Allen Ginzberq

(Amerika)

 

Günəşlə doğuluruq gecəyə

düşürük biz

 

Soyulmuş portağala oxşayan qürub çevrəsi səmanı bəzəyir,

çılpaq qamışlar bitir bataqlıqlardan -

Nyu-Cersi, atam maşın sürür

Şosse ilə Nyuark hava limanına - Empayr Steyt gümbəzi...

Itiuclu binalar, Manhetten ucalır

U.S.Uilyamsın gözlərində ucaldığı kimi,

                                   elektrik naqillərinin üstündə -

Altıtəkərli yük maşınları yanımızdan keçir,

Nyu-Yorkun yaxınlığındakı keçidlə - mən burdayam,

sonsuz səmadakı balaca günəşin altında,

təzə binaların karkaslarına baxıram,

oyanıram əlimdə karandaş...

 

11 dekabr 1974

 

29 fevral 1958

 

Keçən gecə yuxuda T.S.Eliotu gördüm

o məni arzular krallığına çağırırdı.

İngiltərənin üstündə çarpayılar, divanlar duman

onun evində çay Çelsidə göy qurşağı

Pəncərələrdə pərdələr, tüstü çıxır

bacadan yuxarı, sakit isti evdə isə

inanılmaz dərəcədə şirin fındıqburun

Eliot məni sevirdi, mənə ev vermişdi

mənə divanda uzanıb yatmağı təklif elədi,

incə idi diqqətlə qulaq asırdı.

Mayakovski haqqında fikrimi soruşdu,

mən ona Korsonu, Krili, Keruakanı oxudum.

Berrouzu Olsonu, Xankeni məsləhət gördüm

saqqallı ledi heyvanxanada

müdrik puma Mexiko Sitidə

xordan altı uşaq Zanzibarda

kədərli səslə oxuyurdular müxtəlif dillərdə

nəbzvari ritmlə

Ma Reyni Reyçel Lindsey.

Kral adasında

biz gecə xeyli söhbət etdik

sonra o məni yatızdırdı

qırmızı ev tumanında uzanmışdım

kaminin yanındakı divanda

yumşaq yun ədyalla

çəkib qurtarmadığı qəlyanı mənə verdi

kədərli halda yatağa getdi

ah Ginzberq o qədər şadam ki,

Sizin kimi möhtəşəm gəncə rast gəldiyimə görə deyərək

sonra mən ayıldım öz yerimə utanaraq

O bu qədər mehriban yaxşıdırmı?

                                   Mən bu qədər böyüyəmmi?

üçün birdən-birə səmavi mannı istəyirəm?

əsl peyğəmbər olmaq üçün nəyi düz eləmədim?

T.S.Eliota elədiyim yaxşılıqlar yuxuma girir

axı mən tarixin bir hissəsi olmaq istəyirəm

onun ağlının bir hissəsinə sahiblənmək -

ekssentrik uşağın ambisiyalı arzusu.

Tanrım, kaş qəddar arzularım həyata keçməsin.

keçən gecə yuxuda gördüm Allen Ginzberqi.

T.S.Eliot mənim yerimə utanmazdı.

 

Payız yarpaqları

 

Altmış altı yaşındayam,

            bədənimə qulluq etməyi indi-indi öyrənirəm,

Səhər saat səkkizdə yuxudan dururam, dəftərə yazıram,

çılpaq uşağı yata-yata qoyub çarpayıdan lüt dururam,

sıyığa ət, göbələk, soğan qış tökürəm - səhər yeməyi,

şəkərimi yoxlayıram, dişlərimi səliqəylə yuyuram,

                        fırça, diş çöpü, sap, ağız boşluğu üçün su,

ayaqlarımı ovxalıyıram, köynək,

                                   tuman corab geyinirəm,

ayaqyolunda təkbaşına otururam,

saçlarımı daramamışdan xoşbəxtəm ki,

hələ meyit deyiləm.

 

1992

 

Tərcümə etdi: Həmid Piriyev

 

Ədəbiyyat qəzeti.- 2018.- 6 may.- S.14.