Ölümünə 26 saat qalmış...

 

Üç gün əvvəl may ayının 23-də 60 yaşı tamam olan, 1993-cü ilin fevralında Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş Milli Qəhrəman Yusif Mirzəyevin əziz xatirəsinə...

 

1993-cü ilin yayı təzəcə girmişdi. Havalar isinmiş, mer-meyvə ağacları çiçəkdən çıxıb bar vermişdilər. Həyatın canlılığı, təbiətin qabıq dəyişməsi insanı yaşamağa, gələcəyə doğru ümidlər bəsləməyə məcbur edirdi. Lakin mənim üzərində yaşadığım torpağın adamları narahat-narahat gəzib dolaşır, öz evlərində qonaq kimi yaşayır, əlləri bağda-bağatda heç bir işə yatmırdı. Elə gün olmurdu ki, rayona erməni topu, qradı, mərmisi düşməsin. Hamının bir ayağı qaçaq idi.

Həyətimizdəki qızılgül, yasəmən çiçəkləri kolların, budaqların üstündə çiçək açıb, elə ordaca da soluxub, quruyub tökülürdülər. Atam tez-tez deyirdi ki, "a bala, o güllərdən qır, yığ güldana. Heyifdir, tələf olub gedirlər." Amma uşaq ağlımla atamın dediklərini eləmir, ona şüuraltımda özünə amansızca yer etmiş düşmənə etiraz edirdim. İstəmirdim ki, qaçhaqaç düşsə, evimiz yiyəsiz qalsa, düşmən gəlib mənim yığdığım gülləri ayaq altına salıb tapdalasın. Əlbəttə, bu barədə o vaxtlar belə səlis dəqiqliklə düşünə bilməzdim. Düşüncələrimi indi aradan keçən iyirmi beş ildən sonra belə səhmana salıb, bər-bəzəyə tuturam.

Biz elə həmin yayı evimizdən quruca canımızı götürüb qaçdıq. Hər gün erməni gəldi, qaçın, sözlərini eşitməkdən, rayona atılan top, qrad mərmilərinin gurultulu, ölüm, qan-qada gətirən səsindən qorxaq gözüqırpıq olmuşduq. Ona görə qaçmaq bizim ən təbii haqqımız idi.

Rayondan xeyli aralı olan Şükürbəyli kəndində tanışlarımızın birinin evinə yığışdıq. Həyətə qoyulan televizor hər gün yalan-doğru xəbərləri ilə biz qaçanların ümid yerinə çevrilirdi. Bir axşamüstü televizorda şəhid olmuş əsgərlər haqqında veriliş verilirdi. Ekrandan qaraqaş, qaragöz, bığlı bir kişinin gülərüz çöhrəsi görsəndi. Həmin kişini niyəsə Koroğluya bənzətdim. Anam kişini görən kimi əlini yüngülcə dizinə çırpıb vaysındı: "Heyif Yusif Mirzəyevdən, yaxşı insan idi. İki-üç il əvvəl bizim idarəyə "revizor" gəlmişdi. Bir həftənin içərisində on ilin hörmətini qazanıb getdi."

Vəssalam! O gündən bu yana Yusif Mirzəyevin adı siması, bir qazanmış olduğu onillik hörməti mənim - on üç yaşlı qızın yaddaşının bir tərəfində sancılıb qaldı. Mən Yusifi bir 2018-ci ildə rejissor Nizami Abbasın ekranlaşdırdığı "Batalyon" sənədli filmində gördüm. Görən kimi dərhal tanıdım. Hətta öz yaddaşımın möhkəmliyinə heyrət  etdim. Filmdə danışan Yusif Mirzəyev həmin müfəttiş idi.

