mənim üçün intellektual olmaqdan çox qadın olmaq vacibdir.

Kişinin qadın üzərindəki dominantlığını təbii qəbul edirəm. Söhbət zorakılıqdan getmir. Monika Beluççi aktrisa kimi istedadsız olsa da,  maraqlı qadındır.  Onun sevdiyim bir fikri var: "Əsl kişi o deyil ki, səni özünə tabe etdirsin. Əsl kişi odur ki, sən özün ona tabe olmaq istəyirsən. Bu da kişinin özgüvəninə, güclü xarakterinə bağlıdır." 

- Bu yaxınlarda yeni kitabınız çap olundu. Kitabın strukturunu müəyyənləşdirmək, dramaturgiyanı qurmaqdan ötrü hansı metodlardan istifadə elədin? Hansı yazıçıların, rejissorların yaradıcılığına müraciət etdin?

- Əvvəla, Eltonu tanıyan xeyli adamla görüşdüm. Eyni zamanda sənət, ədəbiyyat sahəsindəki dostlarımla vaxtaşırı məsləhətləşirdim, fikir mübadiləsi aparırdıq. Haqqında tam material toplayandan sonra  tamamilə təsəvvürüm yarandı ki, kitab necə yazılmalıdır. Önəmli olan o idi ki, Eltonun portreti fonunda həm də zamanın, dövrün mənzərəsini işıqlandırım. Oxucuya maraqlı olması üçün bədii həlli verməyə, kitabı sadə bir vətəndaşın axtarış prosesi üzərində qurmaqla hekayəmə həyəcan qatmağa çalışmışam. Hazırlıq mərhələsində Stefan Sveyqin portret janrındakı əsərlərinə bir də qayıtdım, müxtəlif rejissorların portretini əks etdirən kitabları oxudum. Əsasən yanaşmalara diqqətimi yönəldirdim. Daha çox hüquq, bioqrafik filmləri izlədim. Kitabın pafosunu isə Aydın Talıbzadənin Mehdi Məmmədov haqda monoqrafiyasını oxuyanda tapdım. Orda analizlə emosionallığın hibridi mənə ideal göründü. Amma yenə də qəhrəmanım bu gün məni eşitsəydi, ona demək istərdim ki, əgər kitabda onun xoşuna gəlməyən uyğunsuz fikir, söz  varsa, haqqını halal eləsin.

- Kino sahəsini bilən biri kimi gələcəkdə bu cür layihələri kitab şəklində yox, sənədli film kimi çəkmək barədə düşünürsənmi?

- Kino bilgilərim olsa da, sözlə işləmək daha rahatdır. Üstəlik, kinoda portret janrında işləmək çətindir. Hər rejissorun girişdiyi deyil. Portret janrında ən yaxşı sənədli film  çəkən, Nizami Abbasdır.  O, 20-30 dəqiqə ərzində qəhrəmanının dolğun obrazını yaradır, doğru emosional vurğular edir, musiqi ilə əla işləyir, təhkiyəsini formal qurmur, hər kadrı dramaturgiyaya xidmət edir, informasiyanı rakursları, montajla kino dilinə çevirir, ritorikadan istifadə etmir. Növbəti kitabımın qəhrəmanı Milli Qəhrəman Yusif Mirzəyev haqda yazmaq istəyimdə Nizami müəllimin onun haqda çəkdiyi "İgid əsgər" filminin təsiri oldu. Yusif haqda bir neçə film çəkilib, amma uğurlusu "İgid əsgər"dir. Hazırda materialları toplayıram, sənədli roman janrında işləməyi düşünürəm, süjeti təxmini qurmuşam, amma dəyişə bilər, bu, materialın intonasiyasından asılı olacaq.

 

Söhbətləşdi:  Samirə Əşrəf

 

Ədəbiyyat qəzeti.- 2018.- 7 iyul.- S.19.