Oksford Universitetində Nizami Gəncəvi Mərkəzi: tarixi təşəbbüslərdən tarixi uğurlara

 

Hər bir insanın, hər bir xalqın,  ümumən dünyanın "tərcümeyi-hal"ındakı  böyük uğurlar, heç şübhəsiz, böyük  təşəbbüslərdən başlayır. Və əgər mütərəqqi olub bütövlükdə cəmiyyətin mənafeyinə  xidmət edirsə, elə ilk addımlardan öz təsir gücünü, miqyasını, perspektiv imkanlarını göstərən bu təşəbbüslər həyata keçdikcə yalnız qürur doğurmur, həm də yaradıcı təxəyyül  qarşısındakı "yol xəritəsi"nin  konturlarını daha dəqiq təsəvvür etməyə şərait yaratmaqla heç vaxt bitib-tükənməyəcək bir müqəddəs yolçuluğun əsasını qoymuş olur. Qarşıya maneələr də çıxa bilər, tərəddüdlər də, ancaq Tanrı yolunun yolçusuna zaval yoxdur…

Mayın 22-də Bakıdan Londona gəlmiş Azərbaycan nümayəndə heyəti - akademik Akif Əlizadə, akademik Vasim  Məmmədəliyev, akademik Teymur Kərimli və  mən səhəri gün tezdən Oksforda  yollandıq. Səfirliyimizin əməkdaşlarının müşayiət etdiyi bu yolçuluq öz böyük (  elmimizin, təhsilimizin, mədəniyyətimizin daha da inkişafı, beynəlxalq miqyas alması baxımından çox zəruri) məramı ilə, yəqin ki, heç vaxt yadımızdan çıxmayacaq. Mayın 23- ü Böyük Britaniyanın dünya şöhrətli Oksford Universitetində  beş il bundan əvvəl - 2013- cü ildə akademik Nərgiz Paşayevanın təşəbbüsü (və ardıcıl elmi- təşkilati  mübarizəsi!) ilə yaradılmış Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin tarixində (artıq bu məqamda "tarix" sözünü cəsarətlə  işlətmək olar!) olduqca əlamətdar bir gün idi: tarixi bir kontrakt imzalanacaqdı… Artıq mətbuatda xəbər verildiyi kimi,  imzalanma mərasimi, protokola əsasən, Universitetin Klarendon Kollecində keçirilirdi. Və kontraktı Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi tərəfindən Mərkəzin Azərbaycan tərəfdən rəhbəri, Azərbaycan və Qafqazı öyrənən Britaniya Fondunun Qəyyumlar Şurasının sədri, Moskva Dövlət Universiteti Bakı filialının rektoru, akademik Nərgiz Paşayeva, Oksford Universiteti tərəfindən isə Universitetin vitse-kansleri, Amerika İncəsənət və Elmlər Akademiyasının, Amerika Filosoflar Cəmiyyətinin və Britaniya Akademiyasının üzvü, İrlandiya Kral Akademiyasının fəxri üzvü və Edinburq Kral Cəmiyyətinin  üzvü, professor Luiz Riçardson imzaladılar.  Müqaviləyə əsasən Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi Oksford Universitetində  yüksək statuslu elmi-akademik mərkəz olaraq universitetin ayrılmaz bir  hissəsi kimi daimi fəaliyyət göstərmək hüququ qazandı.

Əlbəttə, belə bir mühüm sənədin imzalanması nə Azərbaycan, nə də Böyük Britaniya tərəfindən təsadüfi deyildi.  xüsusilə Azərbaycan tərəfi akademik Nərgiz Paşayevanın rəhbərliyi ilə Oksford Universitetinin tələbkar mütəxəssislərini, eləcə də min illik universitet idarəçiliyi təcrübəsinin varisi olan administrasiyasını inandıra bilmişdi ki, Azərbaycan  elmi, təhsili, mədəniyyəti Oksford Universitetində təmsil olunmağa layiqdir.

