Yuxu

 

Hekayə

 

Şahzadə Abbas Mirzə kəhrəbadan düzəlmiş təsbehi var gücüylə sarayın divarına çırpdı. Səhra rəngli xırda dənələr hərəsi bir tərəfə səpələndi. Qəzəbdən alışıb-yanan gömgöy gözlərini dostuna zilləsə də, baxışları sanki Xorasandan birbaş Qəzvindəki şah sarayına baxırdı.

-Atamın gözləri tamam tutulub. Nəinki bütün saray, rəiyyət də bilir ki, daha hakimiyyəti idarə edə bilmir... Saray qızılbaş əyanlarının əlindədir, mənsə oturmuşam Xorasanda. İşim-gücüm şətrənc oynamaqdır.

-Hər şeyin öz vədəsi var, tələsmə, Abbas Mirzə - dostu Sadiq bəy on altı yaşlı Abbası sakitləşdirməyə çalışsa da, şahzadə hirsini cilovlaya  bilmirdi.  Şərabın təsirindən səndələyə-səndələyə dostuna yaxınlaşdı.

- Bu dünyada ən axmaq şey bilirsən nədir, Sadiq bəy? Səfəvi xanədanında  balaca şahzadə olmaq...  Bəradərim Şah Məhəmməd Xudabəndədən sonra  taxta Həmzə Mirzə keçəcək. Çünki böyük qardaş odur. Şamlılar da, rumlular da başına and içir. Hərçənd, Həmzə Mirzə taxta keçən kimi məni adam yerinə də qoymayacaq. Mən də bu xərabət sarayda çürüyüb gedəcəm.

Abbas Mirzə şərab dolu piyaləni başına çəkəndən sonra hər dəfə əsəbiləşəndə olduğu kimi, gözlərini qıydı, səsi tutqunlaşdı.

-Sən də hələ ki, mənim yanımdasan, Həmzə Mirzə şah olan kimi  atıb gedəcəksən. Keçəcəksən onun tərəfinə. Həyatın qanunu belədir, güc kimdədirsə hamı onun yanında olur.

-Əstəğfürullah, Abbas Mirzə. Sən elə indi də mənim üçün şah kimisən. Belə şeylərlə o mübarək əqlini məşğul eləmə - Abbas Mirzənin xasiyyətini yaxşı bilən dostu onu sakitləşdirmək üçün əlindən gələni edirdi.

Abbas Mirzə şərabdan tamam məst olmuşdu.

-Kaş mən Səfəvi şahzadəsi doğulmazdım. Bu cahanın ən mənfur taleyinə niyə məhz mən bəxti qara tuş olmalı idim?! Mənim Həmzə Mirzədən nəyim əskikdir axı? Çox da ki, döyüşkəndir. Olsun da... Mən ondan ağıllıyam, dərrakəliyəm, uzaqgörənəm... Çi fayda. Yaşım azdır deyə bəradərimin yerinə Həmzə Mirzə keçəcək. Çehelsütunda əyləşib Səfəviyyəni idarə edəcək. Mən də saray xacəsi kimi bütün günü burda oturacam. Ədalət axı bunun harasındadır?! Kaş burda doğulmazdım, Osmaniyyədə göz açardım dünyaya... Şahın yox, sultanın xələfi olardım. Hər şey də tamam başqa cür olardı.

Abbas Mirzə səndələyə-səndələyə otağın küncünə gəlib, özünü döşəkçələrin üstünə atdı.

- Səfəvi taxtı mənim olmalıydı. Amma bilirəm ki, onu mənə verən olmayacaq. Anam Məhdi Ülyanı necə qətl elədilərsə, mənim də axrıma elə çıxacaqlar.

-Sən dincəl, Abbas Mirzə. Fikir-filan da çəkmə. Hər şey düzələcək.

Abbas Mirzə getdikcə yumulan gözlərini dostuna dikib təəssüf hissiylə başını buladı.

-Sadiq bəy, kaş Allah şahzadələrə elə bir fürsət verəydi ki, hansı xanədanda şahzadə olmağını özü seçəydi. Səd heyif ki, bu zalım dünyada belə şeylər olmur...

Abbas Mirzə başını döşəkçəyə qoyan kimi yuxu onu apardı. Sadiq bəy ona baxıb səssizcə otaqdan çıxdı.

