Nazim HİKMƏT

 

İnsan mənzərələri

 

Pirayə xanıma

 

Əvvəli ötən saylarımızda

 

pilot Yusuf

mərhəmətlə

qadının üzünə

gülümsəyərək dedi:

- Sınaq uçuşundaydım,

Əskişəhər göylərində,

yüzbaşı Ilqazla bərabər.

Fasiləsiz

əmrlər verirdi mənə,

bir - dinmədim,

iki - dinmədim,

axırda

beynim qızdı,

atdım

özümü yerə.

Paraşüt

gec açıldı bir az.

Sol

qaşımın üstü

yaralandı.

Susdu pilot Yusuf

əlavə etdi həmən:

- Nə isə,

xırda şeydi.

Nar çiçəyi qadın

əzilə-əzilə dedi:

- Niyə

bu sənəti seçdin ki?

Mən qoymazdım -

əgər anan olsaydım

deyəcəkdi az qala -

arvadın,

şey,

nişanlın olsaydım...

Atasının -

gəmi kapitanı idi kişi -

səsiylə

cavab verdi Yusuf:

- Belə işlərə

qadın qarışmaz.

Həm də,

bizim məsləkdən üstün,

şərəfli məslək varmı? -

İndi

danışdığı səs öz səsi idi -

həm qürurlu,

həm lovğa...

Müharibəyə

girək bir,

onda

anlarsan

mənim necə adam

olduğumu.

Sonra,

sonra...

göylərinin istiqlalını

itirən millət -

indi

bir radio

diktorunun səsi ilə

danışırdı -

məhv olmağa məhkumdur.

Qadın

alov rəngindəki

sivri dırnaqlarını

batırdı

Yusifin dizinə:

- Gülüm, - dedi, -

mən

indi də anlayıram

sənin necə adam

olduğunu,

aman günüdü,

olur-olsun,

müharibə

olmasın.

 

Buğdayı bənizli,

uca boylu

Vədat da

eynən belə düşünürdü, -

müharibə olmasın!

Amma

qorxduğu üçün deyil...

Doğrudur,

qaranlıqda hələ

tək yatmaqdan,

ən çox da

atasından qorxurdu -

amma

müharibədən qorxmağı

ağlına da gətirmirdi,

bununla belə,

istəmirdi müharibə olsun,

çünki

müharibə bitər-bitməz

əsgərlikdən ayrılıb,

İzmirdə

bir elektrik avadanlıqları

mağazası açacaqdı,

fəqət

müharibə

gecikdirirdi bu işi...

Vədatın atası məmur idi,

həm də,

ticarətlə məşğul olurdu -

iri əkin sahələri,

ucu-bucağı görünməyən

bağları vardı -

Vədatı,

tərbiyə olunsun,

pis vərdişlərindən

əl-çəksin deyə

pilot məktəbində

oxumağa göndərmişdi...

Vədat

nar çiçəyi qadının

tərəfini saxladı:

"Xanım

düz deyir:

müharibə olmasın!"

Pilot Yusuf

darıldı:

"Eləmi?

Atanın

kif atmış

qızılı çox,

dükanları da ki, məlum...

Bəs,

müharibə olmasa,

biz pilotlar

qələt eləyərik?

Avtobus sürücüsü kimi

ora-bura

yolçumu daşıyacağıq?

- Narahat olma,

mülki aviasiyada da

pul çoxdu.

- Orası elədir,

amma

müharibəsiz ömür

kişi ömrüdürmü?

Bu dəfə

qadın dedi:

- Yusuf,

gülüm,

birdən bu gənc yaşında

ölsən?

Pilotların üçü də

heyrətlə baxdılar

nar çiçəyi qadının üzünə.

Rəhmi Çavuş çiyinlərini çəkdi,

Vədat güldü,

Yusuf cavab verdi:

- Ölsək,

olacaq? -

Üçünün də

adından danışırdı:

- Təkcə müharibədəmi

ölür adam?

Bir həftə

bundan əvvəl

pilot Əli ilə

Pilot Həsən

iyirmi metr hündürlükdən

yerə düşüb, kül oldular.

Sonra,

bir ay öncə,

dumanlı havada

qayaya çarpılıb,

paramparça oldu

pilot Şahabla

pilot Səlim.

Sonra...

saymaqla qurtararmı?

