Bakı - yer üzündə ən gözəl ünvan...

 

Qaranlıq getdikcə açılır sahil,

Günəşsə hələlik yanan buludda.

Səhər dumanında Bakı elə bil

körpə beşiyidir miçətkən altda.

 

Çayçı niyyətimi tutur havadan:

idmandan gəlirəm, ciyərim yanır.

Çiçək ətri gəlir məxməri çaydan -

elə bil ocaqda şəbnəm qaynayır.

 

Danışa-danışa özüm-özümlə

getmişəm, qumlarda izlərim qalıb.

"Gilavar" xəzəli qovub izimlə,

"xəzri" təkəbbürlə geri qaytarıb.

 

Gül kolu fikrimi pozur nazıyla,

şehli ləçəklərə şəklim çəkilir.

Bir gözəl körpəli arabasıyla

sevincin dənizlə bölməyə gəlir.

 

Yay olsun, qış olsun, bahar, son bahar -

şeir, bayatıdır, qəzəldir Bakı.

Düşər sümüyünə bütün havalar,

çiskinli vaxtda da gözəldir Bakı!

 

Torpağın içindən nəmi çəkilmir,

öləndə su olub qoynuna hopam.

Hələ gəzirəm, əmələ gəlmir,

istədim Bakının bənzərin tapam.

 

Bakı-yer üzündə ən gözəl ünvan,

vuruldum bir gəncin gözəl səsinə.

"Bakılı balasıyam" - oxuyan cavan,

mən bakılıyam, qardaşam sənə

 

Adam olmaq elmi...

 

Müdrik atalara min rəhmət!

 

Hələ çox körpə idim -

istəyim "alim" olmaq,

tanınmış kişilərin

dəstəsinə qoşulmaq.

 

Düzünü deyim - atam

niyyətimi bəyəndi,

amma öpüb alnımdan:

"Əzəl adam ol" - dedi.

Aman Allah, mən niyə

dinc qoymuram dilimi?

Elmlərin tacıymış

bu "Adam olmaq elmi".

 

Axı, adam olana

dəyəri adam verir.

Dilənçi tanıyır,

çayçı da salam verir.

 

Atam, doğrultmuşammı,

ülvi istəklərini?

Var ol ki, anlatmısan

bu "Adamlıq elmini".

 

Ustad Ələsgər kimi

çox elmdən halıyam.

Zaman, qınama məni -

adamlar adamıyam!

 

Keçib salam verəndə

küçə süpürgəçisi

siftə tərs-tərs baxardı,

indi - bağrına basır;

zir-zibillər çox görüb,

adamlar tanıyandı

 

 

Olsun...

 

Simlər yaman kövrəlib,

mizrabda gözün olsun.

Sazı elə saxla ki,

çalmağa üzün olsun.

 

Ürcah etmə qınağa,

alışdırma danlağa,

haram vurma dodağa -

deməyə sözün olsun.

 

Ümman kimi çağladım,

el dərdinə ağladım,

canı elə saxladım

dərdlərə dözən olsun.

 

Saçımı bürüdü dən,

dondum, yoxdur əridən,

dostlar - can çürüdən,

ürək üzən olsun.

 

O "Səmum" adlı külək,

zamanında gələcək,

mənasız nəyə gərək -

ömür lap "Yüz il" olsun?

 

 

Gedir iki qardaş qucaqlaşaraq...

 

Azərbaycanın Türkiyənin möhtərəm Prezidentləri İlham Əliyev Rəcəb Tayyib Ərdoğan cənablarına

 

Sabaha səsləyər qoşa ulduzlar,

göylərə ucaldar təmiz sevgini.

Ali görüşündə iki qardaşın

eyni din-imanın, eyni torpağın -

bərabər dayanar, yanaşı durar

Türkün bayrağıyla mənim bayrağım.

 

Birgə bar gətirən, bir açan çiçək,

iki nər sinədə bir vuran ürək,

birgə addımlayıb, birgə gedəcək

Türkün inamıyla, mənim inamım,

Türkün növrağıyla mənim növrağım.

 

Nəğməsi eynidir, Türküsü eyni,

dilində sözlərin bölgüsü eyni,

boy biçən Tanrının ülgüsü eyni;

"Yallısı" eynidir, "Cəngisi" eyni,

eynidir Türk ilə mənim sabahım!

 

Bizi eyni cürə sıxdı hər hicran,

eyni intizarlar, eyni həyəcan,

var ol, can Türkiyəm, can Azərbaycan!

eyni sadiq ürək, eyni coşan qan,

milli qürur ilə, Ulu Yaradan

Türkün dayağıyla mənim dayağım.

 

Biz yazan tarixin hamısı gerçək,

ağsaqqal, ağbirçək - hamısı göyçək,

sınmaz dəliqanlı, hey sınağa çək;

zəbt olmuş yurdlara birgə dəyəcək

Türkün ayağıyla mənim ayağım.

 

Gedir iki qardaş quşaqlaşaraq,

səpin qədəmlərə gül qucaq-qucaq,

var o iki qəlbdən od tutan ocaq!

qalın zülmətlərə işıq salacaq

Türkün çırağıyla mənim çırağım

 

 

Etiraf edirəm mən öz payıma...

 

Gəlmişəm dünyaya yüzüncü dəfə

böyük sevgilərin nəticəsiyəm.

Birinə övladam, birinə nəvə,

birinin koldibi, kötücəsiyəm.

 

Birindən gözümün qəmli baxışı,

birindən qəlbimin ağrısı qalıb.

Birindən saçımın tez düşən qışı,

birindən dilimin yanğısı qalıb.

 

Biri qaçaq olub, biri mühacir,

kimdəsə olubdur üz kələ-kötür.

