Məndən can diləyən

 

İndi cürdür halin,

ahu-fəğan eyləyənim?

Gördüyü hər çiçəyə:

"Gülü-reyhan" - söyləyənim.

 

"Tövqü-zəncir" - dediyin

mənim düşmüş payıma.

həyat yandı mənə,

divanə eyləyənim.

 

"Pəmbeyi-daği cünun"

son libas olmuşdu sənə.

Parçalanmış Vətənin

xəritəsidir kəfənim!

 

Mənimlə, ey Füzulim,

Vahid Əziz dərdə şərik.

Mənim can diləyən

Yar - Vətənimdir, Vətənim

 

26.02.2018

 

Tanıdım

 

Köks ötürdü saçımdakı qarlara,

demədiyi sözlərindən tanıdım.

Nəzər saldım üzündəki xallara,

xumarlanan gözlərindən tanıdım.

 

Oturmuşduq bir vaqonda üzbəüz,

əzəlkitək mənə doğma, çox əziz,

yenə həmin qəmli baxış, nurlu üz;

Çanta örtən dizlərindən tanıdım.

 

Düşüb getdi ilıq əsən meh kimi,

baxışlarım izləyirdi ley kimi,

addımları çilənirdi şeh kimi,

ömrümdəki izlərindən tanıdım.

 

Cəhd etmədim arxasınca yeriyəm,

o, özgənin, mən onun sirriyəm,

ulduz oldu qaranlıqda əriyən

fərqləndirib yüzlərindən tanıdım.

 

Köks ötürdü saçımdakı qarlara,

Xumarlanan gözlərindən tanıdım,

nəzər saldım üzündəki xallara,

qəlbimdəki gözlərindən tanıdım

 

21.02.2017

 

Yaraşmadı

 

Qorxuram həyatın xətrinə dəyə:

"Gözümə çağlayan sel yaraşmadı".

Vaxtından xeyli tez ağardı niyə?

alovlu başıma tel yaraşmadı.

 

Dünya doğru yolla gedəmmir niyə?

min fikir bir borcu ödəmir niyə?

Çör-çöpün külündən fərqlənmir deyə,

palıda-saldığı kül yaraşmadı:

 

nur gərək torpağa düşən dənlərə,

eşq olsun bu Yurdu sevən ərlərə!

Şivəsin əlüstü dəyişənlərə,

olmaya bu gözəl dil yaraşmadı?

 

Ellərə gəlmişdi bu bəla hardan?

sənə tapınmışdıq ulu Yaradan;

çeşməydim süzülən Ağrı dağından,

dəhnəmə-yığılan lil yaraşmadı.

 

Çiçəklər yeriyib qalxar zirvəyə,

çiskinlər əriyib axar dərəyə,

həlbət, Vahid Əziz, qocaldın deyə -

Sinənə taxdığın gül yaraşmadı

 

19.02.2018

 

Unudaq

 

Gör, qədər itirmişik? -

o Qərbimiz, bu, Qarabağ.

Danışmayaq düşük-düşük,

torpaq satmağı unudaq.

 

Sındırmaqda düşmən bizi,

yetər boğduq səbrimizi,

qırıb "Tamah dişimizi".

rüşvət almağı unudaq.

 

Tanrı nuru qəlbimizdə

dəyər verək sevgimizə,

içimizdə bir-birimizə

düşmən olmağı unudaq.

 

Bu torpaqlar çox ağlayıb,

sinəsində minlərlə dağ,

qanları yadda saxlayıb -

unutqanlığı unudaq!

 

25.02.2018

 

Məndə

 

Dağların yönü məndə,

dumanı, çəni məndə.

yar bir qaranquş ola,

Axtara dəni məndə.

 

Dağların çəni məndə,

gizlədər səni məndə,

yarım, dəlilik etmə -

olaram dəli mən .

 

Payızın yeli məndə,

yağmuru, seli məndə,

nankor olan bağbanım

yaxdı xəzəli məndə.

 

Örtüb üzünü getdi,

Silib gözünü getdi,

Atıb özünü getdi

Dünya gözəli məndə

 

27.02.2018

 

Həyatda heç nəyə

şübhə etmirəm

 

Görən hardan keçir indi o qatar?

Gözüm su içmədi bərk yerişindən.

Bilsəydim bu qədər ağrıdan olar -

imtina edərdim bu son görüşdən.

 

Qalsa da yerində vaxtın ahəngi,

hər anım olacaq ağır il kimi,

son görüş o qədər çətin keçdi ki,

dünya mənə gəlir "son mənzil" kimi.

 

Yazdığım-həsrətin dediyi imla;

ayrı cür yazılma qaydası varmış,

soyuq göz yaşında sonuncu damla

qara köynəyə ləkə salarmış.

 

Həsrətlə göyərər hər yeni yarpaq,

kül olmaq çağımdı, köhnə ağacam,

sənli gecələrdən fərqli olaraq

bütün işıqları yandıracağam.

 

Qoy heç kəs deməsin: "Gülü gedəndən,

Gözləri tutuldu, çırağı söndü",

həyatda heç nəyə şübhə etmirəm -

qatardı, bəlkə geriyə döndü

 

27.02.2018

 

Yaralı

 

Qartal uçub, göyün hökmü sardadı,

gedənlərin kölgələri qaralı.

