"Caz, sadəcə, musiqi deyildir"...

 

1. "Mən özüməm, mən burdayam..."

 

1938-ci il... Cazın ekzistensial musiqi olduğunu ilk dəfə Sartr kəşf edir. Özünə qapılmış Vaqif Mustafazadənin eszistensiyası isə 60-cı illərin sonunda cazın Azərbaycan, daha geniş anlamda isə Asiya modelini meydana çıxarır. Bu, cazın artıq dünyada müstəqil musiqi janrı olaraq tanındığı altmışıncı illərdə - 1969-cu ildə "76" kompozisiyasının ifası zamanı baş verir. Vaqif hədsiz sarsıntılardan yaranıb, yorulmaq bilmədən, sürətlə uçub gedən "76"- nın notlarını dayandırmağı bacarır. "Bayatı-Şiraz"ın mistik ecazı olmasaydı Vaqif Mustafazadə istəsəydi də cazdakı səsləri tutub saxlaya bilməyəcəkdi. Tutmağa cəhd etsəydi belə, əlində cazdakı səsin ruhu deyil, Sartr demişkən, səsin rəzil və susqun bir xaritəsi qalacaqdı. Amma Sartrın düşündüyünə rəğmən, bu səslərin ölməyini gözləmək də gərək deyildi, "76"- sona qədər çalmaq və dinləmək lazım idi. Hətta yaxınları bu səslərin nota alınmasını israr etsələr də, yaxşı ki Vaqif bu israrlara etinasız yanaşıb. Notlaşdırılsaydı yollar qapanacaq, "Bayatı-Şiraz" nə cazın, nə də Vaqifin dünyasına daxil ola bilməyəcəkdi. "76"- sona qədər dinləmək və çalmaq gərək idi; "Bayatı-Şiraz" gələnə qədər. Çünki bu bir-birinə çırpılıb uçan caz notları varlıqlarını sürdürəndən sonra ölüb gedəcəkdilər. Vaqif isə ekzistensial cazda möcüzə yaratdı. Xəyallarını sərbəst buraxdı. İmprovizə etdiyi səsləri ölməyə qoymadı. Çünki o, burda, bu məqamdaydı; "76"- çalırdım... Özüm də gözləmədən qəfil "Bayatı-Şiraz"a keçdim. Sonuncu akkordu götürdüm. Və birdən çatdı: bax, budur! Budur mənimki! Budur axtardığım..." (Vaqif Mustafazadə)

"Romada Tiber sahilində oturmağı sevən mən, Barselonada, axşamlar yüz dəfə Rambla küçəsi ilə enib-çıxmağı sevən mən, Anqkor yaxınlığında Baray de Prah-Kan arasında kökləriylə Naqas kilsəsini saran əncir ağacını görmüş olan mən, indi burdayamgörürəm ki, mən özüməm, mən burdayam". (Sartr)

"Mən burdayam, İlahi". Bunu sonralar, Satrdan ən azı yarım əsr sonra bütün yaradıcılığı boyu ekzistensial şeirlər yazan, əksər şeirlərini də caz poetikasında yaradan Vaqif Səmədoğlu deyəcəkdi. Amma Sartrdan sonra və Vaqif Səmədoğludan öncə amerikan cazında Ellinqton örnəyi də var. Ellinqtonun "Bibliya" motivlərinə interpretasiyası dünya cazının qızıl səhifələrindən birini təşkil edir: "İlahi, mən burdayam".

