Sirri bilənlərin qeybə çəkilməsi

 

Xalq yazıçısı Elçinin yaradıcılığı üzərinə qısa gəzişmələr

 

Mənim uşaqlığım Buzovna ilə Zuğulbanın arasında, sahil boyu uzanan qumlu sahillərdə keçib. Burda yaşayan insanların xarakteri də yerin təbiətinə uyğun - bəzən sakit, bəzən təlatümlü idi, bu yerlərin koloriti bizim ruhumuzun mayası ilə bir yoğrulmuşdu, biz dənizkənarı uşaqları idik, məskənimiz qumlu sahillər idi, qayaların arxasındakı yastı-yapalaq evlərdə yaşayan sadə kənd camaatı gündəlik qayğılarla yaşayıb, ömrü başa vururdular. Orta məktəbin 4, ya 5-ci sinfində oxuyanda dil-ədəbiyyat müəlliməsi olan anam evə bir kitab gətirdi. Bu, Elçinin "Seçilmiş əsərləri"nin 1-ci cildi idi. Qızılı rəngli kitab gecə-gündüz əlimdən düşmədi. Mən bu kitabda öz mühitimi tapmışdım, dəniz kənarında yaşayan sadə adamların şirin, məzəli, bəzən də son dərəcə kədərli əhvalatlarını oxuyub mütəəssir olmuşdum.

Məmmədağa Sarı hamama gedib özünü kisəçi Cabbara yaxşıca kisələdəndə mat-məəttəl qalmışdım; bu ki, eynən elə bizim kəndin el hamamıdır! Mirzoppa da, milisioner Səfər də, Məsməxanım da tanış personajlar idi. Yəni, bizim kəndin də Mirzoppası, Səfəri, Məsməxanımı vardı. "Bir görüşün tarixçəsi"ni yazan yazıçının bütün bu incəlikləri, kənd stixiyasını, kənd adamlarının bir-birinə münasibətini dərinliklərinə qədər bilməsi heyrətimə səbəb olmuşdu. Sonra acgözlüklə "Toyuğun diri qalması", daha sonra isə "Dolça"nı oxudum. İlboyu kitab əlimdən düşmədi. Anam da baxıb gülümsəyirdi, deyirdim, ana, yazıçı bizim kənddən yazıb, sən də oxu, görəcəksən. Sonralar anam Xədicə xanım da bu kitabı oxudu, mənə - 12 yaşlı oğluna izah elədi ki, yazıçı məhz belə olmalıdır, o, təsvir etdiyi məkanı, yaratdığı obrazları dərinliklərinə qədər tanımalıdır. Sonralar anam kitab mağazasına yolu düşdükcə "Mahmud və Məryəm"i, "Beş dəqiqə və əbədiyyəti", "Ölüm hökmü"nü də alıb gətirdi. Bu gün də həmin kitablar mənim kitabxanamdadır. Onları anamdan qalan ən əziz yadigar kimi qoruyub saxlayıram. Xalq yazıçısı Elçin mənim uşaqlığımın ən sevimli yazıçılarından oldu. O əsərlərdə mənim uşaqlığım yaşayır, uşaqlığımın kəndi və o kəndin insanları yaşayır. Heç nə dəyişməyib, hər şey öz yerindədir. Hərdən keçmişə səyahət kimi o əsərləri götürüb təkrar-təkrar oxuyuram. Bu da yəqin ki, keçmişə daha çox bağlı olduğumdan irəli gəlir. İnsan heç vaxt öz keçmişindən qaça bilmir, bu heç mümkün də deyil. Çünki bu gün varıqsa, bizi o keçmiş yaradıb. Keçmişin təcrübələrindən doğan xəyallar çox vaxt gələcəkdə gerçəyə çevrilir. Deməli, keçmişdən qidalanan xəyallar həm də gələcəyi barındırır. İllər keçdikcə o kitabları oxuduğumuz dövrlə bağlı xatirələrimiz və kitabın bizdə oyandırdığı, əvvəllər fərqində olmadığımız duyğular bu kitabları ilk dəfə oxuduğumuzdakı heyranlıqla birləşir. Bu əsərlər artıq mənəvi inkişafımızın bir parçasına çevrilir. Elçin bizim mənəvi dünyamızın formalaşmasında çox böyük rol oynamış yazıçılardandır. Kitabxanamda onun müxtəlif illərdə çap olunmuş (2005-ci ildə nəşr edilmiş "Seçilmiş əsərləri"nin oncildliyi də daxil olmaqla) otuzdan çox kitabı var. O vaxt mən sonsuz bir təşnəliklə bu əsərləri oxuyanda heç ağlıma gəlməzdi ki, nə vaxtsa mənim də yollarım yazı sənətiylə kəsişəcək və hörmətli Elçin müəllim mənim taleyimdə həlledici rol oynayacaq. Həyatın, dünyanın o qədər atişləməz yolları, qəribə işləkləri, xoş təsadüfləri var ki...

