Zamanı qabaqlamağın estetikası

 

Yazı masamda Pablo Pikassonun "Quernika" tablosunun fotosurəti var. Bu tablo mənə S.Rüşdinin "Yaqutlu başmaqlar auksionunda" hekayəsini xatırladır. "Quernika" da, Rüşdinin hekayəsi də müharibəyə estetik etirazdır. "Quernika" amansız hərbi zorakılığa, "Yaqutlu başmaqlar auksionunda" hekayəsi soyuq, mediatik savaşlara qarşıdır.  İncəsənətlə ədəbiyyat arasındakı semiotik əlaqə həmişə maraq dairəmdə olub. Teatr, kino, musiqi, rəqs, rəssamlıq və memarlıqla hekayə sənəti arasındakı semantik bağlılıq zövq işidir. Azərbaycan ədəbiyyatında bu mövzuda uğurlu eksperiment Elçinin "Qatar. Pikasso. Latur. 1968" hekayəsidir. Rəssamlıq və ədəbiyyat arasında semiotik əlaqə yaradan yenilikçi mətndir. Hekayə klassikmodern ədəbi meyilləri özündə cəmləyir.

Dəyişən sənət estetikasının fövqündə olan mətnlər qalıcıdır. Elçin "Qatar. Pikasso. Latur. 1968" hekayəsində dövr üçün yeni və maraqlı bir struktur estetikası yaradır. Sənətlərarası əlaqəni hekayənin mərkəzinə yerləşdirir. Müasir və ənənəvi yanaşma tərzi birləşir. Hekayə yazılandan bir il sonra Amerika ədəbiyyat tənqidçisi Lesli Fidler "Cross the border, Close the gap" (Sərhədləri keçin, xəndəkləri doldurun) məqaləsini yazır. Məqalə postmodernyeni tipli ədəbiyyatın manifestidir. Elçin isə həmin dövrdə avanqardist, postmodernist ədəbiyyatın forma və məzmun yeniliklərini Azərbaycan ədəbiyyatında tətbiq edir. Ancaq izmlərdən müstəqil şəkildə. PikassoLaturun tabloları arasında harmoniyadisharmoniya semiotik mənalandırmalara qapı açır. Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığı üçün çoxsəsli mütaliə və təhlilin rüşeymləri formalaşır. Dövrün tənqidçiləri bu hekayəni sosial yöndən təhlil etdilər. Qəhrəmanların mənəvi saflığından heyranlıqla danışdılar... Ancaq hekayə fərqli təhlil metodlarına imkan verir. Bir neçəsini sadalamaq olar:

1. Mixayıl Baxtinin məna və struktur estetikasına aid nəzəri görüşləri ilə (Memarlıq və arxitektura sənətlərinin strukturu və hekayənin süjet xətti paralel təhlilə cəlb edilir. Elçinin hekayəsində isə rəssamlığın parametrləri əsas götürülür).

2. Rolan Bartın rəsm mətn tezisi ilə.

3. Sənətlərarası semiotika ilə.

4. Fotoqrafiyavizual effektlərin sözdə alqoritmləşməsi prinsipilə.

5. Və başqaları.

Hekayənin on bir fərqli metodla təhlili mümkündür. "Qatar. Pikasso. Latur. 1968" tənhalıq və empatiya duyğusunun yoxluğuna qarşı gülüşlə cavabdır: "Sonra Məleykə xanımın əri yenə mənə elə baxdı ki, elə bil həm qorxudurdu məni, həm də yalvarırdı; həm də çox gülünc bir vəziyyətdə idi. Bələdçi arvad dedi ki, ötürənlər aşağı düşsünlər, qatar indicə tərpənəcək. Məleykə xanımın əri arvadının yanağından öpdü, sonra da dedi ki, Moskvaya çatan kimi dərhal telefonla zəng eləsin; həm də tapşırdı ki, yolu necə başa vurduğunu söyləsin. Bunu lap xüsusi dedi, yəni ki, qızım, sənə deyirəm, gəlinim, sən eşit". Cılız təfəkkür, natamamlıq və inamsızlığın mətnlər və rəsmlər arasında portreti. Giriş cümləsində mətnlə rəsmin kollajı üçün şərait yaradılır.

