Publisistika: meyillər, problemlər, axtarışlar

 

Publisist yaradıcılığı ədəbi prosesin çox mühüm və məhsuldar bir qolunu təşkil edir. Biz həyat axarının ahəngini, dövrün  nəbzinin döyüntüsünü ədəbi yaradıcılığın digər növlərindən daha çox publisistikada hiss edirik. Publisistika - zamanın, mühitin tələblərinə müvafiq olaraq yaradıcılıq potensialını aktiv ictimai fəaliyyət üsuluna çevirmək vasitəsi, sənətkarın həyata nüfuzunun başlıca barometri, mövcud problemin həlli istiqamətində düşünməyə və hərəkətə sövq edən yeni fikir, ideya, enerji ötürücüsüdür.

Ötənilki  mətbuatımızda ("Azərbaycan", "Ulduz", "Ustad" kimi jurnallarında, "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Kaspi", "Kredo" və s. kimi qəzetlərdə) oxuculara təqdim edilmiş çoxsaylı publisist yaradıcılığı nümunələrinin təhlili  göstərir ki, publisistika bu gün də həyatla nəfəs alır və ədəbi-ictimaii prosesin ön xəttində mövqe tutmağa səy göstərir. Bu da yaşadığımız dövrün "ovqatını" müəyyən edən dünyəvi hadisələrin yenə kifayət qədər mürəkkəb olması   ölkəmizdə gedən proseslərin dinamiklik və çoxşaxəlilik (quruculuq, islahatçılıq, inteqrasiya və s.) kimi xüsusiyyətləri ilə əlaqədardır. Biz bu məsələlərə aydınlıq gətirmək  üçün, təbii ki, material gurluğunu nəzərə alıb daha xarakterik olanları araşdırmağa çalışdıq.

"525-ci qəzet" həyat axarını operativ surətdə informasiyalaşdırmaqla yanaşı, cəmiyyəti düşündürən ən müxtəlif  problemlərlə bağlı publisist düşüncələrin geniş - siyasi, elmi və bədii publisistika formalarında  ifadəsinə meydan verir. Qəzet buna həm peşəkar redaksiya kollektivi formalaşdırmaqla, həm də nüfuzlu söz, qələm sahibləri ilə sıx əməkdaşlıq əlaqələri yaratmaqla nail ola bilir. Xüsusən də qəzetin xalq yazıçılarımızdan Anar, Elçin, akademiklərimizdən İsa Həbibbəyli, Nizami Cəfərov, Rafael Hüseynov, professorlarımızdan Vilayət Quliyev, Qulu Məhərrəmli, tənqidçi-ədəbiyyatşünaslarımızdan Vaqif Yusifli, yazıçı-publisistlərimizdən Elmira Axundova, Sadıq Elcanlı  və b. kimi imzası məşhur seçmə müəllifləri öz ətafına toplayıb onların müəyyən mövzu-problemlər üzrə silsilə məqalələrini dərc etməsi publisist fəallığa sövq etmə vasitəsi kimi diqqəti çəkməyə bilmir. Məsələn, xalq yazıçısı Anarıın  ilboyu qəzetin hər şənbə sayında, "Səhər-səhər" rubrikası altında  dərc etdirdiyi silsilə yazılarını götürək. Bu silsilədə biz yazıçı-publisistin yaşanan günlə səsləşən, mövzu-problem baxımından çoxçeşidli, sənətkarlıq baxımından bir-birindən maraqlı yaradıcılıq nümunələri ilə tanış oluruq. Onun Azərbaycana qarşı şovinist, qərəzli çıxışlar edən əcnəbilərə, Novruz bayramına, rus şairi Yevgeni Yevtuşenkoya, rəssam Əzim Əzimzadəyə, Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik etdiyi otuz illik fəaliyyətinə, qədim yazılı abidələrimizə, Üzeyir Hacıbəyliyə, ömrün bir sınağına və s. həsr etdiyi əsərləri göstərir ki, Anar nədən yazırsa-yazsın, faktı  bədii təfəkkür süzgəcindən keçirib mənalandırma istedadı, təsvir, təhkiyə dilinin elastikliyi, söz, ifadə assosiasiyalarının zənginliyi, forma axtarışlarındakı yenilik ruhu publisistikasını daha maraqlı və oxunaqlı edir. O, öz silsilə yazıları ilə bir daha sübut etmiş olur  ki, istedadlı publisist üçün "çeynənmiş mövzu", "çağırılmış bayatı" problemi, "mövzunun irisi-xırdası" məhdudluğu anlayışı yoxdur, başlıca şərt adi görünən faktı, hadisəni də ümumiləşdirib ictimai cəhətdən əhəmiyyətli mətləblər haqqında fikir söyləməyə yönəltməkdə, mühakimə orijinallığında, ideya yeniliyindədir. Misal üçün, yazıçının min dəfələrlə haqqında bəhs edilmiş Novruz bayramı, səməni göyərtməyin səbəb və sirləri barədəki məqaləsi, əslində, çox uzaq keçmişin dərin qatlarından süzülə-süzülə, durula-durula keçib gələn insan-təbiət, insan-torpaq münasibətləri haqqında orijinal düşüncələr təsiri bağışlayır. Yaxud onun "Qum saatı" məqaləsində tarixi dönəmlərin insan şüuruna və psixologiyasına, o cümlədən ədəbiyyata təsiri maraqlı fakt və mülahizələrlə açılıb göstərilir ki, bu da faktları təhlil yolu ilə dəyişən və əbədi qalan dəyərlər problemini çözməyə imkan verir.