Nümayəndə heyətinin üzvləri - "Nərgiz Paşayevanın komandası" Oksford Universiteti ilə tanışlığa onun Bodleyn kitabxanalarından başladı. Yeri gəlmişkən deyək ki, bu ilin aprel ayının  23-də yenə də Nərgiz xanımın təşəbbüsü (və qarşı tərəfin bu təşəbbüsə  hörmətlə yanaşması) nəticəsində Oksford Universiteti Şərqşünaslıq İnstitununun  Kitabxanasına dahi Nizami Gəncəvinin adının verilməsi barədə razılığa gəlinmişdi… Şərq, xüsusilə Azərbaycan əlyazmalarının sərgisi ilə tanış olduq. Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimlinin oksfordlu mütəxəssislərlə fikir mübadiləsi göstərdi ki, bu sahədə məhsuldar əməkdaşlıq üçün hər cür imkanlar mövcuddur.   həmin əməkdaşlıq çərçivəsində həm Azərbaycandakı, həm də Oksforddakı müvafiq əlyazmalarının müqayisəli araşdırılması istər praktik, istərsə də nəzəri baxımdan ümumən dünya mədəniyyətinə böyük faydalar verə bilər. Xüsusilə həmin sahədə müasir metodlarla işləyən mütəxəssislərin hazırlanmasına  ehtiyac  olduğunu ayaqüstü söhbət də aydın göstərirdi.

Məni ən çox maraqlandıran məsələlərdən biri Oksford Universitetində Azərbaycan dilinin örənilməsi idi ki, imzalanmış  müqavilələr bu istiqamətdə də kifayət qədər geniş imkanlar açmaqla, heç şübhəsiz, ana dilimizin - müstəqil dövlətimizin dilinin Qərbi Avropa elmi-mədəni mühitində daha yaxşı  tanınmasını təmin edəcəkdir.

Görüşlərdə, söhbətlərdə Nərgiz xanım  tamamilə əsaslı olaraq vaxtaşırı təkrar etməkdən çəkinmirdi ki, illər keçəcək, biz öz missiyamızı başa vurub dünyadan gedəcəyik, ancaq dünyanın ən qədim universitetlərinin birində yaratdığımız Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzi məhz sağlam təməllər üzərində qurulduğuna görə əbədi mövcud olacaq, beynəlxalq səviyyədə elmimizin, təhsilimizin, mədəniyyətimizin inkişafına xidmət edəcəkdir.

İmzalanma mərasimi çox təntənəli oldu. Və bu təntənəlilik yalnız ondan  irəli gəlmirdi ki, mərasim olduqca nüfuzlu (və tarixi) bir məkanda keçirilirdi, daha çox onunla bağlı idi ki, görülən möhtəşəm işlərin nəticəsində qazanılmış böyük qələbə ürəyimizi qürur hissi ilə doldurmuşdu. Hər iki görkəmli xanım professorun - Luiz Riçardsonla Nərgiz Paşayevanın zərif çöhrələrində sonsuz məmnunluq  vardı, lakin həmin məmnunluq fonunda aydın seçilən ciddiyyət, məsuliyyət hissini müşahidə etməmək mümkün deyildi. Ən müxtəlif səbəblərə görə  Nərgiz  xanım "tərəf- müqabil"indən daha  çox həyəcan keçirməli idi, ancaq həm təbiətinə xas olan mükəmməl (və son dərəcə mədəni-intellektual!) təmkinlilik, həm də, görünür, son illər Oksford Universiteti ilə ardıcıl əməkdaşlığın təcrübəsi ona imkan verirdi ki, hisslərini çox da büruzə verməsin…

Ancaq bütün bunlar qazanılmış qələbənin doğurduğu qürura kölgə sala bilmədiyi kimi, ümumi həyəcanı da heç cür azaltmırdı.

Oksford Universitetinin ayrı- ayrı qurumları ilə  tanışlıq gəzintiləri, rəsmi nahar, çay süfrəsi arxasındakı söhbətlər məndə heç vaxt unutmayacağım zəngin təəssüratlar yaratdı. Və həmin təəssüratların ən əsası o idi ki, Oksfordda - dünyanın qədim  Universitetində professor Nərgiz Paşayeva öz akademik- təşkilati fəaliyyətilə elə bir nüfuz qazanıb ki,  bu nüfuz Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin dünya arenasına daha inamla çıxmasına həmişə  möhkəm arxa-dayaq olacaq… Bir neçə kəlmə də başqa bir təəssürat, daha doğrusu, bu günə qədərki təəssüratlarımın kökündən dəyişməsi barədə… Nədənsə məndə belə bir təsəvvür vardı ki, ingilislər hər şeyə yuxarıdan aşağı baxan, hiss- emosiyalarını gizlədən, ünsiyyətdən qaçan insanlardır. Ancaq elə deyilmiş…

