Klassik nəsrin plastika imkanları

 

İnsanın mənəvi-psixoloji dünyası o qədər zəngin və mürəkkəbdir ki, bədii sözün gücü ilə onu kamil ifadə etmək, canlandırmaq xüsusi hünər istəyir! Və psixoloji-emosional məqamlarda portret təsvirlərinin, habelə mimika və jestlərin, konkret vəziyyətlərin - pozaların fəal rolu, əhəmiyyəti şübhəsizdir. Bədii təsvir və təhkiyə vasitəsilə surətin yaşadığı bütün məqamları, mənəvi-psixoloji anları tam dəqiqliyilə oxucu təsəvvüründə canlandıra bilmək, onun səsinə, sözünə, fəaliyyətinə həyat nəfəsi vermək, canlı insan təsəvvürü yaratmaq, onun sevincinə, kədərinə adekvat emosiya doğurmaq, şübhəsiz ki, dərin və zəngin müşahidə istedadı ilə bərabər, xüsusi sənət qüdrəti də tələb edir.

Realist inikasda, xüsusən tənqidi realizm nümunələrində həmin üsuldan məhz realist vasitə kimi istifadə olunmuşdur. C.Məmmədquluzadə və Ə.Haqverdiyev yaradıcılığında mükalimə, mübahisə anlarında, ifadəli, məzmunlu jestlərdən istifadənin, yaxud surətin vəziyyətini qabarıq nəzərə çatdıran sözlə rəsm edilmiş konkret görünüşünün təsəvvürlərdə canlandırılması halları diqqəti cəlb edir.

Klassik nəsrimizdə ifadəli, təsirli mimika detallarına, təsvirlərinə də rast gəlirik. Müəyyən psixoloji gərginlik məqamında təəccüb, təəssüf, heyrət, dəhşət və s. kimi ruhi anlar insanların simasında çox vaxt qabarıq təzahürünü tapdığı kimi, nasirlərimizin əsərlərində də bu qisim detallardan, ştrixlərdən, zahiri portret görüntülərindən istifadə təcrübəsi çox maraqlıdır, zəngindir.

Nəsrimizdə müsbət və mənfi xarakterli zahiri portretlərin çox zəngin qalereyası olduğu kimi, portret dinamikasına - müxtəlif psixoloji məqamlarla əlaqədar əmələ gələn dəyişikliklərə, yaşanılan əhvalın sifət cizgilərindəki müxtəlifliyinə, sifətdə (portretdə) təzahür hallarına aid maraqlı nümunələr də az deyildir.

Həqiqi yazıçı bir növ söz rəssamıdır! O, surətin daxili dünyasını yaratmaqla bərabər, onun bütöv zahiri görünüşündəki dəyişikliyi də kənardan seyr edirmiş kimi görməlidir və göstərməyi də bacarmalıdır. Məhz mimika və jestlərin köməyi ilə surət daha görümlü və yaddaqalan olur, daha canlı və effektli təsirə malik olur. Yeri gəlmişkən, onu da qeyd edək ki, klassik nəsrimizdə rəng effektindən də səciyyələndirmə vasitəsi kimi psixoloji, ruhi, simvolik və s. məqamlarda istifadə olunmuşdur.

Çox vaxt mimika və jestlərin fikri, hissi qabarıq, ifadəli nəzərə çatdırmaq imkanları sözlərdən daha dəqiq və etibarlı olur. İnsan müxtəlif məqsədlərlə əsl niyyətini gizlədə bilər, yalan danışar, aldadar və s. Lakin yalandan ağlaya bilməz, simasında süni faciəvi görkəm yarada bilməz, yalandan heç ürəkdən gülmək də olmaz... Bütün məqamlarda saxtalıq, riyakarlıq mütləq özünü büruzə verəcəkdir. Mimika və jestlər isə insanın psixoloji halının ən təbii təzahürləridir. Onları əvvəldən "proqramlaşdırmaq" olmaz! Baxışlar heç vaxt yalan danışmaz. Təsadüfi deyildir ki, gözlər qəlbin aynası hesab olunur. Mahir sənətkarlar surətin təkcə qəzəbli, heybətli baxışları ilə onun xarakterinin əsl mahiyyətini və ya müəyyən məqamdakı əhvalını sərrast ifadə edə bilmişlər. Danışıq ədaları isə məhz əl-qol hərəkətləri ilə (jestlər ilə), habelə müəyyən bədən vəziyyətləri vasitəsilə çox vaxt tamamlanır, daha ifadəli nəzərə çatdırılır. Mimika və jestlər surətlərin fərdiləşməsi üçün də çox əlverişli vasitədir.

