Azərbaycan Cümhuriyyəti

 

1

 

Vaxtilə oğuzlar, çingizlər, teymurlar vasitəsilə birləşib tarixdə böyük imperatorluqlar qura bilmiş, "Yasa", "Tozukat" kimi hökumət qanunları yaratmış Farabi, İbn Sina və Uluğ Bəylər çıxarmış türk millətinin hali siyasiyyə və milliyyəsi son zamanlarda cümləyi ağladar dərəcədə idi.

Xətti ixtiyarında olan türklər xətalaşmış, hakim bulunduğu halda milliyyətin də itirib məhkum halına gəlmişdi.

Qərbdə xristianlaşmaqdan əlavə fin, macar, bolğar kimi ayrı millətlər halına gəlmiş, Cənubda islamiyyət qəbul etməklə bərabər qərblik və farslıq da qəbul edərək dəyişmişlərdi.

Vaxtilə bir yerdə malik olan bu Turan oğullarının beşiyi Anadolu, Türküstan, Moğolstan, Tatarıstan, Azərbaycan kimi hissələrə ayırmışlardı. Bunlardan yalnız Anadolu siyasətən azadə idi. Qalanları Rusiya və xətanın əlində əzilirlərdi.

Rusiya inqilabı sayəsində türk milləti azadə nəfəs almağa başlıyordi. Fəqət, aldanmış olduq. Qansız, qurbansız türk elləri azad olmadılar. Azadlıq yolunda Türküstan, Tatarıstan, Krım, Azərbaycan tarixdə görünməz qurbanlar verdi. Həm də hürriyyətpərvər inqilabçılara...

 

2

 

Birinci müvəffəqiyyətsizlikdən sonra Azərbaycan Krım ümidini itirmədi. Yenə hürriyyət yolunda çalışmağa başladı. Axırda bütün də olmasa, yenə müvəffəq oldu demək olar.

Azərbaycan və Krım yenə azad oldular. Azərbaycanın içərisində olan bəzi daxili mübahisələri buraxaraq və bu barədə tav (güc-A.R.) bitərəflik saxlamaqla onun xilasını tarixi nəzərlə təbrik edirik.

Azərbaycan xəritəsi və sərhədi: Şimaldan Qafqas dağları, cənubda Urmiya gölü və Farsistan, Şərqdə Xəzər dənizi, Qərbdə Ermənistan və Gürcüstandır. Söylədiyim hal ilə yüz sənə (il) irəli Azərbaycan var idi. Onun tarixi, ədəbiyyatı, mədəniyyəti, coğrafiya və etnoqrafiya halı bunu təsdiq edir və Azərbaycan haqqında dəyərli məlumat verə bilir. Fəqət, yüz on dörd sənə bundan irəli Azərbaycan iki hissəyə ayrıldı. Arasdan Cənubi İranda, Şimalı Rusiyaya getdi. İmdi Rusiya Azərbaycanı xilas etmiş, müstəqil bir hökumət halına gəlmişdir.

Cənub hissəsi barəsində bir söz söyləyə bilmərik. Fəqət arzumuz bu iki parçanın birləşməsidir.

Vəqt bizdən tələb edir ki, bu bəhsli məsələni bura xub hənuz təmamilə xilas olmamış cümhuriyyətimiz həqqində bir qədər danışaq. Mətləb ordadır ki, bütün mənasilə hürr olmaq üçün, vətənimizin hökumətligin möhkəmlətməkdən ötəri yurdumuzda asayişi bərpa edib anarxiyaya bir intiha qoymaq üçün hökuməti üsullu və əsaslı seçmək lazımdır.

Keçirməkdə olduğumuz zamanı, siyasi axıntıları, millətin əhval-ruhiyyəsini diqqətlə nəzərdə tutmalıyıq. Öylə olmasın ki, balaca, əhəmiyyətsiz məsələ bizi yenə siyasi əsarətə düçar etsin.

İşarəm tərzi-idarə haqqındadır.

Vətənimiz xilas oldu dedikdə millətimizi nəzərdə tuturuq. Ona görə vətənimizdə hökumət qurarkən millətimizin əksəriyyətini təşkil edən xəlq nəzərdə tutulmasa millətimiz yenə zülmə düçar oldu deməkdir. Bunu unutmamalı.

 

3

 

Qorxular və təşvişlər içində yenə bir böyük ümidimiz var ki, o da Azərbaycanın bir də şimalın təhti əsarətinə (Əsarəti altında - A.R.) düşməməsidir. Azərbaycan daha azaddır. Yalnız bəhsli yerimiz onun tərzi idarəsində ola bilir.

