"Geriyə baxma, qoca"nın

hürriyyət sevdası

 

"Biz təzə paltarlarımızı çıxarıb köhnə paltarlarımızı geyinirdik ki, kənd əhlindən seçilməyək. Anam nimdaş kəndli paltarında mənə çox qəribə görünürdü. Atam da gümüşü papağını saçaqlı kəndli papağı ilə əvəz eləmişdi. Bahalı şibilit çəkmələrini çıxarıb ucuz çust və köhnə kəndli arxalığı geymişdi Bizə xəbər çatdı ki, Bayram babamgil də keçib Arazın o tayına. Bizim kəndin yoxsulları dəstə-dəstə orada-burada toplaşıb, nə haqdasa hərarətlə danışırdılar. Anam onlara acıqlı-ıcıqlı baxıb dedi:

- "Yoldaşlar"ı gözləyirlər.

Nəhayət, bir gün kimsə şəhərdən xəbər gətirdi ki, "yoldaşlar" gəlirlər Qoluna qırmızı parça bağlamış Cavad bərkdən qışqırdı: "Yaşasın Şura hökuməti!"

Unudulmaz İlyas Əfəndiyev "Bu, mənim həyatda hiss elədiyim birinci böyük ziddiyyət idi" - deyə xatırladığı dövrün mənzərəsi beləydi. Tariximizin parlaq səhifəsi, milli sərvətimiz olan Azərbaycan Demokratik Cümhuriyyətinin 23 aylıq fəaliyyətdən sonra süquta uğradığı, qırmızı bolşevizmin ölkəmizə işğal basqısının ilk dəqiqətlərinin bədii təsviri bu ağrılı sətirlərdə birər-birər yansıyır. Eyni zamanda bizə anladır, xatırladır; hər bir xalqın taleyində ağrı-acı, təəssüflə dolu "elə məqamlar, sıxıntılar olub ki, yaşatdığı acılara baxmayaraq bu yaşantılar daha çox həmin xalqın azadlıq, müstəqillik yolunda hürriyyət əzmini, mənəvi potensialını ehtiva etdiyindən sonralar qürur mənbəyinə çevrilir".

Sonralar, yəni sovetlərin hökmranlığı dönəmində pünhan, o dönəmin çöküşüylə aşkar qürur yerimizə dönən Cümhuriyyətin məğlubiyyət acısı İlyas Əfəndiyevin yaddaşında belə yaşayır, ustad sənətkarın "Geriyə baxma, qoca" əsərində belə tarixləşir: "Qaçaq Bahadurla üç yoldaşı qabaqda, biz də onun ardınca hər yerdə şosse yoldan kənar, çölləmə gedərək axşamçağı çatdıq Güney Güzdəyə. Qubad əmim:

- Hə, deyəsən, "yoldaşlar"dan ürküb yayınırsınız, - deyə zarafat elədi.

Mən onda qəribə bir ruh yüksəkliyi hiss elədim.

Anam istehzalı təbəssümlə dedi:

- Deyəsən "yoldaşlar"ın gəlməyinə sevinirsən?

Qubad əmim dedi:

- Niyə sevinməyim, "yoldaşlar" mənim kimi ayağı çılpaqların hökuməti deyil?

Anam ona kinli bir nəzər salıb dedi:

- Yoxsa elə bilirsən onların vaxtında əfsər çəkməsi geyəcəksən?

Və bu dünyagörmüş anamın bütün hirsi-hikkəsi bir azdan "qırmızı parçadan beşguşəli ulduz kəs, tik papağımın qabağına" deyən balaca oğlunun üstünə töküləcəkdi; belə, bu cür: "İtil o yana!"

Bu, ilk növbədə Azərbaycan qadınının, Azərbaycan insanının Cümhuriyyət ağrısından, nisgilindən qaynaqlanan və bolşevizmə olan hədsiz nifrətin püskürməsidi. O gözəl ana qəti şəkildə inanırdı ki, bolşeviklər gəldikləri kimi də rədd olub gedəcəklər. Ancaq bilməmiş də deyildi ki, bu xəmir hələ çox su aparacaq, ümidlər puç ediləcək, evlər, talelər yağmalanacaq. Ağına-bozuna baxmadan soyacaqlar bu milləti: "Anam boyunbağılarını, iki-üç üzüyünü, qızıl qol saatını, balaca bir medalyonunu, bir neçə xırda-xuruş arvad zinətini gətirib tökdü çeka işçisinin qabağına

- Olan budur, inanmırsınız axtarın.

Bizim yerli adamlardan olan Dəllək Əmrah "yoldaş Cəmilov, - dedi, - bu arvad yalan deyir, icazə verin evi axtaraq".

