Daha ...bir nəzər

 

Səhv nəzərləri sərf-nəzər etmə vaxtı

 

Əvvəli ötən saylarımızda

X.B.Natəvanın 1885-ci ildə dünyasını dəyişmiş gənc və nakam oğlu Mir Abbasın vaxtsız vəfatına həsr etdiyi qəzəl də bu növ mərsiyələrin parlaq və klassik nümunəsidir:

 

Bahar əyyamıdır, açıldı güllər,

ey cavan, sənsiz!

Təəccübdür, nədən divanə olmaz

Natəvan sənsiz?

Güli-röymdən ayrı neylərəm

mən gülistan seyrin?

Edər bülbül kimi nalə bu zarü Natəvan sənsiz.

 

Ədəbiyyat tarixindən öyrəndiyimiz kimi, bu dövrdə hakim çar üsuli-idarəsinin şeirə himayəsindən danışmaq qeyri-mümkündür. Ədib və şairlərimizin kiçik bir qismi (Bakıxanov, Natəvan və b.) imkanlı ailələrə, zadəgan və mülkədar silkinə mənsub idilər, irsən sahib olduqları mal-mülk hesabına (Bakıxanovun adı Qubanın Amsar, Zakirin adı Qarabağın Xındırıstan kəndi ilə bağlı çəkilir və s.) yaşayır, hətta bəziləri (misal üçün, Natəvan) başqa şairlərə də himayədarlıq edirdilər. Bir qismi Axundov və Bakıxanov kimi çar hakimiyyəti orqanlarında müxtəlif vəzifələrdə çalışır və yaşayışlarını məmurluqla təmin edirdilər. Bu dövrün ədibləri arasında mütərcim, həkim, mirzə, musiqiçi olanlar da vardı. Müdərrislər və məktəbdarlar sayca üstünlük təşkil etsə də, çarıqçı, dülgər, bəzzaz, əttar baftaçı kimi sənətlərlə kəsbkarlıq edənlər də az deyildi. Əksəriyyət isə dolanışığını əkin-biçindən, yaxud kiçik ticarətdən "çıxarırdı". Əlbəttə, aralarında bunu özlərinə yaraşdırmayanlar, azad yaradıcı həyat yolu seçib, intellektual əməklə məşğul olmaq istəyənlər də tapılırdı. Əslində, belələri özlərinin və ailə üzvlərinin maddi rifahını riskə atır, təsadüfi gəlirlərə bel bağlayırdılar. Seyid Əzimin tərcümeyi-halından gördüyümüz kimi, zehni əməklə məşğuliyyət yolları olduqca məhdud idi. Rəsmi yazışmalar da (mərhum professor Xeyrulla Məmmədov bəzi sənədlərdən parçaları açıqlamışdır) göstərir ki, Seyid Əzim 1874-cü ildə Hacı Səid Ünsizadənin təşəbbüsü və səyi ilə "30 nəfər dil kağızı verib məktəbi saxlamaq üçün ayda 1 manat verəcəklərini öhdəsinə götürdükdən" sonra Şamaxıda "ruhani "okrujnoy" məclisinin təhti-nəzarətində" açılmış "Məclis" adlı "camaat məktəbində" fars dili müəllimi təyin olunmuşdu. Şair özü H.B.Zərdabiyə yazdığı mənzum məktublardan birində bu haqda yazır:

 

Əhli-Şirvan edib hədisini səm

Şiəvü sünni oldu bir yerə cəm.

Sözlərin etdi onlara təsir

Etdilər məktəb açmağa tədbir.

İttifaq ilə tutdular dəftər. (...)

Əvvəli-kar o qövmi-fərzanə

Tutdular yüz mənatə bir xanə.

Məsləhətçün dübarə oldu cülus

Manveli tutdular müəllimi-rus.

Onu üç yüz mənata söylədilər

Mərhəba, fikri-bikr eylədilər...

Biz də olduq müəllimi-sani

Ta ki təlim edək "Gülüstan"i.

 

Tapdılar həm müəllimi salis

Odu Qürrai-Səbəyə varis.

Pürlətafət kəlam, ibni-Lətif

Adı Molla Hüseynağayi-zərif.

Verə ətfalə dərsi-Qurani

Artıra rövnəqi-müsəlmani...

