Ramiz HƏSƏNOĞLU:

"Anar mənim üçün çox böyük bir ölçüdür"

 

- Ramiz müəllim, əksər oxucular, tamaşaçılar Anarı tanıyırlar. Lakin onunla uzun illər bir yerdə çalışmış, birgə layihələrə imza atmış biri kimi sizin Anarla bağlı təəssüratınız daha zəngin olmalıdır. Yaxın günlərdə 80 yaşını qeyd edəcək sənətkarımızı sizin dilinizdən eşitmək, sizin gözlərinizlə görmək maraqlıdır.

- Anarı mən lap çoxdan tanıyıram. Biz müəyyən müddət eyni idarədə çalışmışıq. O Azərbaycan televiziyasında radio verilişlərinin ədəbiyyat redaksiyasında çalışırdı, mən də televiziyada rejissor köməkçisi işləyirdim. Bizim şöbənin müdiri Həbibə Məmmədxanlı idi, yazıçı Ənvər Məmmədxanlının bacısı, Anar tez-tez bizim redaksiyamıza gələrdi, Həbibə xanımla kənara çəkilib söhbətləşərdilər. Yəqin ki, yaxın olan, qohum olan adamların söhbətlərinin mövzusu tükənməzdi, amma mən düşünürəm ki, onlar sənətlə bağlı danışırdılar.

Mən ilk dəfə 1975-ci ildə Anarın yaradıcılığına müraciət elədim. "Mən, sən, o və telefon" hekayəsini ekrana gətirdim. O vaxtadək o hekayəyə film də çəkmişdilər. Samsonov çəkmişdi filmi. "Mosfilm"də çəkilən bu film Anarın hekayəsinin motivləri əsasında lentə alınmışdı. Anar bu filmdən çox narazı qalmışdı. Çünki ona demədən hekayəsinə müdaxilə etmişdilər, ona görə film Anarın ürəyincə deyildi.

Və biz o əsəri yenidən işlədik. Əsas rollarda Əminə Yusifqızı və Həsən Əbluc oynamışdı. Çox təəssüf ki, o film hazırda yoxdur. O zamankı videoların formatı fərqli idi və yeni avadanlıqlar bu formatı dəstəkləmədiyi üçün o filmi biz itirdik. Həm də düşünürdük ki, hələ qabaqda zamanımız var və yeni işlərimiz olacaq. Düzdür, yeni işlərimiz də çox oldu. Amma o tamaşanı azından Həsən Əblucun yadigarı kimi saxlamalı idik. Zamanında həmin tamaşa böyük uğur qazanmışdı.

Daha sonra mən Anarın növbəti əsəri üzərində işlədim. Həmin əsərin qəribə bir tarixçəsi var. Demək, o vaxtı bizim sədrimiz Qurban Yusifzadə idi. Yusifzadə kommunist əqidəsinə sadiq bir adam idi, partiya tarixindən də dərs deyirdi. Anar əsərinin adını ilkin olaraq "Qəm pəncərəsi" qoymuşdu. Bir müddət sonra bu adda film də çəkdi. O zaman Yusifzadə demişdi ki, axı bu "Qəm pəncərəsi" nə deməkdir? Biz hansı dövrdə yaşayırıq? Nə qəm? Əsərin adını dəyişmək lazımdı. Anar da dəyişiklik söhbətinə heç də narazılıq etmədən əsərin adını dəyişib Mirzə Ələkbər Sabirin şeirindən seçdiyi bir misraya uyğun olaraq "Dindirir əsr bizi..." qoydu. Sədr də bunu bəyəndi. Daha düşünməmişdilər ki, Anar bunun arxasında Sabirin dediyi o sərt, acı satiranın davamına işarə edir.

Ondan sonra biz Anarla silsilə əsərlər üzərində işlədik: "Ötən ilin son gecəsi", "Evləri köndələn yar", "Nigarançılıq". Sonralar biz Anarla qərara gəldik ki, "Kitabi-Dədə Qorqud" abidəsinin 1300 illiyi ərəfəsində bu eposu teleserial şəklində ekrana gətirək. Və eposun iki boyunu - "Dirsə xan oğlu Buğac", "Qazan xanın evinin yağmalanması" boylarını çəkdik. Amma sonradan maliyyə problemləri ilə əlaqəli layihəni dayandırmaq məcburiyyətində qaldıq.

- Anarla sizin kinoda da birgə işləriniz var...

- Bəli, bildiyiniz kimi Anar həm ali ssenari kurslarını bitirib, həm də rejissorluq kurslarını. O, bir neçə filminin həm də rejissorudur. "Qəm pəncərəsi", "Üzeyir ömrü" filmlərinin rejissorudur,  "Dantenin yubileyi"ndə isə Gülbəniz Əzimzadə ilə birgə rejissorluq edib. Anar maarifçilik dalğasında daha iki ssenari də yazdı, "Cavid ömrü" və "Sübhün səfiri". O filmləri artıq uzun müddətli əlaqələrimizdən sonra Anar mənə etibar etdi. Sağ olsun, mən də bu etibarı bacardığım qədər doğrultmağa çalışdım.

- Bir rejissor kimi baxdıqda Anar yaradıcılığında hansı özəlliklər diqqət çəkir?

- Anar ədəbiyyata altmışıncılar nəslinin içində gəldi. Bu nəslin həm ədəbiyyata, həm gerçəkliyə münasibəti çox fərqli idi. Onlar plakatçılıqdan, şüarçılıqdan uzaq bir yaradıcılıq nümayiş edirdilər.