Xristian metodistlərin yüzillik missionerlik dönəminin sonunda gözlənilməz bir hadisə baş verdi. Afrikalı kölələr xristianlaşmış, amma buna rəğmən, bu yeni xristianların tanrısı afrikalılaşmışdı. Məncə, cazdakı ekzistensial arayışın təməlində həm də bu dayanır. Kölə də insandı. Dilini, tarixini unutdursalar da, fitrətini unutdura bilməmişdilər. Ünsiyyətin daimiliyini təmin etmək üçün Amerikada məskunlaşmış Afrika kökənli toplum cazı yaratmışdı. Hərgah, burda başqa səbəblər də var. Etnoloq Ernest Bornemana görə Afrikalı üçün musiqi və dil bir-birindən ayrılmazdı. Hətta ayrı-ayrı sözlərin də mənasını səsin tonallığı müəyyənləşdirir. Yəni musiqi Afrikada dil qədər önəmlidir. Amma "buraya gətirməklə bizi öz dilimizdə danışmaq imkanından bütünlükdə məhrum etdikləri üçün, musiqi bizim tək dilimiz oldu. Biz öz tariximizi bu dillə yaratdıq" (Jaske MeLean). Caz ədəbiyyat üçün, özünü ifadə üçün içəridə yığılıb qalmış enerjinin musiqi şəklində partlayıb ətrafa dağılması və yayılması biçimində meydana gəldi.

Caz dünya incəsənəti modernizm qafiləsinə qoşulduğu ərəfədə yaranıb. Amerika qitəsində Avropa kültürü Afrika mədəniyyəti ilə eyni estetik kürədə qaynayıb-qarışıb. İndi tədqiqtçılar arasında cazın mənşəyi ilə bağlı fikir müxtəlifliyi də var. Kimisinə görə caz Afrika kökənli musiqidir. Kimisi üçünsə harmoniyasının əsas prinsipləri, forma baxımından o, Avropa musiqi mədəniyyətinin bəhəridir.

Gerçək isə bundan ibarətdir ki, bu yeni mədəniyyətin yaradılış məhvərində ayrı, fərqli siviliziasiyaların - "qədim yunanın mirasçısı olan bir toplumun idealizmiylə, instinktlərinə bağlı bir ulusun gizli gücləri"nin toqquşması da baş verib. Vaqif Mustafazadə isə cazın kürəsəlləşmə prosesində həlledici addım atıb. Və bunu, yuxarıda da dediyim kimi, muğamla cazın sintezini-hibridini yaradaraq cazın Asiya modelini meydana çıxarmaqla edib. Əslində Vaqif Mustafazadə muğamın modulyasiya qütbünü genişləndirdi. Vaqifin (və muğamın!) gəlişi ilə caz dörd qitənin qlobal düşüncə mədəniyyəti faktı olaraq bütövləşdi və sonra da dairə qapandı.

Caz musiqisi bədii mətn səviyyəsində Avropaya Sartrın qələmi ilə daxil oldu. Sonra Kortasar Conni Karterin simasında Çarli Parkerin obrazını yaratdı. Sonra Murakaminin caz fenomeni. "Üslubunuzun yaxşı, təbii, sabit bir ritmi olmalı, yoxsa insanlar yazdıqlarınızı oxumağa davam etməz. Ritmin önəmini musiqidən, özəlliklə də cazdan öyrəndim. Sonra melodiya gəlir ki, o da ədəbiyyatda sözlərin ritmə uyması üçün uyğun ayarlanması anlamına gəlir. Əgər sözlərin ritmə uyma biçimi düzgün və gözəlsə, bundan daha artığını istəyə bilməzsniz. Sonra harmoniya gəlir, sözləri dəstəkləyən daxili zehni səslər. Sonra da ən çox sevdiyim qism gəlir: sərbəst improvizə. Hekayə, özəl bir kanal vasitəsilə içəridən sərbəstcə fışqırmağa başlayır. Etməli olduğum tək şey özümü axına buraxmaq... Məsələn, F. Skott Fitsceraldın zərifcə axan nəsrindən aldığım ilhamı, Çarli Parkerın dövr edən pərvasız melodiyalarından alıram".