Elmi-publisist yazılar silsiləsində isə akademik İsa Həbibbəylinin ədəbiyyatın dövrləşmə konsepsiyası və inkişaf mərhələləri mövzusundakı məqalələri diqqəti xüsusilə cəlb edir. Bu silsulədə yer alan "Erkən realizm dövrü", "Anadilli ədəbiyyat epoxası: Həsənoğludan Füzuliyədək", "Maarifçilik və realizm", "Tənqidi realizm epoxası və romantizm" adlı yazılarda mühüm tarixi hadisələrin, ictimai mühitin  ədəbiyyata təsiri və bu kontekstdə ədəbiyyat tarixinin dövrləşdirilməsi prinsiplərinə yenidən baxılmasının zəruriliyi məsələsindən bəhs olunur. Müəllifin ədəbiyyat tariximizə hər cür ideoloji basqıdan kənar, sərbəst surətdə, yeni meyarlarla yanaşması, ədəbi-tarixi faktları dəqiq, obyektiv elmi təhlili həmin silsilə yazıların elmiliyini, öz fikir və qənaətlərini aydın, rəvan, oxunaqlı bir dildə, hətta bir sıra hallarda elmi düşüncələrini poetik ifadə tərzi özünəməxsusluğunda  oxucu kütlələrinin nəzərinə çatdırması və mülahizələri ilə həm elmi-ədəbi, həm də geniş oxucu kütlələri  arenasında fikir mübadiləsinə təkan verməsi isə publisist səciyyəsini təyin edir. İ.Həbibbəyli bu silsilə yazıları ilə uzun illər müddətində həm ədəbiyyatşünaslıq elmimizdə, həm də ictimai şüurumuzda daşlaşmış təsəvvür və ehkamları uçurub onları yeni dəyər və təsnifat sistemli qənaətləri ilə təzələyir.

İ.Həbibəylinin, həmçinin, il ərzində, ən müxtəlif mövzularda dərc etdirdiyi yazıları (akademik Ağamusa Axundova həsr etdiyi "Humanitar elmi düşüncənin miqyası", rejissor Azər Paşa Nemətin yaradıcılıq məziyyətlərindən bəhs edən "Universal rejissorluq missiyası", iqtisad elmləri doktoru, professor Ağarza Rüstəmovun elmi yaradıcılığı və şəxsiyyəti haqqındakı "Adilikdə böyüklük nümunəsi", professor Qəzənfər Paşayevin çoxillik və çoxcəhətli fəaliyyətinin səciyyəvi xüsusiyyətlərini əks etdirən "Ziyalı fədakarlığına nümunə" və s.) alim-publisistin ən müxtəlif mövzularda qələm işlətmək, yeni baxış və münasibət sərgiləmək bacarığı haqqında yüksək fikir yaradır.