Dövrün, zamanın ovqatı beləydi. Və bu ovqatın acısı, nisgili bütün ömrü boyu İlyas müəllimin iç dünyasında qövr etdi. Və elə qövr etdiyindən, acı-acı közərdiyindən də görkəmli xalq yazıçı hələ sovet hökumətinin qılıncının dalının-qabağının kəsdiyi bir dönəmdə - ötən əsrin səksəninci illərində bu xatirələrini yazıb, bolşevik əlalatılarının üzünə çırpmaqdan, gözünün içinə deməkdən çəkinmədi. Bu cəsarəti ona uzun illər boyunca azadlıq, özgürlük gününün yetişəcəyini ən pünhan söhbətləri ilə anladan valideynləri, şanlı Cümhuriyyət qurucularının nigaran və hər vaxt oyaq ruhu verirdi. Böyük Füzulidən əxz etdiyi mətləblər anladırdı:

 

Zillət ilə ləzzəti olmaz həyatın,

dustlar,

Nəğd-can səf eyləyib,

dünyadan kam almaq gərək!

Fəxr eləyirdi ki, yüzillər boyunca bu atəşin çağırış millətinin mənəvi və cismani köləliyə qarşı üsyanının, məslək və etiqad uğrunda mübarizəsinin təməlində durur. Və İlyas Əfəndiyev hər vəchlə "Geriyə baxma, qoca" əsərinin hər sətrində (elə o biri əsərlərində də) xalqının qəlbində bəslənən azadlıq atəşinə sönməz bir çınqı, qığılcım əlavə edirdi, milləti "vətən eşqi məktəbində can verməyə" hazırlayırdı. Eyni zamanda öz unudulmaz doğmalarının dililə qırmızı bolşevizmin iç üzünü, mahiyyətini elə o sistemin öz hökmranlığı dövründə açıb-göstərir, ifşa edirdi: "Mən anama dedim: - Yəqin ki, burada da fəhlə-kəndli hökuməti qurulsa, tay bəy oğlanları heylə lovğalanmazlar.

Atam təəccüblə mənə baxdı:

- Bu uşaq ya gicdi, ya əllamə!

Anam dedi:

- Uşağa ad qoyma, gic niyə olur?!

- Görmürsən, yaşından böyük elə danışır ki, elə bil anadangəlmə bolşevikdi. Tay xəbəri yoxdur ki, burada şura hökuməti qurulsa bunun atasını, babasını güllələyərlər.

Mən də gözlənilməyən bir ötkəmliklə dedim:

- Sizi nə üçün güllələyirlər? Siz bəy-xan nəslindən döyülsünüz ki?

Atam yenə də təəccüblə baxdı, anam bərkdən güldü. Atam bu dəfə, nə üçünsə həmişə olduğu kimi acıqlanmayaraq, mülayim səslə izah elədi:

- Bolşeviklər təkcə bəyləri, xanları deyil, bütün varlıların düşmənidir. Deyirlər heç kəs dövlətli olmasın! Hamı Fətiş kimi lüt olsun".

"Geriyə baxma, qoca" 1980-ci ildə tamamlanıb (və uzun illər boyu İlyas müəllimin yaddaşında yol gəlib). Həmin o 1980-ci ildə Sovet İttifaqının siyasi mövqeyini göz önünə gətirsək, bilməliyik ki, yuxarıda istinad etdiyimiz sətirlər İlyas Əfəndiyevin simasında, əslində, bütün Azərbaycan ziyalılarının, dövlət rəsmilərinin, ümumən, millətimizin sovetlərə olan üsyanını, dönməz iradəsini, mövqeyini ifadə edirdi.

Və bütövlükdə İlyas Əfəndiyevin yaradıcılığı milli müstəqilliyimizin bərpasına, ölkəmizdə totalitar sistemin çöküşünə aparan mübarizə yolunda fədakar "Əməl... Əməl!..Əməl!.." çağırışı kimi dəyərlidi.

"Geriyə baxma, qoca"nın sevimli nağılçısı, söyləyicisi Murad təbii ki, "ədibin özü deyil, İlyas Əfəndiyevin özündən çox İlyas Əfəndyievin İlyas Əfəndiyev haqqında təsəvvürüdür. Bir obraz kimi o, həyatdan çox, yaddaşdan süzülüb gəlib və ədibin uşaqlığı ilə ağsaqqallığı arasındakı vəhdətdən doğulub" (Elçin).

Lakin Cümhuriyyət dönəminə olan sonsuz sevgisi (eyni zamanda nisgili), bolşevizmə bəslədiyi kini, azadlıq düşüncəsinin sonsuzluğu ilə Murad həm də İlyas Əfəndiyevin özüdü, bütün halıyla ustad sənətkarın böyük həyat istəklərini ifadə edir.

 

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2018.- 26 may.- S.15.