Hegel yazır: "İncəsənət haqqında bunu təsdiq etmək olar ki, o hər hansı bir surətin qəlbini aşkarlayan zahirinin bütün nöqtələrini göz önündə canlandırır və (ruhunu) aydınlaşdırır... O, göz önünə təkcə bədən quruluşunu, sifətinin ifadəsini, davranışındakı jestləri və maneranı deyil, həm də eyni ilə hərəkətləri və hadisələri, səsinin, nitqinin və səslərin modulyasiyasını sonadək göz önündə canlandırır..."

Aydındır ki, sənətkar bəhs etdiyi hər şeyi ilk növbədə xəyalən özü görür, özü yaşayır, surətlərin hər kiçik hərəkət və yaşantılarını özü təsəvvür edir. Böyük ədiblərin (Hüqo, Balzak, Flober, Tolstoy və b.) xatirələrindən məlumdur ki, bədii qəhrəmanların sarsıntılarını hamıdan əvvəl və yəqin ki, hamıdan daha çox onların özləri yaşamalı olmuşlar. Lakin əsl məharət sənətkarın təsəvvürlərini bədii təsvirə çevirə bilmək və oxucunu da eyni dərəcədə həyəcanlandırmaq qüdrətidir!

Müxtəlif səviyyəli oxucu zehnində, təsəvvüründə bədii surətləri daha "görümlü" canlandırmaq üçün və beləliklə, müəllif fikirlərinin daha əyani nümayişi üçün bir növ vizual təsəvvür üsullarına müraciət olunur. Bəzən surətlərin müxtəlif məzmunlu sifət cizgiləri, mimikaları, həmçinin əl-qol hərəkətləri, jestləri, hətta müəyyən məqamlara uyğun vəziyyətləri, konkret pozaları da çox "söz deyir". Yazıçı surətin fərdi xarakterinin belə "görümlü" əlamətlərindən yerli-yerində istifadə etməyi bacarmalıdır. Çünki bütün bunlar surətin xarakterinin fərdi təzahürləri olmaqla bərabər müəyyən ictimai mövqe, şəxsi münasibət, hətta vərdiş əlamətləri də ola bilir. Bunlar, əlbəttə ki, sənətkar fərdiyyəti ilə, üslubi keyfiyyətlərlə daha çox əlaqəlidir.

Bədii nəsrdə surətin hərəkətləri barədə daha çox xəbər verilir, işarə olunur; təfərrüatlı təsvir nisbətən az olur. Lakin hərəkətin, fəaliyyətin, yaxud konkret vəziyyətin oxucu nəzərlərində canlandırılması, əlbəttə, daha effektlidir, emosional yüklüdür. Bu isə müəllifdən xüsusi məharət - söz plastikasına sahib olmaq qüdrəti tələb edir. Sənətkar özü xəyalən görə bildiyi hərəkət prosesini, dinamikanı bədii sözün vasitəsilə oxucu nəzərlərinə, təsəvvürünə müfəssəl köçürməklə, şübhəsiz, bədii təsvirin bir növ əyaniləşməsinə nail olur, həyatilik gücünü və estetik emosionallığını xeyli artırmış olur.

Belə hallarda hadisələr sanki səhnədə, tamaşa məqamında göstərilir, əyaniləşdirilir, bir növ, nümayiş olunur. Təbii ki, belə məqamlar çox kiçik olur, epizodik xarakter daşıyır, bəzən lap bir neçə cümləlik olur.

Bədii əsərdə əyanilik baxımından, sözsüz ki, ilk tanışlıq vasitəsi surətlərin zahiri portret təfərrüatlarıdır. Və təsadüfi deyildir ki, oxucu Xudayar bəy, yaxud Şeyx Şəban adlarını eşitdikdə onun nəzərində dərhal müəlliflərin həmin surətlərə dair yaratdıqları kamil, tipik portret təsvirləri canlanmış olur. Və bədii tip, xarakter haqqında nisbətən konkret təsəvvür də onun portreti ilə tanışlıqda hasil olur.