Abbas Mirzə yuxudan ayılanda heyrətlə ətrafa baxsa da, əvvəlcə heç nə başa düşmədi. Bura onun otağı deyildi. Pəncərəyə yaxınlaşıb, çölü seyr eləyəndə onu vahimə basdı. Bura heç Xorasan da deyildi. Bu vaxt pəncərədən görünən yaşıl qübbəli məsciddən azan səsi eşidildi. Abbas Mirzə diqqətlə qulaq asdı. Yox, nəsə azan səsi də bir başqaydı. Minarələrin görünüşü də fərqliydi. Xorasanda bu cür ucu şiş minarələr yox idi. Öz-özünə fikirləşdi ki, bəs bura haradı? Mən bura necə düşmüşəm? Heç cür cavab tapa bilmədi. Bu vədə küçədən təbil səsləri eşidildi.

Abbas Mirzə yenidən pəncərəyə yaxın gəldi. Təbilçi var gücüylə qışqırırdı: "Ey əhali, sultan öldü. Osmanlı taxtına Sultanın büyük oğlu III Murad çıxacaq", "Yaşasın padişah III Murad!", "Yaşasın padişah III Murad"

Bu sözləri eşidəndə Abbas Mirzənin gözləri tum dənəsi boyda kiçildi, rəngi ağappaq ağardı. İndi fəhm elədi ki, Osmanlı torpağındadır. "İlahi, mən bura necə düşmüşəm axı? Mənim burda nə işim var" - deyə içində götür-qoy edirdi ki, qapılar taybatay açıldı. Otağa bir zənən xeylağı, onun ardınca da iki-üç adam daxil oldu. Qadın elə hey ağlayırdı. Adamlardan biri qadına təskinlik verir, dil-ağız edirdi.

-Xanım, niyə ağlayırsız? Axı oğlunuz taxta çıxıb. Siz daha çox sevinməlisiz. Bilirsiz ki, dünya ölümlü dünyadır. Sultanımızın məmatıyla barışmaq, yeni sultanımız üçünsə sevinmək lazımdır.

Qadın otaqdakı adamlara baxdı, gözlərində qəribə peşmanlıq qarışıq iztirab hissi əmələ gəldi.

-Özünüz də bilirsiz ki, Osmanlı taxtına böyük qardaş çıxan  kimi özündən balaca şahzadələr öldürülməldir. Bu bizim törəmizdir-Qadın bunu deyib göz yaşlarını güc-bəlayla saxlamağa çalışdı.

Abbas Mirzə elə yerdə dayanmışdı ki, görünməsin. Qadının axrıncı sözlərini eşidəndə qanı qaraldı. Qeyri-iradi fikirləşdi ki, heç Səfəvi adətlərində belə şey yoxdu.  Qəfilcən, əlindəki təsbeh yerə düşdü, dənələr döşəməyə dağıldı. Abbas Mirzə dumanlı da olsa düşündü ki, axı mən təsbehi Xorasandakı otağımda divara çırpmışdım. Sonra yenə onu vahimə basdı: "Ay Allah, mən bura necə gəlib düşmüşəm".

Otaqdakılar təsbehin zəif cingiltisinə çevrilib Abbas Mirzəyə baxdılar. Şahzadə gizləndiyi yerdən bir-iki addım önə çıxmışdı, onu görmüşdülər. Abbas Mirzəni soyuq tər basdı. Ürəyindən keçirdi ki, artıq mənim axırımdır.  Səfəvi şahzadəsi olduğumu bilən kimi atacaqlar zindana, ya da ki, boynumu vurduracaqlar.

Qadın Abbas Mirzəni görən kimi gözlərində yaş gilələndi. Abbas özünü təmkinli aparmağa çalışsa da, qorxu onun bədənini yavaş-yavaş əsir almağa başlamışdı. Qadın onun yanına gəlib, boynuna sarıldı.

-Mənim nakam balam. Mənim bəxtsiz Mehmetim... qardaşın sultan oldu. Mənim xınalı quzum.

Qadın Abbas Mirzəni qucaqlayır, hönkür-hönkür ağlayırdı. Abbas Mirzənin bütün bədəni keyimişdi, ona elə gəlirdi ki, bədəninə qara qarışqalar daraşıb onun qanını sovururlar, bir azdan dərisi deşik-deşik olacaq, qarışqalar qanını tamam içəndən sonra başlayacaqlar ruhunu gəmirməyə...