 

X.Məmmədovun qeyd etdiyi kimi, cəmi ilyarım sonra Hacı Səid və Cəlal Ünsizadə qardaşlarının Tiflisə köçməsi ilə "məktəb və onun 70 nəfər şagirdi Seyid Əzim Şirvaninin öhdəsinə qalmışdır". Dilindən kağız verənlər isə vədlərini yerinə yetirməkdən imtina etmişlər ki, şair bu barədə yazmışdır:

 

...Nisfi-məbləğ deyildi cəm hənuz

Əhli-fisqin fəsadı etdi büruz.

Vermədi yazdığı pulun hüzzar

Hamı iqrarın etdilər inkar.

 

Müvafiq çar idarəsinin rəsmi sənədlərində də qeydə alınmışdır ki: "Məclis" məktəbi" ancaq Seyid Əzim Məhəmməd oğlunun səyi ilə yaşayır". Şair əlinə düşən hər fürsətdə məktəbin dərdini dilə gətirir, millətin başbilənlərindən yardım gözləyirdi:

 

İndi Şirvanda açmışıq məktəb

Dərsimiz rusü, türkü, farsü, ərəb.

Zəhmətim çoxdu, hiç nəfim yox,

Leyk həqqə ümidvarəm çox -

Kim, bu zəhmətlər olmaya zaye

Bəlkə bu macəra ola şaye.

Şeyxül-İslamü müftiyü-İslam

İkisi bir olub edə əncam.

Çünki bunlar rəisi-millətdir

Mədəni-lütfü kani-qeyrətdir...

Seyyida, bəsdi nəzmi qıl kütah

Xatirin cəm qıl ki, inşallah

Şeyxülislamü müftiyi-xoşnam

Uşqola əmrinə edər əncam!..

 

Göründüyü kimi, şair "Məclis" məktəbində çalışmaqla güzəranını keçirə bilmədiyini gizlətmir: "Zəhmətim çoxdu, hiç nəfim yox". Məlumdur ki, 1877-ci ilin sentyabrında o, H.Zərdabinin köməyi ilə Şamaxı şəhər məktəbinə də müəllim təyin edilmişdi. Lakin görünür, bu da problemin həlli üçün yetərli olmamışdı və Seyid Əzim bu və ya başqa səbəbdən iki il sonra Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində türk dili və şəriət fənləri üzrə müəllim yerini tutmaq üçün ərizə ilə müraciət etmişdi (hərçənd, cəhdi nəticəsiz qalmışdı).

Bəzi mənbələrdə şairin seyid olması məqsədli şəkildə qabardılır və bununla seyidlərin nəzir yığmasına işarə vurulur. Yəqin, müasirlərindən Məhəmməd ağa Cürminin ona həcvində də bu məsələ xüsusi vurğulandığından Seyid Əzim cavabında yazmışdı:

 

Zahirən seyyidəm, əmma nə o seyyiddən kim

Xüms alam, mali-imam,

yox buna imkan, Cürmi.

Deyiləm müftəxori-gərkəsi-murdartələb

Mənə öz rəncim olub vasiteyi-nan, Cürmi...

 

Şair seyid olsa da, imam malı, xüms-zəkat alıb dolanmadığını qətiyyətlə bəyan edib, ruzisini "öz rənci", işi, zəhməti ilə qazandığını yazır. Onun əsas işi isə şairlikdir. Nə qədər qəribə və tərəfimizdən ehtiyatsız səslənsə də, Seyid Əzimin güzəranının böyük hissəsini məhz şairliklə- mərsiyələri, mədhiyyələri, şəbihxanlığı, qəzəlxanlığı müqabilində din xadimlərindən, məscid və vəqflərdən, şeirə-sənətə qiymət verən müasirlərindən aldığı "ehsan" hesabına təmin etməsi ehtimalı çox böyükdür. "Hacı Molla Qəniyə" qəsidəsində "Quran" ayəsinə istinad edərək Allahın kasıbı (burada şairi) özünə dost bildiyini, lakin il ərzində gah şəbihxanlıq, gah mərsiyəxanlıq etməsinə baxmayaraq, axund tərəfindən əməyinin aşağı qiymətləndirildiyini yazır:

 

...Əhli-kəsbi eyləyib mədh şahənşahi-rüsul

Dedi "kasibdi həbibulla", əya ruhi-rəvan! (...)

Sizdən ötrü bu il, ey dust, çəkirdim zəhmət

Gəh şəbihxan olurdum sizə, gəh mərsiyəxan.

Öz əlinlə elədin pulları yeksər təqsim

Göftguyə ləb açıb eyləmədim şikvə bəyan.

On manat oldu o məclisdə bərati-Seyyid

Məndən artıq aparıbdır pulu hər bir heyvan...

