Kökdən gələn ənənə 

 

Qədim Gəncədəki Xan bağında unudulmaz Nigar Rəfibəylinin abidəsinin açılış mərasimində ulu öndər Heydər Əliyev dedi ki, bu ailə Azərbaycana iki xalq şairi, bir xalq yazıçısı bəxş etmişdir. Deməli, Rəsul Rza da, Nigar Rəfibəyli də, elə Anar özü də xalqa məxsusdur, xalqın mənəvi dəyəridir.

Doğrudan da belədir və mən bu deyilənləri dərin minnətdarlıq hissi ilə xatırlaya-xatırlaya Anar müəllimin ötən il mənim yubileyimlə bağlı qələmə aldığı "Kərkükün mənəvi elçisi" məqaləsindən aşağıdakı sətirləri xəyal edirəm: "Adətən, yubiley yazılarında yubilyara onun gördüyü işləri xatırladır, xidmətlərini sadalayırlar. Guya özü bundan xəbərsizdir…"

Bu mənada görkəmli yazıçı, fenomen şəxsiyyət olan xalq yazıçısı Anar ədəbi, elmi, ictimai fəaliyyətinin hansı yüksək dəyərlərə hesablandığını, şəksiz ki, hər kəsdən daha yaxşı bilir. O, bütün həyatını anlamaq və anlatmaq anlayışı, prinsipi ilə bir arada yaşayıb.

Anarın mənsub olduğu ailə mənim üçün həmişə çox əziz olub. Bu münasibətin kökündə unudulmaz, qürurlu haq-say faktları dayanır. Ədəbi-elmi sahədəki uğurlarımın hər anında Rəsul Rza qayğıkeşliyinin, böyüklüyünün, Nigar Rfibəyli səmimiyyətinin və Anar diqqətinin ayrıca yeri olub. Bu barədə dönə-dönə yazmış, xatırlamışam.

Xoşbəxtlik nisbi anlayışdır. Ancaq iki xoşbəxtlik var ki, əbədi, daimidir; birincisi vətənin xoşbəxtliyi, müstəqilliyidir. İkincisi uca Yaradanın insana bəxş etdiyi ömrü şərəflə yaşamaqdır ki, Anar iki əsrin qovşağında yaşadığı böyük ömrünü həmişə milli dəyərlər, böyük amallar müstəvisində yaşayıb.

Xalq öz görkəmli oğullarını dünyaya gətirir, ona ilham verir, aləmə tanıdır. Lakin vaxt gəlir ki, xalqın iftixarı olan belə sənətkarlar xalqını dünyaya tanıdır. Bunun səbəbi həmin sənətkarların bəşəri olması, bəşəri olduğu qədər də milli kökə bağlılıqlarındadır. Anar belə sənətkarlardandır. Onun yaradıcılığı insanı kim olduğuna anlamağa, soy-kökə qayıtmağa, gələcəyə ümidlə baxmağa çağırır…

 

Qəzənfər PAŞAYEV

 

Ədəbiyyat qəzeti.- 2018.- 10 mart.- S.8.