“Yaxşı ədəbiyyat yoxdursa yaxşı dramaturgiya ola bilməz…”

 

Müsahibimiz əməkdar incəsənət xadimi, rejissor, aktyor, Bəhram Osmanovdur

 

- Bəhram müəllim, demək olar ki, teatr mövsümü başa çatır. Ona görə "Hazırda teatrınızda yeni tamaşalar hazırlanırmı?" sualını vermək bəlkə də yerinə düşməz. Amma nəzərə alaq ki, oxucuları ən çox maraqlandıran elə yeniliklərdir.

- Teatr mövsümünün sona çatmasına baxmayaraq, üç tamaşa təhvil verməliyik. Bizim Gənc Tamaşaçılar Teatrının üslubunu bilirsiniz. Kiçikyaşlı uşaqlar, məktəbəqədər, məktəb dövrü və yeniyetmələr üçün tamaşalar göstərilir.

Hazırda xalq artisti Cənnət Səlimovanın qurluşunda Fridrix Dürrenmattın "Fiziklər" əsəri əsasında hazırlanmış "Dəlixanada qətl" tamaşası təhvil verilib. Bu tamaşada çox maraqlı aktyor oyunları var: Şövqü Hüseynov, Leyli Vəliyeva, Nofəl Vəliyev, Kərəm Hacızadə və başqalarının ifasında tamaşa həm sənət adamları üçün, həm də tamaşaçılar üçün teatrımızın 90 illiyi ərəfəsində böyük bir hədiyyə kimi qəbul oluna bilər.

Uşaqlar üçün "Şirinlər" və "Tənbəl Əhməd" adlı tamaşaları təhvil vermək üzrəyik. Mən bu yaxınlarda Servantesin "Don Kixot" əsəri əsasında tamaşa hazırlamağa başlayacam. Gələn mövsüm, yəni oktyabr ayının axırına qədər bu tamaşa təhvil verilməlidir. İntensiv iş gedir, teatra yeni aktyorlar cəlb olunur. 5-6 il əvvəl teatra gələn gənc nəsil artıq formalaşır, teatrın simasına çevrilir. Çalışırıq ki, teatr xatirələr teatrı, vaxtı ilə olmuşların gözəl təkrarı deyil, canlı bir orqanizm kimi yaşasın.

Teatr gənclərin təlim-tərbiyəsində, cəmiyyətin formalaşmasında mühüm rol oynamalıdır və inanıram ki, bunu Gənc Tamaşaçılar Teatrı edir. Teatrın 90 illiyi bu ilin axırında təntənə ilə qeyd ediləcək. Bizim repertuarımız həddindən artıq zəngindir. Daimi tamaşaçılarımız var. Tez-tez qastrollara, festivallara gedirik. Azərbaycan dilini, Azərbaycan teatrını Rusiyada və Avropanın bir sıra ölkələrində təmsil etməyi bacarırıq.

- Teatırın adının - "Gənc Tamaşaçılar Teatrı" ifadəsinin gözləntisi işinizi sərhədləmir?

- Əlbəttə, sərhədləyir. Amma məsələ burasındadır ki, bir tamaşaçı nəsli gedir, digəri gəlir. Bunu anlayandan sonra işləmək asan olur. Bilirsən ki, sən böyük, yeni bir ordu yetişdirmisən. Teatrda təkcə əyləndirməyi deyil, eyni zamanda düşündürməyi bacarmaq lazımdır. İnsanın sənəti sevməyi də məhz uşaq yaşından başlayır. Adamlar sənəti sevirlərsə, yaxşı ədəbiyyat oxumağı da bacarırlar. Teatra gəlmək özü bir ənənə olmalıdır. Bu ənənə əvvəl ailədə, sonra məktəbdə, universitetdə başlamalıdır. Əgər bu ənənə həmin gənclərin yetkinlik yaşına çatandan sonra mütləq teatra getmək həvəsinə çevriləcəksə bu yaxşıdır. Yeni nəslin formalaşması üçün çalışmağa dəyər.

- Adətən, bu ənənə haqqında danışanda Azərbaycan tamaşaçısının, oxucusunun sənətə münasibəti üzərindən söz açırıq. Ancaq son müşahidələr onu göstərir ki, əslində sənət dünyanın heç bir yerində kütləvi deyil.