Lakin əsər boyu onun hərəkətlərini, fəaliyyətini daha inandırıcı, təbii və emosional canlandırmaq üçün kino kadrlarına, yaxud səhnə mizanlarına bənzər şəkildə əyaniləşdirmək effekti də böyük ustalıqdır. Realist nəsrimizin zirvə məqamları olan C.Məmmədquluzadənin və Ə.Haqverdiyevin əsərləri bu baxımdan daha maraqlıdır, zəngindir. Məhz bu cəhətlər həmin ədiblərin qüdrətli realizminin də mühüm atributları, səciyyəvi əlamətləridir. Onların nəsrində mimika elementləri nisbətən azdır, amma jestlərin, vəziyyətlərin, pozaların təsviri rəngarəngdir.

Hər bir sənətkarın yaradıcılığı ümumilikdə onun görmək istədiyi dünyanın və gözəllik, ucalıq arzularının bədii mücəssəməsidir; səadət ideallarının poetik düşüncələridir, tövsiyələridir, mübarizə amallarıdır.

Əsl bədii hünər isə bu ictimai və estetik idealların bədii sənət qüdrəti ilə canlandırılmasındadır, idealın obrazlı təcəssümündədir. Bədii sözün sənət qüdrəti həyat materialını canlandırmaq bacarığındadır; surətlərə nəfəs və səs vermək, oxucu təsəvvüründə onları düşünən, danışan, fəaliyyət göstərən canlı varlıqlar kimi bədii təxəyyül proyeksiyasında yaddaşlara həkk etmək məharətindədir. Bu, xüsusi məharətdir, təxəyyül və təsvir müştərəkliyinin zənginliyinin zirvə nailiyyətidir.

Teatr və kino sənətində də mimika və jestlər geniş yer tutur. Pantomimo sənəti isə məhz mimika və jestlərə əsaslanır. Böyük fransız aktyoru Marsel Marsonun pantomim teatrı və Moskvadakı "Mimika və jestlər teatrı" bunun müstəsna nümunələridir. Bütün bunlar mimika və jestlərin bədii sənətdə insan xarakterinin, psixoloji ovqatın ifadəsində, nəzərə çatdırılmasında böyük təsirini, hətta, yeri gələndə, nitqdən də effektli olmasını sübut edir. Həm də bunlar bədii təsvirdə söz plastikasını gücləndirir, təhkiyə tempinə dinamika gətirir və ümumilikdə  realist təsvirin həyati gücünü, təsir, təlqin effektini xeyli dərəcədə artırmış olur. Ən başlıcası isə jestlərdə, pozalarda zaman və məkan səciyyəviliyi də izlənilir, milli və tarixi kolorit təzahürünü tapmış olur.

Sözlə sərrast rəsm edilmiş portretlər, hərəkət və jestlər, hətta mimikalar hadisəni görümlü, relyefli edir və onda maraqlı, əhəmiyyətli olur ki, onlar müəyyən bədii funksiya daşıyır, bir növ, əlavə məlumatlı olur, "söz demiş olur". Ə.Haqverdiyevin "Haqq mövcud" hekayəsində surətin əl hərəkətləri, bir növ, müəllif sözlərini əvəzləmişdir. Məşədi Əkbərin pristava rüşvət verməsi məhz onun jestləri - əl hərəkətləri vasitəsilə belə göstərilmişdir: "Məsələsinə arif, həmişə öz təklifini bilən Məşədi Əkbərin sağ əli getdi arxalığın cibinə və pristav da zənn ilə gözlərini dikdi onun əlinin hərəkətinə. Bir azdan sonra əl, cibindən çıxdı və bir dəstə əskinaz pristavın masasının üstünə qoyuldu".

Bu epizod oxucu nəzərlərində az qala cizgi filmlərində olan bir dəqiqliklə canlandırılmışdır; özü də yalnız hərəkətlərlə.

Yaxud:  "Xudayar bəy bu dəqiqə bu halətdə oturmuşdu diz üstə, sağ əlinin dirsəyi sol əlinin kəfəsində, sağ əlində təsbeh, başını salmışdı dala; guya ki, ağzına su alıb, qarqara eləyir, gözünü evin səqfinə dirəyib, deyəsən pərdini sayırdı. Amma söz yox, pərdi saymırdı, "qulhüvəllah" deyirdi" (C.Məmmədquluzadə. "Danabaş kəndinin əhvalatları").