Abbas qadının qolları arasında nə edəcəyini götür-qoy etməyə çalışırdı. Beyni qaynar qazana dönmüşdü, sanki kimsə əlinə çömçə alıb beynindəki fikirləri qarışdırmaqla məşğul idi. Abbas qazana dönmüş beynində bir neçə şeyi aydınlaşdırmaq istəyirdi. Birincisi, o bura necə düşüb, ikincisi niyə qadın ona Mehmet deyib sarıldı. Üçüncüsü o, mən Abbasam, Mehmet deyiləm desə nə olacaq...

Qadın göz yaşını sildi, üzündə qəribə amiranəlik yarandı. Abbasın alnından öpüb gözlərinin içinə baxdı.

-Bizim törəmizi bilirsən, oğlum. İstədim, son dəfə səni doyunca öpüm, qoxlayım. Bu da sənin taleyindir. Sənin ölümünü izləyə bilməyəcəm. Bu bir ana üçün çox ağırdı. Mən sənin o gözəl boğazını cəllad kötüyündə necə görə bilərəm axı? Amma mən səni heç vaxt unutmayacam. Analar öz övladlarını heç vaxt unutmurlar - qadın Abbasın üzündən-gözündən öpdü.

Abbasın rəngi ağardı, dizləri qorxudan titrəməyə başladı. Fikirləşdi ki, əgər belə sağ qalmaq şansım yoxdursa heç olmasa Səvəfi şahzadəsi olduğumu deyim.

-Siz məni səhv salırsız. Mən Mehmet deyiləm. Şahzadə Abbas Mirzəyəm.  Səfəvi şahı Məhəmməd Xudabəndənin oğluyam. Bilmirəm bura necə düşmüşəm. Mən öz məmləkətimə qayıtmaq istəyirəm-Abbas sözlərini deyib qadına baxdı. Qadın onu eşitmədi, onun əvəzinə yanındakı adamlara baxdı.

-Mehmetimi tənha buraxaq. Ölümdən əvvəl şahzadələr öz cənazə namazlarını qılarlar həmişə.

Qadın son dəfə Abbasa baxıb - səni heç vaxt unutmayacam, Mehmetim - deyib yanındakılarla birgə otaqdan çıxdı.

Abbası soyuq tər basdı: - Getməyin, mən Mehmet deyiləm, siz məni səhv salırsız - desə də, heç kim ona fikir vermədi. Onu heç kimin eşitməməyi qəribə gəlmişdi.

Bir anlıq gömgöy gözləri parıldadı. "Məni heç kim eşitmədi. Bu necə ola bilər axı?! Məni görürlər, amma eşitmirlər"   

Abbas Mirzə qəfildən nəyisə xatırladı. "güzgü... hə güzgü..." otaqda var-gəl edib bir güzgü tapan kimi özünə baxdı. Yox... üzü də yerindəydi. Özüydü.  "İlahi, bu nə oyundur, açırsan başıma? Kaş bunlar hamısı yuxu olardı"

Birdən gözləri bərəldi, üzündə heyrətlə yoğrulmuş təbəssüm yarandı. "Əlbəttə ki, yuxu... axırıncı dəfə otağımda yuxuya getmişdim. Elə indi də yuxudayam. Röya görürəm. Röyada isə hər şey olur. Qadın məni öz oğlu bilir, elə zənn edir ki, qardaşım sultan olub deyə mənim boynumu vuracaqlar. Doğrudan da bunların qəribə adətləri var. Yaxşı ki, yuxudayam. Yoxsa birdən belə bir şey olardı".

Abbas Mirzə bu müddət ərzində ilk dəfə ürək dolusu nəfəs almışdı ki, qapı taybatay açıldı, içəri dörd yeniçəri daxil oldu. Onlar Abbasa yaxınlaşdılar. Onlardan biri qabağa çıxıb təzim etdi.

-Qaydaları bilirsiz, şahzadəmiz. Sultan işi yubatmaq istəmir. Camaat meydana toplaşıb. Boynunuz vurulacaq.

Abbas Mirzənin canına vəlvələ düşdü. Əlləri, ayaqları əsməyə başladı.

