Yüz il əvvəlin yüz il sonrası

 

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə

 

Bu gün Azərbaycan Ordusunun inkişafında bəyan edilmiş aparıcı xətlərdən biri də beynəlxalq əlaqələrə, o cümlədən, NATO ilə əlaqələrə prioritet önəm verilməsidir. Azərbaycanda NATO standartlarına cavab verən peşəkar ordu qurulur. Azərbaycan alyansın üzvü olan dövlətlərin ordu quruculuğu prinsiplərindən yaradıcı şəkildə bəhrələnir və müvafiq proqramlarda aktiv iştirak edir.

2018-ci il hər bir azərbaycanlı üçün qürur ilidir. Yüz il öncə böyük sınaqlardan, fədakarlıqlardan sonra Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, Şərqdə ilk demokratik cümhuriyyətin yaradılması ilə bir çox dövlətçilik ənənələrinin əsası qoyulub. Böyük çətinliklər hesabına müstəqilliyini tanıdan Azərbaycan Xalq Cümhuriyyəti 23 aydan sonra süqut etsə də, Şərqin ilk demokratik dövləti, Prezident İlham Əliyevin təbirincə desək, zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə, respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.

Uzun ayrılıqdan sonra Azərbaycanın üzünə tale yenidən güldü - 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildi. Özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab edən müstəqil Azərbaycan Respublikası ilk illərdə müəyyən sınaqlarla, hətta dağılmaq, parçalanmaq, federasiyalara bölünmək təhlükəsi ilə üz-üzə qalsa da, ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə bütün bəlalardan, eləcə də daxili və xarici təhdidlərdən xilas oldu, müstəqillik yollarında inamla irəliləməyə başladı. Azərbaycan Xalq Cümhuriyyətinin tarixdəki rolu barədə danışarkən ulu öndər deyirdi: "Azərbaycan çar Rusiyasının tərkibində olarkən xalqımızın çox dəyərli şəxsiyyətləri orduda yüksək rütbələrlə xidmət etmişlər. General Səməd bəy Mehmandarovla general Əliağa Şıxlinski, Talışxanov, Novruzov, Bakıxanov, Qacarlar, Yadigarov və Naxçıvanski nəslindən olan generallarla fəxr edirik. Onlar bizim tariximizə yazılıbdır. Biz onları böyük hörmət və ehtiram hissi ilə xatırlayırıq.

Bizim keçmişdə də ordu yaratmaq sahəsində böyük ənənələrimiz olub. Milli dəyərlərimizi, milli ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz.

Atalarımızın, babalarımızın, əcdadlarımızın qəhrəmanlıq nümunələri bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnək olmalıdır.

Gərək biz tarixi şəxsiyyətləri heç vaxt unutmayaq. Tarixin hər səhifəsinə hörmətlə, ehtiramla yanaşaq."

Bəli, ulu öndərin dediyi kimi, adları tarixə yazılan Cümhuriyyət fədailərini, Şərqdə ilk müstəqil dövlətin yaradılması yolunda canını belə əsirgəməmiş qəhrəman həmvətənlərimizi bir xalq olaraq böyük iftixar və qürur hissi ilə xatırlayırıq. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin, qurucularının, dövlətçilik, vətənpərvərlik ənənələrinin əhatəli təbliği və yaşadılması ilə bağlı dövlət səviyyəsində gərəkli tədbirlər görülür. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı sərəncamı, 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etməsi milli-tarixi keçmişimizə olan diqqət və qayğının ifadəsidir. Bu gün dünyanın ən güclü 50 ordusu sıralarında yer alan Azərbaycan Silahlı Qüvvələri də məhz Xalq Cümhuriyyətinin Əlahiddə Azərbaycan Korpusunun varisidir. Bu varislik ordunun şəxsi heyətinin hər bir üzvünün qəlbində qürur, iftixar və qəhrəmanlıq hissləri yaradır. Bu gün hər bir əsgər, zabit yaxşı bilir ki, onlar Xalq Cümhuriyyətinin fədakar sərkərdələrinin, vətənpərvər hərbçilərinin şərəfli mübarizə yolunun davamçılarıdır.