 

Şair burada "vasiteyi-nan"ının mərsiyə, növhə, sinəzən, şəbih mətnləri yazmaq (birbaşa, yaxud dolayısı ilə) olduğuna işarə edir. Lakin düşünürük ki, türk-İslam poeziyasının çox mühüm bir qolunu təşkil etmiş mərsiyə şeirinin XIX əsrdə geniş yayılmasını yalnız sırf merkantil maraqlarla əlaqələndirmək də sadəlövhlük olardı. Bu amil, şəksiz ki, var və nəzərdən yayındırıla bilməz. Amma başqa, daha ciddi amilləri unutmağa haqqımız yoxdur.

 

Mərsiyə və mərsiyəxanlıq

 

Öncə qeyd olunmalıdır ki, hər il məhərrəm ayında Kərbəla müsibətinin, müqəddəs şəhidlərin anıldığı təziyə və təkyə məclisləri şairlərin yaradıcı qüdrətlərini nümayiş etdirmələri üçün əlavə bir meydan açır, ədəbi mühitin əhatə dairəsini genişləndirirdi. Ölkə boyunca mərsiyələrə ehtiyac hansısa şeir növü ilə müqayisəyə gəlməyəcək dərəcədə böyük idi. Əgər həqiqətən də bədii sözə ictimai sifariş deyilən şey varsa, XIX əsrə nisbətdə bu anlayış ilk növbədə mərsiyə şeirinə aid edilməlidir. Kərbəla mərsiyələrinin auditoriyası bütün Azərbaycanı- hər bir eli, obanı, şəhəri, kəndi, məscidləri, bazar-dükanları, hətta məhəllə və əza məclisi qurulan ayrı-ayrı evləri əhatə edirdi. Əlbəttə, belə bir miqyasda yaddaqalan söz söyləmək, özünü göstərə bilmək, Füzuli kimi azman bir sənətkarın hələ diri olduğu bu meydanda eşidilmək kiçik şərəf sayıla bilməzdi, şairə şan-şöhrət, kütləvi ehtiram vəd edirdi; bir şərtlə ki, insanların dəruni duyğularına təsir göstərmək məharəti olsun. Şəbih tamaşalarında hər məhəllə, hər dəstə Kərbəla şəhidlərinin yoluna başqalarından daha çox bağlı olduğunu isbat etmək üçün ən qatı və qanlı üsullardan necə istifadə edirdisə, təziyə məclislərində də təzə söz, təzə nəfəs qızıl qiymətində tutulurdu. F.Köçərli "Azərbaycan ədəbiyyatı" əsərində diqqəti mərsiyəxanlığın məhz bu cəhətinə yönəltməkdə haqlı idi: "Beş-on sənə bundan əqdəm artıq hörmət və şöhrətdə olan ancaq İmam Hüseyn müsibətinə dair növhə və mərsiyə yazan şairlər idi ki, onların kəlamı məscidlərdə, təkyələrdə oxunurdu və onlar öz kəlamlarını eşidib, xalqın tərifü tövsifi ilə sərəfraz olurdular və növhə yazmağa dəxi də artıq şövqmənd olub bütün vaxtlarını və qüvveyi-şeriyyələrini bu yolda sərf edirdilər". Yaddan çıxarmayaq ki, mərsiyələrin meydanı əza məclisləri ilə məhdudlaşmır, gündəlik yas mərasimlərinə qədər uzanırdı. Hüzr yerlərində ağıçılar, adi günlərdə küçə-bazarda, çayxanalarda dərviş və qissəxanlar tərəfindən mərsiyə söylənilməsi adi hal almışdı. Belə demək mümkündür ki, mərsiyə şeiri ictimai-kütləvi həyatın ayrılmaz tərkib hissələrindən birini təşkil edir və toy-düyün məclislərində xanəndələr tərəfindən muğam üstündə oxunan qəzəllə belə rəqabətdə uduzmurdu. E.Sultanovun "Azərbaycanlılar nə oxuyurlar?" məqaləsində mərsiyənin yüksək populyarlığını xüsusi vurğulaması təsadüfi deyil. Maraqlıdır ki, yenilikçi təmayüllərin başında gələn mətbuat da mərsiyəyə "dəyib-toxunmurdu". "Əkinçi"nin kimliyi bu gün də mübahisə mövzusu olan anonim müxbirlərindən (cəsarətinə görə anonimliyi vacib idi) Əhsənül-Qəvaid belə baş yarmaq, qan tökmək kimi vaxtı keçmiş aşura adətlərinə münasibətdə göstərdiyi radikallığın onda birini mərsiyə şeirlərinə münasibətdə göstərməmişdir. "Ziyayi-Qafqaziyyə" isə 1881-ci ilin sonlarında Qumrinin "Kənzül-məsaib"ini "məcmuəyi-mötəbər" adlandırır, kitabın ədəbi aləmdə rəğbətlə qarşılandığını yazırdı (Zaman Əsgərli). Bu amil Mirzə Məhəmməd Tağı Qumri, Mirzə Kərim Şüai, Mirzə Cəbrail Sipehri, Əbülhəsən Raci, Mirzə Həsən Qüdsi, Məhəmmədəmin Dilsuz, Seyid Rza Sərraf, Hacı Əli Pərişan, Hacı Şıxəli Tuti kimi bir çox şairlərin, istedadlarını məhz bu sahəyə yönəldərək, belə demək mümkünsə, mərsiyə, sinəzən, növhə üzrə ixtisaslaşmasına əlverişli imkan yaratmışdı. Seyid Əzim bu şairləri məhz mərsiyə ənənələrini yaşatdıqlarına görə təqdir edirdi. Qumriyə münasibəti bu cəhətdən xüsusi maraq kəsb edir. Seyid Əzim qəsidələrinin birində onu Şərq şeirinin ən görkəmli nümayəndələri ilə müqayisə tərif edir. Bir neçə şeirində ortabab şair kimi qiymət verdiyi, bəzi hallarda şeirin qayda-qanunlarını kamil bilmədiyinə görə tənqid etdiyi Qumrini bu mərtəbəyə nədən layiq gördüyü də qəsidədə açıq göstərilmişdir:

