Su daşı

 

Anamdan yadigar su daşımız var,

Ağlayır, qurumur gözünün yaşı.

Qolunun gücünü verib tişəyə,

Ustanın əliylə daş oyulubdur.

Məəttəl qalmışam daş gözəlliyə,

Su daşı ehramdır,

Tərs qoyulubdur.

 

Sərin suyunun da hərarəti var,

O da su içəndə boylanır göyə.

Daşın ki bir belə səxavəti var,

Kiməsə daş ürək deyirlər niyə?!

 

Süzür damla-damla saflıq yükünü,

Susuz qalsa belə su içmir özü.

Yazıq "Bulaq-1"in "Bulaq-2"nin,

Mən varam deməyə gəlməyir üzü.

 

Böyüklük eyləyir salmayır səsə-

Paylayır səssizcə büllur varını.

Nadan daşa baxsa, ibrət götürsə,

Gedib göldən sökər qarğılarını.

 

Ölçülü yaşanır duru ömürlə,

İşini-gücünü damlalar ölçür.

Havayı demirlər, əbəs demirlər,

Əsl kişi sözü daşdan da keçir.

 

Buludlar damlanı göydən süzür ki,

Bulaq duruluğu yağışdan keçir.

Baxıb "Su Daşı"na ağlım kəsir ki,

Ağıl başdan keçir,

Su daşdan keçir.

 

Miqrant

 

İnsan anlamadı, səhv etdi nədə,

Tutalım anladı,

mənası var.

Dəmir qılınc olub kəsdi,

İndi

Dağıtmaq, yox etmək təmənnası var.

 

Ölümlər dayanır qan kandarında,

Həqiqət çoxalır, nağıl azalır.

Qara avtomatın dükanlarında

Əcəl güllələri basabas salır.

 

Heç nədən çəkinmir daha analar,

Yaman əzizlənir qorxunun xətri.

Uşaq qundaqlamır zaha analar,

Tüfəng qundaqlanır onlardan ötrü.

 

Minalar içinə qısır səsini,

Uzaqdan tuş gələn izləri sayır.

Yüyürək maşınların üzəngisini

Zabit çəkmələri yeyir, doymayır.

 

Aşsüzən səbrlər hələ döz deyir,

Üzdəki hərislik enir dərinə.

Əsgərlər başında meşə gəzdirir,

Gizli yer rahlayır etdiklərinə.

 

Qalmaqal sıxıbdı qaya, daşları,

Yer yoxdur səngərin naxışlarında.

Darısqallıq edir gözün yaşları,

Ürəyi sıxılır yağışların da.

 

İnsan insanlığın kəsir dilini,

Gördüyü işinə məəttəl qalır...

Bahalı bombanın, ucuz ölümü,

Ölümün özünü qiymətdən salır.

 

Kimlər yiyə çıxmaq istəyir bizə,

Aləmi yesə , acgöz ac qalar.

Hər əlin üstündə bir əl bitərsə,

Dünyanı dördəlli tutmaq da olar...

 

Evlər uralanır ev sırasından,

İanə verirlər, qrant deyirlər.

Hörmətdən hörmətsiz qovulur insan,

Adına "hörmətlə" miqrant deyirlər.

 

Təqaüdə çıxanda

 

Soyuq hopur canına,

İsti yağış yağanda.

Yığılırsan qınına,

Qayğı səni yığanda.

 

Dar şalvarın genəlir,

Pencək, köynək gen gəlir.

Yerişinin ləngəri,

Gülüş olur çoxunda.

 

Alaçiy gəlmir dişə,

Yaxşı da yatmır döşə.

Tələsirsən sən işə

Saatına baxanda.

 

Hər gün istirahətdəsən,

Pula qənaətdəsən,

Ömrünü qarətdəsən,

Su sozalır arxında.

 

Dinməz dilin deyinir,

Qəlbin heçdən dəyinir.

Bəzən ağrı döyünür

Sinəaltı yaxanda.

 

Köhnə gedir iş-gücə,

Tapırsan təzə peşə.

Evdə girirsən işə

Təqaüdə çıxanda.

 

Tənəlilər söz deyir,

Səbr sənə döz deyir.

Bilirsən gözləyir

Səni uzaq-yaxında?!

 

Coğrafiya müəllimi

 

Aqilə müəlliməyə

 

Yoxuydu qəlbində ayrı bir seçim,

Çubuqla okean yaran gəmiydi.

Şagirdlərdən ötrü, uşaqlar üçün

Sinifdə beşinci cəhət kimiydi.

 

Deyərdi ölkə var işləri düyün,

Axtarır tapammır öz qiymətini.

Sibirdə üşüyüb əlləri göyün,

Əlindən salıbdır var-dövlətini.

 

Kimsə dizlərini girinc eyləyib,

Yollara dolaşan iz çıxarırdı.

Mən məftil deyiləm,

Sərhəddəm deyib

Məftillər sakitcə göz çıxarırdı.

 

Hərdən cavabına sual da qatır-

Hansı yarımada su pələngidir?!

Xəritə bir rəssam politrasıdır,

Ya da ki, siyasi kələk rəngidir.

 

Keçdi dağlarından çənlər, dumanlar,

Deyərdi, saf ömrü bulaqlardan al.