Bəli, ötən əsrin əvvəlindən fərqli olaraq indi müstəqil Azərbaycan daha qüdrətlidir. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti ilə Azərbaycan siyasi-iqtisadi gücünü və hərbi qüdrətini artıraraq daha böyük uğurlara doğru inamla irəliləyir.

Hər bir ölkənin Silahlı Qüvvələrinin gücü onun əsgər və zabitlərinin sayının çoxluğundan öncə döyüş bacarığı ilə şərtlənir. Döyüş bacarığı, mənəvi-psixoloji hazırlığı yüksək olmayan ordu, hərbi-texniki və maddi təminatı yetərli olsa belə, qüdrətli və peşəkar sayıla bilməz. Ordunun, Silahlı qüvvələrin gücü onun generalının, zabitinin, əsgərinin vətən, torpaq sevgisindən və bu sevgi yolunda hər cür fədakarlığa hazır olmasından keçir. Qəlbi boş olan döyüşçü ən yüksək hərbi texnika ilə də nə düşmən önündə duruş gətirə, nə də düşmən üzərinə yürüş edə bilər. Əsgərin, döyüşçünün qəlbinə vətən sevgisi, vətənpərvərlik ruhu uşaq yaşlarından hakim kəsilməli, yaşının üstünə yaş gəldikcə bu bir vətəndaş amalına, vətəndaş əqidəsinə çevrilməlidir. Yaxın keçmişin tarixi də göstərdi ki, Azərbaycan övladları vətən, torpaq naminə canlarını fəda etməyi şərəf bilirlər. Belə övladlar indi də yetərincədir. Erməni işğalçılarının torpaqlarımıza təcavüz etdiyi ilk illərdə "Tiqana" ləqəbli 13 yaşlı Samir Əliyevin döyüşçülərimizlə çiyin-çiyinə düşmənə qarşı vuruşması, ulu öndər Heydər Əliyevin Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüş Etibar İsmayılovun belinə qumbara bağlayıb düşmən tankının altına atılmaqla canı bahasına döyüşçülərimizi mühasirədən çıxarması və digər onlarla misal yaxın hərb tariximizin şanlı səhifələrindəndir. Ancaq bütün bunlar ayrı-ayrı vətən övladının adına yazılan qəhrəmanlıqlar, şəxsi keyfiyyətlərindən doğan fədakarlıqlar idi. Bütün bunlarla düşmən təcavüzünün qarşısını almaq, əlbəttə, müşkül iş idi. Erməni işğalçılarını məmləkətimizin ərazilərindən qovub çıxarmaq və onların təcavüzünün qarşısını saxlamaq üçün könüllü hərbi birləşmələr və bir-birilə az qala adi rabitə əlaqəsi olmayan dəstələr yox, qüdrətli sərkərdəsi, vahid komandanlığı olan peşəkar ordu lazım idi. Bu ordunu yaratmaq, qurmaq isə hər kəsin, hər "vətən" deyib boğazdan yuxarı qışqıranın işi deyildi. Elə bu "vətən" deyib boğazdan yuxarı qışqıranlar Azərbaycanı uçurumun kənarına qədər gətirib çıxarmışdılar. Belə məqamda Azərbaycan öz xilaskarını çağırdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıtdı. Qayıdışı ilə ölkəni dağılmaqdan, bölünməkdən, imperiyanın əsarətinə çevrilməkdən xilas etdi. Ulu öndər Heydər Əliyevin gördüyü ilk fundamental işlərdən biri də ordu quruculuğuna başlaması oldu. Ermənistan işğalçılarının təcavüzünü dayandırmaq, ölkədaxili hərc-mərcliyi aradan qaldırmaq, millətin itmiş inamını, sarsılmış vüqarını özünə qaytarmaq paralel olaraq ordu quruculuğu işini tezləşdirmək olduqca böyük missiya idi və bu missiyanın öhdəsindən ancaq Heydər Əliyev gələ bilərdi. Gəldi də!

