Güzgü

 

Poemadan parça

 

Bir yüyənsiz at,

bir paslı qılınc

havadan asılmış

bir qaragül papağın şəklinə

baxırsan, məmləkətim?!

 

Qürbətdə qalan

bir parça torpağın

yuxusundan as bu şəkli...

 

Bəlkə

qürbət qoxusundan diksindi

şəkildəki

yüyənsiz at,

paslı qılınc,

qaragül papaq...

 

***

 

Ömür-ömür yollar keçir,

Bəyaz, ağappaq qapıdan.

Hər çiyində dayanan baş,

Keçəmmir papaq qapıdan.

 

Kələf-kələf bu ömrü,

Əriş ömrü, arğac ömrü,

Fəsil-fəsil ağac ömrü

Boylanır yarpaq qapıdan.

 

Son nəfəs canda qıvrıldı,

Ömrün kirpiyi qırpıldı.

Başdaşılar daş qıfıldı,

Asılıb torpaq qapıdan.

 

***

 

İlxı-ilxı kişnəyirdi

yurd yerləri...

Uzaq qərinələrin yaxasında üşüyürdü

ərən babaların mamır basmış nərələri.

 

Gavur "Ocağ"ı tüstülənirdi

qədim Xankəndinin küçələrində.

Qürbət qoxusu damırdı

Yuxusu qaçmış Qarabağın gələcərindən...

 

Qara qarğa kimi düşmən cürəti

 

Dimdikləyirdi bir ulu həqiqəti.

Əlcə-əlcə əlçimlənirdi

            ürəklərin ümid duyğusu.

Güllə səsləriylə islanırdı

            Qarabağ ellərinin yuxusu...

Təzə qan izini yalayan canavar tək

gavur nəfəsi

dağların, daşların üzünü yalayırdı.

"Topxana" meşəsinin hıçqırığı

ağac-ağac, budaq-budaq

yarpaq-yarpaq

sükutu cırnaqlayırdı.

Gözlərdə bulud-bulud buğlanırdı,

Qarabağ intizarı...

Canavar xisləti duman kimi sürünürdü

məmləkətin taleyinə sarı.

 

Sərgər-sərgər uzanırdı alınların qırışı...

Heyrətin çatlamış divarları arasından

damcılayırdı millətin qan yaddaşı...

 

***

 

Ürəklərdə yumruq-yumruq

ovxarlanırdı azadlıq savaşı...

Yüyənini qıran at kimi

kişnəyirdi qan yaddaşı

 

Salam, a qan yaddaşımdan,

Dünyaya baxan kişnərti.

Yuxulardan bulud-bulud

Ömrümə yağan kişnərti.

 

Yüz arzudan, kamdan keçib,

Elimdən, obamdan keçib,

Atamdan, babamdan keçib,

Qanımda axan kişnərti.

 

Bu qəmdən qəm yoluna çıx,

Taleyə qəm yolu açıq.

Tökülməyə qanımız çox,

Qəm yemə, a xan kişnərti.

 

***

 

Alışır əcəlin odu,

Yol gəlir bir qəbrin otu.

Həyat bir əlçim məktubdu,

Doğru-doğru yalanlara.

 

Kim qazdı bu qəm quyusun,

Gözlər dəniz, kirpik yosun.

Ağılardan salam olsun

Qırış-qırış alınlara.

 

Səbr tənha göz yaşıdı,

Qəm ürəyin naxışıdı.

Dünya özü başdaşıdı

Kəfənsiz dəfn olanlara.

 

***

 

Qar yağır...

saçları ağarıb qış gecəsinin...

Qucub çılpaq dizlərini yatan

qaçqın uşağın yuxusuna qar yağır.

Çadır-çadır ürəklərdə

son ümidin qoxusuna qar yağır.

Köç üstündə yol gedən

xalıların, xalçaların naxışına qar yağır.

Acından barmağını sovuran

körpələrin baxışına qar yağır.

Qar yağır Qədirin səsinə...

Dodaqlarda çiliklənən

"Qarabağ şikəstəsi"nə qar yağır...

Babasının qəbrini qucaqlayan şəhidin

qapanmamış gözlərinə qar yağır.

Natəvanın, Vaqifin sözlərinə qar yağır...

Qar yağır ağbirçəklərin

sümük üşüdən ağılarına.

Qar yağır Kəlbəcər dağlarına

Dədə Şəmşirin qəbrinə

Dünyanın səbrinə qar yağır.

Ac sərçə kimi xaraba kəndlərdə

çikkildəyən güllələrə,

Əli ətəyindən uzun

kürsülərə, pillələrə qar yağır...

Neçə-neçə ömürdə yaşanmamış

aylara, illərə qar yağır.

İçindəki son ümidin küncunə

qısılan qaçqın uşağı,

durmusan başıaşağı?!

Palçığa bulaşmış saçından

soyuqdan çatlamış dabanınacan hayqır...

 

***

 

Dərd ağacı çiçəkləyib,

Elə bilmə yazdı, canım.

Göz yaşında üzənlərə

Ümmanlar dayazdı, canım.

 

Bayquş qonub gülüm üstə,

Qəm alışır külüm üstə.

Necə ölüm, ölüm üstə

Yaman basabasdı, canım.

Ah çəkmə, ahsız dünyada,

Gəl bir yer sər, gözüm yata.

Sən allah, kəs, ağlatma ta

Ömrümü su basdı, canım.

 

***

 

Boyunda yurdun kədəri,

Çəkilib dara, başdaşı.

Üst-başın çiçək daşqını

Geymisən qara, başdaşı.

 

Bu dünyada hamı yaddı,

Qəm sənə baş qoyub yatdı.

Gedənlər gedib qayıtdı,

Gedirsən hara, başdaşı?

 

Saralıb "dözüm" gülləri,

Ovutmur sözüm gülləri.

Gəlin-gəlin güzgülərin

Səbrini dara, başdaşı...

 

Balayar Sadiq

 

Ədəbiyyat qəzeti.- 2018.- 6 may.- S.19.