Yazılanlar həyat izləri kimi

 

Ədəbi-bədii, fələsfi düşüncəmizin ən yaddaqalan, parlaq deyimlərindəndir ki, qaranlığı günahlandırmaqdansa, çalış bu qaranlığı işığa çıxara bilən bir şam yandır.

Hesab edirəm, Xeyrəddin Qocanın əsərləri ilk növbədə hər cür qaranlıqları işığa çıxara bilmək amacıyla yandırılan şamlar kimidi. Bu yazılanlar birmənalı şəkildə cəmiyyətə diktə edir, anladır ki, hər bir şəxsin, eləcə də dövlətin ən qiymətli xəzinəsi ədalətdir. Bu yazılanlar yer üzünün nizamının pozulmasına, gözəl əxlaqın tamamlanmasına xidmət edir. Eyni zamanda Xeyrəddin Qoca dahi alman şairi və mütəfəkkiri İ.B.Hötenin təbirincə desək, "hamının xoşuna gəlmək arzusu ən gülünc arzudur" düşüncəsi ilə yazıb-yaradır. Onun yaxın günlərdə nəfis tərtibatla işıq üzü görən "Yazdıqlarım, yazılanlar" kitabında bir araya gələn yazılara da məhz bu ovqat hakimdir. Xeyrəddin müəllimin "Bunlar mənim həyatımda izlərimdir" deyə oxucuya təqdim etdiyi yeni nəşrə yazdığı ön sözdə onun sadə, pak qəlbinin ritmi döyünməkdədi: "Azərbaycanda böyük yazıçılar olubvar. Onların adı və şəxsiyyəti qarşısında durub "mən də yazıçıyam" demək çox çətindir... Bu adın məsuliyyətinin ağırlığı adamın çiyinlərini əyir".

Doğru qənaətdir. Ancaq orası da var ki, X.Qoca öz böyük ustadları Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev ədəbi məktəbinin layiqli davamçısı kimi, bu adın şərəfli yükünü layiqincə çəkə bilir. Onun əsərləri, təlqin etdiyi fikirlər həqiqətə, mərdliyə, sözün bütün mənalarında kişiliyə yol açır və bu yazılanları oxuduqca müəllifə qoşulub deyirik ki, "Allah ürəyinə görə versin".

Kitaba daxil etdiyi "Yanlış fikir" məqaləsində X.Qoca təkzibolunmaz faktlarla "C.Məmmədquluzadə 1920-ci ildən sonra ta ölənə kimi bir cümlə də yazmayıb" iddiası ilə çıxış edən araşdırmaçıya cavab verir, əksini sübut edən arqumentlərini özünəməxsus bir əminliklə əsaslandırır ki, "axı Mirzə Cəlil yazmaya bilməzdi".

Kitabda yer alan "Sağlığında qiymət verin insanlara" məqaləsində müəllif xalq şairi Cabir Novruzun ona bəslədiyi xoş münasibətin unudulmazlığından, "Bizə yaşamağı öyrədin"də şeirlərində ilhamla, ruhla yaşadığı unudulmaz Nəbi Xəzridən, "Onu bir daha öz ampulasında gördüm"də qırx il müddətində həyat və yaradıcılığını diqqətlə izlədiyi və şəxsiyyətini yüksək qiymətləndirdiyi xalq yazıçısı Anardan, "Poeziya ruhlu musiqi"də ustad Şəhriyarın "Ramiz, sənin adını tarixdə görürəm" deyə dəyərləndirdiyi görkəmli tarzən Ramiz Quliyevdən dərin səmimiyyətlə söz açır.

X.Qoca "Bizim "Bakı" - "Baku" qəzetləri" məqaləsində dərin səmimiyyətlə yazır: "Bu qəzetlərin əməkdaşlarına ona görə həyatım boyu minnətdarlıq hissi ilə yaşayıram ki, yazmağı həm də onlardan öyrənmişəm... Biz hara getsək, sadəcə, Nəsir İmanquliyevin redaksiyasından gəldiyimizi deməyimiz kifayət edirdi. Çox yerdə onun adını çəkən kimi, deyirdilər: Nəsir müəllim köhnə kişilərdəndir".

