İkincilərə

 

Bax, Ameli, yenə dovşan çıxacaq

Bu uzunbığ sehrbazın əlindən.

Bax, verməsən o qırmızı dəsmalı

Heç gəlməz yaramazın əlindən.

 

Yenə sabah o filləri döyəcək

Qamçı onun, yarıtmaz zor onundu.

Xortumların dik tutar səni görcək

Mən bilirəm, fillər sənin dostundu.

 

Salınarsan tənin boyda çənbərə

Tən ortadan... bu şəlalə qamətin.

Sağ tərəfdə ayaqların tərpənər

Sol tərəfdə gülümsəyər sifətin.

 

İzlərimi tapdayan ayaqlarım

Qopsun, getsin, gəzsin ayaqlarınla.

Qoy uzanım bu qabırğa çənbərə

Alma yeyim gülümsəyən yarınla.

 

Hamı səni ikincitək alqışlar

Bilməzlər ki, yeganə canbaz sənsən.

Heç kim belə gözəl yarı bölünməz

Bax, Ameli, əsl sehrbaz sənsən.

 

 

Mən əbruyam...

 

Mən əbruyam su üstündə...

sərin meh çəkib rəsmimi.

Bir yarpaq əsir üstümdə

əsir, hey əsir tərs kimi.

 

Alacaq bu yarpaq məni

götürəcək tərs üzünə.

Yenə bir meh əssə, əsdi...

 

Mən əbruyam su üstündə

sərin meh çəkib rəsmimi

Orda üzən nilufərin...

 

Günəş qüruba enir

Yenə bir meh gəlir, sərin.

Mən boyda bir yarpağı var

                        orda üzən nilufərin.

 

 

 

1.84

 

Cəlil Cavanşirə

 

Bu yumru kainatın gözəl, yumru adamı,

Zəlil olmuş bu günəş çox yorurmu adamı?

Bilirəm, zəhlən gedir gündüzlərin adından

Bir qara corab qalır ay parçası qadından.

 

Yəqin ki, Ay çıxanda həyat rənginə gəlir

Gündüz qalxan ahların, mələk halında enir.

Azca da tez ensələr, çəkər dara insanlar

Batarlar mələklərə bu minarə insanlar.

 

Ürək boyda qardaşım, mənim qısa qardaşım

Çarmıx boya da baxmır, mənim İsa qardaşım,

Öldürmək istəsələr xəbər ver qardaşına

1.84 boyum var!

Gəlim yanında durum, oxşayım başdaşına.

 

 

Mövludun şeiri

 

Özümdən qoruyuram ruhumu bu aralar

Dua edən əllərim canımın müqəvvası.

Gözlərim qoşa yara. Bu yaralı üzümdə

görünməz Nəsiminin O "eşq-təcəllası".

 

Köynəyimin yaxası qabarıb yelkən kimi

burnumu dik tutmuşam sisli dor ağacıtək.

Batıram gözlərimin maviliyində

"Qollarım göylərdə kor ağacıtək".

 

Sənsə, ey torpaq,

bir bulud çək üstünə,

istin canında qalsın.

Sənə gələcəm.

Budur, ustadın tələbəsinə

                        öyrətmədiyi son fənd;

Onu göstərəcəm: öləcəm.

 

 

Tanımadığım gözəl qadınlara...

 

Adın şərəflidir, adın

Həm anamsan, həm arvadım.

Mənim quyumsan, ey qadın,

Danışaram, ah olarsan.

 

Doğulmağımdadır suçum,

Çatmayacaq Ona gücüm.

Səndən yarandığım üçün

Baxarsan, günah olarsan.

 

Üzünü görsəm, gözəlim,

Gözündə doğar gözlərim.

Ölərəm, parlar gözlərin,

yeni bir sabah olarsan.

 

Çıxaram yoldan duraram

Susaram, səni yoraram.

Elə bir xəyal quraram

Ucalıb ..... olarsan

 

 

Bütün baharlara

 

Yenə sökülür qışın dan yeri.

Başlayır ötməyə qaratoyuqlar.

Hədə gəlir qışa bahar yelləri

Barmaqtək yellənir pöhrə çubuqlar.

 

Təbiət yenə yaşılı seçir,

Dəbə uyğun geyir Aşağı Ləgər.

Yenə bir şairə şeir yazdırır

Gözü bənövşəyi bu bənövşələr.

 

Bir gözündə bahar, o birində qış,

Mən çoxdan uymuşam bu tərəziyə.

Hörümçək toruna bir arı düşür

Vururam özümü görməməzliyə.

Mən çoxdan uymuşam bu tərəziyə.

 

Qulağıma birdən tanış səs dəyir,

Oyadır onillik xatirələri.

Sinif yoldaşımın balaca qızı

Anasıtək söyür "tərəkələri".

 

Günəş addım-addım geri çəkilir,

Dünyanın şəklini çəkirmiş kimi.

Ay aman... qüruba enəcək indi

Baharın gəlişi az imiş kimi.

 

 

Sərdar Amin

 

Ədəbiyyat qəzeti.- 2018.- 9 iyun.- S.26.