Həm də,

ölümü gözə almadan

həyatı məğlub etmək

olarmı?

 

Rəhmi Çavuş

qarışdı sözə:

- Bizim

Rəşid Çavuş -

mən yaşda,

bəlkə

məndən bir yaş böyük -

Geliboluda bir qız sevirdi.

Qızı başqasına verdilər.

Zavallı

bunu özünə ar bildi,

təlim-məşq

təyyarəsinə minib,

toy

gününün sabahı

çırpdı özünü

gəlinlə bəyin qaldığı evə.

Ev-mev,

gəlin-məlin,

bəy-məy,

Rəşid-filan

yandılar

həp bərabər...

Pilot Yusuf

toxundu böyürdən

nar çiçəyi qadının məməsinə

başladı türkü oxumağa:

- Dəlisən, dəli könlüm...

Sonra

birdən dəli olmuş kimi

bağırdı:

- Ölmək ölməkdi,

xırıldamaq nə deməkdi?

 

Əkin yerlərini

keçmişdi taksiləri çoxdan.

Ərik bağları

görünürdü qarşıda,

solda.

Lap irəlidə - Ankara qalası!

Bu

bahar səhərində

asfalt yolda

sərin

bir su fışıltısı kimiydi

təkərlərin səsi.

Xəfif

bir türkü

zümzümə edirdi mator.

Sürücünün

əmrinə tabe idi

texnika,

heç

bir heyvanın

insanın əmrinə

tabe olmadığı qədər.

Maşın

bir cib saatı kimi

rahat-rahat işləyir.

Sürücü

üstünə doğru gələn,

təkərlərin altından keçən

asfalta baxır -

ürəyində

bir sonsuzluq

böyüyür, böyüyür...

 

Çıdır meydanına çatdılar.

Sürücü

bir bağçada

skamyada oturubmuş kimi

oturmuşdu rulun arxasında.

Qırx yaşı olardı.

Üzünü,

elə bil, indicə qırxmış.

Yaxın arkadaşlarından idi

həbsdəki şairin.

Kim bilir,

bəlkə də,

həbsdəki şair

"Sürücü Əhmədin dastanı"ndakı

macəranı

onun həyatından götürüb?

Maraqla

dinləyirdi

pilotların dediklərini.

"Köhnə orduda

süvari imişlər,

indi təyyarəçidilər" -

deyə düşündü.

"Onların da

uniformaları

süslü idi,

bunlarınkı da.

Onlar

ən dəli-dolu

gənclərdən seçilirdi,

bunlar da.

Ölümə

ən yaxın olanlar

onlar idi

o zaman,

indi bunlardı."

sürücü

maşının qabaq aynasında

baxdı Yusufun üzünə -

sarışın,

gənc,

məğrurdu

üz-gözündən

həyat yağırdı.

Vədata baxdı -

o da elə.

Rəhmi Çavuşa baxdı -

alnı qırışsız,

ipəkli kağız kimi dümdüz...

 

Cıdır meydanının yanından

keçdilər -

yepyeni

bir şəhər

çıxdı qarşılarına,

sonra stadion,

sonra

yamyaşıl yerlər...

Sonra

nar çiçəyi qadın

sürücüyə dedi:

- Nə gözəl mənzərədir,

saxla,

mən burda düşüm...

Sürücü maşını saxladı,

nar çiçəyi qadın düşdü,

beş-on addım atdı,

sonra

arxaya çönüb baxdı -

gələn yox idi...

Pilot Yusuf

bu dəfə

Ölmək ölməkdi,

xırıldamaq nə deməkdi? -

deyə bilmədi.

Yarım saat sonra

Mərkəzdə -

hamının çəkindiyi

komutan Dəmir Əlinin

yanında olmalıydı...

 

Heydərpaşadan

15:45-də çıxan Qatar

səssizcə girdi Ankara vağzalına.

Saat səkkizdən

beş dəqiqə - filan

keçirdi.

Ankara vağzalına

dəmiryol polislərinin

təşvişi ilə gəlir bahar.

Dustaqlar

endilər vaqonlardan,

çamadanları

jandarmaları ilə.

Qandallarını

vurmuşdular yenə.

Heç kəsin

diqqətini çəkmək istəmirdilər.