Qəzetin professor Şirməmməd Hüseynovun və professor Vilayət Quliyevin XX əsrin əvvəlləri, o cümlədən, Azərbaycan Xalq Cümhuriyyəti dövrü ictimai-siyasi fikir tariximizlə bağlı ardıcıl çıxış etmələrinə şərait yaratması da təqdir edilməlidir.   

Silsilə yazılar sırasında akademik Rafael Hüseynovun publisist qələmindən çıxmış məqalələri həmişə olduğu kimi yenə də öz dil-üslub,  həyat və insanlar haqqında baxış-təhlil-mühakimə tərzi orijinallığı ilə seçilib fərqlənir.  Onun Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə haqqında yazdığı "Adında və fırçasında işıq daşıyan", Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyinatı ilə bağlı fikir və düşüncələrindən ibarət "İlk birinci", Bəxtiyar Vahabzadənin həyat və poeziyasından bəhs edən ""Bəxtiyar Vahabzadənin arzuladığı bəxtiyar gələcək" və s. kimi yazıları müasir publisistika xəzinəmizə dəyərli töhfələr kimi qiymətlidir.

Yazıçı-jurnalist Elmira Axundovanın əsasən müasir ziyalılarımızın həyat və fəaliyyətindən bəhs edən portret oçerk səciyyəli  - məsələn, Musa Quliyevin yaradıcılıq fəaliyyəti, əməkdar kolleksiyaçı Zərifə Salahovanın yaratdığı Miniatür kitab muzeyi, yazıçı Mirzə İbrahimovla həyat yoldaşı Sara Pirimovanın yazışmaları və s. haqqındakı yazıları,  Telman Orucovun "Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər", "Paris - könülü və  xəyalı fəth edən şəhər", "Din və məhəbbət: faciələrə aparan ziddiyyət" adları altında oxuculara təqdim etdiyi seriya yazıları,  İtaliya  səfəri ilə bağlı silsilə təəssüratları maraqla oxunur.

Qəzet il ərzində onlarla müəllifin (Musa Yaqub, Zemfira Məhərrəmli,  Süleyman Qaradağlı, Hüseyn Əsgərov, Aydın Tağıyev, Qüdrət Piriyev və b.)  ən müxtəlif mövzularda publisist məqalələrini də dərc etmişdir. Həmin yazılardan bir qismi mövzu-problem ətrafında araşdırma və fikir yürütmə orijinallığı, mövcud problemlərin həllinə səsləmək   məramı ilə maraq doğurur. Məsələn, Musa Yaqubun "Darıxan misralar"ı ilk baxışda oxucuda belə təsəvvür yaradır ki, müəllif Kəmaləddin Qədimin şeirlərindəki poetikadan bəhs edir, əslində isə məqalə məzmun əhatəliliyi və dərinliyi etibarilə şair-publisistin zaman-ədəbiyyat-oxucu məsələləri haqqındakı ümumiləşdirilmiş fəlsəfi düşüncələrini  əks etdirir. Yaxud Tahir Həsənlinin "Ləğvini gözlədiyimiz "Qonaqkənd tilsimi" məqaləsi həcmcə kiçik olmasına baxmayaraq sosial-iqtisadi əhəmiyyətli problemə toxunmaq, məzmunca əhatəlilik və yazı manerası ilə diqqəti cəlb edir.