"Əlbəttə, bu saat mən onu sakitləşdirə bilərdim, deyərdim ki, əzizim, dostum, heç nigaran qalma, arvadına heçolmaz yolda, çünki sənin arvadında qətiyyən gözüm yoxdur: baxma ki, bir kupedə ikimizik, yol da uzun - arxayın olget arxayın da yat - əgər özün tək yatacaqsansa. Bunları deyərdim, amma demədim - bu da onun baxışları müqabilində mənim tərəfimdən kiçik bir intiqam idi, çünki Mirzə Cəlil yaxşı deyib ki, dünyada bu nigarançılıqdan da pis şey yoxdu". Mirzə Cəlilin "Nigarançılıq" hekayəsinə eyham əbəs yerə deyil. Süjet boyu nigarançılıq və gözlənilməzlik estetikasına əməl olunur. İlk baxışda mövzu bütün çılpaqlığı ilə təsvir edilir, oxucu düşünür ki, görəsən, Bakıdan Moskvaya gedən bu iki insan arasında nə baş verəcək?! Qəfildən planlar pozulur. Ədəbi təxəyyülün retrospektivliyi oxucunu Pablo Pikassonun "Acların süfrəsi" qrafikasının içərisinə daxil edir. Qəhrəman Məleykə xanıma öz sirrini açır, o, Pikassonun "Acların süfrəsi" əsərinin personajı Etyen Rasnyorla görüşdüyünü bildirir. "Acların süfrəsi"ndə aclıqdan yeməkxananın boş masasında can çəkişən kişi və qadının acınacaqlı durumları təsvir olunur. Qəhrəman "Acların süfrə"sinə nigaran, qayğılı hisslərlə tamaşa edir: "Əgər yeməkxananın başqa bir küncündə oturmuş harın bir alverçi bu dəqiqə bu qadına gözü ilə işarə edərsə, o, neçə frankdan ötrüsə qalxıb onunla gedər, özühissiz, həyəcansız - biganə". Həmin gecə Rasnyor onun evinə qonaq gəlir. Arvadı "Terezanın öz-özünə xəyanət etməməsi üçün" hekayənin qəhrəmanından pul istəyir. Qəhrəman yeni televizor almaq üçün yığdığı pulu müsyö Rasnyora verir. Hekayənin dramaturgiyası dağıdılır. Tablolar mətnə daxil edilir. Montaj işi baş tutur.

Sən demə, Məleykə xanım da Laturun "Müqəddəs Sebastyan üçün ağlayan müqəddəs İrina" əsərindəki Sebastyanın ürəyinə sancılan oxu əl çantasında gəzdirirmiş və bu həqiqəti heç kimə açıb deyə bilməməyin ağrısı ilə yaşayırmış. Məleykə xanımın Sebastyanın ürəyinə sancılan oxu çıxarması dərd-qəmə, çarəsizliyə, ünsiyyətsizliyə şərik olmaq, son qoymaq çabasıdır. PikassoLaturun kadrarxası yozumları Elçinin hekayəsində davam edir. Fırça və boyanın rənglərini qələm və sözün vizual aurası əvəz edir.

"Bir görüşün tarixçəsi"ndə Məsməxanımın hər şeyə rəğmən arzularla yaşaması ekzistensial çıxılmazlığa reaksiyadır. Arzular bu qədərmi bayağılaşar? Sənətin sualı fəlsəfəni üstələyir. Məsməxanımın Məmmədağa ilə tanış olması təsadüf deyil. Əri Mirzoppanın Məmmədağa ilə savaşıb həbsə düşməsi dinamikanı artırır. Nəhayətdə, Məsməxanımla Məmmədağanın taleyi kəsişir. Bu görüş Məsməxanım üçün ilahi bir hədiyyə olur. Məsməxanım həyatının ən məhrəm sirlərini, dərdlərini Məmmədağa ilə bölüşür. Romantik ovqatın dozası həddən artıqdır. Həqiqəti əks etdirmir. Yenə də məhzun bir nəğmə kimi oxunur. "Qatar. Pikasso. Latur. 1968" və "Bir görüşün tarixçəsi" əsərləri məna estetikasında birləşir. Bəzən ən məhrəm hisslərini yad adamlarla bölüşmək. "Yaman qəribədir dünyanın işi".

"Qatar. Pikasso. Latur. 1968" sənətlərarası əlaqə yaradan hekayədir. Klassik ovqatda. "Bir görüşün tarixçəsi" nəsrin poeziyasıdır. Elçin nəsri bu iki nümunə ilə yaddaşımdadır. Hər bir sənətkar cəsarətli təcrübələrlə tarixdə və zamanda qala bilir. Bu iki əsər Elçinin hər dövrdə var ola biləcək mətnləridir. "Qatar. Pikasso. Latur. 1968" qalıcı olmaqla kifayətlənmir. Zamanı qabaqlamağın estetikasını yaşadır.

 

Ülvi BABASOY

 

Ədəbiyyat qəzeti.- 2018.- 5 may.- S.21.