Burada Xudayar bəyin xarakterinə uyğun səciyyəvi bir vəziyyət, poza canlandırılmışdır. Yaxud: "Novruzəli hər iki əlini açdı xanın qabağına, qorxa-qorxa kağızı aldı, bir az baxdı kağıza, bir az baxdı xanın üzünə, sonra çəkildi divara səmt və yerə əyilib istədi kağızı qoysun divarın dibinə..." (C.Məmmədquluzadə. "Poçt qutusu").

Bu təsvirdə əsas diqqəti çəkən oradakı "görümlü" təfərrüatların köməyilə yaradılmış səciyyəvi vəziyyətdir, pozadır; lap əslində böyük sənətkarın həyatı canlandırmaq qüdrətidir, realizminin portret yadigarıdır.

"Portret, həmçinin, personaja məxsus xarakteri bədən hərəkəti və vəziyyəti, jest və mimikası, üz və gözünün ifadəsi ilə cəmləşdirir. Beləliklə, portret "xarici insan" cizgilərinin möhkəm, stabil kompleksini yaradır" (V.E.Xalizey).

Məharət ondadır ki, bu misallarda heç bir şey artıq deyildir, hər bir xırda detalın, hərəkətin zəruri mövqeyi vardır. Xudayar bəyin "müsəlmanvari" oturuşunda patriarxal mühitin tipik bir nümayəndəsinin özünəməxsus kamil portreti canlandırılmışdır.

Novruzəliyə məxsus kiçik epizodda isə demək olar ki, onun bütün xarakteri canlandırılmış olur; mühitinin iflic etdiyi bu zavallı kəndlinin mənəvi faciəsi əyaniləşdirilir. "Bu kişi sözünü deyib dik-dik baxdı Məhəmmədhəsən əminin üzünə. Qeyriləri də gözlərini dikib yerə, fikrə cummuşdular; çünki vaqeən bu məsələ dərin məsələdi" (C.Məmmədquluzadə. "Danabaş kəndinin əhvalatları").

Yeri gəlmişkən, çox vaxt nəsr qəhrəmanlarımızın zahiri görkəmindəki rəng əlvanlığı, "geyim xarakteri", təbiətinin, şəxsiyyətinin, bir növ, zahiri təzahürü olan görünüşü nəzərə çatdırılmır. Klassik nəsrimizdəki surətlərin böyük əksəriyyəti ağ-qara filmlərinin görüntülərini xatırladır. Halbuki, geyim zövqü və ya adəti həm tarixi-etnoqrafik baxımdan, həm ruhi-psixoloji cəhətdən, həm də zaman-məkan etibarilə çox fərqli və fərdi olmalıdır.

Özü də məhz bu cəhət əsərdə nəinki psixoloji, həm də çox fəal bədii-estetik vasitəyə çevrilə bilər. Təbiət təsvirlərində az-çox rəng əlvanlığına rast gəlmək olur, insan təsvirlərində isə bu son dərəcədə azdır, zəifdir. Bəlkə, nəsrimizdə bu ənənə tarixən zəif olmuşdur?

Surətlərin müəyyən məqamlarda konkret, dəqiq pozalarda, vəziyyətlərdə belə göstərilməsi bədii təsvir və təhkiyənin həyatilik effektini də xeyli dərəcədə artırmış olur.

Məhz belə əyani təfərrüatlarla, vasitələrlə konkret bir mühitin insanlarının davranış qaydaları, etiqad və inanc xüsusiyyətləri də əyani şəkildə nəzərə çatdırılır. "Məşədi Molla Həsən pulları götürüb, əvvəl tutdu günün qabağına, sonra saldı cibinə, sol dizini qalxızdı yuxarı, kağızı sol əlinin içində qoydu dizinin üstə" (C.Məmmədquluzadə. "İranda hüriyyət").

Yaxud: "Sadıq kişi aynanı alıb və gözlərini yumub bir salavat zikr etdi və aynanı əvvəl sağ çiyninin, sonra sol çiyninin qabağına aparıb tutdu üzünün müqabilində və gözlərini açıb sol əli ilə başladı qırmızı saqqalını tumarlamağa və bir dəfə də salavat çevirib, aynanı qaytardı Usta Hüseynə..." (C.Məmmədquluzadə. "Dəllək")

Köhnə müsəlman dünyasına aid bu tipik epizodlar necə də sərrast rəsm edilmişdir!

