Bir o balaca damlar var e

 

***

 

Bir o balaca damlar var e

O damlarda içi xəfif

Zərrə-zərrə, xəyal-xəyal adamlar

yaşayır.

Evləri , küçələri balacadı...

O damlarda ilin-günün bu vaxtı

pəncərədə damlalar da

            lal-dinməzdi- danışmır.

Tavana ha yağış yağsa da

bir soba yandırırsan, alışmır

Canın yanıb, kül olsa da...

 

...Bir zərrə-zərrə,

            xəyal-xəyal adamlar var e

Baxırsan, sübh şəfəqidi...

Əlləri bulud-bulud uçan,

gözlərində göy üzü açan

dalğın dalğalar kimidi...

 

Bir günəşi görməyəndə

ruhunda günəş dəmləyər onlar.

Sevdiyi rəngə günəş deyər uşaqlar...

Yəni kimisinin günəşi mavi,

dənizi sarı...

Şşş... Susun! Əksini söyləməyin!

Belə xoşbəxt olurlar o damın adamları...

 

Açın pəncərələri yaşıl yarpağa sarı...

Görün!

Bir-birində can bulan o ürkək budaqları,

bir-birini sükutla sevən qar dənələri...

Daha heç demirəm,

bağlayın pərdələri!

 

gözəl dərd çəkirəm...

 

Mən indi qara gecələrin

                        divanə Leylalarından...

Mən indi həsrəti atam kimi,

            anam kimi bağrıma basıram.

Sağ olsun, heç getmir qapımdan,

Sağ olsun, çəkilmir dumanlar başımdan.

Bilmirlər əynimə

            don biçmişəm göz yaşımdan...

Mən indi anamın buludlanan gözlərində

                                   ağrı çəkirəm,

xəbəri yoxdu.

İndi anamdan, atamdan çox

                     xatirələrə bənzəyirəm...

İndi əllərim bulud,

saçlarım hüzn...

gözəl dərd çəkirəm,

gözəl sevir məni göy üzü...

Qışlar çöküb təqvimimə...

Təki qırışlar çökməsin

                        sevdiyim ana üzünə,

sevgili göy üzünə...

 

İndi hamı məktub yazar göz yaşına...

Sonra göndərər gözlərimin göylərinə.

Gözlərim heç qocalmayan,

üzü qırış götürməyən o

"Ana damlaların" dolanar başına...

... Ana damlalar bir gün anamla

                        köçərlər ürəyimə.

Öpərəm əllərindən...

Anama müjdə verərəm:

            - Bax, göz yaşım ana oldu, ana!

 

Yolçu...

 

Küləklər... anam küləklər,

külümdə yanan küləklər...

Gözlərimdə çiçəklənən,

saçımda solan küləklər...

 

Nədi? haray salmısız?

Yad qapıda qocalmısız...

olsun ki, qayıtmısız

Virandı o dam, küləklər.

 

...atam öldü... torpaq, üşü!

...gülün soldu... yarpaq, üşü!

...ahım oldu Allah... üşü!

Fərmanım edam, küləklər.

 

Eyy, uçurum! Bu qədər?...

...çölü yalın, içi kədər.

Qərib yolçum, bir nəfəs dər!

Əridi son "şam küləklər..."

 

Bax, evimin ömrü qərib...

Hamı ondan üz döndərib.

Tanrı göyə günəş sərib...

Sübh nədən axşam, küləklər?..

 

...ağac adam, toxun mənə

Budağınam... oxun mənə.

Burax gəlsin qoxun mənə...

Çəkil yolundan, küləklər!

 

 

Ömür-səhra, ölümsə - qum...

Göyə üfür, gözünü yum.

Ocaq-ocaq külünü soyun...

Yuxuydu... oyan, küləklər.

 

Aydan AY

 

Ədəbiyyat qəzeti.- 2018.- 3 mart.- S.32.