İmdi var oluruq ki, yavuqda çağrılacaq Milli Azərbaycan qurultayı hökumət məsələsi həllində söylədiyimiz kimi öylə ölçü götürəcəkdir ki, onun içində millətimiz və millətimizin əksəriyyətini təşkil edən xalqımızın həyat və səadəti təmin olunacaqdır.

Zira, Azərbaycanın tərzi-idarəsindən nə (hansı-A.R.) əqidəli, nə (hansı-A.R.) taktikalı şəxslər əlində olunmasından bir millətin gələcəyi asılıdır.

Azərbaycan Cümhuriyyətində millətimizin bütün sinfinin hüququ düşünülməli, təmin olunmalıdır.

Zənn edirik ki, millətimizin qanı, canı, dövləti və namusu ilə azad olunmuş vətənimizdə ögey və doğma olmayacaq. Millətimizin bəyi, xanı, çobanı, əkinçisi, qadını bərabər hüquqa, müsavi (bərabər) həqqə malik olacaqlardır.

Üzümüzə gələn bəla brinci-ikinci ayırmadığından ümumi səadətində sinifçilik buraxılıb, müsavi səsə malik bir millət nəzərə alınmalıdır.

Bütün bunları qaralamağa millətimizə, türklüyümüzə olan böyük müsibətimiz bizi vadar edir.

Əgər bu haqq tapdalansa, əgər hökumət cəmaətin yorğunluğundan istifadə edilib qurulsa, o vəqt böyük qorxu qarşısında ola bilərik.

Zira sonra həqqı verməyə məcbur olacayıq. Bu qədər danışığımız idarə üstündədir. İstədigimiz odur ki, yurdumuzun idarəsi ağuşunda yaşayan xəlqin öz əlində olsun. Hökumət cəmaətin dediyini, əmrini, səadət və mənafeini gözləsin. Daha qədim kimi cəmaət mütləqiyyətli idarənin əsiri olub bilmədigi yerə sövq olunub məhv olmasın.

Bunlar hamu düzələrsə yenə işimiz bitdi demək deyildir. Qabağımızda daha böyük məsələlər var. Daha ağır şeylər var ki, onların da üstə düşünmək və çalışmaq lazımdır.

 

4

 

Mətləb burdadır ki, Cümhuriyyət başqa, hökumət başqa şeydir. Cümhuriyyət bir hökumətin üsul-idarəsidir. Yuxarıda biz bunu müdafiə edirdik. Bizim dediyimiz odur ki, yeni Azərbaycan hökuməti cümhuriyyət əsasilə qurulmalıdır.

Bəs hökumət özü nədir? Hökumət üç mühüm əsasdan ibarət və təşkil olunan padşahlıqdır. O əsasların biri idarə, ikincisi toprak, üçüncüsü əhalidir.

İdarə həqqində rəyimizi söylədik. Topraqımız, onun sərhədi, sərvəti və varidatı barəsində də danışmaq lazımdır.

Toprağı, dövləti, sərhədi olmayan bir yerdə idarə də, hökumət də olmaz. Odur ki, Azərbaycan hökuməti ilk sırada bu ağır məsələni həllə qalxmışdır. Azərbaycanın bütün şərqi cəhəti, xüsusən Xəzər dənizinin kənarı bolşevik əllərində olduğundan Azərbaycan müharibə etməyə məcbur olmuşdur və qüvvəsi çatmadığına görə Türkiyədən imdad çağırmışdır.

Şərq tərəfdən qurtarandan sonra təbiidir ki, Azərbaycan Qərb tərəfində də, sərhədini düzəltməyə, Gürcüstan və Ermənistan ilə öz xəttini tanımağa məcbur olacaqdır.

Əlan (indi) bəhsə səbəb olan bəzi müsəlman yerləri var ki, Gürcüstan öz əlində saxlamaq istəyor. Və halan (hələlik) ki, onun əhalisi müsəlmanlara tərəf çəkilir. Bu məsələ üstdə Gürcüstan ilə Azərbaycan arasında bəzi danışıqlar olubsa da, yenə ümidvar oluruq ki, xəlqçilik, ədalət prinsipi üzəriylə bu çətinlikdə həll olunar, hər kəsin yeri özünə verilib ədavətə səbəb olmazlar.

Zira bunlardan başqa da Zaqafqasiya millətlərinin qabağında çox işlər və çətinliklər vardır.

Şimal tərəfdə Azərbaycan çətinlik görmiyəcəkdir, hələ ehtimal ki, daha şimalda bulunan Dağıstanda Azərbaycanla birləşib müttəhid (birgə) bir hökumət təşkil edələr.

Fəqət cənub tərəfdə məsələ bir az mühüm olur. İran hökuməti dəfələrlə Azərbaycanı vermiyəcəyini söyləyordi. Zənn ediyorik yeni hökumətimiz bu barədə lazım gələn təşəbbüsatda bulunacaq, vətənimizi yarımaxsaq bir halda saxlamayacaqdır. Zira dünyadə bir Azərbaycan var.