"Danabaş kəndinin əhvalatları" povestində Xudayar bəyin amansız təzyiqinə məruz qalmış köməksiz Zeynəbin faciəsini canlandıran kiçik bir lövhə: "Vəliqulu bir söz danışmayıb, başını salmışdı aşağı və əlində bir çöp oynadırdı. Fizzə bacısı Ziba kimi əllərini gözlərinin üstə qoyub, həmçinin ağlamağa başladı. Vəliqulu üzünü anasına çöndərib sual elədi:

- Ana, bə sən Səkinə xalaya nə cavab verdin?

Anası bir cavab vermədi... Uşaqlar səslərini kəsib, yavuqlaşdılar analarının yanına. Ziba keçib otdu anasının qucağında. Fizzə də sağ tərəfdən anasını qucaqlayıb, təəccüblə baxırdı qardaşının üzünə".

Bu miniatür lövhədə yazıq bir ailənin dəhşətli əzabları, faciəli taleyi mahir rəssam ustalığı ilə, tam dəhşəti ilə nəzərə çatdırılmışdır.

Ə.Haqverdiyevin nəsrindən bəzi səciyyəvi nümunələrə diqqət edək: "Xəlilin anası üzünü örtüb küncə girdi və Xəlil də əlini döşünə qoyub mollasına təzim edib ədəblə durdu" (Ə.Haqverdiyev. "Ata və oğul").

Bu bir cümlədə konkret bir zamanın etik normaları sərrast təcəssümünü tapmışdır.

"Yuxarıda qulluqçu otağın qapısını açıb, özü iki əlini yanına qoyub, saldat misal durub onları içəri saldı" (Ə.Haqverdiyev. "Ata və oğul").

Burada da mühitin rəsmi etiketi nəzərə çatdırılmışdır. Ə.Haqverdiyev nəsrində jestlərdən, hərəkətlərdən komik vasitə kimi daha çox istifadə olunmuşdur. "Xortdanın cəhənnəm məktubları" povesti bu cəhətdən daha maraqlıdır. Cəhənnəmdəkilərin təsvirində oradakı məşhur adamlar haqqında müfəssəl məlumat verilir. Və o zamankı müsəlman aləmində məşhur olan ruhani Molla Ağa Fazili-Dərbəndi belə təqdim olunur: "Fazil meydanın ortasında başı açıq, qurşağadək çılpaq əyləşib. Sağ tərəfində bir təşt palçıq və sol tərəfində bir səbət saman. Bir əli ilə sifətinə, başına, sinəsinə palçıq sürtür və o biri əli ilə də saman götürüb tökür başına. Kənardan baxana bir taya kimi görünür" (Ə.Haqverdiyev. "Xortdanın cəhənnəm məktubları").

Bu satirik lövhə surətin bilavasitə öz əməlləri, fəaliyyəti əsasında canlandırılmışdır. Və patriarxal mühitin xurafat fitvaçılarından birinin əməlləri beləcə əyani nümayiş etdirilmişdir.

Cəhənnəmdəki bir bəyin naçalnik Vinokurovun yanına gələrək başqa bəylərdən xəbərçilik etməsi göstərilərkən deyilir: "Bəy içəri buyurub gördü ki, samovar stolun üstündə qaynamaqdadır və xanım da samovarın yanında əyləşib.

Bəy ədəblə xanıma təzim etdi və xanım da iki barmağının ucunu ona uzadıb dedi:.." (Ə.Haqverdiyev. "Xortdanın cəhənnəm məktubları").

Buradan "ədəblə xanıma təzim" edən bəyin yaltaqcasına əyilib əskilməyi müqabilində xanımın ona yalnız "iki barmağının ucunu" uzatması bəyə yuxarıdan, bir az da təhqiramiz baxmasını aşkar nümayiş etdirir.

Nəhayət, povestin sonunda başda II Nikolay olmaqla rus qoşunlarının "cəhənnəmə vasil olması" göstərilərkən müxtəlif ictimai zümrələrin onlara münasibəti sözsüz olaraq, yalnız jestlərlə, vəziyyətlərlə çox aydın, qabarıq nəzərə çatdırılmış olar.

