Moruq kolu

 

Hekayə

 

Günəşin zərli telləri gecə yağışında yuyunub cilvələnmiş, moruq gilələrinin üstünə səpələnərək bənövşəyi yanaqlarında göz oxşayan parıltılara dönmüşdü.

Sara arvad dağın sinəsində pardaxlanmış yamyaşıl dərənin yaxasında, gül-çiçəyə bürünmüş moruq kolları arasında oturub təbiətin bu ecazkar mənzərəsini heyranlıqla seyr edir, gahdan da moruq yığıb doldurduğu qalaylı sərnicə baxırdı. O, başqa qab götürmədiyinə təəssüflənirdi.

Sara arvadın altı yaşlı sarıbəniz, xurmayı saçlı nəvəsi Eldar moruq kolunun yaşılımtıl yarpaqlarını yolmaclayıb qucağına tökürdü. Eldar doyunca moruq yediyindən, moruq gilələrinə məhəl qoymurdu. O, təbiətin min bir naxış vurduğu qüzeyin ətirli nəfəsinə bələnərək qayğısız uşaqlıq aləminin ağuşunda idi.

Sara arvad nədənsə evə dönməyə tələsmirdi. O qeyri-ixtiyari təbiətin bihuşedici mənzərəsindən ayrılmaq istəmirdi. Xəyal aləminə qapılaraq qarşıdakı dağın zirvələrində, asimana bülənd olan yalçın qayaların üfüqdə qaralan daraq-dişli barmaqlarını seyr edib, zirvələrdən yuxarıda bir çəngə ağ buludun şiş qayaların pəncəsinə ilişib qalan sakitliyinə baxırdı. Baxdıqca da dünyanın nə qədər geniş, nə qədər əzəmətli olduğunu düşünür, Allahın böyüklüyü qarşısında daxilən baş əyib, səcdə edirdi.

Nənə ilə nəvə təbiətin gözəlliyinə qovuşaraq xəyallar aləmində ikən qəflətən eşidilən küt və boğuq səs onları diksindirdi. Sara arvad oturduğu yerdən sıçrayıb, tez də arxası üstə moruq kollarının üstünə düşdü.

Eldar nənəsinin bu qeyri-adi hərəkətindən təəccüblənərək onun getdikcə qanı qaçmış üzünə, hərəkətsiz bədəninə baxdı. Nənəsi qollarını geniş açaraq müxtəlif biçimli yaşıl otların, gül-çiçəyin arasında sərələ qalmışdı. Onun göz bəbəkləri tərpənmədən qarşıdakı dağın zirvəsinə kölgə salan bır topa bəyaz buluda zillənmişdi. Gözlərinin işığı getdikcə sönürdü.

Eldar nənəsini silkələyib bu xoşagəlməz donuqluqdan qurtarmağa çalışsa da istəyınə nail ola bilmirdi.

Sara arvad son gücünü toplayıb astadan: - Ermənilər, ermənilər -deyib, əbədi olaraq gözlərini yumdu. Balaca Eldar ölümün nə olduğunu bilmirdi. Onun beynində hələ tam inkişaf edib yetişməyən bilgi kələfləri ölümü mahiyyətcə qavraya bilmirdi. O, insanlardan "ölüm" sözünü çox eşitsə də, insanların ölməzliyinə inanırdı. Nənəsi isə onun gözündə dünyanın ən güclü adamı idi. Odur ki, Eldar nənəsini ciddi-cəhdlə uyuduğu dərin yuxudan oyatmağa çalışırdı. Sarsıntı içində çabalayan çocuq qəflətən əllərinin qanla boyandığını gördü. İnsan qanının rəngi, qoxusu onun keyləşmiş duyğularını inistik olaraq tərpətdi. O, nənəsinın sinəsində qan ləkələrini gördü. Bu görüntü onun hafizəsini cilovlayaraq bir yerə yığa bildi. Şüuru bu hadisədən nəticə çıxarmağa imkan verdi. O, dərk etdi ki, ermənilər güllə ilə nənəsinı vurub öldürmüşlər. Eldar nənəsinin yaxasını buraxıb qarşıdakı dağın sinəsinə baxdı. Onun baxışları hər tərəfə dolanaraq erməni axtardı, lakin görə bilmədi.

Eldar ermənini üzbəüz görməsə də, camaatın danışığından erməniləri qaniçən, görünüşcə insana bənzəməyən vəhşi bir varlıq kimi təsəvvür edir, insanların bu pis məxluqları qırıb qurtarmamalarına təəcüblənirdi. O, fikirləşirdi: - Axı insanlar ermənilərdən çoxdur, onlarla bacara bilərlər.

...Erməni snayperçiləri dörd nəfər idi. Onlar balaca oğlanın çaş-baş qaldığına baxıb öz aralarında nəyisə götür-qoy edirdilər.

 

Surxay SƏLİM

 

Ədəbiyyat qəzeti.- 2018.- 6 may.- S.23.