“Azərbaycan Cümhuriyyəti-100”

müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə mayın 25-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində tədbir keçirilib. Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlanıb.

AZƏRTAC xəbər verir ki, qoruq idarəsinin aparat rəhbəri Read Qasımov tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, 100 il əvvəl Azərbaycan xalqı öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirib.

Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İlielan etməsi bu tarixi fakta böyük ehtiramın ifadəsidir. Cümhuriyyətin 100 illiyi ölkəmizin hər yerində dövlət səviyyəsində qeyd edilir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində də bu istiqamətdə müxtəlif tədbirlər keçirilir”, - deyə R. Qasımov söyləyib.

Diqqətə çatdırıb ki, qoruq idarəsinin keçirdiyi müsabiqənin məqsədi gənclərə Cümhuriyyət tarixini və fəaliyyətini mükəmməl mənimsətmək, onlar arasında maariflənmə işini gücləndirmək, elmi potensialı olan gəncləri bu mövzuda yeni araşdırmalara cəlb etməkdir.

Sonra qonaqlar Cümhuriyyətin 100 illiyi münasibətilə ekranlaşdırılan sənədli filmə baxıblar.

Tədbir çərçivəsində “Azərbaycan Cümhuriyyəti-100” adlı kitabın təqdimatı da keçirilib. Kitabın elmi katibi, tarixçi alim, dosent Firdovsiyə Əhmədova və Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov çıxış ediblər.

Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyəti ölkə vətəndaşlarının hamısına bərabər hüquqlar verib. Cümhuriyyət parlamentinin qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasiiqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan yaradıb. Cümhuriyyət hökuməti sülhsevər siyasət apararaq bütün dövlətlərlə əməkdaşlıq əlaqələri yaratmağabir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərib. Hökumətin xarici siyasəti sayəsində ölkənin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını alıb.

Sonda “Azərbaycan Cümhuriyyəti-100” adlı müsabiqənin qalibləri mükafatlandırılıb.

 

Ədəbiyyat qəzeti.- 2018.- 26 may.- S.27.