 

5

 

İki Azərbaycanın birləşməsi üçün Cənubi Azərbaycanın öz hərəkəti də lazımdır. Rusiya Azərbaycanı özü öz haqqını aldı. Buna da səbəb o oldu ki, Qafqasiya Azərbaycanında milli və siyasi duyğu oyanmışdı. Millət özünü bir millət hiss edir, başqa millətin təhti əsarətində olmaq istəmiyordu.

Əgər böylə "oyanış", öz-özünü tanımaq, millət və tələblərini anlamaq İran Azərbaycanında olmasa, heç bir iş görmək olmayacaqdır.

Yüz sənə irəli hamu Azərbaycanda olduğu kimi idi. İran Azərbaycanında fars məktəbləri, fars ədəbiyyatı, farslıq siyasəti sayəsində azərbaycanlılar türkcə olaraq "farssız" deməyə cəsarət edirlər. Fəqət həqiqətən İran Azərbaycanı ilə fars millətinin arasında heç bir münasibət yoxdur. Nə cins, nə qan, nə irq, nə ədəbiyyat, nə tarix və nə müsavi bir ümumiyyət və yavuqluğa malik deyildilər. Bunun əvəzində İran Azərbaycanı ilə Qafqasiya Azərbaycanı arasında dil, fikir, düşüncə, din, adət, ədəbiyyat cəhətcə bir ümumiyyət vardır.

Qafqas dağlarından Farsistana kimi uzanan Azərbaycan keçmişdə kimlərə yurd olubsa olub, əlan isə bir dildə danışan, bir dində olan, bir ədəbiyyat və mədəniyyətə malik bir cəmaətin vətəni olduqdan bunlara birləşmək mütləqa (mütləq) lazımdır. Milliyyət, mədəniyyət və istiqlaliyyət! Mənsəb, ağalıq və şəxsiyyətə fəda olmamalıyıq.

Hakimiyyət əldə olmaqla milliyyəti danmaq, nə farsa, nə ərəbə mənfəət verər və nə də islamiyyətə xidmət edər. Əksinə olaraq bir millətin məhvi insaniyyətə və mədəniyyətə daha da zərərdir.

 

6

 

İran mübəlliğlərinin (təbliğatçılarının) Cənubi Azərbaycanda yapdıqlarına görə Qafqasiyanın Azərbaycan adlanmağa həqqi yoxdur. Azərbaycan İranın ayrılmaz bir hissəsidir ki, o da İranda vaqedir (olan).

Bu tarixi bilməməkdən və əvamlıqdan baş verən bir şey olsa gərəkdir. Qafqasiya dağlarından tutub Farsistana kimi uzanan bu qitəyə "Azərbaycan" adı Bakıdan verilmişdir. Qədim İran dililə "Azərbaykan" və sonra dəyişmiş "Azərbaycan" - atəş məkanı, yalov yurdu deməkdir.

Həqiqətən, ta Həzrəti İsadan min illər ilə qabaq Bakıda həmişə yanar od var imiş. O od imdi də vardır ki, Bakının yavuqluğunda olan Suraxanı kəndindədir. Dünyanın hər tərəfində olan Atəşpərəstlər buraya gəlib oda sitayiş edirlərdi. "Hörmüzd və Əhrimən" mübarizəsi üstə əsasiyyətən məşhur Zərdüşt dini burada düzlənmişdir.

Bakı Atəşpərəstlərin bir Kəbəsi, bir qibləsi vəzifəsini ifa edirdi.

Ola bilməz ki, bu ad İran  cəhətinə deyilsin də, Bakının özünə söylənməsin.

Nuşrəvan Azərbaycanı müafizə etmək üçün Dərbəndi təhkim (möhkəmləndirmə) edərmiş. Ərəblər Azərbaycanda, Bakı, Gəncə, Təbriz, Ərdəbil və Muğanı alıb Dərbəndi möhkəmlətdik - deyorlar. Bu növ ilə Azərbaycan yalnız şimali İranın adı degil, Dərbənddən fars elinə kimi uzanan bir qitəyə söylənir.

Etiraf olunmalıdır ki, bu qitədə həmişə türk yaşayormuş. Fəqət türkün olmadığı kimi burada fars milləti də olmamışdır. Azərbaycan Avropa ilə Asiya arasında ikinci bir quru yol olduğundan ta qədimdən Avropaya köçən müxtəlif millətlərin cövlangahı olmuşdur. Hər millətdən burada bir qədər qalmışdır.