Yolçu olan özü bilər hardadı,

qalanların ürəkləri yaralı.

 

Ürək yanar eşqin sarı simində,

nakamlıq var sevənlərin qəmində,

kərəntilər əl gəzdirən çəməndə

ilk baharlar çiçəkləri yaralı.

 

Qara torpaq sino gedər-mərd düşə,

vay o günə el-obaya dərd düşə!

Heç görmədim cır meyvəyə qurd düşə -

Əsil-köklü, göyçəkləri yaralı,

 

Həsrət qoydu damaqları dağ balı,

evlər yıxdı Qarabağın baqqalı,

xına tutmaz babaların saqqalı,

nənələrin birçəkləri yaralı.

 

Çarəm nəydi? - barışmışam olaynan,

naxırlarım lehimlənər qalaynan,

tikan bitib aramızda o taynan -

xəbərlərin gerçəkləri yaralı.

 

Dəli başlar barışmadı buxovla,

dövran qaçar əldən çıxmış cilovla,

Vahid Əziz oynamaqdan alovla

Əlindəki əlcəkləri yaralı

 

05.01.2017

 

Zaman qocaltmaya - cavan qalasan

 

Zaman qocaltmaya, cavan qalasan -

ən azı yüz belə il gəlib keçə.

Duyub yerişini, ətrin alasan,

ömründən ən gözəl gül gəlib keçə.

 

Ahıllar sevilən körpəyə dönə,

Həyat təravətli ipəyə dönə,

Kölgən çaylar üstə körpüyə dönə,

Altından çağlayan sel gəlib keçə.

 

Sevdiyin yormaya elçi daşında,

ümidlər qırmaya həddin aşanda,

öləndə-öləsən cavan yaşında,

qəbrinin başından el gəlib keçə.

 

Getməz damaqlardan gəncliyin dadı,

hər kəsin əbədi yaşamaz adı,

lənət o günə ki, yandığın odu

doğmalar soyumuş kül bilib keçə.

 

Köçəri quşlara yaşamaq asan,

qanadlı olsan da - qartal olasan,

dünyanın sonunda məskən salasan -

qarşından sabaha yol gəlib keçə

 

30.01.2017

 

Dünyadı

 

Dayanmadan qonaq-qara hey gələr;

yola salan, qarşılayan dünyadı.

zəkalıdır; söz analyıb, dərd bilər;

adam olsan - adam sayan dünyadı.

 

Dəhrəsi var; sınmalını sındıran,

öz dərsi var; qanmayanı qandıran,

bir əliylə qamçılayıb-yandıran,

bir əliylə sığallayan dünyadı.

 

Yeri geniş; hər kəsinin dövranı,

yağı, balı, dələməsi, ayranı

qədir bilən, adam olan insanı

əcəliylə yola salan dünyadı.

 

Dağlar qurar, gücünə bax qolunda!

köçünə bax cığırında, yolunda,

bir eybi var - çəmən kimi onun da

çiçəkləri erkən solan dünyadı.

 

Səfərbər ol - vaxt qapını döyürsə,

qürrələnmə - məddah səni öyürsə,

"İndiyədək bakirəyəm" - deyirsə -

demək, eşqi nakam qalan dünyadı.

 

Dərdlər azmı qan axıtdı gözlərə,

əyri azmı divan tutdu düzlərə?

Torpağında yer verirsə bizlərə -

günahları bağışlayan dünyadı.

 

Bəxtlər "Qara çuxalarda" düyülən,

Buğdası da, dəmiri döyülən,

Vahid Əziz, o "Axirət" deyilən,

bəlkə elə biz yaşayan dünyadı

 

09.02.2018

 

Bilinər

 

Köç edərik nisgil dolu qəlbimiz,

neçə-neçə gözün yaşı silinər.

Həyatdaykən bilinməyən qədrimiz,

o dünyaya köç edərkən bilinər.

 

Düşünməyin-deyəcəyim gileydir,

dindirdiyim kamandır, neydir.

Dəyişməyə zorum çatmır - taleydir,

özü hökmün dəyişərkən bilinər.

 

Anlamazı başa salmaq ayrı dərd,

dözmək üçün ya can gərək, ya həmdərd,

inandığın vəfalıdır, ya namərd?

haqq yolunda döyüşərkən bilinər.

 

İtsək belə tapılacaq izimiz,

nələrəsə tutulacaq üzümüz,

kürsülərdə cür imiş yerimiz,

altımızdan sürüşərkən bilinər.

 

Hər ağacın olmaz yaxşı gözlüyü,

hayıf-yoxdur ədəb, ərkan sözlüyü,

ilanların əyriliklə-düzlüyü

yuvasına sürünərkən bilinər.

 

Can dərmanı çəmənlərin yemliyi,

yormur məni qismətimin kəmliyi,

el içində insanların kimliyi

o dünyaya bürünərkən bilinər.

 

Dərd olanda hisslərimi qaynadan,

Özgə gözlər mənə baxar aynadan,

İşgəncəymiş nakam getmək dünyadan;

Can boğaza dirənərkən bilinər

 

03.12.2017

 

Vahid ƏZİZ

 

Ədəbiyyat qəzeti.- 2018.- 31 mart.- S.4.