Rəsul Rza mükafatı

təqdim olundu

 

Mayın 18-də Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəsul Rzanın doğum günü münasibətilə Azərbaycan Yazıçılar Birliyində (AYB) Rəsul Rza adına Ədəbiyyat Ocağı İctimai Birliyinin təsis etdiyi ənənəvi Rəsul Rza mükafatının təqdimetmə mərasimi keçirilib.

 

Fondun prezidenti, AYB-nin birinci katibi, Xalq şairi Fikrət Qoca çıxışında Rəsul Rza yaradıcılığından söz açıb, bu mükafatın onun adı ilə adlandırılmasını R.Rzanın ədəbiyyatımızdakı xidmətləri müqabilində kiçik töhfə adlandırıb. Şairin həyat və yaradıcılığından söz açan katib bu ilə qədər Rəsul Rza Ədəbiyyat Fondu adlanan qurumun bu ildən adını dəyişərək Rəsul Rza adına Ədəbiyyat Ocağı İctimai Birliyi olduğunu qeyd edib.

Daha sonra F.Qoca mükafatları sahiblərinə təqdim edib. Ədəbi mükafata bu il AYB-nin üzvü, şair Şahnaz Şahin, jurnalist, publisist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmli, yazıçı-dramaturq, filologiya elmləri doktoru, professor Aqşin Babayev, yazıçı, jurnalist Rafiq Hacıyev, yazıçı, publisist Səxavət Tağlar, şair Ətraf Sərraf layiq görülüblər.

Mükafatçılar çıxışlarında AYB-nin sədri, Xalq yazıçısı Anar və Fikrət Qoca başda olmaqla birliyin rəhbərliyinə təşəkkürlərini bildirib, Rəsul Rza yaradıcılığı barədə düşüncələrini bölüşüblər.

Sonda AYB sədri Anar mükafata layiq görülənləri təbrik edib, onlara daha böyük yaradıcılıq uğurları arzulayıb.

Rəsul Rza mükafatının təqdimatından sonra AYB-yə yeni üzv olan gənc yazarların üzvlük vəsiqəsinin təqdimetmə mərasimi keçirilib.

Mərasimdə birliyin sədri Anar Azərbaycanın ən böyük ədəbiyyat qurumuna üzv seçildikləri üçün gəncləri təbrik edib, onlara yaradıcılıq uğurları diləyib, bu qurumun adına layiqli, Azərbaycan ədəbiyyatına faydalı yazar kimi yetişməyi arzu edib.

Daha sonra vəsiqələr sahiblərinə təqdim olunub.

Bu dəfə gənclərdən Oğuz Alparslan, Xəzər Süleymanlı, Gülnarə Sadiq, Elvin Əlizadə, Ömər Xəyyam, Məhəmməd Turan, Nicat Qərib, Lamiyə Cəfərova, Humay Nağıyeva, Ülkər Musazadə, Şəlalə Məmmədova, Aygün Cəfərova, Ceyhunə Mehmanqızı, Aynur Səfərli, İlkin Əsgər, Tural İsmayılov, Bəhruz Niftəliyev, Kənan Murquzov, Elnur Süleymanov və başqaları AYB-nin üzvü adına layiq görülüblər.

Onlara göstərilən bu etimada görə AYB-nin sədri Anara və birliyin gənclər üzrə katibi Rəşad Məcidə, eləcə də bütün əməkdaşlarına təşəkkürlərini bildirən gənc yazarlar bundan sonrakı yaradıcılıqlarında daha məsuliyyətlə çalışacaqlarını deyiblər.

 

Ədəbiyyat qəzeti.- 2018.- 19 may.- S.13.