Elm və bədii yaradıcılığın qovuşuğunda

 

Ədəbiyyatşünas və tənqidçi şairlərimizin yaradıcılığına ümumi bir nəzər saldıqda görürük ki, onlar ədəbiyyatın əbədi-əzəli mövzuları ilə yanaşı, müasir həyatın sosial problemlərinə, insanı düşündürən məsələlərə daha sıx müraciət edirlər. Ümumi xətt-leytmotiv Vətəndir...

İki il bundan öncə  Ədəbiyyat İnstitutunun direktoru, hörmətli ədəbiyyatşünas alim, akademik İsa Həbbibəylinin təşəbbüsü ilə  İnstitutun nəzdində "Elmi Şuranın 29 oktyabr 2016-cı il tarixli qərarı ilə "Ədəbiyyatşünaslıq, plyus" Yaradıcılıq Birliyi" yaradıldı. "Birliyə" rəhbərlik etmək mənə tapşırıldı. Birliyin ətrafında qırx nəfərə yaxın ədəbiyyatşünas alim cəmləşdi. Bu birlik üzvləri həm tədqiqatçı kimi olduqca istedadlı, tanınmış, nüfuzlu alimlər, həm də eyni zamanda, bədii ədəbiyyatın müxtəlif janrlarında qələmlərini sınayaraq müəyyən uğur qazanmış şairlər, nasirlər, publisistlər və tərcüməçilərdir.

Tez bir zamanda Birlik üzvlərinin ədəbi-bədii materiallarının toplanmasına və onların əsərlərinin tərəfimizdən növ və janrlar üzrə (nəsr, poeziya və tərcümə) təsnif olunmasına başlandı.

Bu mühüm işdə məqsədimiz institutumuzdaki ədəbi prosesi üzə çıxarmaq, burada fəaliyyət göstərən alimlərin bədii yaradıcılıq nümunələrini izləmək, araşdırmaq və təhlil etməkdən ibarətdir. Ötən il və 2017-ci ildə də davam etdirən alimlərimizin bədii məhsulları "Ədəbiyyatşünaslıq, plyus bədii yaradıcılıq" (I kitab) almanaxında oxucuların ixtiyarına verildi.

Mərdəkanda AMEA-nın Dendiralogiya İnstitutunda akademik İsa Həbibbəylinin rəhbərliyi altında "Fizika və lirika" konfransında kitabın təqdimatı yüksək səviyyədə keçirildi.

 

***

 

Ədəbiyyatşünas və tənqidçi şairlərimizin yaradıcılığına ümumi  bir nəzər saldıqda görürük ki, onlar ədəbiyyatın əbədi-əzəli mövzuları ilə yanaşı, müasir həyatın sosial problemlərinə, insanı düşündürən məsələlərə daha sıx müraciət edirlər.

Ümumi xətt-leytmotiv Vətəndir, onun ağrı-acılarıdır, itirilmiş torpaqlarımızın həsrətidir, insanın mənəvi borcu, xeyrə-şərə, həqiqətə,gözəlliyə münasibəti, hər kəsi narahat edən ictimai, sosial, siyasi qayğılardır...

Görkəmli ədəbiyyatşünas alim, akademik İsa Həbibbəyli AMEA-nın vitse-prezidenti olmaqla    Ədəbiyyat İnstitutuna rəhbərlik etməklə yanaşı, bədii ədəbiyyat sahəsində də qələmini uğurla işlədir. Onun şeirlərindəki emosionallıq və ictimai şüurla sıx bağlı olan rasionallıq diqqəti daha çox cəlb edir.

Filologiya elmləri doktoru, professor Nizami Tağısoyun poetik yaradıcılığı da diqqətə layiqdir. O, qələmini müxtəlif mövzularda lirik-epik janrlarda işlədir.

İnstitutun Qədim dövr Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, şairə Leyli Əliyeva poeziyanın müxtəlif janrlarında qələmini sınamışdır. Leyli xanım, əsasən, heca vəznində şeirlər yazsa da, qələmini əruzda da sınayır. 2017-ci ildə Leyli xanım folklor janrı olan  incə ruhlu, zərif bayatılar qələmə alıb:

 

Mən aşiq bar olalı,

Bağbandım bar olalı.

Ağlaram için-için,

Yar yada yar olalı.

 

İndiyədək bir çox elmi-publisistik və bədii əsərləri, kitabları işıq üzü görmüş filologiya üzrə fəlsəfə doktoru Fəridə Hicranın (Vəliyeva) Qarabağ niskili ilə yazılmış şeirləri üstünlük təşkil edir.

Tanınmış tənqidçi-ədəbiyyatşünas Qurban Bayramovun da şeir yaradıcılığında müxtəlif mövzularla yanaşı Vətən, Qarabağ mövzusu qırmızı xətlə keçir.

