Azərbaycanın bayrağı

 

Bayrağım gözəldir,

Hamını heyran edir,

Əlimdə, öndə gedir,

Bir kərə yüksəlibdir,

Bir enməz bayrağım!

 

Üstündə Ay, ulduz var,

Yaşıl çəmən var, düz var,

Ürəyimdə çox söz var,

Bir kərə yüksəlibdir,

Bir enməz bayrağım!

 

Üç rəngini gəl tanı,

Mavi rəngtək rəng hanı?

Seyr et göyü, səmanı,

Bir kərə yüksəlibdir,

Bir enməz bayrağım!

 

Qırmızı - qan rəngidir,

Sökülən dan rəngidir,

O şöhrət, şan rəngidir,

Bir kərə yüksəlibdir,

Bir enməz bayrağım!

 

Yaşıl çəmən, çöl demək,

Çiçək demək, gül demək,

Nərgiz, qərənfil demək,

Bir kərə yüksəlibdir,

Bir enməz bayrağım!

 

Bu rənglərin hər üçü

Yeddi rəngdən baş olub.

Əl-ələ verib onlar

Bayraqla sirdaş olub.

Bir kərə yüksəlibdir,

Bir enməz bayrağım!

 

Ölkənin rəmzidir o,

Müqəddəsdir, müqəddəs.

Bayrağımı dünyada

Tanısın sevən hər kəs.

Bir kərə yüksəlibdir,

Bir enməz bayrağım!

 

Mənim ilə düşməndən

Bac alacaq, bilirəm.

Şuşaya, Xankəndinə

Sancılacaq, bilirəm.

Bir kərə yüksəlibdir,

Bir enməz bayrağım!

 

Dolaşacaq dünyanı

Azərbaycan bayrağı.

Nuru günəşdən alıb,

Şəfəq yayan bayrağı.

Bir kərə yüksəlibdir,

Bir enməz bayrağım!

 

 

Cinaslı bayatılar

 

Xalı məndən,

Sifət səndən, xalı məndən.

Ay qız, qonub yanağına,

Gəl gizlətmə xalı məndən.

 

Qoru məni,

Xəyanətdən qoru məni.

Vallah, külə döndərəcək

Bu həsrətin qoru məni.

 

Çəkib dara,

Gözün məni çəkib dara.

Telin tökülüb üzünə,

Əllərinlə çəkib, dara.

 

Sola baxdı,

Yar qanrılıb sola baxdı.

Tanrım, qoyma sevənlərin

Tez sarala, sola baxdı.

 

Dərəm dedim,

Bu, təpəm, bu, dərəm dedim.

Yar bağına, düşə yolum,

Güllərindən dərəm, dedim.

 

Saraldı gəl,

Bağım, bağçam saraldı gəl.

Sarı bülbül çoxdan susub,

Yerini sar aldı, gəl.

 

Sına bir ,

Qıyma qəlbim sına bir .

Şübhə etsən bu sevdaya,

Qayıt, gülüm, sına, bir .

 

Bala döndü,

Ana deyib, bala döndü.

Ürəkdə övlad həsrəti

Şirinləşdi, bala döndü.

 

Mərd ana,

Nər böyüdər mərd ana.

Cəsur oğul vuruşar

Öndə mərdi-mərdana.

 

Yada qala,

Qıyma yurdum yada qala.

Doğma ocaq səni gözlər,

Gəl, ya söndür, ya da, qala.

 

Dara dedim,

Tellərini dara, dedim.

Odlar yurdu yer üzündə

Heç düşməsin dara, dedim.

 

Yana qəlbim,

Odlanıb ha yana qəlbim.

Torpağım yad əllərdədir,

Üz tutsun hayana qəlbim?

 

Anam, gərək,

Qələbəni anam gərək.

Döyüşlərdə şəhid olsam,

Ağlamasın anam gərək.

 

Yaram gərək,

Qayaları yaram gərək.

Zəfər çala Milli Ordum,

Tez sağala yaram, gərək.

 

Dağlar yaman,

Nalə çəkir dağlar, yaman,

Neçə obam yad əlində,

Dərd sinəmi dağlar, yaman.

 

Yar bu dağı,

Fərhad olub yar, bu dağı.

Çiçək açıb, ətir saçır,

Yar bağında, yar budağı.

 

Gün ahımı,

Yumalıyam günahımı.

Allah, necə götürəcək

Gün dərdimi, gün ahımı?

 

Məndə məni,

Eşqin salıb bəndə məni.

Başa düşüb anlayacaq

Axı, hansı bəndə məni?

 

Gülə dedim,

Yar danışıb, gülə, dedim.

Cəh-cəh vuran sarı bülbül,

Uçub qona gülə, dedim.

 

Sinəsinə,

Dağ çək yadın sinəsinə.

Qarı düşmən qədəm basır,

Torpağıma sinə-sinə.

 

Yara məni,

Tez çatdırın yara, məni.

Baxışınla oxlamısan,

Çox incidir yara, məni.

 

Gözlə məni,

Yarım, hələ gözlə, məni.

Niyə dinib-danışmırsan,

Dara çəkdin gözlə məni.

 

Yara asan,

Dərd gəlməsin yara, asan?

Dönük çıxsa o vəfasız,

Sağalarmı yara asan?

 

Çaldı məni,

Dərd köklədi, çaldı məni.

Müxənnətin acı sözü,

İlan olub çaldı məni.

 

Sürü dağda,

Yıxılmışam, sürü, dağda.

Gör haçandan gözə dəymir,

Göyçəmizdə sürü, dağda.

 

Dağlar məni,

Həsrət odu dağlar məni.

Qəribsəyib, haraylayır,

Buz bulaqlar, dağlar məni.

 

Bulaq bir ,

İtənləri bulaq bir .

Yurdun həsrət nəğməsini,

Qoy oxusun bulaq, bir .

 

Qazan ağlar,

Ocaq yanar, qazan ağlar,

Köks ötürər ana torpaq,

Şəhid qəbri qazan ağlar.

 

Dərə dedim,

Yara bağdan gül dərə, dedim.

İki könül bir döyünsə,

Öndə dağ, dərə, dedim.

 

Oxu mənim,

Gəl qəlbimi oxu, mənim.

Yar sinəmə tuşlayıbdır,

Məhəbbətin oxu, mənim.

 

Qala, dedim,

Yar yanımda qala, dedim.

Durr gəl, gülüm, eşqimizə

Ucaldaq bir qala, dedim.

 

 

Əli Vəkil

 

Ədəbiyyat qəzeti.- 2018.- 9 iyun.- S.23.