Xatırlayıram, uzun qış gecələri kəndin işıqları sönəndə lampa işığında gecədən sübh açılınca  oturub "Ölüm hökmü" romanını oxumuşdum. Elçin nəsri mənim uşaqlığımın bir parçasıdır və yeniyetmə çağlarımda oxuduğum "Şuşaya duman gəlib" hekayəsi duyğularımı təlatümə gətirmişdi və bu gün də o hekayəni oxuyanda ilkin təəssürat içimə hakim kəsilir, şirin duyğular varlığımı bürüyür. Axı Cavanşir niyə Mədinə ilə görüşdən qaçdı, niyə bu qədər əfəllik elədi? Bu sual mənə rahatlıq vermirdi, həyəcanla onların görüşünü xəyalımda canlandırırdım... Amma sonra duman gəlir və bütün xəyallar o dumanın ardında görünməz olur. Sonralar anladım ki, bu görüş baş tutsaydı, heç bu hekayənin də yazılmasına ehtiyac  olmazdı. Görkəmli tənqidçi, professor Vaqif Yusifli yazırdı ki, Elçin nəsri mənəvi saflığa çağırış idi, mənəvi saflıq isə bütün ötəri hisslərin fövqündə yaranır. İnsan öz hisslərini də tərbiyə etməyi bacarmalıdır. Əks halda "Toyuğun diri qalması" povestinin qəhrəmanı Zübeydə kimi kədərli taleyilə baş-başa qalacaq...

Elçin müəllimin sonuncu irihəcmli əsəri nəsrimizdə hadisəyə çevrilmiş "Baş" romanıdır. Mən 2015-ci ilin dekabrında müayinədən keçmək üçün Türkiyəyə gedəndə yolda oxumaq üçün "Azərbaycan" jurnalının xüsusi buraxılışı kimi dərc olunmuş "Baş" romanını da götürmüşdüm. Əsəri Bakı-Tbilisi qatarında oxumağa başladım, sonra Tbilisi aeroportunun gözləmə zalında, İstanbulda qaldığım oteldə mütaliəni davam etdirdim, nəhayət, İstanbuldan Bakıya qayıdan günün gecəsi Atatürk Hava Limanında bitirdim. On gün bu romanla baş-başa qaldım və əsərdəki başın yol səyahəti ilə mənim keçdiyim marşrut (Bakı-Tbilisi-İstanbul-Bakı) arasında hardasa mistik bir bağlılıq da tapmaq olar. Gürcü əsilli rus generalı Sisianovun başından keçən xülyalar onu başından keçməyə qədər gətirib çıxardı. "Baş" romanı tariximizin ibrətamiz səhifələrinə bir yazıçı baxışıdır, hadisələr tarixi gerçəkliklə müəllif təxəyyülünün qovşağında cərəyan edir. Bədiilik hadisələrin mahiyyətinə nüfuz etməyə kömək edir.

Elçin geniş masştablı yazıçıdır; müasirlik və tarixilik onun nəsrinin qoşa qanadıdır. Onun əksər əsərlərində mistik realizmə meyil hiss olunur. Bu yaxınlarda "Ədəbiyyat qəzeti"ndə oxuduğum "Muxtar Manaflının həyatı, sənəti və bu dünyadan qaçışı" hekayəsi mistika ilə realizmin sintezindən doğan kədərli bir həyat hekayətidir.

"...sonra qatar fit verə-verə körpüdən keçəndə, qarşıdakı dağın uzaq yamacında üstünə ağ-göyümtül bulud çökmüş bir kəndin qırmızı kirəmitli evləri, o evlərin ağappaq əhəng divarları göründü və atası ağzını, burnunu qatar pəncərəsinin şüşəsinə dirəyərək, bir müddət o uzaq yamacdakı kəndə baxdı və:

- Kaş, mən də orda yaşayaydım!..- pıçıldadı.

Birinci sinif şagirdi, yeddi yaşlı Muxtar altdan-yuxarı əvvəlcə atasına, sonra o kəndə, sonra yenə atasına baxdı və atasının o kəndə yönəlmiş qəribə baxışı həmişəlik Muxtar Manaflının yaddaşına hopdu - illər keçdikdən sonra atasının o baxışını gözlərinin qabağına gətirəndə başa düşmüşdü ki, o zaman o baxışlardan yağış kimi, dəruni bir kədər yağırmış.

Qatar körpüdən keçib eləcə fit çala-çala yarğana girdi və o kənd də gözdən itdi, vaqonun pəncərəsindən sıldırım qayalardan başqa heç nə görünmürdü, ancaq yeddi yaşlı Muxtara elə gəldi ki, atası o pəncərə şüşəsindən yenə də həmin qəribə baxışlarla o kəndə baxır. Sonra yarğan boyu getdikcə qaranlıq çökdüyü üçün, qatarın işığı yandı və atası pəncərə şüşəsində öz əksinə baxa-baxa eyni sözləri pıçıldadı:

- Kaş, mən də orda yaşayaydım!..

