Yaşamağı öyrədən roman  

 

İqor Volnitskinin "Mənə ölməyi öyrət" romanındakı irfani şifrələr

 

Bir müddət əvvəl ölkəmizdə Moldova ədəbiyyat günləri keçirildi. Moldovanın yazıçılarıyla görüş də olmuşdu. Həmin gün mən təsadüfən, daha doğrusu, bir işlə bağlı İlqar Fəhmiylə görüşmək üçün Yazıçılar Birliyinə getmişdim.  Elə alındı ki, mən də o tədbirə qatıldım. Tədbirdən sonra ustadın otağında həmin moldovalı yazıçılardan birinin kitabı diqqətimi çəkdi. "Mənə ölməyi öyrət" adlı kitabı oxumaq üçün İlqar müəllimdən götürdüm.

Evdə çantamı səliqəyə salanda içindəki kitabları çıxardım. Oxumaq üçün isə Vladimir Nabokovun "Edama çağırış" romanını seçib çantama qoydum.

Səhər işə gedəndə çantadan kitabı çıxardım. Kitab dünən çantama qoyduğum Nabokovun romanı deyildi. Ustaddan götürdüyüm "Mənə ölməyi öyrət" adlı həmin kitab idi. Çantaya baxanda Nabokovun kitabını da orda gördüm. Deməli, çantanı boşaldanda kitablardan birinə fikir verməmişdim. Əlimdəki kitaba diqqətlə baxdım. Müəllifinin adı İqor Volnitski idi, yaşlı da sayılmazdı. Tərəddüd etmədən əlimdəki qara üzlü kitabı çantama qoyub Nabokovun romanını götürdüm. Sevdiyim yazıçının əsərindən zövq almağıma şübhə yox idi. O biri kitabı sonraya saxlamağı düşündüm. Ustadın kitabını açmaq istəyəndə bir anlıq dayandım. Düşündüm ki, əgər mən indi tanımadığım gənc yazarın kitabını oxumuramsa, başqa bir oxucu da mənim kitabımı oxumayacaq. Məni daha böyük yazıçıyla əvəz edib ehtiyat oyunçuların yanına göndərəcək. Kitabların yerini dəyişdirdim. Qatar stansiyaya çatanda "Mənə ölməyi öyrət" kitabı artıq əlimdəydi…

 

Ölümü gözləmək

 

Roman yüz yaşını adlamış, ölmək istəyib lakin ölə bilməyən  bir qocanın taleyindən bəhs edir. Qocanın ailəsindən heç kim həyatda deyil. Öz evində tək-tənha yaşayan kişi ölməyin yolunu tapa bilmir. Hər gün həyətindəki gilas ağacının altında oturub niyə ölmədiyinin  fikrini çəkir, özü-özünə suallar verir, ancaq heç bir cavab tapa bilmir... Ta ki, ölüm mələyi onun həyətində peyda olana qədər. Ölüm mələyi bir qarının cildində onun yanına gəlir. Ölümünü arzulayan qoca ölüm mələyini tanıyır. Fikirləşir ki, ölüm mələyi nəhayət ki,  onun canını almağa gəlib. Lakin getdikcə fəhm edir ki, ölüm mələyinin belə bir niyyəti yoxdu. Ona görə də özü dilə gəlib ölüm mələyindən niyə onun canını almadığını soruşur.  Ölüm mələyi  deyir ki,  ölə bilməmək sənin cəzandı. Mənim işim can almaqdı amma bunu Yaradanın icazəsi olmadan edə bilmərəm. O isə sənin ölməyinə hələ icazə vermir. Əslində məndən olsa sənin canını alardım. Qoca təəccüblənir. Ölmək üçün neyləməli olduğunu dərk etmək istəyir. Bu an ölüm mələyinin dediyi cümlə bəlkə də bu dəyərli romanın məhək daşıdır: "İnsanların niyə doğulduğunu başa düşməmisənsə niyə öldüklərini də anlamayacaqsan"

Qoca ölüm mələyindən yardım istəyir. Ölüm mələyi deyir ki, burda mən sənə ancaq bəzi məsləhətlər verə bilərəm. Qalanını özün tapmalısan. Ölüm mələyi bu sözləri deyib yoxa  çıxır.

Kişi bundan sonra ancaq öz həyatı, öz keçmişi barədə dərindən düşünməyə başlayır. Öz ailəsini, vəzifəsini,  keçmişini,  niyə tək qaldığını, nə üçün ölə bilmədiyini fikirləşir. Yazıçının dili, romanın magikrealizm ab-havası mənə Markesin əsərlərini xatırlatdı.