Artıq 95 ildir ki, fəaliyyət göstərən  "Azərbaycan"  jurnalında dərc edilmiş Vahid Qazinin "Tanrılarla baş-başa", "Dumansız Albion" adlı səfər təəssüratları, Mehman Süleymanovun "Şeyx Səfi məqbərəsinin talanması", Günel Natiqin ədəbi araşdırma səciyyəsi ilə maraq doğuran "Ağrını incəsənətə çevirən dahi", "İngilis ədəbiyyatının əfsanəvi bacıları - Bronte bacıları", Qorxmaz Şıxalıoğlunun vətən torpaqlarının işğalı mövzusunda qələmə aldığı "Yaza boylanan dağlar", Südabə Ağabalayevanın və Bədirxan Əhmədovun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdikləri "Yaddaş", "Cümhuriyyətin üçlü formulu" adlı yazıları, Qəşəm Nəcəfzadənin "Mənim ilk kitabım" xatirəsi və s. kimi yazılar diqqəti cəlb edir ki, bu da hər şeydən öncə jurnalın bədii-estetik zövq, müasir yaradıcılıq tələbləri nöqteyi-nəzərindən seçim prinsiplərindən irəli gəlir. "Azərbaycan"  həm ədəbi-mədəni aləmdə mötəbər bir orqan hesab edildiyindən, həm də bu dərgidə çıxış edənlərə yazı haqqı verildiyindən ona müraciət edənlər də çoxdur və belə çoxluq içərisindən seçim imkanları da genişdir.

Ümumiyyətlə, bir sıra müəllifləri biz "Azərbaycan" jurnalında da öz ampulalarında çıxış etdiklərini görürük. Məsələn, yazıçı-alim Elçinin bir neçə il bundan əvvəl mətbuatda dərc etdirdiyi "Sosrealizm bizə nə verdi?" adlı eimi-publisist yazısının mətbuat səhifələrində geniş müzakirələrə səbəb olduğunu yaxşı xatırlayırıq. Onun ötən il "Azərbaycan"  jurnalında dərc etdirdiyi "Söz azadlığı tənqidimizə nə verib?" adlı növbəti geniş məqaləsi də yeni polemikaya meydan açmaq səciyyəsi ilə seçilib fərqlənir. Elçinin hər bir yeni bədii əsəri kimi, hər bir yeni elmi-publisist əsəri də cəmiyyətdə rezonans doğurur, düşündürür, müzakirələrə səbəb olur. Yaxud Vilayət Quliyev bu dəfə - "Azərbaycan" jurnalında XX əsrin əvvəllərindəki türk ictimai-siyasi və ədəbi fikrinin tanınmış nümayəndəsi Abdullah Cövdətin dostu və həmfikiri Əli bəy Hüseynzadəyə məktublarını oxuculara təqdim edir. Vaqif Yusiflinin yazıçı Vidadi Babanlının 90, yazıçı-publisist Məmməd Orucun 70 illik yubileyləri münasibətilə yazdığı məqalələrdə sənətkarlarımızın həyat cizgiləri, əsərlərinin ideya-məzmun istiqamətləri və həmin əsərlərin oxucu qismində şəxsən müəllifə təsir məqamları paralel və əlaqəli şəkildə,  səmimi duyğularla qələmə alınır.

Bu yerdə xüsusi olaraq vurğulamaq istərdik ki, essevari publisistika yaradıcılığına  meyil nəzərə çarpacaq dərəcədə güclənmişdir ki, biz bunu "Azərbaycan"  jurnalında da görə bilirik. Sözə qüvvət üçün Anarın "Əkinçi" haqqında xatirələr", Günel Natiqin "Hamısı darıxmaqdandır...", Cavid Qədirin "Sevgi deyiləndə...", İbrahim İbrahimliin "Dahiliyin həddi", Südabə Ağabalayevanın "Ocaq daşı" və s. kimi materialları xatırlada bilərik.

Anarın "Əkinçi haqqında xatirələr" essesini H.B.Zərdabi haqqında xatirələr kitabının buraxılması münasibətilə yazsa da, onu  dövr və şəxsiyyət, vətən və vətən uğrunda fədakarlıq, millət və millətsevərlik, memuar ədəbiyyatı və tarixi şəxsiyyətin tərcümeyi-halı, nəhayət, Həsən bəy Zərdabi fenomeninin ictimai dərki barədə mühakimə və qənaətləri ilə,  faktları, sənədləri adi, quru, trafaret təkrarçılıq qəlibindən çıxarıb onlara yeni məna çaları gətirməklə rəy, resenziya çərçivəsindən çıxarıb oxucunu həyəcanlandıran maraqlı əsərə çevirir.