Ulu öndər Heydər Əliyev bilirdi ki, əsgərin, döyüşçünün öz komandirinə və komandanına inamını, sevgisini qaytarmadan ona döyüş əmri vermək, düşmən üzərinə göndərmək olmaz. Ulu öndər özü ön xəttə, səngər tərəfə üz tutdu. Düşmənlə təmas xəttində olan döyüşçülərimizin görüşünə yollandı. Hər bir əsgəri, döyüşçünü dindirdi, komandirlə danışdı. Birinə xoş söz dedi, birinə saat bağışladı, birinin silahını alıb nişangahından düşmən tərəfə baxdı. Əsgərlərimiz, döyüşçülərimiz bu təmasdan, bu münasibətdən qürurlandılar. Hiss etdilər ki, dağı dağ üstə qoya bilərlər. Beləcə, ulu öndər Heydər Əliyevin görmək istədiyi, arzusunda olduğu Azərbaycan Silahlı Qüvvələri onun komandanlığı altında düşmənlə döyüşə-döyüşə qurulmağa başladı. Həmin ərəfədə ulu öndər Heydər Əliyevin bir uzaqgörənliyi də atəşkəs rejiminə nail olması idi. Atəşkəs 1994-cü il mayın 12-də tətbiq edildi. Azərbaycan Atəşkəsdən sonra müəyyən qədər rahat nəfəs ala bildi. Artıq hərtərəfli ordu quruculuğu üçün müvafiq qərarların qəbul edilməsinə, milli hərbi kadrların hazırlığının artırılmasına, ən başlıcası isə ölkə iqtisadiyyatını gücləndirmək üçün qlobal işlərə başlamaq imkanı yaranmışdı. Bir tərəfdən də xalqın müharibə, qan-qada xofunu, itki, tələfat qorxusunu ürəklərdən çıxarmaq, az da olsa unutdurmaq, döyüşlər zamanı müvəqqəti geriçəkilmələrin hərbi-psixoloji mahiyyətindən doğan gərginliyin mübarizə, qələbə ovqatı ilə əvəzolunması üçün köklü tədbirlərin hazırlanması baxımından atəşkəs çox gərəkli idi. Atəşkəs dövründə ordu quruculuğu işinin vacib istiqamətlərindən biri də xalqın qəhrəmanlıq ənənələrinin təbliğinə sistemli şəkildə diqqət yetirilməsi oldu. "Türklərin altun kitabı"nda belə bir hikmətli fikir var: "Heç bir millət keçmişini silə bilməz. Fəqət, uzaq və yaxın keşmişini silən millətlərin gələcəyi qaranlıq olar". 1918-ci il 26 iyun - Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr Günü elan edildi. Milli-tarixi varislik baxımından əvəzsiz dəyəri olan bu fərman Azərbaycan əsgərinin mənəvi potensialının zəfər yürüşlərinə səfərbər olunması üçün də əlavə perspektivlər açdı. Azərbaycan əsgəri bir daha dərk etdi ki, o, möhtəşəm bir tarixə malik olan Silahlı Qüvvələrin sıralarında xidmət edir. Azərbaycan Xalq Cümhuriyyətinin hərbiyə naziri, tam artilleriya generalı Səməd Bəy Mehmandarov yazırdı: "Nə qədər ki, bəşər var, müharibələr, istilalar, qırğınlar həmişə olacaq. Ona görə mütləq güclü ordu yaratmaq gərəkdir. Çox istərdim Azərbaycanın belə bir ordusu olsun və bu ordu on illər, yüz illər keçəndən sonra da unutmasın ki, orduda artilleriya işini kamil qurmadan müzəffər yürüşlər etmək olmaz".

Bu gün Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev olan möhtəşəm Silahlı Qüvvələri var. Bu Silahlı Qüvvələrdə Səməd bəy Mehmandarovun arzuladığı kimi, nəinki təkcə artilleriya işi kamil qurulub, eyni zamanda bütün sahələr üzrə müasir və peşəkar bir ordu yaradılıb.

