Abşeronla vidalaşma

 

Lirik poema

 

Elçin Əfəndiyevə həsr olunur

 

Uzaqlaşan axşamın

közərən işıqları,

məscid günbəzlərində

gəzən kölgələr

bir də ki,

buludlar ardında gizlənən qəmər

arxamca əl edir, boylanır…

buraxmır məni!

…Axı, nə istəyir

mənnən o qızıl

ləpədöyəndəki gümrah gümültü? -

Mən bütün bunlarla

            beləcə kövrək

ayrılmaq istəmir, istəmirəm ki…

Sahilin suiti leşi yadımda,

sulardan sıyrılan paslı boruda

çarmıxa çəkilmiş o quşcuğaz da!

O hasar dibində zibillikdəki

özünə yem gəzən

qağayılar da

gözümün önündən getmir bircə an…

Onu da bilirəm:

indi buraya

içləri nəşəli cayılla dolu

maşınlar gələcək, çox çəkməyəcək!

həmən bu idilliksəsli sükutu

quşlara atılan güllənin səsi,

özlərini göstərən

gədələrin boş

hırıltısı pozacaq

Mən bütün bunları xatırlayıram.

Ancaq ki, yenə bilirəm yəqin,

bütün bunlardan o yana

başqa bir Abşeron da var!

Orada

Buzovna Bilgəh arası

uçan yol qırağı

yaşıl çəmənlər,

Novxanı çimərliyində

çimən körpələr;

Maştağa çildağçıları,

dəlixana önündəki dayanacaqda

daima fikirli ana-bacılar;

bəxtikəsik qardaşım,

əziz Nəsirin istixanasında

heç bir vaxt solmayan qərənfillər var.

Qaz Əlinin arxayın,

nurlu gülüşü ordadır,

axşamçağı

Yanardağ yamaclarında

qaçışan odlu bənövşələr !

Elə oradaca

Motsartın vətəni Zalsburqdan gələn

İqdirli dostum Kənan bəy,

imişlili adaşım Çingizlə birgə

içdiyim çay,

göyçəli qəddibükük cavan aşığın

çaldığı saz yada düşür

Günbatan təndirində

Masazırın duz gölü,

Qurdağzının ehsan quyusundan

Çəkdiyimiz vedrədən

Yaxa-başımıza axıb-tökülən

suyun sərinliyi;

qardaşım kürd Cümşüdün

fin Aulikkinin ayağı altda

kəsdiyi qoyunun gözlərindəki

sarsıdıcı mütilik,

uşaqlıq dostum Akifin

sayı yaddan çıxan,

Allah saxlamış,

qızları da ordadır!

Türkanıda dərisi yanmış

Əzizə xanımı xatırlayıram

Xəlil bəy Ulutürkün

dar çərhovuzunda

uşaq kimi çimişən

Sabir kirvəylə "Acali" Abbas;

Saray bağlarında

Cəfər həkimin

səxavətli süfrəsi başında

Məmməd Arazın közərən gözləri;

hələ bunlardan da qabaq,

lap əvvəllər, Pirşağıda

ustadım Rəsul Rzanın bağında

rəhmətlik Ənvər Məmmədxanlı ilə

oynadığım şahmat,

içdiyim o çay;

yetim Kamal Əhmədin

Gorədil rəsmlərindəki yarımçıq Ay,

Elbəy Rzaqulunun bağ divarlarında

yanıb kül olmuş

Səttar rəsmləri yadıma düşür!

(Anarın "Gün keçdi"sini

yuduğumuz məclisdə

necə xoşbəxt idi Arif, ilahi!)

hələ

Timuçin Əfəndinin

 

aşıq Mahmudu, Çingiz Fərəci

qorxudan Toplanını,

Alışoğlu Ramizin

çiyələk xalısında "otlayan" dostları;

Tofiq Ağakərimin güzgülü divarlarda

asdığı toxumluq xiyarları,

sairə ilaxırdemirəm.

Bunlardan hamısı belədir, yəqin

Ancaq

Abşeronla vidalaşmaqçın

bunlar da, bunlar da, bilirəm, azdır!

 

…Bu avazım Abşerona

Dost-doğma, tanış avazdır!

Abşeronun havası saz,

haçan gəlsən ətirlidir,

gül-çiçəkli bahar-yazdır.

 

Aman, çıxma qız ovuna!

Gələn, gəlsin buz ovuna.

Söz yox inək-buzovuna

Buzovnadır bax, "bu zona"!

Buzovnadır bax, "bu zona"!

 

Halal qismət ər əkəndi,

Şəfa verib, dərd əkəndi.

Namərdə ox, mərdə qandı,

Mərd məkandı, mərdə kandı,

Mərdəkandı, Mərdəkandı!

 

Attanmaqçın barısından

Şiv tapmazsan, şüvül hanı?

Öyrən müdrik qarısından,

Şəhər çıxar yarısından

Toyu olsun Şüvəlanın!

 

Qızıl qumu qurşağatan,

Ev-eşiyi xoş-abadan,

Pak süd əmib pir, çağa da,

Millət yaşar Pirşağada,

Pir uşağı Pirşağada!

 

Bu torpağın dərdi hanı,

Zər atanın nərdi hanı?

Nər dəvənin - nər divanı!

Nardaranda nar dərənin

Daban tutmaz nərdivanı!

 

Mən dərmişəm - dərdim hanı

Aşıq atdım - var toxanı!

Deyin, az içsin soxanı, -

Toyxanada bir şağanlı

Tüğyan edir divanalı!