"Ulduz" jurnalında publisist fəallığına sövq edən yeni, maraqlı formalar diqqəti cəlb edir. Jurnalın hər sayı "Ekspert" rubrikası ilə açılır. Bu rubruka altında çıxış edən müəlliflər jurnalın həmin sayında dərc edilən materiallara bir növ ekspert münasibəti bildirir. Lakin fərqli müəlliflərin qələmindən çıxan yazılar həm dil-üslub xüsusiyyətləri, həm də tənqidi qeydlərlə publisist düşüncəni özündə qaynaq edən məzmun orijinallığı ilə maraq doğurur.  Bu sırada filologiya elmləri doktoru, professor N. Əhmədlinin, J.Əliyevanın, filologiya elmləri doktorları A.Tahirlinin, V.Yusiflinin, yazıçı S.Səxavətin ekspert yazılarını xatırlatmaq olar. Məsələn, Nəsir müəllim  "Nərgiz Cabbarlıdan Elxan Zaladək" adlı yazısında ekspertlərin ümumi işindən söz açıb. "Ekspert" rəyini Günay Ümidin "özüylə söhbəti" və şeirləri izləyir. Yaxud "Ulduz"un səhifələrində yer alan  "Özüylə söhbəti..." rubrikası da publisist yaradıcılığına yeni bir ifadə-forma tərzi gətirmişdir. Müsahibə şəklində qurulan belə yazılarda gənc müəllif həm sual seçimində, həm də həmin suallara cavabında tamamilə sərbəstdir. Yetər ki, o, öz düşüncələrini səmimi və dolğun şəkildə ifadə edə bilsin. Bu baxımdan, Günel Natiqin, Cahandar Aybərin, Faiq Hüseynbəylinin həyat və sənət əlaqələri, insanın zamana, cəmiyyətin qayğı və problemlərinə nünasibət üzərində köklənmiş  özüylə söhbətləri, yaxud İkinci Mahmudun "Özümlə söhbətin mümkünsüzlüyü" həyat düşüncələri baxımından maraq doğurur.             

"Ulduz"un xatirə yazılarına meydan verməsi isə köhnə formada yeni ideya-məzmun axtarışları baxımından təqdir oluna bilər.

"Ustad"  jurnalı çoxsaylı mətbu nəşrlər sırasında yenilərdən hesab edilsə də, öz dəsti-xəttini dəqiq təyin edə bilmişdir. Fikrimizcə, bu dəsti-xətt özünəməxsusluğu ədəbiyyatın, incəsənətin, mədəniyyətin bütün sahələrini əhatə etməyə çalışmaq meyli ilə yanaşı, yaradıcılıq məsələləri  barədə qələm və zəka sahiblərinin fikir, düşüncə mübadiləsinə geniş meydan verməsindən irəli gəlir.

Ümumiyyətlə, dərginin oxuculara təqdim etdiyi publisist yazılardan əksəriyyətinin qayəsini tarixi və ədəbi araşdırma təşkil edir. Bu baxımdan, Məti Osmanoğlunun "Faciə əsrimizin müqəddiməsi", Füzuli Məcidlinin "Türklərin kəbəsi, səhrada gizlənən tarix...", Murad Adcının "Göylərə ayaq basanlar", Salidə Şərifovanın "Azərbaycan postmodern poeziyası", eləcə də Pərvanə Məmmədli, Nərgiz Cabbarlı yazılarının müasir ədəbi-mədəni düşüncə arenasına, hətta bir sıra suallar doğurub mübahisə doğura biləcəyini istisna etməməklə, yenilik ruhu gətirdiyi etiraf edilməlidir. Zənnimizcə, "Ustad" da elə buna çalışır: inteqrasiya proseslərinin get-gedə gücləndiyi bir dövrdə milli varlığın və özgürlüyün mühafizəsində durmaq, bu istiqamətdə ədəbi-ictimai düşüncəni aktivləşdirmək, polemikaya meydan açmaq!

        

 

Elçin MEHRƏLİYEV,

filologiya üzrə elmlər doktoru

 

Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.31.