-Qardaş, siz məni səhv salırsız. Həm də ki, bu yuxudur, indi ayılacam, hər şey təmam bitəcək-Abbas Mirzə yuxudan ayılmağın yolunu tapmağa çalışır, amma heç bir şey edə bilmirdi. Yeniçərilər onu eşitmirdilər. Abbasla danışan yeniçəri o birilərinə əmr verdi ki, şahzadəni tutsunlar. Onlar Abbasın qolundan tutub burdular. Abbas dartınıb onların əlindən çıxmağa çalışır, hey vurnuxurdu.

- Buraxın məni, buraxın deyirəm. Mən Mehmet deyiləm, Abbasam. Bu da bir röyadır.

Yeniçərilər Abbası eşitmir, onu otaqdan çıxarmağa çalışırdı. Abbas yuxudan ayılmaq istəyirdi, gəl ki, heç cür alınmırdı. Gah özünü çimdikləyirdi, gah şillələyirdi, nə illah edirdisə ayılmırdı ki, ayılmırdı. Onu otaqdan çıxarıb uzun dəhlizlə aparırdılar. Abbas Yeniçərilərə nə qədər yalvar-yaxar eləsə də, bir xeyri olmadı. Abbas Mirzə artıq fəhm eləmişdi ki, bu həqiqi həyat deyil: yuxudur. Yuxunun isə həqiqəti olmur. Burda hər şey insanın yox, yuxunun birbaşa özünün iradəsinə tabedir. Səsini eşitmək istəsələr, eşidəcəklər; Abbası Mehmet görsələr, görəcəklər. Bundan qaçış yoxdur.

Abbas Mirzəni böyük bir meydanın ortasına gətirdilər. Ortada böyük bir kötük, onun yanında əlində balta yekəpər cəllad dayanmışdı. Meydana toplaşan çoxlu adamlar şahzadənin boynunun vurulmasını gözləyirdilər.

Abbas Mirzə hələ də özünü çimdikləyir, nəsə etməyə çalışırdısa  da, bir şey əmələ gəlmirdi. Onu kötüyün yanına gətirdilər. Qırmızı rəngli əba geyinmiş bir nəfər meydanda uca səslə danışmağa başladı:

-Camaat, bilirsiz ki, babalarımızdan qalan adətimizə görə, şahzadələr yayın kirişiylə öldürülürlər. Amma Sultan III Murad həzrətlərinin əmrinə görə bu gün şahzadə Mehmetin boynu vurulacaq.

Abbas Mirzə bu səsin sahibini tanıdı. Bu, onun dostu Sadiq bəy idi.  Bəs niyə özü qocalmış, ancaq səsi gənc idi? Abbas birdən xatırladı ki, o yuxudadır. Yuxuda isə hər şey olur.

Onun başını kötüyün üstünə qoydular. Abbas Mirzə nə qədər çapalasa da, yalvar-yaxar etsə də, onu eşidən olmadı. Sadiq bəy yenidən camaata səsləndi: 

-Sultan son dəfə qardaşına baxmaq istəyir.

Hamı sultanın dayandığı yerə çevrildi. Abbas Mirzə ürəyində yəqin elədi ki, qırmızı əbalı kişi Sadiq bəydisə, sultan da mütləq Həmzə Mirzədir. O da camaatın baxdığı yerə boylandı. Yox, sultan Həmzə Mirzə deyildi, amma onun üzü Abbasa yaman tanış gəlirdi. Qəfildən sanki onu ildırım vurdu. Sultan elə onun özüydü. Sadəcə burda on il sonrakı halıydı. İyirmi altı yaşlı Abbas, on altı yaşlı Abbasa baxırdı, iyirmi altı yaşlı Abbas, on altı yaşlı Abbasın ölüm fərmanını vermişdi... Çünki bu yuxuydu, yuxudasa hər şey mümkündür...

Abbas Mirzə artıq yuxudan oyanmağa cəhd eləmirdi, fəhm eləmişdi ki, bunun bir mənası olmayacaq. İndiyədək yuxuda ölən adamlar haqda çox eşitmişdi. Bir anlıq düşündü ki, deməli, yuxuda elə bu cür ölürlərmiş.

Abbas Mirzəni ağlamaq tutdu, var gücüylə hönkürüb ağlamağa başladı. Özündən on yaş böyük özünə baxıb fikirləşdi ki, heç olmasa on il sonramı on il əvvəl görmək mənə nəsib oldu...

Cəllad Abbasın başını kötükdə yerbəyer edib enli, ucu ülgüc kimi iti baltasını yuxarı qaldırdı. Şahzadə Abbas özünü həyatının son anında mərd aparmaq istəsə də, alınmadı, ağlamağa başladı.