"Axundlar əllərini göyə qalxızıb, keşişlər əllərində xaç bunlara dua edirlər. Bəylər, ağalar, dvoryanlar hamısı ikiqat olub gələnlərə baş əyirlər".

Bu səhnənin təsvirlə, təhkiyə tərzi ilə nəqli, izahı xeyli müfəssəllik tələb edərdi. Lakin həmin məqamdakı hər ictimai təbəqənin konkret zahiri vəziyyəti, jesti hər şeyi demiş olur. Axundların və keşişlərin müxtəlif pozalarda dua etməsi, istismarçı, hakim təbəqələrin isə müticəsinə "ikiqat olub" baş əyməsi onların hamısının ictimai səviyyəsini və rus hökmdarına münasibətini son dərəcədə əyani, görümlü nümayiş etdirmiş olur.

Bədii ədəbiyyat nümunəsində müəllif fikirlərinin təsir, təlqin gücü ilk növbədə həyat gerçəkliyinin, xüsusən insan xarakterinin təbii və canlı təcəssümü ilə əlaqədardır. Oxucu bədii surətin məntiqinə və hadisələrin inkişafına inanmalıdır ki, müəllif ideyasının gerçəkləşməsinə də inansın, etibar etsin.

Ümumən, bədii yaradıcılığın ən müşkül problemi olan insan xarakteri canlandırmaq məharətində müxtəlif vasitələrdən istifadə olunur. Mimika və jestlərdən faydalanmaq üsulları xüsusilə maraqlıdır, effektlidir. Məhz bu vasitələrlə surətlərin əhvalı ilə əlaqədar olan konkret vəziyyətlərin dəqiq təsvirinə və emosinal təsirinə daha uğurlu nail olmaq mümkündür. Axı bir var ki, surətin əhvalını (sevincini, kədərini, əsəbiliyini, sarsıntılarını və s.) müəllif təhkiyəsindən xəbər tutursan, bir də var ki, bədii sözün plastik imkanları hesabına həmin vəziyyət tam təfərrüatı ilə oxucu təsəvvüründə canlandırılmış olur.  Sözsüz, ikincinin bədii-emosional effekti xeyli güclüdür!

Mimika və jestlərin, habelə onların vasitəsilə yaranan konkret vəziyyətlərin, məqamların əhəmiyyəti, bədii funksiyası çox böyükdür.

Ə.Haqverdiyevin nasirlik məharəti bir də ondadır ki, surətin lap xırdaca hərəkətlərindən tutmuş, müəyyən epizoddakı vəziyyətinədək onu sözlə rəsm edə bilir, oxucunun gözü qarşısında canlandırır, görümlü edir və ya bu yolla təhkiyəsini əyaniləşdirmiş olur.

 "Mələk nənə əyilib, əvvəl əllərini yerə dayayıb, sonra "ax, ay, vay" edib yanını yerə qoydu. Bir az nəfəsini dərib üzünü Şəbana çevirdi" (Ə.Haqverdiyev. "Şeyx Şəban").

"Mələk nənə əvvəl diz üstə çöküb, sonra ayağa dayanıb, əziyyətlə qalxıb yola düşdü" (Ə.Haqverdiyev. "Şeyx Şəban").

Kiçik təfərrüatlardır; amma həyatidir, təbiidir, bədii təsvirə canlılıq gətirir, onu daha inandırıcı edir. Ümumiyyətlə, tutarlı, səciyyəvi və dəqiq təfərrüatlar ədibin təsvirlərinə xüsusi canlılıq, həyatilik gətirməklə onların bədii-emosional təsirini də xeyli qüvvətləndirmiş olur.

Təbii ki, klassik və müasir ədiblərimizin bədii nəsrində bu məsələlərin təzahürünü müxtəlif səviyyələrdə müşahidə etmək mümkündür. Bu da hər sənətkarın fərdi üslubu - həyatı canlandırmaq məharətinin özünəməxsusluğu haqqında daha mükəmməl təsəvvür yarada bilər. Həm də bu məsələlər sənətkarın məhz bədii söz ustalığını, sənət məharətini nümayiş etdirən mühüm əlamətlərdir.

