Ədəbiyyat İnstitutunda

Novruz bayramı qeyd olunub

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Novruz adət-ənənələrindən danışan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bu bayramın Azərbaycan xalqının milli birlik bayramı olduğunu qeyd edib. Bildirilib ki, bu gün ölkəmizdə əsası Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlusabit siyasət var.

İ.Həbibbəyli institutun əməkdaşlarını təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Ədəbiyyat İnstitutunun folklor və yazılı abidələr şöbəsinin müdiri, professor Məhərrəm Qasımlı Novruz bayramının tarixi haqqında məruzə ilə çıxış edib.

Sonra Aşıqlar Birliyinin üzvləri - tanınmış aşıqlar Qələndər Zeynalov, Altay Məmmədli, Gözəl Kəlbəcərli və Sərdar Məmmədli bayram münasibətilə mahnılar oxuyublar.

Sonda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Novruz bayram münasibətilə çap edilən təqvimləri institut əməkdaşlarına təqdim olunub.

 

Ədəbiyyat qəzeti.- 2018.- 17 mart.- S.5.