-Qurban olum, öldürməyin məni. Yalvarıram... mən Mehmet deyiləm. Abbasam. Şahzadə Abbas Mirzə. Şahzadə də adamdır də... onların canına niyə qıyırsız ki... Etməyin. Qurban olum, eləməyin...

Cəllad onun dediklərini eşitmirdi. Baltanı var gücüylə Abbas Mirzənin boynuna endirdi. Abbas son anda boynundakı sümüklərin xırçıltısını eşitdi. Hətta ona elə gəldi ki, boğazından fışqıran qanı da öz gözləriylə gördü...

Abbas Mirzə yerindən dik atıldı. Elə bildi ki, başı üzərində deyil. Tez əlləriylə başını yoxladı. Yox, hər şey qaydasındaydı. Budur, Xorasanda - öz otağında sağ və salamatdır. Bu vaxt otağa Sadiq bəy daxil oldu. Üzünə baxan kimi bilmək olurdu ki, nəsə olub.

-Abbas Mirzə, sənə  təcili bir xəbərim var - Abbas onun səsindəki həyəcanı da hiss elədi.

-Yaxşı xəbərdi, yoxsa pis?

Sadiq bəy bir az fikirləşdi. - Vallah, necə deyim, həm yaxşıdır, həm də pis.

-Eşidirəm. Abbas Mirzə maraqla Sadiq bəyə baxdı.

-Pisi odu ki, qardaşınız Həmzə Mirzəni öldürüblər - Sadiq bəy ehtiyatla dedi.

-Nə? Nə zaman? Harda?

-Təraş olarkən. Həmişə üzünü təraş edən öz erməni dəlləyi ülgüclə boğazını kəsib. Allah ona rəhmət eləsin, sənə də səbir versin.

Abbas Mirzə bu xəbərdən sarsılmışdı. Gözlərini yumub bir xeyli eləcə qaldı. Sadiq bəy də danışmağa cürət etmirdi. Nəhayət, Abbas Mirzə gözlərini açıb Sadiq bəyə baxdı.

-Yaxşısı da odur ki, taxta mən keçirəm, elədir?

-Bəli, elədir ki, var!

Abbas Mirzə yenə bir qədər fikrə getdi. Gözləri tum dənəsi kimi kiçildi.

-Sadiq bəy, qonşu Osmanlıda bir adət var. Taxta kim çıxırsa, özündən balaca şahzadələrin boynunu vurdurur ki, heç kim ona üsyan eləməsin, aranı qızışdırmasın, nifaq salmasın.

Sadiq bəy qorxulu gözlərlə ona baxdı.

-Nə demək istəyirsən, Abbas Mirzə?

Abbas hökmlü baxışlarla Sadiq bəyə baxdı.

-Abbas Mirzə yox, bundan sonra Şah Abbas deyəcəksən mənə. Deməyim odur ki, bu adət əslində heç də pis deyil. Amma mən onlar kimi zalım deyiləm. Taxta çıxan şahın qardaşlarının  gözləri çıxarılsın bundan sonra.

Sadiq bəy bu sözlərdən diksindi.

-Şahım, bizdə dədə-babadan belə bir ənənə olmayıb.

-Onda bu mənim ilk verdiyim əmr olsun. - Abbas qətiyyətli bir səslə deyib daha sonra əlavə elədi. - Əsas olan dövlətin yaşamasıdır. Üç-beş şahzadənin canından heç nə olmaz...

Abbas Mirzə üzündə böyük, müdrik şahlara məxsus ifadəylə Sadiq bəyə nəzər yetirib inamlı addımlarla ordan uzaqlaşdı. Sadiq bəy narazı baxışlarla Abbas Mirzənin ardınca baxdı. Birdən gözləri yeni Səfəvi şahının boynuna sataşdı. Diqqətlə baxdı. Yanılmamışdı. Abbas Mirzənin boynundan nazik xətt kimi qan axır, ordan da kürəyi boyunca süzülürdü. Özününsə xəbəri yox idi. Bundan sonra da neçə illik hakimiyyəti ərzində bircə an belə boynundan axıb kürəyinə tökülən qandan xəbəri olmadı...

 

Pərviz Seyidli

 

Ədəbiyyat qəzeti.- 2018.- 17 mart.- S.4-5.