Yalnız

bir qadın

bir qadına:

bunlar

alman casuslarıdı, -

dedi -

yəqin Süleyman

sarışın olduğu üçün.

Dustaqlar

yola düşdülər,

jandarma idarəsinə tərəf.

Bir

kəndli hambal

aparırdı çamadanlarını.

 

Küçələr

səssiz-səmirsiz:

bəlkə bundan bir az tez,

bəlkə bundan bir az gec,

bəlkə elə bu saat

qalın divarların arxsına

çəkilmişdi həyat.

Yığın-yığın,

qat-qat

mərmər,

beton

asfalt

heykəl

heykəl

heykəl,

insan

yoxdur fəqət!

sonra çöl-biyaban:

gözlənilməyən yerdə,

hər şeyə rəğmən,

şəhərin içinə qədər girən

torpağın sonsuzluğu...

- Süleyman, - dedi

dustaq Xəlil, -

şəhərlə

çöl-biyabanın

qovğasına bax...

- Görürəm,

hələ ayaq üstə olsa da,

çöl-biyaban məğlub olur.

Dayandı

dustaq Fuad,

sığalladı

incə bığlarını

qandalının dəmiri ilə

baxdı şəhərə:

- Mən bəyəndim Ankaranı,

qardaşlar, - dedi. -

Başım çıxmaz

 

tikinti işindən,

amma

bəlli ki, tər tökmüş

bizim bənnalar

təmiz iş görmüşlər...

Göyüzünə baxırdı

dustaq Məlahət:

göyüzü masmavi,

geniş,

rahat.

Hop -

rezin topu,

çocuqluğu,

qızı gəldi ağlına,

topunu

havaya at, qızım,

havaya at!

Topu yox ki, qızımın...

İstanbula

məktub yazacaq:

"Ana,

bir rezin top al

mənim qızıma,

iri,

qıpqırmızı olsun,

gümüş sırğalarımı sat."

Topunu havaya at, qızım,

havaya at!

Harda

top oynayacaq?

Göy üzü

görünmür ki,

bizim küçədə...

Sən bunu unut,

havada bulud...

Havada süzən

tək buludu

gördü Məlahət:

bir

çocuq köynəyi kimi

kiçik,

qəşəng

bəyazdı

ucsuz-bucaqsız

mavilikdə

üzürdü gülümsəyərək...

Üzbəüz

 

pilləkəndə idi

universitet tələbəsi,

göz ünü ayırmırdı

dustaqlardan.

Birdən

baxdı Məlahətin

baxdığı yerə -

göyüzünü

buludu gördü.

Xatırladı

Tolstoyun "Hərb və sülh"ünü:

torpağın qovğasını

ürəyindən sil, at,

göy üzünü tap ki,

ordadır bəxtiyarlıq.

Şübhəsiz,

göy üzü

səfalətsiz,

geniş,

yüksək,

rahat...

böyük sirrini

orada açır həyat.

Güldü.

o bunları düşünərkən -

yuxarıda,

sonsuz mavilikdə

bir

çocuq köynəyinə

bənzəyən bulud

bıçaqla yırtılır kimi

yırtıldı ortasından

üç matorlu

bir təyyarə ilə.

Baxdı təyyarəyə

universitet tələbəsi,

cürbəcür

fikirlər keçdi

beynindən, -

özünü göstərir pilot.

Gözünün

önünə gəldi birdən:

qocaman bir çinar,

budağında yellənəcək,

yelləncəkdə sevgilisi:

"Pilotun

ağlı yerindən oynasa,

bir bomba atsa,

qocaman çinarın üstünə,

Londonda,

Belqradda,

Reterdamda

olduğu kimi..."

Universitet tələbəsi düşündü:

Hər şeyə rəğmən

böyük adamdı Tolstoy -

bir-birinə

düşmən olan əsgərləri

gözəl danışdırır...

"Hərb və sülh"ün

fransızca nəşrinə

yazılan ön sözdə

necə deyilir?

"Atəşkəs vaxtında

düşmən ordularının

əsgərləri

bir yerə

toplandıqda

qardaşca gülüşürdülər,

bir-birlərinin

dillərini anlamasalar da..."

Ardı var...

 

Hazırladı: Dilsuz

 

Ədəbiyyat qəzeti.- 2018.- 14 iyul.- S.16-17.