Hansı babam olub tərsməssəb bu cür -

məzarda günahdan hansı qovrulur?

 

Birinin olubmuş qulluğu uca,

bəlkə şah olub, ya vəzir-vəkil,

Birinə tamahı quyruq olunca

söyüşlər qazanıb nəsilbənəsil.

 

Birinin sərvəti yellə sovrulub,

kimmiş "Məcnun" olan bu cür sevirəm?

Hansı ulum salan yol əyri olub -

min ildir, hələ səndələyirəm!

 

Bir gözəl nənəmnən qalıb yaraşıq,

əri-igid babam vurub-tutanmış.

Ay namərd əcdadım - olmur barışıq,

ay "haxçik" saxlayan vicdanı yanmış!

 

Hansı babamınsa - ruhu canımda,

əxlaqı əridir məni şam kimi,

Qıymıram pay düşsün övladlarıma

mənə qismət olan bu yaşam kimi

 

Yadımda, huşumda xeyli ayama -

çoxunu saymadım, keçmişəm üzdən.

Hərdən, inciməyin, mən öz payıma

xəcalət çəkirəm səcərəmizdən

 

Halal olsun eşqimizə...

 

Bəlalar üstümüzü

alanda zaman-zaman,

millətin dərdlərinə

tapılmayanda dərman,

sən oldun Vətənimin

qüruru, güvənc yeri -

var ol, Milli Qəhrəman!

Artacaq qüdrətimiz

çevirdikcə illəri,

sizinlə fəxr edəcək

bu torpağın bu yurdun

gələcək nəsilləri.

 

Min illərdir, oğullar,

vaxtın sınağındayıq,

bu ağır qovğalarda

salamat qalmışıqsa -

hamımız qəhrəmanıq.

 

Tükənməz el sevgisi

sabahı quranlara,

analar südü kimi

halal oslun eşqimiz

milli qəhrəmanlara

 

Eyniliklər, fərqlər...

 

Hər kəs yuxusundan bir cür oyanır,

adam var bir daha oyanmır, ölür.

Hər evin qazanı bir cür qaynayır,

hər evdən bir cürə qoxular gəlir.

 

Hər kəsin atdığı bir cürə addım,

cib ya məyyus edir, ya dingildədir.

Şəhər adamıyla - kənd adamının

fərqləri həm ki, geyimindədir.

 

Küt çəkib özünü dağa qoyanda,

cürətli-danlayır, yaltaq irişir.

Qanmayan-qananı lağa qoyanda

sayğı, ədəb-ərkan hörmətdən düşür.

 

Eynidir Vətənin isti-soyuğu,

fərqi gəlmədir, yoxsa yerlidir?!

İndi uşaqların çoxdandır çoxu,

Həm kənd uşağıdır, həm şəhərlidir.

 

Niskillər eynidir ürəklərində,

bir yerə yığarmış dərd insanları.

Qardaşdır Şəhidlik zirvələrində

şəhər uşağıyla kənd uşaqları

 

Ətirli misralar gətirir külək...

 

Belə havalarda ruhum dincəlir,

çıxmaq istəsə köksümdən ürək.

Bilmirəm dağdanmı, bağdanmı gəlir,

qəribə misralar gətirir külək.

 

Daralır, böyüyür gözdə bəbəklər,

tutub kirpiklərdən yuxu sallanır.

Mənim həyatıma əsən küləklər

ilham pərisinin qanadlarıdır.

 

Uzundur tarixi bu yoldaşlığın,

taleyin hökmüylə yanaşı düşdük.

Mən-qəmli, küləksə əməli çılğın,

bir payız axşamı bağda görüşdük.

Yenə təngə gəlir, ətraf, həndəvər,

tək mənə xoş gəlir rüzgar oyunu.

Küləyi oynayan hava bilənlər

güldülər, deyəndə: "Görürəm onu".

 

Yenə külək əsir, ruhum dincəlir,

özünə yer tapmır, köksümdə ürək.

Olsun ki, çiçəkli çəməndən gəlir,

ətirli misralar gətirir külək

 

 

Əgər sənin üçün yaranmışamsa...

 

cürə anladım bu gözəl qıza,

olubdur ulduzum, Günəşim, Ayım:

"Əgər sənin üçün yaranmışamsa,

sənə ad günündə bağışlayım?".

 

Gələ, gəlin ola, mən dönəm bəyə,

yekə nöqtə qoyaq bəxtdən gileyə!

İşdir, izn versə sağlıq deməyə,

Hansı sözdən tutum, nədən başlayım?

 

Yenə küsdürüb, indi gəl barış!

nazı dünya boyda, səbri bir qarış,

indi hünərin var özündən soruş:

"hansından yan keçim, alqışlayım?"

 

cürə anladım bu gözəl qıza,

olubdur ulduzum, Günəşim, Ayım.

Əgər sənin üçün doğulmuşamsa,

çiçək, ad günündə bağışlayım

 

 

Daş qopdu qalasından...

 

Parçalanaraq gedir,

daş qopdu qalasnıdan,

hər qalsa - sənindir,

ömrümün qalanından.

 

Qayıdarsan, bilirəm,

yana-yana gülürəm,

qaranlığı silirəm

ləmpəmin lalasından.

 

Qayıt, gəldi-gedərəm,

getsin qəmim, kədərim,

üzüldü ümidlərim

bir zalım balasından.

 

Güllər açıldı, soldu,

çeşmə boşaldı, doldu.

Göz yaşım dərya oldu,

Xəbər yox sonasnıdan

 

 

Vahid Əziz

 

Ədəbiyyat qəzeti.- 2018.- 9 iyun.- S.20.