İllər keçdikcə dağın yamacında üstünə ağ-göyümtül bulud çökmüş o uzaq kənd tez-tez Muxtarın gözlərinin qabağına gəlirdi, elə bil, o kəndə uşaq klaydeskopunda baxırdı və klaydeskop fırlandıqca yamyaşıl ağacların arasından görünən kirəmitlərin qırmızısı, divarların ağartısı, buludların, çöllərin rəngləri bir-birini  əvəz edirdi".

Hekayə belə bir nostalji ovqatla başlayır və hekayənin qəhrəmanı Muxtar dağ yamacındakı o kəndin rəsmlərini çəkməyə başlayır. Elçin nəsrinə xas nağılvari təhkiyə oxucunu sehrləyir. Dünya Muxtar Manaflının gözünə yalnız o dağ yamacındakı kənd qiyafəsində görünür, rəssam bu çərçivəni heç cür aşa bilmir, ancaq özünü təkrarlamaqla məşğul olur. Və günlərin bir günü müəmmalı şəkildə yoxa çıxır... Çərçivədən çıxır... Son illərdə oxuduğum ən gözəl hekayələrdən biri. Hekayə oxucunu da sanki tilsimləyir və Muxtar Manaflının bu kənd maniyasında bir məntiq axtarmağa çalışırsan, tapdığın cavablar heç cür səni qane etmir. Yeni suallar doğur...

Yazıçının ötən ilin əvvəlində yazdığı "İntihar" hekayəsinin qəhrəmanı Ağa da taleyin, qəzavü-qədərin çıxılmazlığından xilas olmağa çalışır, əzab çəkir, insanları gözləyən hansısa bədbəxtliyi öncədən görə bilmək qabiliyyəti onun iztirablarına səbəb olur, həyatını cəhənnəmə çevirir.

"Ayaqları onu "Korgözəlqız" pirinə tərəf aparırdı və Ağa bunu bilirdi, ancaq nə üçün ora gedirdi? - bu barədə fikirləşmirdi, çünki bütün varlığını bürümüş o qatı nifrət hissi illər uzunu onun beynini çatladan o fikirləri, düşüncələri, hiss-həyəcanları dağıdıb, it-bata salıb, yox etmişdi.

O bürkülü avqust gecəsi Ağanın nəfəsi çatışmırdı, ancaq o, bunun fərqində deyildi, eləcə sürətlə dağa qalxırdı   Ağa pirin yanında dayanmayıb, birbaşa dağın təpəsinə - qayalığa çıxdı.

Və Ağa nəhayət ki, "Kor Qız Qayası"nda əyləşib nəfəsini dərdi".

Bura Ağanın son dayanacağı idi. Səhərisi günü bütün qəzetlər, saytlar Ağanın yoxa çıxdığını yazırdı... Ağa Şəms Təbrizi kimi qeybə çəkilmişdi. Görünür, hansısa ilahi sirri bilənlərin hamısının aqibəti belə olur...

Sonsuz virtual imkanlarla zəngin olan, mistik haləyə bürünmüş bu hekayələri dəyərləndirmək olduqca çətindir. Elçinin bu və digər hekayələri sonsuz suallar doğuran, düşündürən və sonsuz sayda da cavabları olan mətnlərdir. Onun ədəbi-tənqidi fəaliyyəti ayrıca bir tədqiqat mövzusudur ki, bu mövzuda da monoqrafiyalar, kitablar yazılıb. Elçinin esseistikası, xüsusən də "Ədəbi düşüncələr"i Azərbaycan ədəbi-bədii fikrinin ən qiymətli nümunələridir.

Sevimli yazıçımızın 75 yaşı tamam olur. Daim intensiv ədəbi fəaliyyətdə olan Elçin müəllim bu gün də eyni şövq və entuziazmla yazıb-yaradır, ədəbi prosesin dinamik inkişafına xidmət edən yazılarıyla mətbuatda çıxış edir. Əlbəttə, bir yazıda onun yaradıcılığının bütün sahələrini əhatə etmək qeyri-mümkündür. Mən bu yazıda Elçin yaradıcılığıyla tanışlığımı və müxtəlif dövrlərdə oxuduğum əsərlərindən aldığım təəssüratları fraqmentar şəkildə yazıya aldım. İnanıram ki, xalq yazıçısı Elçin bundan sonra da yeni əsərlərilə bizə təkrar-təkrar bu zövqü yaşadacaq.

 

Kənan HACI

 

Ədəbbiyyat qəzeti.- 2018.- 5 may.- S.30.