Bu baxımdan Azərbaycan ədəbiyyatı hələ də susqundur. Vaqif Mustafazadə dalğasından keçən, yetmişinci illərdə Vaqif Mustafazdənin timsalında bir caz əfsanəsi dövrünü yaşamış Azərbaycanın doğma və milli ədəbiyyatında ekzistensial yanaşma üçün böyük üfüqlər açan caz musiqisi hələ də eşidilməyib. Amma əslində eşidilməliydi. Vaqif həm şəxsi, həm də yaradıcılıq taleyi baxımından bədii mətn üçün misilsiz hadisədir. Hələ ortada Vaqif Səmədoğlu amili varsa. İndi düşüncələrimdə hər iki Vaqifi bir araya gətirir və Kortasarın "Təqibçi"sində Conni Karterin (Çarli Parkerin) dediklərini xatırlayıram: "Caz, sadəcə, musiqi deyildir"... Və Parkerin dediyi bu məqamdan yola çıxılaraq yazılacaq bir romanın oxucusu olmaq keçir könlümdən.

Otuz iki il əvvəl olaydı,

Olaydım Çikaqoda.

Bir kafedə

Qəlyan çəkə-çəkə oturaydım.

 

Və mütləq

 

Bir svinq çalınaydı orda.

Çalınaydı

Kökdən düşmüş qəhvəyi royalda.

Çalanı özüm,

Həm də zənci olaydım mütləq.

Vaqif Səmədoğlu bu şeiri 35 il əvvəl yazıb. 1983-cü ildə.

Azərbaycanın ilk modernistləri - Vaqif Mustafazadə musiqidə, Vaqif Səmədoğlu poeziyada, Cavad Mircavadov rəssamlıqda paradiqmaları dəyişdilər, sənətin estetikasını yenilədilər...

 

***

 

Kortasarın Çarli Parkerin yaşantılarını ədəbiyyatlaşdıran əsəri Bibliya Apokalipsisindən alınmış belə bir epiqrafla başlayır: "Ölüm bahasına da olsa sadiq qal".

Vaqif Mustafazadə ölümü bahasına da olsa caza sadiq qaldı

 

2. "Şəhrizadın 1002-ci gecədə danışdığı nağıl"

 

Hər şey 1984-də - Bakıdakı Molokan bağında başladı... Bekketin "Qodonun intizarında", Tarkovskinin "Stalker"i və Vaqif Mustafazadə barədə danışdıq. Ertəsi gün Faiq mənə o gecə yazdığı "Qara fortepiano" şeirini oxudu:

 

Qapqara buludlar

yığışıb, qarışıb

başım üstə dondu.

 

Qapqara buludlar

qapqara fortepianodu.

 

Bir şimşək soldan çaxdı,

bir şimşək sağdan çaxdı.

 

Bir şimşək caz çalırdı,

bir şimşək muğam çaldı.

 

Qapqara fortepiano

kövrəldi,

Ağladı,

sıxdı göz yaşını torpağa.

Yağış döndü caza,

Yağış döndü muğama...

 

Qapqara buludlar

qapqara fortepianodu.

Şimşəklər, -

alova dönmüş əllər.

Məzardan sıçrayıb

dillərə qondu.

 

Şeirin cazibəsində qaldım. Ayrıldıq.

Diplom işimin mövzusunu kəşf etmişdim. Ssenarini Vaqif Mustafazadə barədə yazacaq, sonra da onu tamaşaya qoyacaqdım. Yazdım. Əvvəlcə Vidadi Həsənova, Bəhram Osmanova oxudum. Vaqif Gərayzadə də vardı. Bilirdim ki, onsuz bu tamaşa alınmayacaq, bütöv və tam olmayacaq.

İndi bu adamların hər üçü Azərbaycan incəsənətinin tanınmışlarıdır.

Məşqlər başladı. Ssenarini Ələkbər Salahzadənin o zaman yenicə yazdığı şeirinin bir misrasıyla adlandırmışdım: "Ölüm adam tanıtdırır". Amma sonra məlum oldu ki, 1984-cü ildə "ölüm adam tanıtdıra bilməz". Bir nüsxəsini o illərin ən əziz xatirəsi kimi qoruduğum afişalar "Sənsiz səninlə" adıyla çıxdı.