Qurban Bayramovun vətənpərvərlik  mövzusunda yazdığı şeirlərini oxuduqca belə bir fikrə gəlirsən: o, elmi bilikləri ilə bədii təxəyyülünü birləşdirə bilir və gözəl ədəbi-estetik sintez yaradır.

Elmi fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşqul olan Lütviyə Əsgərzadə "Dünya başdan-başa nağılmış demə" (2003), "İçimdə hönkürdü dözüm" (2003),  "Bir dilim ay işığı" (2005), "Mənə elə gəlir ki..." (2009)   "Qaranlığa söylədiklərim" (2009) adlı şeirlər kitablarının müəllifidir.

Təranə Məhəmmədqızı (Abdullayeva) üç şeir kitabının müəllifidir. Şeirlərin əksəriyyəti nakam bir ömrün-lirik qəhrəmanının  fəci hiss və düşüncələrini, həyata bir qədər də bədbin münasibətini, emosional ovqatını ifadə edir. "Təranə Məhəmmdəqızı şeirlərinə şəxsi yaşantılarını yansıtmaqdan başqa heç bir məsuliyyət yükləmir, "mən şairəm" deyə böyük iddialarda bulunmur-sadəcə yazır" (Mətanət Vahid).

 

Elə hey qan-qada, elə hey savaş,

Bir tərəfdə qılınc, bir tərəfdə baş.

Bir bağlı sandıqdı mənə bu cahan,

Ya da ki, tilsimdən çıxmayan bir daş.

 

Filologiya üzrə fəlsəfə doktoru,  tənqidçi-ədəbiyyatşünas alim "Ədəbi tənqid"şöbəsinin aparıcı elmi işçisi  dosent, Qürbət Mirzəzadə eyni zamanda  80-ci illərdən dövrü mətbuatda şeirləri ilə ara-sıra çıxış edir. Bununla yanaşı, onun şeirlərində uğurlu satirik notlar da müşahidə edilir:

 

Sərhədə  bölünüb: hava, su, torpaq,

Bura hava  xətti, ora  su  xətti.

Burda   şərikli, burda    ortaq,

Dünya  başdan - başa  demə  sərhəddi.

 

Əflatun Baxşəliyev "XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı" şöbəsinin aparıcı elmi işçisidir. Xeyli müddətdir ki, poetik yaradıcılıqla məşğuldur, bir neçə  şeir kitabının müəllifidir. Əflatunun yaradıcılığında sevgi, ana məhəbbəti, təbiət gözəlliklərini əks etdirən bədii nümunələr çoxluq təşkil edir. Başqa şailərimiz kimi Əflatun da öz yaradıcılığında folklor qaynaqlarından qidalanır.

 

Gərək el qədrini dada biləsən

Yağ üstündən balı yaxmağa nə var?!

Yalan danışıram, tutulur dilim,

Doğru danışıram, sözüm yerimir.

 

Xədicə Muradın şeir yaradıcılığında poetik-prozaik vəhdətdə yaranmış mənsur şeirlər vardır. "Bulaq üstə bitən susuz laləyəm" mənsur şeirlər toplusu onun bu mövzuda yazdığı ilk kitabıdır. Burada toplanmış mənsur şeirlərdə müəllifin yaşantıları, hissləri, ilahi sevgiyə olan münasibət, nakam məhəbbətdən bəhs olunur. "Xədicə Muradın varlığı şeirlərində yazdığı poetik misralarda əks-səda verir".

 

Sevgini axtardım güldə, çiçəkdə,

Şövq ilə açılmış tər bənövşədə.

Bilmədim, bilmədim bütün kainat,

Sevgiylə dopdolu imiş, sən demə.

 

Gülbəniz Babayeva sələfləri və xələfləri kimi dünyanın etibarsızlığı, təzadları, ziddiyyətləri barədə "Dünyadı" adlı şeirində olduğu kimi  poetik çəkildə təcəssüm etdirə bilir:

 

Neçə qərinələr, zamanlar ötüb,

Avandı tərsinə yazan dünyadı.

Göylərin fövqünə ucalan kəsin

Adın yer üzündən pozan dünyadı.

 

İradə Yusifova da poeziyanın əbədi-əzəli mövzularından olan ana, məhəbbət haqqında fikir və əhvali ruhiyyəni əks etdirən silsilə şeirlər yazmışdır.

 

Ana gözəl ana, cəfakeş ana,

Səni çox sevdiyimi deyə bilmədim

Bu dünya bir yana, sən başqa yana,

Sənin dəyərini qəlbdə gizlədim.