- Bu dəqiqə biz hamımız Avropaya inteqrasiya etməyə çalışırıq. Amma bir şeyi unuduruq ki, hər bir ölkənin vətəndaşı var, onun özünün etnik xüsusiyyətləri var və həmin ölkənin özünəməxsus musiqisi, teatrı və ədəbiyyatı var. Teatr ən qədim və ən kamil sənət növlərindən biridir. 2500 il bundan əvvəl yaranıb və yarandığı gündən bu günə qədər də çalışıb ki elmin, texnikanın tərəqqinin ona lazım olan bütün kəşflərindən istifadə eləsin, amma insan ruhunun yaşantısını itirməsin.

Avropada aparılan bir sorğunun nəticəsində bəlli olub ki, hər hansı bir ölkənin mədəniyyətini, incəsənətini, ədəbiyyatını yaşadan həmin ölkə əhalisinin 3-5 fazidir. Bunu bilmək kifayətdir ki, ölkə vətəndaşları hər şeylə maraqlanmır. Bu 3-5 faiz də incəsənətə öz töhfəsini verir və sənət ölmür. Həmin ölkələr 1-2 teatrı sərvət kimi saxlayırlarsa, bizim ölkəmizdə elə bütün teatrlar sərvətdir. Bu ənənəni Avropa artıq bizdən götürür. Amma incəsənətin bəzi sahələrində biz onlara istinad edirik. Ona görə də bizdə bu sahədə inkişaf azdır. Bir neçə nəşriyyatı çıxmaq şərtiylə öz kitablarımıza üstünlük verən nəşriyyatlar azalıb. Biz ancaq xarici ədəbiyyatı oxuyuruq. Ona görə yazıçılarımızın üslubları da çox vaxt avropalı həmkarlarına oxşayır. Bu üslubların da çox güman Azərbaycan oxucusuna aidliyi olmur. Dramaturgiya ədəbiyyat janrıdır, amma teatra işləyən janrdır. Ümumiyyətlə, bu gün yaxşı ədəbiyyat yoxdursa, yaxşı dramaturgiya ola bilməz. Biz hamımız bunu deyirik. Ən çox da gənc jurnalistlər soruşur: "Niyə dramaturgiya yaranmır, gənc dramaturqlar yoxdur?". Yaranmasına heç ehtiyac da yoxdur. Çünki Azərbaycanda hələlik 4-5 teatr üçün işləyən varsa, bu adamlar teatra bəs edir. Hansı ki, onlar sənəti sənət kimi sevirlər. Onlar birinci teatr sənətini sevirlər, onun içində özlərini sevirlər. Ona görə də dramaturq olublar. Elçin Əfəndiyev, Əjdər Ol, İlqar Fəhmi, İmir Məmmədli, Pərvin və başqa yazıçılarımızın gözəl dram əsərləri var.

Yeni dramaturqların yetişməməsinə görə həyəcan təbili vuranlarının heç birini bu teatrda işlədiyim 5 ildə tamaşa salonunda görməmişəm. Kənarda demək asandı. Içəridə olmağı bacarmaq lazımdır.

Dramaturgiya çətin sahədi, burada seçilən mövzular maraqlı olmalıdır. Təkcə oxucu üçün yox eyni zamanda kütləvi baxış üçün maraqlı olmalıdır. Oxuyanda tək olursan, amma baxanda tək olmursan. Sənin ətrafında çoxlu sayda tanımadığın insanlar var ki, onlarla həmfikir olub səhnədə gedən oyuna baxmalısan və bu oyundan təsirlənməlisən. Bu çox çətindir.

- Hər halda gənc dramaturqlar yox deyil. Müraciət edirsinizmi onlara?

- Mütəmadi. Hər hansı bir yaxşı ədəbiyyat oxuyuramsa, həmin müəlliflə görüşüb fikirlərimi deyirəm. Roman yazmaq asandır, amma 40 səhifəlik pyes yazmaq çox çətindir. Pyesə romanda yazdıqlarını dialoq kimi gətirməlisən. Bunun üçün təkcə həyatdan bəhrələnmək yetmir, dramaturgiyanın janrlarını bilməlisən. Rusiya teatrları ilə əlaqəmiz çox sıxdır. İldə 1-2 dəfə onların teatr cəmiyyətlərinin təşkil etdiyi laboratoriya və seminarlarda çıxış edirəm. Mən orda görürəm 20-25 il əvvəl yaradılan dramaturgiya seminarlarına qatılan şəxslərdən cəmi 1-2 nəfəri dramaturq kimi yetişir. Onlar da yenə başqa ölkələrdən bəhrələndiyi mövzuları rusca yazır.

- Bu nə ilə əlaqəlidir? Axı mütaliə hər zaman olub...