Və mən istərdim ki, hər bir vətənpərvər azərbaycanlı Nizami Gəncəvi Mərkəzinə dəstək olan Oksford Universiteti əməkdaşlarının adlarını bilsin: Oksford Universitetinin şərqşünaslıq fakültəsinin professoru, Nizami Gəncəvi Mərkəzinin Britaniya tərəfdən rəhbəri Edmund Hersiq; qədim islam tarixi üzrə tanınmış mütəxəssis, Azərbaycanı və Qafqazı Öyrənən  Britaniya Fonudunun Qəyyumlar Şurasının  üzvü, professor Robert Hoyland;  Oksford Universiteti Bodleyn Kitabxanasının  direktoru Riçard Ovenden; Şərqşünaslıq İnstitutunun rəhbəri, professor Mark Smit; Azərbaycan və Qafqazı Öyrənən Britaniya  Fondunun Qəyyumlar Şurasının üzvü, Lord Malcolm Bryus; Vadham Kollecinin idarə heyətinin sədri, Lord Ken Makdonald; Oksford Universitetinin  İnkişaf departamentinin direktoru, professor Entoni Qrin; şərqşünas alim, professor Culiya Bray; Bodleyn Kitabxanasının Şərq bölməsinin rəhbəri, doktor  Gilliyan Evison; Humanitar Elmlər departamentinin rəhbəri Karen OBreyn…

Bu şəxslər Nizami Mərkəzinin Oksford Universitetinin üzvü (və daimi fəaliyyət göstərən) tərkib hissəsinə çevrilməsinə çalışmaqla, bir tərəfdən, Azərbaycanın dünyada tanıdılmasına öz töhfələrini vermişlərsə, digər  tərəfdən, bu dünyaşöhrətli Universitetin maraq dairəsini genişləndirmək üçün də, heç  şübhəsiz, tarixi xidmət göstərmişlər.

Bizim Böyük Britaniyaya səfərimiz (  təntənəli imzalanma mərasimi) Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi günlərinə təsadüf etdiyindən xüsusi məna-məzmun kəsb eləməyə  bilməzdi… Ən çox yada düşən (və heç şübhəsiz, böyük  iftixar doğuran) hadisələrdən biri də yüz il bundan əvvəl dövlət müstəqilliyinə nail olan xalqın öz uzaqgörən liderlərinin  şəxsində, olduqca mürəkkəb ictimai- siyasi şəraitə rəğmən, dərhal ölkədə elmin, təhsilin, mədəniyyətin inkişafına xüsusi həssaslıqla, diqqətlə yanaşmaları, müasir tələblərə cavab verən yüksəkixtisaslı kadrlar hazırlamaq üçün həm dünyanın nüfuzlu universitetlərinə tələbələr göndərmələri, həm də ölkənin ilk universitetini təsis etmələri idi ki, bu təşəbbüslər yalnız  tarixi cəhd olaraq qalmadı. Və hətta Cümhuriyyət süqut etdikdən sonra da onun ideyaları məlum maneələrə bu və ya digər dərəcədə ardıcıl müqavimət göstərərək nəinki yaşadı, eyni zamanda müstəqil bir millət olaraq dünyanın üzvi tərkib hissəsinə çevrilmək barədəki Cümhuriyyət idealları elə bir milli nostalji kompleksi formalaşdırdı ki, bu gün (yəni yüz ildən sonra!) elm, təhsil və mədəniyyətimizin dünya miqyasındakı hər hansı uğurunu görəndə ilk növbədə Cümhuriyyət  liderlərini hörmətlə, ehtiramla (və rəhmətlə!) yad edirik.