 

Əgər olsaydı Həssani-ərəb bu əsrdə zində

Fəsahət kəsbinə səndən edərdi iltica, Qümri.

Sipehri gərçi xurşidi-sipehri-nəzmdir, lakin

Olur xurşid nəzmin ərzgahında Şüha, Qümri.

Xəlilin gülşəni-təbi yetirməz bir güli-ziyba

Əgər ol gülşən içrə olmasa

lütfün səba, Qümri. (...)

Məcalislərdə, məclislərdə təqrir etdim ol nəzmin

Oxundu hər tərəfdə mədhinə

yüz mərhəba, Qümri.

Olubdur cəddimin övsafına çün təbiniz guya

Müin olsun sənə daim Əliyyül-mürtəza, Qümri!

Səni mən vəsf qıllam ta ki dünyada həyatım var

Neçin kim olmusan

vəssafi-şahi-Kərbəla, Qümri...

 

Qumrini bütün həyatı boyu tərifləyəcəyinə vəd verməyə, Həssani-ərəb, Sipehri, Şüha kimi əfsanəvi şairlərlə qiyaslamağa Seyid Əzimi vadar edən yeganə səbəb onun Kərbəla şəhidlərinin vəsfində tutduğu ardıcıl mövqe, bu yoldan dönməzliyi ola bilərdi. Böyük sənətkar, bəlkə də bir şair kimi yox, bir seyid kimi cəddinin (seyidlər Həzrət Əlinin və Kərbəla çöllərində qanlarına qəltan edilmiş imamların nəvələri hesab olunur) mədhini həyat amalına çevirən Qumri qarşısında öz borcundan çıxır.