Bu növ ilə miladın 4-cü əsrinə kimi burada fars, gürcü, rum, yunan, alban, aysori, babil, finikiyə və keldanilər olmuş olur. Gah Midiya burada ağalıq edir, gah İran buralarda dolanır, gah İskəndər rumu, gah Roma, gah gürcülər buralara gəlib hökumət halında yaşayorlar.

Dördüncü əsrdən başlayaraq buraya dalbadal türk milləti gəlir. Əvvəl hunlar, macarlar, avarlar, fin və bolqarlar, sonra xəzərlər, səlcuqlar, moğollar, tatarlar, türklər və osmanlılar hərəsi bir qədər ağalıq edirlər.

Moğollar burada ağalıq edərkən bütün əhalisini köçürüb buranı tatar, moğol ilə doldururlar. Hətta xüsusi bir İlxaniyyə dövləti düzəldirlər. Ancaq XVI əsrin axırlarında İran özünü toplayıb buranı təhti hakimiyyətinə alır. Alan kəndində hər kəndə belə fars məktəbləri açıb cəmaəti qarşılaşdırmaya başlayor.

Fəqət on yeddinci əsrdə Rusiya İranı buradan çıxarıb XIX əsrdə Azərbaycanı iki yerə bölür.

Bu qədər siyasi, milli təsirlər və şəraitlər Azərbaycanda gördüyümüz bir millət vücudə gətirir ki, özünə yuca səslə "Azəri türküz" adını verir.

 

7

 

Biz Azərbaycanı Cümhuriyyət halında görmək istədiyimiz kimi özünü də bütöv və həqiqi bir Azərbaycan halında görmək tərəfdarıyıq.

Əgər İran Azərbaycanı ilə Qafqasiya birləşməgə müvəffəq olsalar o vəqt ən xoşbəxt bir millət ola biləcəgiz deyiriz.

Təbiətcə dövlətli, mədəni, Cümhuriyyətli Azərbaycan Qafqasiya dağlarından farslıqa kimi sərbülən  on milyonluq bir əhalinin yurdu, vətəni olacaqdır. Bu əhali həpsi də bir millət olmuş olacaq.

Böylə hal az-az tapılır.

Amerika, İngiltərə, Fransa, Türkiyə, İran deyəndə bir millətdən ibarət bir məmləkət düşünülməsin. Söylədigimiz məmləkətlərdə əhali müxtəlif, hətta bəzisində saysız millətlərdən ibarətdir.

Ona görə bir məmləkətdə əhali başqa, millət başqa olur. İran əhli dedikdə fars, türk, ərəb, yəhudi, aysori kimi millətlər anlamaq lazımdır.

Rusiyalı dedikdə rus milləti degil, rus, türk, gürcü, yəhudi, fin, latış, ləh, nemsə kimi millətlər xəyalə gətirilməlidir.

Həmçinin, Türkiyə, İngiltərə, Fransa, İtaliya və qeyriləri ... Türkiyə ilə İngiltərədə başqa millətlər məmləkət ağalığında hətta dəfələrlə artıqdırlar. Odur ki, böylə məmləkətlərdə həyat öz qaydası ilə getməyor.

Çox olan məhkum millət azad olmağa çalışır. Hakim də öz ağalığını saxlamaq üçün qədərsiz pul, qüvvə sərf edir, əskər, xəfiyyələr saxlayor. Məhkum millətlərin məktəblərini, cəmiyyətlərini, mətbuatlarını yasaqlayor. Ədib və şairlərini sürgün ediyor, xülasə mədəniyyət və insaniyyət yolunda qoyulacaq qisme-məsarif "yasi ağalıq" namına mədəniyyət, insanlıq və tərəqqinin məhvi üçün sərf olunur.

Böylə məmləkətlər həmişə qan ocağı olmaqdan başqa axırları da olmayıb Rusiya kimi bir gün puç olub gedərlər.

Azərbaycan isə böylə degildir.

Azərbaycan xalis bir millətdən ibarət bir qitədir. Aramızda xırda millətlər azdır. Onlara da Xəlq Cümhuriyyətimiz mədəni muxtariyyət əta edəcəkdir. Ona görə azərbaycanlılar ən bəxtiyar millətlərdən hesab oluna bilərlər. Bizim kimi xalis bir millətdən ibarət məmləkət yox degildir. Fəqət bizim dövlət, sərvət, mədəniyyətimiz bizə millətlər arasında xüsusi bir mövqe ayırır. Böylə bir xüsusiyyət üçün də azərbaycanlılar Şərqin ən mədəni və fəal bir milləti ola bilərlər.

Azərbaycan həmişəyaşar və insaniyyədə böyük xidmətlər edər.

 

Son

 

Mirzə Bala Məhəmmədzadə

 

Ədəbiyyat qazeti.- 2018.-26 may.- S.26-27.