Tez köçdü,

Paralel, meridianlar,

Üzünə köçməyə tapmadı macal.

 

Ən uzun yol verdi qəlbində çata,

Ən qısa ömürdə bu yürüşdü?

Etibar etmədi bu kainata,

Özü qlobusu əylədi, düşdü.

 

Sakitcə dad verdi dadlı sözünə,

Susan zarafatı ayrı biçimdə.

O, paytaxt göstərdi qəbri özünə,

Yüz dənə, min dənə paytaxt içində.

 

Şəxsiyyət vəsiqəsi

 

Vəsiqə alanda inandın, yazıq!

Düşündün, açıqdır yolun hər yerə.

Başından bağlandın,

Azı, ən azı-

Xaricə, daxili idarələrə.

 

Onsuz işin keçməz, keçməyir söz ,

Vəsiqəsiz adam gücsüz, təhərsiz.

Xəbərçi gizlənib ciblərimizdə,

Bizi öyrənirlər bizdən xəbərsiz.

 

Qarğalar qışqırar bülbüllər ötsə,

Şəxsiyyətəm deyə hər yerdə bitmə!

Vəsiqən cibini darısqal etsə,

Sən özün dünyanı darısqal etmə.

 

Səsimiz bir dünya, özümüz azıq,

Adam təklənəndə çoxluğa dözmür.

Əlində lampası, Diogen yazıq,

Bir adam axtarır, vəsiqə gəzmir.

 

Döyüş nərəsiylə, qılınc səsiylə,

Ordu da möhtacdır bir şəxsiyyətə.

Əsl şəxsiyyətdir-

Vəsiqəsiylə

Şəxsiyyət güc gəlsə şəxsi niyyətə.

Qardaş, insanlığın uzun-eni var,

İnsan da adamın törəməsidir.

Əsl şəxsiyyətin əsli-geni var,

Sonradan yığılan yan-yörəsidir.

 

Sən dünən yox idin, bugünü varsan,

Şux saxla, ən azı küncünü əzmə -

Şəxsiyyət vəsiqən itsə, taparsan,

Şəxsiyyətin itsə havayı gəzmə.

 

Hələlik

 

Sağ ol, a kənd, gedər oldum, qadası,

Qəlbi dolu, əliboşam, hələlik!

Bu nisgil o gözəlin xatası

Bahar yolu qarlı qışam, hələlik!

 

Şəlaləsi yüz qulacdı bu kəndin,

Duman gəldi, rəngi qaçdı bu kəndin.

Şimşəkləri oyun açdı bu kəndin,

Yağan dolu, mən yağışam, hələlik!

 

Qar qızları baxışımı yanıdı,

Yarpızları həsrətimin tamıdır.

Məni o yad doqqazların tanıdı,

Dəli-dolu bir tanışam hələlik!

 

Görünür

 

Rəna xanıma

 

Kəndə getdin, zaman dondu,

Bir anım da yüz görünür.

Ocağımız alovlandı,

Otağımız buz görünür.

 

Bəddi halın hal-əhvalı,

Boz görünür xalça-xalı.

Taxta-tuxtamız bahalı,

Ucuzdan ucuz görünür.

 

Elə budu pis günüm ,

Toz geyinib boz kilim .

Heydən düşən nisgilim

İndi canı saz görünür.

 

P.S.

 

Sən gedəndən artdı pulum,

aldımsa çatdı pulum.

Yatırımda yatdı pulum ,

Lüt Məzahir tuz görünür.

 

Qeyri-mümkündür

 

Gön-dərilər qızacaqdı

Deyirlər, qeyri mümkündür.

Yüz ölçənlər dərin baxdı,

Seyrlər qeyri- mümkündür.

 

Qumral quzu şişə gəldi,

Qarğa - quzğun leşə gəldi.

Kim deyirki, ta, düzəldi

Əyrilər, qeyri-mümkündür.

 

Köpəklikdir köpək tutan,

Ələ qaçır ətək tutan.

Ömrü boyu imək tutan,

Yeriyər, qeyri-mümkündür.

 

Azlar çoxa girişdilər,

Naçar qalıb gülüşdülər.

Yalmananlar yal içdilər,

Qeyrilər, qeyri-mümkündür.

 

Başlayır

 

Barmaqların bölgüsü

Səhər, o başdan başlayır.

Hörgüçünün hörgüsü

Qapqara daşdan başlayır.

 

Doğan ulduz göyü güllər,

Düşən damla suyu güllər.

Qırışlanar sığal göllər,

Qırış yağışdan başlayır.

 

Bulud tutar yerdəkini,

Daldalayar göydə günü.

Gerçəkliyin qara günü,

Yalan-yalnışdan başlayır.

 

Çaxan şimşək mətəl baxır,

Axı yerdə şimşək çaxır.

Göydə tez-tez ulduz axır,

Ölüm bir ucdan başlayır.

 

Az görmədik çox işləri,

Qanlı dəyiş-düyüşləri.

İri mərmi döyüşləri

Xırda savaşdan başlayır.

 

Məzahir HÜSEYNZADƏ

 

Ədəbiyyat qəzeti.- 2018.- 21 iyul.- S.9.