Qoca ölüm mələyi ilə görüşündən sonra keçmişi beynində çək-çevir etməyə başlayır. Yazıçı romanı iki hissəyə bölür, bir keçmiş, bir də indiki zaman. Kino diliylə desək, hadisələr, qocanın gəncliyi "fləşbek"lərlə oxucuya göstərilir.  Məlum olur ki,  qoca cavanlığında dövlət işçisi olub. Qoca Sovet rejiminin tələb etdiyi qaydalara boyun əyməyən,  günahsız insanları ölümə məhkum edirmiş.  Həmin Qoca mənə Mircəfər Bağırovun prototipi təsirini bağışlayırdı. Görünür,  Moldovada da Bağırov kimi adamlar çox olub.

İlk baxışdan oxucuda belə təəssürat yarana bilər ki, yazıçı qocanın qəddar həyatına görə ölə bilmədiyini göstərir.  Ancaq bu əsərin zahiri qabığıdır, əsas məsələ isə başqadı. Roman əslində Allah - insan münasibətlərini aydınlaşdırmağa xidmət edir. Bunu nə qədər bacarır bu başqa məsələdi. Ancaq bir xeyli qaranlıq məsələyə işıq tutur.

Xahiş edirəm, işıq məsələsini yadınızdan çıxarmayın. Çünki Volntiskinin bu əsərini bir sözlə ifadə etməli olsaq, çəkinmədən deyərdim - İŞIQ!

 

Hər insanın bir Ağrı dağı var

 

Qoca hər gün həmin gilas ağacının altında keçmişini çək-çevir edir. Nə qədər əlləşib-vuruşsa da, etdiyi səhvləri səhv kimi qəbul edə bilmir. Fikirləşir ki, bu onun işi olub. Bəs niyə görə ölə bilmir. Bu zaman ölüm mələyi bir qarğanın cildində peyda olur. Ölüm mələyilə Qocanın görüşü həmişə gilas ağacının altında baş verir. Məşhur İran rejissoru, ustad Abbas Kiarostaminin "Gilasın tamı" filmində ölmək istəyən  adam bir nəfər axtarır ki, özünü öldürsün. Axırda bir gilas ağacından özünü asmaq qərarına gəlir. Düşünürəm ki, yazıçı qocayla ölüm mələyinin görüşünü həyətindəki gilas ağacının altında verməklə həmin filmə incə bir göndərmə edir.

Qoca ölüm mələyinə heç cür cavab tapa bilmədiyini,  Tanrının niyə onun canını almadığını  anlamadığını söyləyir. Ölüm mələyi yenə qeyd edir ki, buna ancaq onun özü cavab tapmalıdır. Yalnız bundan sonra onun canını almağa ixtiyarı çatır. Ölüm mələyi qocanın çarəsizliyini görüb sanki ona bir anlıq rəhmi gəlir. Deyir ki, sənə kiçik bir sirr açacam. Bəlkə bu sirdən yapışıb ölə bilməməyinin səbəbini tapasan.  Qarğa cildinə girmiş ölüm mələyi qocaya böyük bir həqiqət açır. Deyir ki, hər insanın bir ağrı dağı var. İnsan doğulanda bu dağ da yaranır. Təbii ki, ilkin halda dağ olmur, balaca  təpə kimi  bir nəsnə olur. lakin insan nə qədər bu dünyada ağrı çəkirsə, başqa insanlara nə qədər ağrı verirsə bu dağ da böyüyür. Sənin ağrı dağın da həddən ziyadə böyüyüb. O qədər böyüyüb ki, bununla ölmək çətindi.  Mən ancaq ağrı dağının olduğunu sənə deyə bilərəm. Bu dağı necə böyütmüsən? Kimlərin ağrıları var səndə, bunu yenə də özün tapmalısan.

