Məhəmmədhüseyn ŞƏHRİYAR

 

Azərbaycan

 

İxtisarla

 

Könlüm quşu qanad çalmaz sənsiz bir an,

                                    Azərbaycan.

Xoş günlərin getmir müdam xəyalımdan,

                                    Azərbaycan.

Səndən uzaq düşsəm mən

                        eşqin ilə yaşayıram,

Yaralanmış qəlbim kimi qəlbi viran

                                    Azərbaycan.

Bütün dünya bilir -

            sənin qüdrətinlə, dövlətinlə

Abad olub, azad olub mülki-İran,

                                    Azərbaycan.

Vətən eşqi məktəbində

            can verməyi öyrənmişik,

Ustadımız deyib "heçdir vətənsiz can",

                                    Azərbaycan.

Övladların vaxtadək

            tərki-vətən olacaqdır?

Əl-ələ ver, üsyan elə, oyan, oyan,

                                    Azərbaycan!

Bəsdir fəraq odlarından kül ələndi başımıza,

Dur ayağa! Ya azad ol, ya tamam yan,

                                    Azərbaycan!

Şəhriyarın ürəyi səninkitək yaralıdır,

Azadlıqdır mənə məlhəm, sənə dərman,

                                    Azərbaycan!

 

 

Hazırladı: Dilsuz

 

Ədəbiyyat qəzeti.- 2018.- 26 may.- S.16.