Mərsiyə şeirlərinin yüksək populyarlıq tapmasını şərtləndirən başqa bir amil Kərbəla hadisələrinin ictimai yaddaş və şüurda tutduğu yerlə, İslam tarixinin unudulmaz bir səhifəsini təşkil etməsi ilə bağlıdır. M.F.Köprülü XIII əsr ədəbiyyatından bəhs edərkən yazır: "İslam ideologiyasının bu əsrdəki bol məhsulları arasında "siyer" kitabları, Fatmaya, Həsən və Hüseynə, Kərbəla faciəsinə aid əsərləri, mövlud kitablarını saya bilərik". Həmin dövrlərdən, bəlkə bundan da əvvəllərdən etibarən Kərbəla faciəsi ictimai-kütləvi şüurda bütöv bir ideyalar məcmusunu- şəhadətin müqəddəsliyi, insanın öz əqidəsi, dini, imanı uğrunda ölümə getməsinin, ən pis şəraitdə belə ləyaqət və şərəfini qoruya bilməsinin mənəvi ucalıq mərtəbəsində qəbul olunması və s. rəmzləşdirmişdi. Bu hadisələrin şəhid personajları hər bir azərbaycanlı üçün müqəddəs şəxsiyyətlər sayılmaqla yanaşı, həm də dini-əxlaqi fəzilətlərin həmişəyaşar simvolu kimi düşüncə və duyğularda kök salmışdı. Ölümsüz Kərbəla qəhrəmanların başında İmam Hüseyn, onun qardaşları, oğulları, Əhli-beyt üzvləri, bu hadisələrin şahidi olmuş bacısı Zeynəb xanım dururdu. F.Köçərlinin təbirincə, "həqq yolunda və eşq aləmində nə qədər ağır cəfalara və böyük bəlalara giriftar" olmağın rəmzi sayılan İmam Hüseyn obrazı hələ Füzulinin "Hədiqətüs-süəda"sından (xüsusilə əsərin sonundakı "Mərsiyeyi-həzrəti-İmam Hüseyn əleyhissəlam" adlı ayrıca bölmədən) üzü bəri türk-İslam şeirinin tərənnüm obyektinə çevrilmiş, həqiqət və ədalət ideallarından dönməzlik təcəssümü kimi mənalandırılmışdı. Racinin İmam Hüseynin dilindən bacısı Zeynəbə etdiyi xitab üstündən əsrlər keçsə də poetik diskursun dəyişmədiyini göstərirdi:

 

Bacı, əhdim budu, bu çöldə gərək qanə batam

Qanımı Əkbərimin qanına şövq ilə qatam.

Can verib təşnə, gərək isti qum üstündə yatam

Cismi-məcruhum ilə, sineyi-suzanım ilən.

Əhli-Kufə yetirər zülmünü itmamə, bacı,

Bədənimdə dəxi qoymazla qala camə, bacı.

Nizələrdə apararlar başımı Şamə, bacı,

Bədənim yerdə qalar peykəri-üryanım ilən.

 

Daha sonralar Əliağa Vahid də İmam Hüseyn fədakarlığını ilahi insan eşqinin ən böyük simvolları ilə qiyaslandırır və üstünlüyü ona verir:

 

Eşq mülkini Hüseyn tək kimsə abad etmədi,

Kimdi Mənsur, kimdi Məcnun, böylə bir ad etmədi,

Üz verib yüz qəm ona, bir ləhzə fəryad etmədi,

Mərhəba, səd mərhəba, bu aşiqin sevdasına.

 

Bu və bu kimi mərsiyələr Ömər Faiq Nemanzadənin Məhərrəm mərasimlərinin simvolikası haqqında dedikləri ilə səsləşir, bəzi hallarda onun qoyduğu aktual suallara cavab verirdi: "Lazım deyilmidir bilək ki, nə üçün bu riqqətəngiz, o ciyərsuz hal ilə şəhadətə, o dəhşətamiz surət ilə fədai-canə razı oldu? Şəksiz ki, qeyrət və həmiyyəti qəlbi ali hümmətinə sığmayan bu millət aşiqi şəhadəti-ölümü, xeyr, bu ölüm surətində əbədi varlığı, əsarət və həqarət ilə yaşamağa tərcih verdi. Şəksiz ki, təlüqatının, hümmətinin hüququnu mühafizə etmək, hürr və müstəqil yaşamaq, özgələrə boyun əyməmək ən birinci müqəddəs niyyəti idi. Şəksiz ki, niyyət buyurduğu kimi həyat olmadığı surətdə məqsədi-alisi, hüquqi-qövmiyyəsi, istiqbali-milliyyəsi yolunda qurban olmağı canına minnət bildi". Yeni, maarifpərvər ziyalılar nəslinin görkəmli nümayəndəsi Ömər Faiqin sözləri XIX əsrdə mərsiyəçiliyin poetik fikirdəki yerini mühafizə edərək, möhkəmləndirməsinin Kərbəla rəmzlərinin yaşarılığı ilə şərtləndiyinə daha bir sübutdur. Bunların bir-biri ilə əlaqəsi qırılmazdır: Kərbəla rəmzləri türk-İslam ədəbi fikrində kök salmış mərsiyəçilik ənənəsinin ideoloji mündəricəsini, mərsiyə şeiri isə müsəlman ideologiyasının ən mühüm mövcudluq formalarından birini təşkli edir.

 

Davamı gələn sayımızda

 

Nizaməddin Mustafa

 

Ədəbiyyat qəzeti.- 2018.- 30 iyun.- S.26-27.