Qoca bu sözdən sonra bir xeyli düşünür. Başa düşür ki, daha da keçmişə getməlidir. Qoca uşaqlığını düşünəndə anasıyla olan söhbəti yadına düşür. Anası həmişə deyərdi ki, sən doğulan gün bir keşiş insanları düşmən qabağına çıxarıb nahaqdan qırğına verib.  O adamların ah-naləsi göyə yüksələn zaman sən dünyaya gəlmisən. Onların bütün ah-nalələri sənin ruhuna hopub. Qoca  bir anlıq fəhm edir ki, bütün o adamların ah-naləsi onun canına hopduğu üçün onun ağrı dağı belə böyüyüb. Ancaq bunun da bir köməyi olmur. Çünki qoca nə qədər edirsə, ölüm mələyi görünmür. Onun canını almağa gəlmir. Qoca yenə də keçmişə boylanır. Kəndlərdə kommunizmə qarşı olan nə qədər insanı sürgün elədiyini xatırlayır. Ancaq onun beynində bir sual yaranır. Əslində bu sual tək onun yox, kitabı oxuyan bir çox oxucunun beynində əmələ gəlir. Əgər qoca dünyaya gələndə ah-nalələr onun ruhuna hopubsa onda belə çıxır ki,  qocalıq bir şey yoxdu. Ağrı dağını o özü yaratmayıb.

Yazıçı burada mənim çox sevdiyim və hələ də tam çözə bilmədiyim bir məsləyə işıq turur. İradə azadlığı və fatalizm. Yəni insan nəyisə dəyişə bilərmi?  Roman da əslində məhz bu suala cavab axtarır sanki.

Görünür bu məsələ bir xristian yazıçı kimi İqor Volnitskinin hər zaman təhtəlşüurunda gəzdirdiyi    həmişə həll eləməyə çalışdığı əsas problemlərdəndir. Çünki Xristian fəlsəfəsində  Tanrının oğlu İsa bütün bəşəriyyətin günahlarını öz üzərinə götürür. Əslində burda incə bir məqam var. Deməli,  İsa peyğəmbərin çəkdiyi əzablara görə bütün xristianlar günahkardı.  Bu problem protestanlıqda daha mürəkkəb bir şəkil alıb. Belə ki,  ilk günahı işləyən Adəm Allahın mərhəmətindən məhrum olaraq cənnətdən qovulur. Ona görə də bütün insanlar günahkardılar. İstəsələr də günah anlayışından qıraqda deyillər.

Romanı oxuyanda ilk öncə məndə belə fikir yarandı ki, yazıçı qocanı günah içində doğulan və ömrü boyu da bu günahla yaşamağa məhkum olan biri kimi təqdim edir. Ancaq barmaqlarım vərəqləri çevirdikcə əsərin daha dərinlərə və ya daha ucalara çıxdığının şahidi oldum.

 

Allaha gedən yol.

İrfani elementlər

 

Qoca öz keçmişini düşünəndə ailəsini-oğullarını, qızlarını, nəvələrini necə itirdiyinin şahidi olur. Hətta özündən yaşca kiçik sevgilisi İlinkanın intiharında belə o, özünü günahkar saymır. Fikirləşir ki, o həmişə öz işini icra etməklə məşğuldur. Gələn bədbəxtliklərinsə onun işinə aidiyyəti yoxdur. Qoca özündə günah görmür. Çünki onun üçün günah xəttini müəyyən edən qaydalar sistemi yoxdur, onun təfəkküründə Allah anlayışı yoxdur.

Qoca isə bunları hələ də fəhm etmir. Ölüm mələyi ilə növbəti görüşlərində yenə onun canını almasını istəyir,  ancaq ölüm mələyi deyir ki, şərtimiz var ki,  sən özün öz həyatını dərk etməli, niyə ölə bilmədiyini aydınlaşdırmalısan. Bundan sonra qoca anasının ona dediklərini, o doğulan gecə öldürülən insanlardan danışır. Ölüm mələyi deyir ki, bəs sənin öldürdüyün insanlar da çoxdur. Qoca yenə də bunun iş olduğunu, buna məcbur oluğunu, bunu etməsə də lənətli olduğunu deyir. Ölüm mələyi hiss olunur ki, onunla razı deyil. Bəlkə də Tanrının qəzəbinə bunun üçün gəldiyini deyir.

Qoca ölüm mələyi  gedəndən sonra olub-keçənləri bir daha fikirləşir. Görəsən o Tanrıya inanmadığı kimi Tanrıdamı ona inanmırdı, onu unutmuşdu?  Qoca öz qızlarının, oğlanlarının necə ölməsini yadına salanda bəzi mətləblər ona agah olur. Xatırlayır ki, o, bütün övladlarının ölümünü lap əvvəldən yuxusunda görür. Amma onları qurtara bilmir. Çünki övladları onun zabitəsindən, qaydalarından ya çox qorxub ondan uzaq gəzirlər, ya da ona nifrət edib əlaqəni kəsirlər. Sanki bu yuxularla Allah qocaya işarələr yollayırmış. Qoca bunu o zamanlar, sadəcə, qəbul etmək istəmirmiş.  Deməli,  Tanrı onu unutmayıb. Demək o həmin vaxt işarələrə düzgün əməl etsə, onları düzgün qavrasa, hər şey tamam başqa cür ola bilərmiş.