Mən onun "Anlamaq dərdi" essesini bu gün də unuda bilmirəm. Bu essedə sanki Anar Mirzə Cəlilin ağrılarını təkrar yaşayırdı. Həmin yazı bu gün də aktualdı. Anar Mirzə Cəlilin həyatından film çəkdi, əsərlərindən ssenarilər yazdı, hansı ki, onlardan birini, "Nigarançılığ"ı mən çəkdim. Hesab edirəm ki, Azərbaycan televiziyasının bəlkə də bədii yaradıcılıq baxımından ən uğurlu filmi məhz Anarın ssenarisinə çəkilmiş bu filmdir.

Anar oxucu ilə onun eşitmək istədiyi dialoqlarla danışırdı. "Ağ liman" müasir Azərbaycan nəsrinin ən gözəl nümunələrindəndir. Altmışıncılar dalğasında Yusif Səmədoğlu, Əkrəm Əylisli, İsmayıl Şıxlı və digər böyük nasirlərimiz yetişdi, amma Anar bu dalğada tamam fərqli bir ad oldu. Anar oxucunu, tamaşanı öz yaradıcılığına cəlb etməyi çox gözəl bacarır; həm kiçik hekayələri, həm də böyük əsərləri ilə.

O, mənim rejissor kimi ən çox işlədiyim müəllifdir. 1989-cu ildə mən Anarın 50 illiyinə həsr olunmuş "Anarla üz-üzə" adlı bir sənədli film çəkdim. Filmdə Anarın bütün narahatlıqlarını öz əsəri olan "Gecə düşüncələri"nin mayasında, işığında qurdum. O filmin qiyməti həm də ona görə yüksəkdir ki, orada heç kəs Anar haqqında danışmır, Anar özü düşünür və danışır... 20 il sonra onun 70 illiyinə "Anarın anları" adlı film çəkdim. Burada artıq çox dəyişikliklər var idi. 20 il ərzində çox şey dəyişmişdi, hətta yaşadığımız ölkə belə dəyişmişdi, artıq yeni bir ölkədə yaşayırdıq. Amma Anar yaxşı mənada dəyişməmişdi.

"Ağ liman", "Dantenin yubileyi", "Macal" əsərləri 60-cı illər haqqında ən gözəl serialdı. Bu əsərlər həmin illər Azərbaycan gerçəkliyinin ensiklopediyasıdır. Anar nəsrində Azərbaycanın bütün müasir problemlərini əks etdirib.

Bütün bunlarla bərabər mən həm də Anarın dostuyam. Anar haqqında düşünəndə qəribə bir güc hiss edirəm.

- Hazırda ortaq işləməyi planlaşdırdığınız bir layihə varmı?

- Biz yaradıcılıq təmasının davamı üçün mütəmadi söhbətlər etmişik. Anarın çox gözəl bir ideyası var,  Cəfər Cabbarlı haqqında bir film çəkmək istəyirik; "Azad bir quşdum" adlı. Cəfərin qısa, amma çox keşməkeşli bir həyatı olub. Biz bu vaxta qədər belə mövzulara bir az ehtiyatla yanaşırdıq, amma bu dəfə imkan olsa, istəyirik ki, Cəfər Cabbarlını olduğu kimi çəkək. Bər-bəzəklə iş getmir axı. Reallığa gedib çıxmaq üçün ciddi səylər və vicdan lazımdır. Bu barədə lazımi yerlərə müraciət olunub.

- Bəllidir, Anarın əksər əsərlərində dramaturji xətt çox dinamikdir, əsərlər rejissorların diqqətini özünə çəkməyi bacarır. Ekran həyatı yaşamayan, lakin buna layiq olan bir əsərinin adını çəkməli olsanız, hansını vurğulayardınız?

- Məncə, "Macal". Burada qəhrəman çox maraqlıdır. Əslində o müsbət qəhrəman deyil, amma çox maraqlıdır. Mən bu əsərin davamını "Göz muncuğu"nda gördüm. Bu əsərdəki personaj mənə "Macal"ı xatırlatdı. "Macal" polifonik əsərdir.

Anar fəaliyyətində çox şeyi əhatə eləyib. Bəzən düşünürəm ki, Anar maarifçiliyə can yandırmasaydı, daha çox bədii nəsrlə məşğul ola bilərdi. Ancaq Anar bu fəaliyyəti özünə borc bilir. Bütün bunlar da onun böyüdüyü ailədən, mühitdən irəli gəlir. Rəsul Rza, Nigar Rəfibəyli və bu nəsillərin təsiri artıq Anarı formalaşdırmışdı.

- Az əvvəl vurğuladınız ki, siz həm də dostsunuz. Yaradıcılıq müstəvisindən kənara çıxsaq, dostluq münasibətlərində Anar haqqında nə deyə bilərsiz?

- Mən heç vaxt Anarın vaxtını hansısa problemimə ayırmağına qıymıram. O, da heç vaxt yaxınlarını problemlə yükləyən insan deyil. Anar öz varlığıyla bir təmiz hava nəfəsliyidir. İnsan özünü Anarın yanında həmişə səfərbər hiss edir. Mən onunla söhbət edərkən onu düşündürən mövzuların səviyyəsində olmağa çalışmışam. Bizim söhbətimizin mövzusu heç vaxt giley-güzar olmur. Oxuduğumuz bir əsər, baxdığımız bir kino haqqında analizlərimizi bölüşür, sənətdən yaranan təəssüratlarımzı danışırıq.

Mən Anarı anlayandan sonra hər şeyə başqa cür yanaşmağa başladım. Anar mənim üçün çox böyük bir ölçüdür. Bu gün mən ona ilk növbədə can sağlığı arzulayıram. Arzulayıram ki, bizim yaradıcılıq fəaliyyətimiz davam etsin.

 

Söhbətləşdi: Sərdar Amin

 

Ədəbiyyat qəzeti.- 2018.- 10 mart.- S.13.