 

İstedadlı yazıçı, şair, ədəbiyyatşünas Bahar Bərdəlinin (Məmmədova) imzası oxuculara yaxşı tanışdır.

B.Bərdəlinin şeirləri çoxçalarlıdır, hikmətli məzmunu ilə düşündürücüdür:

 

Əsrlərin daş yaddaşı,

Tarixlərin qəm sirdaşı,

Karvanların köç yurddaşı,

Qədim Bərdə, yurdum mənim,

Ulu diyar, Bərdəm mənim!

 

Gənc şairə Gülnar Səma "Gül" adlı şeirlər toplusunu 2016-cı ildə oxucuların müzakirəsinə verimişdir. Kitaba müxtəlif mövzuları əhatə edən 50-dən artıq şeir daxil edilmişdir. Gülnar Səmanın poeziya yaradıcılığında mövzu əlvanlığı dərhal diqqəti cəlb edir.

 Qəndab Əliyevanın 2017-ci ildə "Səni elə sevdim ki!.." şeirlər kitabı işıq üzü görüb. Kitaba "Ön söz" yazan görkəmli şairimiz Musa Yaqub Qəndabın şeirlərini bədii-poetik cəhətdən belə səciyyələndirir. ...şeirlərin əksəriyyəti lirik qəhrəmanın pıçıltılarına həsr olunub. Mən bu qəhrəmanın simasında əsrimizin Leylisini gördüm.

 

İndicə gözümü qapadıb ölsəm,

Bilirəm, bu sevgim ölməyəcəkdir.

Bir qöncə çiçəklə, körpə ürəklə,

Yenidən cücərib, dircələcəkdir!

 

Professor Asif Rüstəmlinin şeirlərini oxuduqca bir məsələnin şahidi oldum ki, onun coxşahəli elmi-ədəbi tədqiqatı qədər bədii təfəkkürü də zəngindir. Məlimdur ki, ana müqəddəs varlıqdır, şairlər üçün tükənməz mövzu mənbəyidir. Asif Rüstəmli də özünəməxus biçimdə ananın poetik obrazını yaradır və bu parlaq obrazı şairin anasının müqəddəs ruhuna həsr etdiyini "Ana" şeirində aydın görürük:

 

Ağzı dualıydın, sözü müqəddəs,

Getdin... xatirələr nura bürünür.

Hər sözün-söhbətin aldığımız dərs,

Hayana baxırıq yerin görünür...                

 

Solmaz Həyatova "Yeni dövr Azərbaycan ədəbiyyatı" şöbəsində aparıcı elmi işçidir. Bir sıra şeirləri mətbuatda nəşr edilmişdir.  Solmaz xanımın şeirləri saf bir sevgidən, zərif-lətif duyğulardan xəbər verir.

 

Töküldü saçıma bahar yağışı

Qəlbimdə kövrəldi sevgi naxışı.

Hərənin bəxtinə bir gözəl düşdü,

Mənim də bəxtimə təkcə sən düşdün.

 

Zəkulla Bayramlı 2015-ci ildə ilk dəfə  seçmə şeirləri ilə oxucuların görüşünə gəlib. Professor Məhərrəm Qasımlı Zəkulla Bayramlının "Səni kimə deyim, kimə söyləyim" kitabına yazdığı "Ön söz" də onun yaradıcılığının bədii-poetik məziyyətlərini belə səciyyələndirir: "Şeirlərindən görünür ki, o yazdıqlarını yaşamağı, içindən keşirməyi bacaran bir şairdir. Şeirlərində ictimai-siyasi motivlər, vətən, yurd ağrı-acıları özünü göstərsə də, mən onun yaradıcılığında lirik-romantik duyğuların, təmiz fədakar və saf sevgi çalarlarının üstün olduğunu gördüm".

 

Yadındamı bir xoş bahar;

Ömrümüzə yağdı ilk qar.

Həm sevildim açıq-aşkar,

Həm gizlicə sevdim səni.

 

***

 

Ədəbiyyatşünas alimlərimizin şeir yaradıcılığı haqqında fikrimizi yekunlaşdıraraq deyə bilərik ki, onların qələmə aldıqları poeziya nümunələrinin əksəriyyəti  ictimai-siyasi mühitlə nəfəs alan, bu mühitin bədii təcəssümünə nail olan, yaşadıqları dövrün hadisələrinə çevik, mütəmadi reaksiya verən, vətənpərvərlik duyğuları ilə coşub-daşan, milli və əcnəbi ədəbi prossesi izləyərək onlardan yaradıcı şəkildə bəhrələnən müəlliflərin dəyərli əsərləridir və müasir Azərbaycan ədəbi prosesinin ayrlmaz bir hissəsidir.