Bu gün danılmaz faktdır ki, müstəqil Azərbaycanın ən müasir hərbi texnika ilə təchiz edilmiş Silahlı Qüvvələri Cənubi Qafqazda ən güclü ordudur. Vahid komandanlıq altında etibarla idarə olunan Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi bilik və bacarıqlara yiyələnmiş şəxsi heyəti dövlətimizi və xalqımızı təhdid edən hər bir təcavüzkara yetərincə cavab vermək gücündədir. Onun sıralarında xidmət edən hər bir azərbaycanlı bu xidmət müddətini həyatının ən şərəfli dövrü sayır, geydiyi hərbi paltarın, tutduğu silahın, öpüb altından keçdiyi bayrağın qürurunu yaşayır. Ulu öndər Heydər Əliyev deyirdi:

"Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək hər bir Azərbaycan vətəndaşı üçün, hər bir gənc üçün böyük bir iftixar mənbəyidir, şərəfli bir vəzifədir. Orduda xidmət etmiş, öz vətəndaşlıq borcunu yerinə yetirmiş hər bir gənc bizim cəmiyyətdə, həyatımızın bütün sahələrində ən dəyərli insan hesab olunmalıdır. Azərbaycan Ordusu Azərbaycan xalqının, bütün dövlət orqanlarının, vətəndaşların diqqəti və qayğısı ilə əhatə olunmalıdır." Müasir hərb elminin tələblərinə və ordu quruculuğu prinsiplərinə uyğun formalaşmış Silahlı Qüvvələrimiz üçün Cəmşid Naxçıvanski adına Hərbi Lisey, Heydər Əliyev adına Ali Hərbi Məktəb, Dənizçilik, Təyyarəçilik məktəbləri, Hərbi Akademiya və digər müvafiq təhsil qurumları yüksək səviyyəli kadrlar hazırlayır. Cəmşid Naxçıvanski adına indiki Hərbi Liseyin əsası hələ Azərbaycan Sovetlər Birliyinin tərkibində olarkən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. Müttəfiq respublikalar üçün elə bir çətin dövrdə məhz Bakıda ixtisaslaşdırılmış orta hərbi məktəbin yaradılması ulu öndərin bu günə - Azərbaycanın müstəqilliyinə hesablanan uzaqgörənliyi, müdrikliyi idi. Bugünkü peşəkar kadr potensialının əsası o zamandan qoyulub.

İllər ötdükcə ulu öndər Heydər Əliyevin böyüklüyü, müdrikliyi, bənzərsizliyi daha aşkar görünür. Cismani cəhətdən aramızda olmasa da, qurucusu olduğu müasir Azərbaycan Prezident İlham Əliyevin möhtəşəm fəaliyyəti sayəsində uğurlarını ildən-ilə daha da artırır, daha böyük zirvələrə qovuşur. Bu gün ulu öndərin yaradıcısı olduğu Azərbaycan Silahlı Qüvvələri peşəkarlığı, döyüş bacarığı, müasir silah-sursat bazası, mənəvi-psixoloji hazırlığı, eləcə də mübariz ruhu ilə istənilən tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarında olan qüdrətli bir orduya çevrilib.

Bəli, sovetlər dönəmində böyük uzaqgörənliklə Azərbaycanın gələcəyini fikirləşən ulu öndər Heydər Əliyev bütün çətinliklərə, maneələrə fədakarlıqla sinə gərərək Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılışına nail oldu. Ulu öndər bununla sübut etdi ki, Azərbaycan övladları "stroybat" deyilən tikinti batalyonlarında xidmət etmək üçün yox, əsl hərbçilik, komandirlik, sərkərdəlik üçün daha gərəklidir. Bu, ümummilli liderin bugünkü müstəqil Azərbaycana olan ən böyük töhfələrindən biri idi.

Bu gün Azərbaycan Ordusunun inkişafında bəyan edilmiş aparıcı xətlərdən biri də beynəlxalq əlaqələrə, o cümlədən, NATO ilə əlaqələrə prioritet önəm verilməsidir.

Azərbaycanda NATO standartlarına cavab verən peşəkar ordu qurulur. Azərbaycan alyansın üzvü olan dövlətlərin ordu quruculuğu prinsiplərindən yaradıcı şəkildə bəhrələnir və müvafiq proqramlarda aktiv iştirak edir. Neçə illərdir cəlb olunduğumuz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapmalıdır. Ulu öndər Heydər Əliyev də, Prezident İlham Əliyev də dəfələrlə bəyan ediblər ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi heç vaxt müzakirə mövzusu ola bilməz. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə qurbanlar verib. Bu müqəddəs yolda canını fəda etmək istəyənlər bu gün də minlərlə, milyonlarladır. Bu minlərin, milyonların önündə isə Azərbaycan əsgəri dayanır. Qəlbi düşmənə qarşı qisas-intiqam hissi ilə alışıb yanan Azərbaycan əsgəri!