 

Tamah tutub iştahını,

Adam yoxdu işdə, hanı

Mömin gəlsin, "məşdi" hanı?! -

Bazar basıb Maştağanı,

Azar basıb Maştağanı!

 

Gəzmə düşüb hər dükanı,

Qış ki, gəldi, kürkün hanı?

Qorxun yoxdu, ürkün hanı

Tapdım səndə kimi desən,

Türkün hanı bəs, Türkanı?

 

Türk tanınar qopuzundan,

Top-tüfəngi, toppuzundan!

Qonaq qovmaz qapısından

İgiddən ki, söhbət düşdü,

Sizə deyim Qobusundan!

 

Sözüm, qayıt gir dəhana

yaraşır kürdə xına!

Dərd var - dərman girdə xına,

Kim salmalı Kürdə xana

Məskən seçdi Kürdəxanı.

 

O xoşluqda surət hanı,

O eyvanı, sürahını

Görən ölərsurə hanı?!

Ayna tutub camalına

Güzgülənir Suraxanı!

 

Quş vuran quşu ov sanır

Bu sözdür, əfsanə! -

Xəstə düşdü, ovsanaya

Dərman üçün soğan gəzdim,

Tövbə dedi o Hövsanı!

 

sözün var mən zirəyə! -

Gəlib çıxdım mən Zirəyə.

Heyran qaldım mənzərəyə:

Qarpızsatan anddan keçir,

Dərman əkir, zəhər biçir

 

Bu da sənə məndən bilgi:

Öz işini bacar, bil gəl!

İstəyirsən dəvə min gəl, -

Pis adamın boğazında

Yaş ilgəkdir bizim Bilgəh!

 

 

Deyirsən ki, Binə qallı,

Tiyan tini tinə qaldı

İman üzüldü gümandan,

Meydan yenə dinə qaldı,

yaxşı ki, dinə qaldı!

 

 Onu da bilirəm, bilirəm ancaq

Abşeron vidası bu da deyildir

 

Bağların içində azan qum yollar,

Gözünü quş yemiş qupquru əncir,

Çaydaşı hasardan boylanan kollar

Get, qalmagəl deyir, gələndə getmə!

 

Sarmaşıq tuneli, Xəzər dəhlizi,

Kəhrizin gözündə qəzil fırlanır.

Azarlı payızın son harayları

Sozalan xəzridə azır, daranır.

 

Gündüzlə axşamın qovuşuğunda

Sükutdan törəyir toran bölgələr.

Çınqıdan alışan qov işığında

Diksinib oyanır canlı kölgələr!

 

Üzüm yarpağının pası-dəmiri

Xoflu xəcalətlə, xiffətlə yanır.

Tırtılın, böcəyin qorxan çimiri

Otların hənrini zəlzələ sanır.

 

Partlamış narların kor çıraqları

Axşamlar közərən ocağa çönür.

Sonuncu əncirlər tənha, təkcənə

Pəncərə önündə ağacda sönür.

 

Payız - qəm dənizi, batdıqca gömül

Sinənə sinən sital sitəmdi!

Tanış təlaşlarla üşənir könül,

Bilmirsən damaqda dad, təmdi!

 

Ömür - bir töhfədir, acı ya şirin,

Vaxt qara quyudur, zaman qan içir.

Nəhəng qum saatı - qədim Abşeron

Tarixin dəyirman daşından keçir!

 

Nazik, dar boğazla birləşən elə

Olumlu-ölümlü iki fəzadır.

Tanrının hökmüylə gəlib əmələ

İnsanı qum edən tale-qəzadır.

 

Əcəl daşyonandır, candan qoparır,

Əli qan içində, ovuclar sağır.

Hər kəs öz daşını özü aparır,

Kiminki yüngüldür, kiminki ağır.

 

O məzar daşları - nida, vergüllər

Mömin ürəklərə yaysa da qorxu,

Ağırlıq dalınca qaçır yüngüllər,

Yüngüllük axtarır ağırın çoxu

 

Son qapan-tərəzi oyaqdır, oyaq,

Gözünə kəpənək təkin qonan var.

Aşrılıb üstünə fil leşi sayaq

Günahı boynunda boyunduruqlar!

 

O baxan haqdırsa, yummur gözünü,

Pərsəngə ümid yox, çox sərvaxt baxır!

Sanma hər gələnin ləpir-izini

Abşeron qumları örtəcək axır

 

…Əlvida, Abşeron, əlvida, sənin

Barılar ardında görünməz olan

Balaca daxmanasaraylarına!

Qərib axşamlara düşüb dağılan

Udod quşlarının haraylarına

Əlvida, AbşeronBəkarətinə,

Ocaqlar isidən bərəkətinə,

Örüşdən qayıdan naxır-sürünə;

Hər başıpapaqlı cavan-pirinə,

Laçın iyidinə, pəri-hürünə;

O dayaz, o dərin quyuna sənin,

O şoran, o şirin suyuna sənin

Əlvida, AbşeronQızıl qumuna,

Hər qarış torpağa, daşa əlvida!

Gilavar qılıqlı, yosun qoxulu

Boş ləpədöyənin xoş havasını,

O çırtıq çalanın, o dəf vuranın,

Meyxana qoşanın şux avazını

Əsrdən-əsrə daşıəlvida

Biz gəldi-gedərik fani dünyada,

Sən yaşa, sən yaşa, yaşa, əlvida!

 

Dekabr, 1993

 

Çingiz Əlioğlu

 

Ədəbiyyat qəzeti.- 2018.- 5 may.- S.7.