- Gənc nəsil daha azad olmaq istəyir. Elə düşünürlər ki, azadlıq ölkə hüdudlarından kənardır. Gənclərdə təsirə düşmək və təqlid etmək istəyi daha çoxdur. Təqlid edirlər ki, tez zamanda bir əsərlə popluyar olsunlar. Bir rolla popluyar olmaq asandır, bir əsərlə də populyar olmaq olar, amma onun arxasında dayanmaq çətindir. Bugünkü tamaşaçı tez bir zamanda insanları bütə çevirir və tez də unuda bilir. Bizim əsrimiz sürət əsridir, proseslə qaça-qaça getmək və həmin gücü saxlamaq çox çətindir.

- Teatr fəaliyyət göstərdiyi zaman kəsiyində gedən prosesləri nümayiş etməyə borcludurmu, borcludursa, bizim teatrlar bu günü sərgiləyə bilirmi?

- Bəli. Teatrın borcudur ki, yaşadığı dövrdə həmin vətəndaşlarla bərabər düşünməyi bacarsın. Əgər bacarmırsa, heç olmasa, onları yarım pillə öz düşüncə səviyyəsinə qaldıra bilsin. Hər hansı əyləncənin, şounun sonunda heç olmasa bu təqdimatın nəyin naminə hazırlandığı bəlli olmalıdır, azından bu mesaj tamaşaçıya mesaj kimi ötürülməlidir. Yəni sənət səhnə təkcə əyləncə deyil, eyni zamanda heç kəs öyrənmək üçün öz halal zəhmətilə qazandığı pulla bilet almır. Heç kim teatra bu fikirlə gəlmir: "Axşam gedim tamaşaya baxım, kimlərsə səhnəyə çıxıb məni öyrətsin". Hər hansı bir kitabı almırıq ki, öyrənək. Ona görə alırıq ki, bir neçə saatlıq ətraf mühitdən təcrid olaq, başqa mühitə meyil edək. Əgər səhnədə baş verənlərlə bizim düşüncələrimiz, hissiyyatımız toqquşursa və biz ondan təsirlənə biliriksə, deməli, onu yaradanlara əhsən düşür. Təsirlənmiriksə, rəncidə oluruq. Həmin sənətdən küsürük və bir müddət ora yaxın getmirik, sonra qayıdırıq. Bununla yanaşı hər bir ziyalının borcudur ki, o mütləq şəhərində baş verən mədəni kütləvi tədbirlərlə məlumatlansın. Bu, ən azından həmin ziyalının tituluna görə mənəvi borcudur. Ölkə özünün ziyalılarının çox olmasına şərait yaratmalıdır. Əbəs yerə 200 il bundan əvvəl ölkələri idarə edənlər buna çalışmırdılar.

Bəzən deyirik ki, insanları bütə çevirmək lazım deyil. Amma mənə elə gəlir ki, hər dövrün bütü olmalıdır. Yeni nəsil o büt kimi olmaq, ona çatmaq uğrunda çalışmalıdır. İnsanlığın kodu belə qoyulub. Bütlər dağılandan sonra zərbə ən çox ədəbiyyatda, müəllimlikdə hiss olundu.

- Bu gün tamaşaçı və ya potensial tamaşaçı ilə teatr arasında əlaqə qurmaqda təbliğat vasitələrinə ehtiyac varmı?

- Təbii ki, ehtiyac var və düşünürəm ki, bu iş kifayət qədər normal qurulub. Məsələn, son 5 ildə yaradılan mərkəzi kassalar var, hansı ki, bu vasitə ilə tamaşaçılar rahat bilet əldə edə bilirlər. Eyni zamanda onlayn bilet satışı mövcuddur. Tamaşaçılar teatrın saytı və digər saytlar vasitəsilə repertuarla tanış ola bilirlər. Bakı böyüyür, bölgələr böyüyür, inkişaf edir. Bölgələrimizdə elə teatr salonları var ki, təriflədiyimiz Avropada elə yerlər yoxdur. Sadəcə, belə yerlərdə işləməyi bacarmaq lazımdı. Mən həmişə əziz həmkarlarıma deyirəm, özüm də onların içində olmaq şərtilə - biz özümüz yaxşı anlamalıyıq ki, tamaşaçıya nə lazımdır. Tamaşaçını tənqid eləmək rahatdı, ancaq onunla bərabər düşünüb, onun görmək istədiyi tamaşanı ərsəyə gətirmək çətindir. Tənqid rahatdı, onlar bizi, biz onları nədəsə ittiham edə bilərik. Ancaq bizi çox vaxt elə şəxslər tənqid edir ki, onlar ümumiyyətlə teatrlara getmirlər. Onlar ölkədə baş verən mədəni hadisələrdən xəbərsizdirlər. Onlar hər şeyi televiziya kanallarında gördüklərilə ölçürlər. Halbuki, televiziya kanalları tamam başqa missiya daşıyır, sərgi salonları, ədəbiyyat, teatr, kino tamam başqa missiya. Bu fərqi görməyi bacarmaq lazımdır. Mükəmməl təhsili olan adamlar əsl sənətin harada olduğunu yaxşı bilirlər.

