Gənc şair Roma Xosrovun

kövrək poeziya dünyası

Görkəmli şairimiz Ağa Laçınlınin şeirlərindən birində olan bu iki misra həmişə diqqətimi çəkib:

Qazıb çıxarmazlar, əsl bulağı,

Bulaq şırıl-şırıl qaynayıb gələr.

Bəli, gənc şair Roma Xosrov belə şairlərdəndir. Onun şəxsi taleyindən, dünyagörüşündən süzülən hisslərindəki, təbiilik, həyatındakı çətin yaşam məqamlarının sakit, səssiz melodiyası şeirlərində çox aydın təzahür edir.

Üstünə bir çətir tut,

Ürəyinə nəm yağır.

Gözlərin susub amma,

Baxışından qəm yağır.

Oğluna yazdığı başqa bir şeirində isə, gənc şair övladı qarşısında sanki imtahan məqamını yaşayır:

Cibim boşdu qəlbim dolu,

Sözümdə qala bilmədim.

Sənə qartopu gətirdim,

Oğlum, top ala bilmədim.

Valideyinlərinin uğursuz ailə həyatı nəticəsində anasının himayəsində böyüyən, gənc şair erkən yaşlarından sosial qayğıların amansız anlarını yaşayıb. Şeirlərini kür taleyin doğurduğu sərt gərdişlərə qarşı bir üsyan barış notları müşayiət edir.

Ata, səndən ölüm yox,

Allah ayırdı məni.

Sənsiz həyatda bir tək,

Tanrı duyurdu məni.

Keçdim, özümdən keçdim,

Özümə bir yol seçdim,

Gözlərimdən su içdim,

Dərdim doyurdu məni.

Roma Xosrov gənc olsa da, oxucuları tərəfindən sevilən şairdir. Üç kitab müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür həm də gənc şair kimi Prezident təqaüdünə layiq görülüb. Təbii ki, Roma Xosrovun yaradıcılığı haqqında çox yazmaq, çox danışmaq olar. Romanın bir dəstə şeirini "Ədəbiyyat qəzeti" nin oxucularına təqdim edirəm və ona yeni-yeni yaradıcılıq uğurları arzu edirəm!

 

Nazim Əhmədli

Ədəbiyyat qəzeti.- 2018.- 30 iyun.- S.27.