Elə bu məktəbin dərsini aldığındandır ki, X.Qoca ictimai həyatda, cəmiyyətdə müşahidə etdiyi problemlərə bir qələm adamı kimi özünəməxsus şəkildə  münasibət bildirmədən keçinmir. Məsələn, o, tarixi "Bakı" və "Baku" qəzetlərinin nəşr problemlərini çözməyə çalışır, "Televiziyada görünmək dərdi"ndə ailə həyatı qurmayan cavan aparıcı qızın xalqa dərs vermək iddiasından acı-acı söz açır. Bir yandan da teleaparıcının sualına "oğlumu itirəndən sonra ürəkdən, hönkürtü ilə ağlamışam" deyə cavab verən xalq artisti Teymur Mustafayevlə həmdərd olmağı bacarır, onun yanında olur. Xüsusi peşəkarlıqla "Xatirə gündəliklər"dəki "Q.X." kimdir" sualının cavabını açıqlayır, eyni səmimiyyətlə də "Əqidə cəfakeşi" məqaləsində öz amalı uğrunda şəhid olmuş dəyərli insanlarımızdan Əjdər Xanbabayevi xatırlayır, onun namərd gülləsinə tuş olmasının səbəbini yetərincə açıqlayır. Bu məqamda Xeyrəddin Qocanın təvazökarlıqla öz barəsində yazdıqlarını xoşluqla qəbul edirsən: "Hara gedirəmsə, tanımadığım adamlardan xoş sözlər eşidirəm. Onlardan məhəbbət görürəm. Doğrusu, əvvəllər bunun səbəbini bilmirdim. İndi səbəbini də söyləyirlər. Deyirlər: "Siz həmişə doğru danışırsınız, ədalətli düşünürsünüz, haqlı yazırsınız". Düşünürəm, bəlkə üzə görə deyirlər? Görürəm yox, həmin insanlar çox səmimidirlər, yazılarımdan, televiziya çıxışlarımdan misallar gətirirlər..." Bu səmimi etiraf bütövlükdə gerçəyi ifadə etdiyi üçün ironiya doğurmur. Bu, məsələnin bir tərəfidi. İkinci (və ən önəmli) tərəf isə ondan ibarətdir ki, bu kiçik, təvazö dolu etiraf bitkin bir yazıçı qələmi ilə yazılıb. Güclü təhkiyə hesabına varağa köçüb. Xeyrəddin müəllim eyni duyğusallıqla, səmimi təhkiyə ilə "Üstümə nə qədər torpaq atılsa..." məqaləsində unudulmaz xalq şairi Bəxtiyar Vahabzadəni anır. Eyni ürək genişliyi ilə Tural Anaroğlunun "Tənha mələk" kitabından bəhs edir, "Zəlimxan və özüm"də kirayə evlərdə yaşamaq sarıdan tale oxşarı olan xalq şairi ilə görüşlərindən söz açır. Bu ovqatla da xalq yazıçısı Anarın "Muğamın əbədiliyi" essesindən aldığı təəssüratı "Heç nə əbədi deyil, bircə sənətdən başqa" məqaləsində dönə-dönə anladır.

Kitaba daxil edilən məqalələri X.Qocanın özünəməxsus, oyadıcı, islahedici yumoru, bəzəmələri izləyir. Heç bir halda heyranlığını, mütəəssirliyini gizlətmir. Məsələn, "Möhtəşəmlik" məqaləsində Aqşin Babayevin "Xilaskar" pyesinin uğurlu tamaşasından, tanınmış aktyor İftixar Piriyevin yaratdığı möhtəşəm obrazdan ürəkdolusu söz açır, "Qurtuluş dastanı"nın uğuruna sevinir, bir çox məqalələrində teleradio məkanlarında, idarə və müəssisələrdə dilimizi korlayan antipodlara hədlərini bildirir.

Həyat problemləri ilə üzləşdiyimiz anlarda Xeyrəddin Qocanın "...Şanlı məktubları"nı oxumaq bəs edər ki, çox şeyin dərininə getməyəsən.

Bir söz adamı kimi Xeyrəddin Qoca yaradıcılığının qayəsi budur ki, "səmimi olmaq lazımdır". Eyni zamanda təvazökar olmağa səsləyir. Səmimi, təvazökar olmaqla bütün dərmanı olmayan dərdlərə əlac tapılacağı ideyası onun əsərlərinin ana xəttini təşkil edir. Elə bu səmimiyytələ də X.Qoca xalq yazıçısı Elmira Axundovanın ulu öndər Heydər Əliyevə həsr olunmuş "Heydər Əliyev: şəxsiyyət və zaman" adlı yeddicildlik kitabında yer alan xatirələrindən "Unudulmayan görüşlər" məqaləsində ətraflı bəhs edir.

İctimai-siyasi mövzulu yazılarında Xeyrəddin müəllim nə qədər əhatəli detallarla yazırsa, xatirələrində bir o qədər yığcam, lakonikdi. "Kaman da qan ağlayarmış..." adlı xatirə yazısında o, yüksək peşəkarlıqla istinad etdiyi mənbələrin əsl məğzini önə çəkir, sözçülükdən qaçır. Diqqəti Möhsün Cəyyurun bu dəyərli fikri üzərinə yönəldir: "Kamança Habilin dilidir".

Xeyrəddin Qoca "Əbədiyyətə qovuşan ömür" məqaləsində xalq şairi Zəlimxan Yaqubdan da eyni səmimiyyətlə, yaddaqaln fraqmentlərlə söz açır. Ancaq "Odlu satirabu janra soyuq münasibət"dən bəhs edəndə onun mövqeyi yetərincə sərtləşir, xüsusi bir ciddiyyətlə bu sahədə müşahidə edilən problemləri ortaya qoyur. Eləcə də "Jurnalistlərə böhtan atmayın", "Millətə ekrandan vurulan zərbə", "Ekranlarda, efirlərdə oyunlar", "İnsanları çaşdırmayın" adlı cəsarətli, günün tələbindən irəli gələn yazılarında...

Topluda xalq yazıçıları Anarın, Elçinin, xalq şairləri Qabilin, Cabir Novruzun, Zəlimxan Yaqubun, Sabir Rüstəmxanlının, professor Pənah Xəlilovun, filologiya elmləri doktoru İmamverdi Əbilovun, akademiklər İsa Həbibbəylinin, Nizami Cəfərovun, türkiyəli yazarlar Dursun Özdənin, Camal Anadolun, İrfan Ülkünün və başqalarının X.Qoca yaradıcılığı barədə ürək sözləri də yer alıb.

Kitabın "Yazılanlar..." bölümündə isə qələm dostlarının ayrı-ayrı illərdə X.Qoca barəsində yazdıqları məqalələr və müsahibələri yer alıb.

                                                                                               

 

Ədəbiyyat qəzeti.- 2018.- 9 iyun.- S.30.