Nizami Abbasın Yusif Mirzəyevə həsr olunmuş "İgid əsgər" filminin premyerasına gedəndə isə artıq bilirdim ki, film Koroğluya bənzəyən, 34 yaşında qəhrəmancasına şəhid olmuş Yusif Mirzəyevdən bəhs edir

Film Yusif Mirzəyevin doğmaları əsgər yoldaşları tərəfindən nəql olunan xatirələr fonunda Yusifin cəbhədəki dövrlərini əks etdirən kadrlarla başlayır davam edir. Həmin kadrlarda Yusif Mirzəyev gülür, kədərlənir, qəzəblənir. Bəzən yorğun bitkin, hətta yatılı vəziyyətdə operatorun kamerasına düşür. Komandir olsa da döyüşçülər arasındakı sadəliyi, gülərüzlülüyü ilə Yusif həm gəldi-gedər dünyaya qarşı gözütoxluğu ilə diqqəti cəlb edir. Hiss olunur ki, ölüm onun üçün o qədər dəhşətli hadisə deyil. Dəhşətli olan torpaq, əsgər itkisi idi. O, öz həyatına qarşı qədər laqeyd, amansız idisə, başqalarının, tabeliyində olan insanların ömrünə qarşı bir o qədər cavabdeh diqqətli idi. Bunu keçmiş döyüşçülərin onun haqqında sevgi hörmətlə, kövrələrək danışmaqlarından duymaq, hiss etmək olurdu.

Filmdə Yusifin gülüşlərini, vətənə qarşı pafossuz, sadə sevgisini hiss etdikcə qəribə, gizlin xəcalət hissi adamı bürüyür. Monitordan gözümü yayındırsam da, olmur. Özlüyümdə düşünürəm. Axı Yusif Mirzəyev onun kimi yüzlərlə insan bizim bugünkü dincliyimiz üçün canlarından keçdilər. Sözün həqiqi mənasında ev-eşiklərindən didərgin olub, ailələrini ata-ana ümidinə qoyub, vəzifələrini, yerlərini tərk edərək cəbhəyə yollandılar. Həqiqi vətən sevgisi naminə öz sağlamlıqlarından, canlarından keçdilər. Biz isə onları Nizami Abbasın filmlərinə qədər neçə dəfə xatırlamışdıq?!

Filmdəki kadrlardan birində Yusif deyir: - "Ən böyük arzum Kəlbəcərə gedib ordakı dostumla görüşməkdir". Digər, ölümündən 26 saat əvvəl çəkilmiş kadrda isə deyir: "Bu qoşunla əks-hücuma keçəcəyik. Qırılan qırılacaq, qalan da, girov düşən özünü güllələyəcək. Vəssalam!"

Özünə aid olan hər şeyi Bakıda qoyub cəbhəyə yollanan, sonralar səhhətində yaranan təhlükəyə əhəmiyyət verməyən Yusif Mirzəyev olur-olsun vuruşmağı düşmənə məğlub olmamaq yolunu seçir. Məğlubiyyət əsirlik varsa o, ölümü yenə ölümü üstün tutur. Yusif Mirzəyev ürəyinə daman  kimi son döyüşdə qırılanların içərisində olur. Həyatını itirir. Şəkillərdə qırx, əlli yaşlı kişi təsiri bağışlasa da, gözlərini həyata son dəfə yumanda onun cəmi 34 yaşı olur. Özündən sonra nisgilli xatirələr, gözəl sözlər sözün əsl mənasında qəhrəmanlıq məktəbi qoyub gedən Milli Qəhrəman Yusif Mirzəyevin son arzusu olan "İgid əsgər" mahnısı isə Şəmistan Əlizamanlı tərəfindən ifa olunaraq onun əziz xatirəsinə ithaf olunur. nəhayət, Qarabağ müharibəsində iştirak edən, müharibədəki əfsanə insanların çoxunun cəbhədaşı, dostu olan rejissor Nizami Abbas tərəfindən "İgid əsgər" filmi əbədiləşir.

Film sona çatanda düşünürəm ki, artıq mən mənim kimi bir çoxları "İgid əsgər" filmindən sonra Nizami Abbas kimi fədakar təmənnasız sənət adamlarının sayəsində Yusif Mirzəyevi Koroğlu kimi yox, elə Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyev kimi xatırlayıb, yad edəcəyik.

 

Samirə ƏŞRƏF

 

Ədəbiyyat qəzeti.- 2018.- 26 may.- S.29.