 

Nəsr

 

Ədəbiyyat İnstitutunda çalışan elmi işçi heyətinin nəsr əsərlərinə nəzər saldıqda görürük ki, onların əksər hissəsində süjet və təhkiyə real həqiqətlərə söykənir.

Bu cəhətdən İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Elçin Mehrəliyevin  nəsr və publisistik yaradıcılığı maraqlıdır.

"Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Mənzər Niyarlı tanınmış yazıçılardandır. Mənzər xanım 40 ildən çoxdur ki, yazıb yaradır. Onun yazdığı əsərlərin orijinallığı ondadır ki, o gerçək həyat materiallarına realistcəsinə çox istinad edir. Mənzər xanımın hekayələrində fərqli, özünəməxsus cazibədarlıq, harmoniya var. Yazıçının "Yola dikilən gözlər", "Yarımçıq məzuniyyət" və "Səhv atılan addımlar" povestlərində bunun əyani şahidi oluruq.

Qarabağda doğulan Mərziyyə Səlahəddinin bədii yaradıcılığının ana xətti Qarabağ mövzusudur. Mərziyyənin povest və hekayələrində xalqımızın başına gətirilən bəlalar, bu bəlaların törətdiyi faciələr inandırıcı bədii boyalarla təsvir edilir. Nasirin "Şəhid anası", "Saat səsi" povestlərini həyəcansız oxumaq qeyri-mümkündür.

Şahbaz Şamıoğlunun "Ocaq daşı" hekayəsi Qarabağda erməni faşistləri tərəfindən qətlə yetirilən körpələrimizin müqəddəs ruhlarına ithaf olunur. Şahbaz gərgin süjet quraraq hekayədə erməniyə nifrəti birbaşa, açıq-açığa yox, real tarixi olayların bədii əksinə nail olmaqla verə bilib.

Məmməd Əliyevin "İsmixanın Şabran xatirələrindən" "Rəssam" adlı yumoristik hekayəsi doğulub boya-başa çatdığı bölgədə eşitdikləri, gördükləri əsasında qələmə alınıb. Əsər real hadisələrə söykənir.

Filologiya üzrə elmlər doktoru Almaz Ülvi İnstitutun "Azərbaycan Türkmənistan-Özbəkistan ədəbi əlaqələr" şöbəsinin müdiridir. Almaz Ülvinin "Təndir günü" essesində doğma ocaqlarından, ev-eşiklərindən didərgin salınmış və ucqar bir dağ kəndində binə salmış insanların taleyindən bəhs edir.

Professor Vüqar Əhmədin şeirləri də dövrü mətbuatda müntəzəm çap olunmuş, sözlərinə nəğmələr yazılmışdır. 2017-ci ildə  alim-yazıçının 2 kitabı işıq üzü görüb.

"Yeni dövr ədəbiyyatı" şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru Baba Babayev satirik nəsri araşdırır və eyni zamanda, satirik hekayələr qələmə alır. 

Filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad (Şükürova) "Sevgi məktubları" silsiləsindən "Unutdun məni" hekayəsi formaca esse xarakterlidir. Hekayənin leytmotivi nakam sevgini tərənnüm edən sevgi məktublarıdır.

Fidan Abdurəhmanova elmi fəaliyyət göstərməklə yanaşı, bədii yaradıcılıqla da məşğuldur. Uşaqlar üçün nəşr olunan "Göyərçin", "Bala dili" dərgilərində onun uşaq hekayələrinə rast gəlmək olar. Bu il nəşr olunan topluya onun "Müdafiə günü" və "Sərçənin arzusu" adlı iki hekayəsi daxil edilmişdir.

Salidə Şərifova Rusiya Yazıçılar Birliyinin Q.R.Derjavin adına medalı ilə təltif edilmiş və M.A.Şoloxov adına beynəlxalq mükafatın laureatıdır. 2017-ci ildə Salidə xanım "Ləzzəti-söhbət" adlı povesti ilə oxucuların görüşünə gəlib. Bu povestdə ədəbi camedə baş verən hadisələr və ədəbiyyatçılardan söhbət gedir.

Zəhra Allahverdiyeva elmi faəliyyətlə bərabər bədii yaradıcılıqla da məşğul olur. "Dəniz laylası" adlı şeirlər kitabının müəllifidir. 2017-ci ildə qələmə aldığı "Türkün tarixi uluların yaddaşında" memuar povesti Azərbaycan xalqının soy-kökünə dair məlumatlarla zəngindir.

Bizim ədəbiyyatşünas alimlərin nəsr əsərləri haqqında yekun olaraq deyə bilərik ki, bu povest və hekayələrin ideya-bədii dəyəri onlardakı istedad və səmimiyyətin gücündədir.

 

 

Vüqar ƏHMƏD

 

Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.30.