İmprovizə-tamaşa.

Vaqif Mustafazadənin xatirəsrinə həsr olunur.

27 aprel 1984.

Xatirələrim o qədər çoxdur ki, bu yazını yazmağa ehtiyat edirəm...

Məşqlər zamanı məlum oldu ki, tamaşada Vaqif Mustafazadənin lent yazıları gərək olacaq... Sıradan tələbələr idik. Kim verəcəkdi bizə həmin lent yazılarını? İlk ağlıma gələn ad Vaqif Səmədoğlu oldu. Gecə saat 12 radələrində Mustafa Sübhi küçəsi ilə 1 may küçəsinin kəsişdiyi tində telefon köşkündən Vaqif Səmədoğlunun telefon nömrəsini yığdım. İstəyimi dedim. "On dəqiqədən sonra təkrar zəng edərsən", dedi. Az sonra yenidən danışdıq. "Sabah radiokomitetə gedərsən. Salehə xanım səni gözləyəcək. Ondan xahiş etdim, Vaqifin lent yazılarını sənə verəcək".

Səmədoğlu tamaşanın vaxtı ilə də maraqlandı. Hətta, Elza Mustafazadənin də telefon nömrəsini verdi və tapşırdı ki, ona da mütləq zəng edib tamaşaya dəvət edim.

Ertəsi gün radioda Salehə xanımla görüşdüm. Vaqifin lent yazılarını, əlbəttə, qaytarmaq şərtilə mənə verən Salehə yaddaşıma həyatda söhbət etdiyim ilk kübar qadın olaraq həkk olundu.

Lent yazısını üzünü köçürmək üçün verdiyim adamın indi yalnız adını xatırlayıram: Pərviz. Üzünü köçürdü. Sonra nə fikirləşdisə, başqa bir lenti diskə qoydu. Birlikdə dinlədik. Kimsə ingilis dilində danışırdı. Vaqifin adını çəkirdi.fonda Vaqif Mustafazadənin musiqisi səslənirdi. Bura qədər bəs idi. Bu lent yazısı tamaşamızın effektini qat-qat artıracaqdı.

Nüsrət Kəsəmənlinin Vaqifə həsr olunmuş tamaşanın afişasıni öz əlləri ilə Yazıçılar Birliyinin qapısına necə şövqlə vurduğunu da unuda bilmirəm.

Sonra Vidadi Həsənovla Asəf Zeynallı adına musiqi məktəbinə getdik. Hacıbaba Hüseynovla görüşdük. Bizi elə sinif otağında, dərs prosesində qarşıladı. Söhbət etdik. Vaqifin "Bayatı-Şiraz"ı barədə danışdı. "Təəssüratlarım çox deyil, dedi. - Vaqif belə istədi, mən də üç bayatı oxudum. Amma deyirdi ki, məxsusi, muğam oxuyurmuş kimi oxuma. Zümzümə edərək oxu. Elə bil, ağac rəndələyərək zümzümə edirsən. Mən də elə onun istədiyi kimi oxudum".

Tamaşadan üç gün qabaq institutun dəhlizinə asılmış afişanın qarşısında "Dan ulduzu" ansamblının rəhbəri Gülarə Əliyevanı gördüm. Yaxınlaşdım. "Gülarə xanım, mənim tamaşamın afişasıdır", dedim. Afişaya diqqətlə baxırdı. "Gələrsinizmi?" Köksünü ötürdü. "Heyf ki, az yaşadı". Dərhal sual verdim: "Çox yaşasaydı?.." "Nə bilim, hər halda, yəqin ki, Azərbaycan caz-operanın, caz-baletin də vətəni olardı".