- Bəhram müəllim, televiziyaların az öncə dediyim təbliğat sisteminə qoşulması effektiv olarmı?

- Əlbəttə, olar. Qəzetlər, saytlar təbliğat reklam işlərində bizimlə işləyir, amma mənim sahəm olmasa da, televiziyaların bu prosesə qatılmadığını bilirəm. Biz işimizi yetərincə yaxşı görməyə çalışırıq, tamaşaçıların müsbət reaksiyasını görürük və gücümüzü sərf edirik ki, onların bu rəğbəti itməsin. Teatrımızın müxtəlif yaş kateqoriyasına aid tamaşaçıları var.

Repertuarımızda klassik, müasir, bu günün tələblərilə uzlaşan, sosial problemlərin həlli üçün həyəcan təbili vuran çox maraqlı publisistik tamaşalarımız da var.

Tamaşaçılarımızın bizə münasibətini, eyni zamanda Azərbaycan teatr sənətinin uğurunu biz ölkədən kənara çıxanda da aydın görürük. Bəzən Azərbaycan teatrı ilə bağlı pessimist fikirlər deyirlər, bu heç də belə deyil, əksinə bizim teatr sənətimiz yüksək səviyyədədir.

- Yeni estetik cərəyanların teatra gəlməsinə necə baxırsız?

- Teatr bu cərəyanlarsız inkişaf edə bilməz. Teatrda səhnələşdirilən hər tamaşa dediyiniz cərəyanlara bir istinaddır, eksperimentdir. Eksperiment bəzən alınır, bəzən yox. Kinoda bu eksperimentlər və yeni cərəyanlara istinad etmək daha asandır, çünki müəllif kinosu anlayışı mövcuddur. Teatrda isə nadir hallarda müəllif tamaşası əmələ gəlir.

Buna görə də Mədəniyyət Nazirliyinin dəstəyilə direktorumuz Mübariz Həmidov başda olmaqla teatrımızda ayrı bir səhnə hazırlamışıq, həmin səhnədə bizim teatrımızın gəncləri, yaxud dəvət olunan rejissorlar bu tip eksperimentlər edir. Alınanda biz bu uğuru tamaşaçılarla bölüşürük, alınmayanda bunu normal qəbul edirik, çünki eksperimentin alınmaması faciə deyil.

- Teatra gələn gənc yaradıcı heyət sizi qane edirmi?

- Gənclərin teatra gəlməsi, mütləqdir. Qane edib-etməmək məsələsi, sonrakı məsələdir. Çünki bir aktyorun özünü yetişdirməsi, təqdim etməsi üçün 10 il vaxt lazımdır. Gənc aktyor, aktrisanı səhnədə etdiyi səhvə görə tamaşaçı da bağışlayır, işdə də bağışlayırıq, rejissorlar da bunu nəzərə alır. Çünki onun təhsilini başa vurduqdan sonra 10 il öyrənmək haqqı var. 10 ildən sonra onun necə sənətçi olduğunu müzakirə etmək olar. Onu da deyim ki, Azərbaycanda ən güclü gənc nəsil bizim teatrda toplaşıb. Biz onları zərrəbinlə yığmışıq və o uşaqlar səhər saat 10-dan bəzən axşam saat 10-a qədər bu binadan çıxmayıb məşq salonlarında müxtəlif rollar üzərində işləyirlər. Biz Azərbaycandan kənarda olan müəllim heyəti də dəvət edib gənclər üçün treninqlər təşkil edirik. Ən yaxşısı budur ki, deməkdən daha çox görməyi bacarmaq lazımdır. Bu gün onların oynadıqları tamaşaların yad millətlər qarşısında da uğur qazandığını görəndə özlərinə inamı artır. Mən əminəm ki, XXI əsrin teatrı möhkəm əllərdədir. Onlar əsrin ortalarına çatanda çox güclü sənət adamları olacaqlar.

 

 

Söhbətləşdi: Sərdar Amin

 

Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.18-19.