Yazıçı  bununla da  ilkin günah anlayışını arxa plana keçirir. Yəni insan tam günahkar deyil. Allah onun bağışlanması üçün, düz yola gəlməsi üçün işarələr yollayırmış. Romanı oxuduqca İqor Volnıtskinin fəlsəfi düşüncəsi mənim üçün açılmağa başlayırdı. Əvvəlcə bəzi fikirlər mənə çox qəribə gəlirdi. Bəzən də düşünürdüm ki, mən moldovalı yazıçının əsərini yox, hansısa Şərq filosofunun əsərini oxuyuram.

Əsərdəki insan-Allah münasibətləri mənə Şərqin irfan alimlərinin fikirlərini xatırladırdı. Əvvəlcə fikirləşdim ki,  yəqin yazıçı islamla, xüsusilə sufiliklə, irfanla tanışdır. Çünki əsərin bütün fəlsəfi mahiyyəti günahlardan arınıb Allaha sığınmaq üzərində qurulub. Özü də sırf irfan yoluyla.  Bir azdan bu haqda daha ətraflı söz açacağıq. Daha sonra bu haqda düşünərkən birdən mənə aydın oldu ki,  əslində tövhid dinlərin, yəni Allaha inanan dinlərin hər birində bu anlayış mövcuddur. Yəni tək bir Allah var və insanlar onu düşünməklə, ona yüksəlməklə həqiqəti tapa bilərlər.

Romanın bəzi yerlərini oxuyanda sanki İbn Sinanın, Tusinin, Əl-Qəzalinin əsərlərinin ab-havasını duymaq olur. Sanki  mətnə diqqətlə nəzər salanda ordakı irfani şifrələri görmək mümkündür. Yazıçı həmin şifrələri yüksək peşəkarlıqla süjetin içində əridə bilib. Həmin şifrələr yalnız süjeti parçalayandan sonra görünür. Belə ki, mənə görə əsərin əsas mahiyyəti irfanda bəhs edilən kəsrət-vəhdət, Allaha gedən yol anlayışından ibarətdir. Orda qeyd olunur ki, dünya kəsrətdir. Yəni ikilikdir.  Ağ-qara, gecə-gündüz, yaxşılıq-pislik və s. Lakin diqqətlə baxanda bu kəsrətin özünün kökü vəhdətə-yəni ki, təkliyə gedib çıxır. Yəni əslində kəsrət vəhdətin olmadığı yerdə ortaya çıxır. Onlardan biri illuziya xarakteri daşıyır. Bu, Eynşteynin dediyi "qaranlıq özü yoxdu, qaranlıq işığın olmadığı yerdir" fikriylə üst-üstə düşür.  Yəni pislik yaxşılığın qeybə çəkildiyi anda yaranır. Bu fikri biz ilkin xristian filosofu Avqustinin əsərlərində də başqa formada görə bilərik. Bu oxşarlıqlar təbiidir. Deyirlər dünya güzgülər üstündə qurulub hər şey bir-birinə oxşayır. Bir İran filmində deyildiyi kimi dünyada nə qədər insan varsa, o qədər Allaha gedən yol var.

İqor Volnitskinin əsərinin qəhrəmanı əslində öz həyatına nəzər yetiməklə, keçmişi analiz etməklə öz bəsirət gözünü açır. Romanın finalı çox gözəl işlənib. Belə ki,  ölüm mələyi şans verir ki, ölməmişdən qabaq öz ağrı dağını görə bilsin.

Qoca öz bağında şamlar yandırır, ömrünün son anında bütün övladlarının, arvadının,  o doğulan gün ölən insanların, ölümə məhkum etdiyi adamların ruhunu görür. Onlardan kiməsə yaxınlaşıb söhbət etmək istəyir amma sonra fikrindən daşınır. Heç nəyi korlamaq istəmir. Sanki elə ölə bilməyi Allahın ən gözəl lütfü bilib ruhunu Tanrıya təslim edir.

Bu roman kimi dəyərli əsərlərin dilimizə tərcümə olunması təqdirəlayiq addımdır. Ümid edirəm ki, belə gözəl əsərlərlə tez-tez tanış olacağıq.

 

Pərviz Seyidli

 

Ədəbiyyat qəzeti.- 2018.- 12 may.- S.26-27.