2016-cı ilin ilk aprel günlərində Azərbaycan əsgərinin kim və nəyə qadir olduğunu təkcə qarşıdakı erməni işğalçısı yox, bütün dünya gördü. Bütün dünya gördü ki, Azərbaycanla - torpaqlarının iyirmi faizi zəbt edilmiş, bir milyondan çox qaçqını-köçkünü olan bir məmləkətlə hələ də təzyiq dilində danışmaq olmaz. Bütün dünya gördü ki, bu məmləkətin övladı bir qarış torpağını belə düşmən tapdağında qoyan deyil: canından-qanından keçər, torpağını son qarışınadək azad edər! Bütün dünya onu da gördü ki, Azərbaycan xalqı 7-dən 77-yə necə ayağa qalxdı və torpaqlarının işğaldan azad edilməsi üçün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrinə necə müntəzir dayandı.

2016-cı ilin ilk aprel günləri Azərbaycan hərb tarixinə şanlı səhifələr kimi yazıldı. Azərbaycan Ordusu aprelin 1-dən 2-nə keçən gecə erməni işğalçılarının silahlı təxribatının qarşısını qəhrəmanlıqla alaraq geri oturtdu və əks-hücuma keçərək Lələtəpə, Talış, Seysulan kimi yüksəklikləri və digər strateji obyektləri azad etdi və həmin yerlərdə Azərbaycanın dövlət bayrağını dalğalandırdı.

Bəli, 2016-cı ilin aprel ayının biri adi yaz günü kimi başladı: dünya öz qayğılarında, həyat öz axarında, hər kəs öz işində, gücündə. Aprelin 1-dən 2-nə keçən gecə şirin-şirin yatan da oldu, yuxusu ərşə çəkilən də oldu, gözəl-gözəl yuxular görənlər də... O da danılmaz həqiqətdir ki, aprelin 1-dən 2-nə keçən gecə işğal altındakı torpaqlarımızın, gözü yolda qalan yurd-yuvalarımızın, bizsiz axan çaylarımızın, bizsiz çiçəkləyib-tumurcuqlayan fidanlarımzın, bir sözlə, hər gün yağı nəzərləri altında oyanan hər şeyin yuxusu - rahatlığı pərən-pərən oldu. İşğal altındakı torpaqlarımız Azərbaycan əsgərinin zəfər hayqırtısını öz qəlbində, öz bağrında hiss elədi, üzü Azərbaycan əsgərinin zəfər hayqırtısına sarı boylandı.

Həmin günlərdə Ali Baş Komandanın cəbhə bölgəsinə gəlişi hər kəsin - istər hərbçilərin, istər mülki şəxslərin, yerli əhalinin ürəyini dağa döndərdi, ruh yüksəkliyini, Azərbaycanın haqq işinə, Qələbəyə olan inamını daha da artırdı. Bu fədakar addımı qəlbi vətən, torpaq sevgisi ilə dolu olan mətin bir sərkərdə - Ali Baş Komandan İlham Əliyev ata bilərdi. Cənab Komandanın həyati risklə dolu olan bir bölgəyə - atəş xəttinə gəlişi bir daha sübut etdi ki, Azərbaycan xalqı öz rəhbərinə, öz sərkərdəsinə əbəs yerə güvənməyib.

Bəli, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın dövlətçilik qüdrəti, iqtisadi potensialı artdıqca ordu quruculuğu işləri də yüksək səviyyədə davam etdirilir. Bu gün müstəqil Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın istənilən əmrini yüksək səviyyədə yerinə yetirmək iqtidarındadır. Ordumuzun işğal altındakı torpaqlarımızı azad edəcəyi gün də uzaqda deyil. Ən başlıcası odur ki, Azərbaycan müstəqillik yollarında üzü uğurlara, üzü qələbələrə, o cümlədən, üzü böyük Qələbəyə doğru inamla irəliləyir.

 

 

Telman Nəzərli

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Hərbi-vətənpərvərlik"

proqramları baş redaksiyasının baş redaktoru, əməkdar jurnalist

Ədəbiyyat qəzeti.- 2018.- 23 iyun.- S.2-3.