Oksford Universitetindəki rəsmi naharda  öz britaniyalı həmkarlarına Azərbaycan Xalq Cümhuriyyəti barədə yığcam məlumat verən professor Edmund Hersiq ayrıca vurğulayanda ki Cümhuriyyəti elan edib onun uğrunda mübarizə aparanlar təkcə vətənpərvər yox, həm də realist, intellektual və uzaqgörən şəxslər olmuşlar, bu, əlbəttə, tamamilə təbiidir ki, alqışlarla qarşılandı…

Universitetin hər tərəfi göz oxşayan yamyaşıl ağaclarla, al-əlvan güllərlə, göy çəmənliklə süslənmiş geniş həyətini gəzəndən sonra çay süfrəsi arxasına toplaşdıq.söhbət  yenə də Nizami Mərkəzinin uğurlu fəaliyyətindən, gələcək planlarından, layihələrindən gedirdi…  Qonaqlara çayı xüsusi xidmətçinin deyil, iri sinidə professor Edmund Hersiqin özünün gətirməsi məni təəccübləndirdi. Hətta Nərgiz xanım  ayağa durub ona yardım etmək istədisə də, "ev sahibi" qəti etiraz elədi… İlk baxışdan nə qədər təəccüblü, qeyri- adi görünsə də, böyük alimin bu jesti, heç şübhəsiz, onun nəcibliyindən, daxili zənginliyindən irəli gəlirdi.

  əlbəttə, Nərgiz xanım həmin səmimi münasibəti tək özü üçün deyil, "komandası", başlıcası isə, ümumən mənsub olduğu xalq üçün qazanmışdı.

Oksforddakı həm rəsmi, həm də yarımrəsmi görüşləri bitirdikdən sonra Londona qayıtdıq. Və öz "komanda"sının  qayğısına qalan, səfərin hər cəhətdən uğurla keçməsi üçün əlindən gələni əsirgəməyən Nərgiz xanım məsləhət bildi ki,  axşam yeməyini birlikdə yeyək… Təbii ki,  məqsəd sadəcə şam eləmək deyildi, Oksford Universitetindəki görüşlərdən aldığımız zəngin (və isti!) təəssüratları  bölüşdürməyə, fikir  mübadiləsi etməyə ehtiyac vardı.

Xudmani məclisdə "komanda" bütün heyətlə iştirak edirdi. Ancaq Nərgiz xanımın oğlu Ülvi bizə qoşulmasaydı, heyətə tam demək, yəqin ki, çətin olardı.

Ülvini mən Londona əvvəlki səfərdən tanıyırdım. Nə qədər gənc olsa da, intellektli, yaşına uyğun olmayacaq dərəcədə təmkinli, müdrik, həmçinin təvazökar, qayğıkeş bir oğlandır. Londonda Universitet tələbəsidir. Orta təhsilini Bakıda ana dilində - azərbaycanca alması ilk tanışlıqdan məndə ona qarşı nə isə böyük bir rəğbət yaratmışdı… Budur, ingiliscə menyü kitabçasını vərəqləyib ev yiyəsi kimi qonaqlara  məlumat verir, xidmətçi ilə danışıb yeməklərin tərkibini dəqiqləşdirir, Azərbaycancadan  ruscaya, ingiliscəyə keçir, kim ona hansı dildə müraciət edirsə,  müsahibinə o dildə də cavab verir. Adətən,  indiki gənclər yaşlı adamların məclisində onların "sxolastik" söhbətlərindən darıxırlar, ancaq Ülvi onun  ixtisas seçiminə münasibətimizdən başlamış necə bir ailə quracağı barədəki  "məsləhətlər"imizə qədər diqqətlə dinləyib ciddi sözə ciddi, zarafata da zarafatla cavab verdi.

Hər işi yerbəyer edəndən sonra xudahafizləşib ayrıldı. Necə olsa tələbədir, sabah tezdən qalxmalıdır…

Əlbəttə, məclis çox maraqlı keçdi. Xüsusilə böyük təcrübəyə malik akademiklər - Akif müəllimlə Vasim müəllimin söhbətlərini dinləmək tez- tez (və hər kəsə) nəsib olacaq bir şey deyildi.

Səhəri gün Nərgiz xanımın tövsiyəsilə Teymur Kərimli ilə mən "ustadi- kamil"imiz Vasim Məmmədəliyevin başqanlığı ilə məşhur Viktoriya - Albert Muzeyini ziyarət edib Şeyx Səfi xalçasına, ümumən şah babalarımızdan miras qalmış qiymətli əşyalara baxdıq. Və Vasim müəllim öz gözəl ərəbcəsi ilə   fatihə oxudu.

Londondan Bakıya ürək dolusu qürurla qayıtdıq… Bu qüruru bizə Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi (və onun yaradıcısı akademik Nərgiz Paşayeva) bağışlamışdı…

 

 

Nizami Cəfərov

 

Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.4.