Bir gün dedilər ki, Zivər xanım səni axtarır. Tamaşadan əvvəl mütləq görüşməyimizi istəyir. Vaqifin anası Zivər Mustafazadə mənimlə görüşmək istəyir... Bu xəbər mənə həyatımın ilk həyəcanını yaşatdı. İçərişəhərin məşhur Adsız dalanındakı 4 saylı evə gəldim. Görüşdük. Vaqifin qızı Lalə Mustafazadə də yanındaydı. Kimləri dəvət etməyimlə maraqlandı. "Heç kəsi dəvət etməmişəm. Kim istəsə gələcək". Dəqiq xatırlayıram, Zivər xanım "Sevil" qızlar ansamblının solistlərini özü dəvət etdi. Əyləşib söhbət etdiyimiz otağın hər tərəfinə Vaqifin şəkilləri asılmışdı. Pianonun üstündə sarıüzlü bir şagird dəftəri də vardı. Dəftəri vərəqlədim. Şeirlər yazılmışdı. Maraqlandım. "Vaqifin dəftəridir", - dedi, Zivər xanım. Sonralar, çox sonralar Vaqif Mustafazadənin ev muzeyinə gələndə həmin dəftəri soraqladım. Yox idi...

Sonra tamaşa başlandı. Hamı ordaydı. Mənim üçün unudulmaz olan isə tamaşaçıların arasında Vaqif Mustafazadənin hər iki xanımının - Nərminə və Elzanın, eləcə də qızlarının - Əzizə və Lalənin, bir də Zivər Mustafazadənin olması idi.

Əvvəl səhnəyə Vaqif Gərayzadə çıxdı. Bu, Vaqifin böyük səhnədə ilk triumfu oldu. Hələ tamaşa başlamamış çalmağa başladı. Və tamaşa bitənəcən, hətta bitəndən sonra da Gərayzadənin çalğısı bitmədi...

Pərvizin mənə verdiyi ingiliscə lent yazısını da səsləndirdik. Sən demə bu, Uillis Konoverin səsi imiş. "Amerikanın səsi" radiosunda Vaqif Mustafazadəyə həsr etdiyi məşhir veriliş...

Konoverin Vaqif haqqında dediyi sözlər isə tamaşada Bəhram Osmanovun ifasında səslənmişdi: "Mustafazadə ekstra-klas pianoçudur. Dünya cazında onun misli yoxdur". Sonra Yohanson Vidadi Həsənovun səsi ilə "danışdı": "Cənab Mustafazadə, əvvəl Siz, sonra mən!.. Mustafazadənin musiqisi Şəhrizadın min ikinci gecədə danışdığı nağıldır".

Bu yazını yazdıqca 1984-cü ilin 27 apreli ilə bağlı xatirələrim boy-boya düzülür. Amma mən xatirələrdən yayınıram.

1987-ci ildə Vaqif Səmədoğlunun "Ölüm gəlir, ömür, sonun mübarək" misralarına göndərmə edərək Vaqif Mustafazadə barədə "Sonun mübarək, ustad" adlı bir yazı yazdım. Yazını Anara göndərdim. Çap olunmaq üçün deyil, yazı həyatımı davam etdirimmi, yaza bilərəmmi, yaza bilirəmmi, deyə məsləhət almaq üçün. Anar müəllimin cavabı qəribə oldu. Növbəti həftə "Ədəbiyyat və incəsənət" qəzetində o irihəcmli yazı dərc olundu. Qəribədir ki, "Ədəbiyyat qəzeti"ndə bugünəcən davam edən yazı həyatım da Vaqif Mustafazadə ilə başlayıb...

 

***

 

Kortasarın Çarli Parkerin yaşantılarını ədəbiyyatlaşdıran əsəri Bibliya Apokalipsisindən alınmış bir epiqrafla başlayır: "Ölüm bahasına da olsa sadiq qal".

Vaqif Mustafazadə ölümü bahasına da olsa caza sadiq qaldı

 

 

Azər TURAN

 

Ədəbiyyat qəzeti.- 2018.- 23 iyun.- S.10-11.