Ümumən, hansı ədibdə bədii təsvir bədii təhkiyədən güclüdür, aparıcıdır, onda həmin cəhətlər də daha zəngindir. C.Məmmədquluzadə nəsri bunun klassik nümunəsidir. Ə.Haqverdiyev də böyük sənətkardır. Lakin onun nəsrində bədii təhkiyə xeyli güclüdür, əsasdır. Buna görə də C.Məmmədquluzadə nəsrindəki ritm, temp, dinamika kimi maraqlı məsələlərdən danışmağa daha geniş imkan vardır.

Daha bir səciyyəvi misal: "Məmmədvəli getdi otların içindən haman tikanlı otu tapdı, sol əli otu soxdu burnunun deşiklərinə, sağ əli ilə yumruğunu düyüb vurdu sol əlinin altından və Məmmədvəlinin burnundan qan başladı axmağa" (C.Məmmədquluzadə. "Dəllək").

Bir cümlədə kiçik, səciyyəvi bir epizod canlandırılmışdır. Ümumiyyətlə, hər iki sənətkarın nəsrində hərəkət dinamikasını canlandırmaq üsulları daha çox zəmanənin xarakterinə, davranış normalarına, həmçinin satirik məzmunun qabarıq nəzərə çatdırılması məqsədinə uyğundur.

C.Məmmədquluzadənin "İranda hürriyyət" hekayəsi "sözlə rəsm etməyin" klassik nümunəsidir. Yalnız bir epizod: "Sonra Məşədi Molla Həsən əvvəl eynəyi taxır gözünə, sonra qələmdanı açır, qələmdanın dəvatına bir qətrə su tökür, qamış qələmin ucunu basır sol əlinin şəhadət barmağının ucuna, sonra bir vərəq çirkli poçt kağızını kitabın içindən tapıb yarıdan cırıb, yarısını səliqə ilə qoyur kitabın arasına, yarısını qoyur sol dizinin üstünə, qələmi batırır mürəkkəbə və öz-özünə başlayır kağızı yazmağa..."

Rəsm əsərində bu lövhənin yalnız bir anı göstərilə bilərdisə, burada hərəkətin, fəaliyyətin əməli prosesi canlandırılır və həyat parçası daha müfəssəl, yaddaqalan şəkildə nümayiş olunur; bədii effektli, emosional təsir bağışlayır. Bu cəhət, bəlkə də, realist nəsrin ən başlıca məziyyəti, hünəri sayıla bilər!

C.Məmmədquluzadə nəsrində faciəvi pafos daha güclüdür, əslində, aparıcıdır. Ə.Haqverdiyev nəsrində isə Şərq müdrikliyinin qınayıcı ittihamçı pafosu daha dərindir. Belə lövhələrlə komik kütləvi səhnələr də yaradılır. "Bu övrətlərin dördü də dadaşıma hörmət qoydular; çünki çəkildilər kənara, dallarını çevirdilər bizə və çadralarını da bir qədər qalxızdılar yuxarı belə ki, qıçları qaldı açıq" (C.Məmmədquluzadə. "Danabaş kəndinin məktəbi"). Bu lövhədə Ə.Əzimzadənin köhnə müsəlman aləminə aid yumorlu əsərləri yada düşür.

Mimika və jestlərin fraqmental variantlarına da çox təsadüf olunur. Ə.Haqverdiyevin "Mütrüb dəftəri" hekayəsində Qasım əminin mübahisə zamanı necə özündən çıxması bircə cümlədə belə verilir: "Elə bil Qasım əmiyə bir güllə dəydi; ayağa qalxıb hirslə əlini döşünə çırpıb, dedi..."

Yaxud "Vinokurov sözləri eşidən kimi qalxıb, ayağını yerə bir cür çırpdı ki, eynək gözündən düşdü" (Ə.Haqverdiyev. "Xortdanın cəhənnəm məktubları").

Klassik nəsrimiz poeziyaya, hətta dramaturgiyaya nisbətən əsl təkamülə gec nail oldu. Lakin böyük sürətlə zamanın tələbləri səviyyəsinə yüksəldi və aparıcı oldu; dövrün əzəmətli ideallarının layiqli təcəssümünə çevrildi, böyük də bədii-estetik ənənə yaratdı. Həmin ənənələr bu günümüz üçün də ən böyük

 

Təhsin Mütəllimov

 

Ədəbiyyat qəzeti.- 2018.- 19 may.- S.14-15.