Bədən gələ bilmirsən, ruh gəl

 

Elə ayrıldı ki, ömrün yolları,

Elə bil heç zaman bir olmamışıq.

Mən indi neynəyim bu xəyalları,

Hamısı sən dolu, sənə bulaşıq.

 

Nəyə toxunuram sən canlanırsan,

Hara boylanıram gözüm sən görür,

Açıb cəhənnəmin qapılarını

Şeytan hər tərəfə səni püskürür.

 

Dünya sən qarışıq, dünya sən dolu,

Qanadır qəlbimi sözlər, əşyalar,

Canıma sancılır, gözümə dolur,

Hər yerdə ruhunun qırıqları var.

 

***

 

Nə qədər dolaşdıq bu küçələri

Həyatı, sevinci bölüşmək üçün.

Allahın altında Yerin hər yeri

Bizə bəhanəydi görüşmək üçün.

 

Hərdən toxunurduq bir-birimizə,

Sınıb tökülürdük o küçələrə.

Sanki ömrümüzü səpələyirdik

O xoşbəxt anların bitdiyi yerə.

 

İndi bu yerlərdən keçə bilmirəm,

Dururam ürəyim qan içində mən.

Məni xatirələr kəsir içimdən,

Sən heç keçmirsənmi bu küçələrdən?

 

Belə birdən getmə!

Guya bir başqasında

səadət aşıb-daşırmış kimi,

mən də bir heçmişəm kimi,

belə birdən getmə.

Xatirələrin canımda soyumadan.

Gedəcəksənsə,

ömür kimi, can kimi

elə getməlisənsə,

öyrət məni ayrılıqlara,

öyrət məni sənsizliyə

sonra get!

Ömrümün ən gözəlini sənə verdim,

yıxma məni,

bilirsən yaşanacaqların

yaşanmışlardan daha gözəl olacağını?

Hələ sev, hələ sev məni

bir az da xatirələrin gücünə.

Öyrət məni ayrılıqlara,

öyrət məni ölümə,

sonra get!

 

***

 

Hələ də yandırır, yaxır qəlbimi

O məhzun, o titrək yalvarışların.

Ölən sevgimizə abidə kimi

Sənin son duruşun, son baxışların.

 

Bu - mənim ruhumun son duracağı,

Bu - mənim ömrümün qurtaracağı,

Bir anın zamanı durduracağı -

Sənin son duruşun, son baxışların.

 

Bir son təsəllinin yanıb-sönməsi,

Gah mələk, gah şeytan gülümsəməsi,

Bir ülvi xəyanət mücəssəməsi -

Sənin son duruşun, son baxışların.

 

Səngimir, soyumur, azalmır, itmir,

Ya bu ömür bitir, bu ağrı bitmir,

Gözlərim önündən getmir ki getmir

Sənin son duruşun, son baxışların.

 

Niyə çəkib getmir, nəyi gözləyir,

Nə məna daşıyır, nə sirr gizləyir?

Bu yəqin, ölümdür məni izləyir -

Sənin son duruşun, son baxışların.

 

Yenə yox deyirdin telefonda sən,

Yenə sözlərində təkəbbür, vüqar.

Amma hiss etdim ki, xatirələrdən

Sənin də səsində titrəmələr var.

 

Ayrılıq səni də titrədir, duydum,

Ayrılıq səni də göynədir, bildim.

Yenə ürəyimin səsinə uydum,

Yenə xəyallarda öldüm-dirildim.

 

Oxşadım, qoxladım səndən gizlicə

Sənin telefonda səsini öpdüm.

Tutdum nəfəsimi, səsin gəlincə

Qəlbimin yaralı yerinə səpdim.

 

Sən çox danışırdın, sən çox deyirdin

O dönük taledən, acı qədərdən.

Sən unut deyirdin, sən yox deyirdin,

Amma xoşbəxt idim, xoşbəxt idim mən.

 

***

Bayırda qar yağır, bağlanır yollar,

Bir isti, bir ümid keçir içimdən.

Elə istəyirəm möcüzə ola -

Elə istəyirəm getməyəsən sən.

 

Nola bu qar yağa sonsuza qədər,

Bu dünya bu qarın altında qala.

Elə istəyirəm dünya dağıla -

Elə istəyirəm getməyəsən sən.

 

Bayırda qar kəsir, yollar açacaq,

Güldüm bu möcüzə istəyimə mən.

Bildim ki, bu dünya dağılmayacaq,

Bildim, getməlisən, gedəcəksən sən.

 

Mənsiz axı kimsən, axı nəsən sən,

Cansız bir görüntü, ruhsuz bir bədən.

O yaralı qəlblə, o ürəklə sən

Bir də bir kimsəni sevməyəcəksən.

Mənə də, sənə də yazıqdır, getmə,

Qurduğum dünyanı tarimar etmə!

Yaxşı-pis, nələrdən keçdik birlikdə,

Çəkib gedilməz ki, hər çətinlikdə.

Getmə, ömrüm gedər, varlığım bitər,

Getmə, xatirələr məni öldürər!

Sən məni öldürmə ölümdən qabaq,

Sənsiz axı həyat yaşanmayacaq.

Getmə, biri candan getmə deyirsə,

Sən belə getmirsən, candan gedirsən.

Bir ömür dərdi var getdiyin anın.

Əlimdə deyil ki, hökmü zamanın,

Mən sənə sabahı göstərə bilim,

Getmə, yollarına qurban kəsilim!

Getmə, cəhənnəmdir sevgisiz ömür,

O elə uzaqdan parlaq görünür.

Getmə, olmayacaq sonsuza əvəz

Qızıldan da olsa girdiyin qəfəs.

O həyat zəhərdir, elə bal dadır,

Getmə, görmürsənmi tale aldadır?!

 

Unut, sən də unut o vəfasızı,

İlk dəfə yandığın yerindən unut,

Unut, gözlərindən unut.

 

Qalmasın canında bir nəvazişi,

Qəlbinin kökündən, dərindən unut.

Ruhunu sarsıdan iniltisindən,

Titrəmələrindən unut.

 

Sıyır ürəyindən xatirələri,

Yer-yer, zaman-zaman biri qalmasın.

Unut, elə unut, yadında ondan

Bir söz, bir baxış da diri qalmasın.

 

Unut, daha unut o vəfasızı,

Unut, ən sevdiyin yerindən unut,

Unut, gözlərindən unut.

 

Bu da son təsəlli, bu da son ümid,

Elə bu dünyada sən varsan, bəsdir.

Nolsun bir deyil, birgə deyilik,

Hərdən o günləri anarsan, bəsdir.

 

Hərdən qəfil əsən xatirələrdən

Üşənsən, ürpərsən, için titrəsə,

Qurusa, səyrisə dilin-dodağın,

Ürəyin, ürəyin adımı desə,

 

Hərdən qanın donsa damarlarında,

Bir gizilti keçsə sinirlərindən,

Kədərin, qüssənin ağırlığından

Tərpənə bilməsən durduğun yerdən.

 

Yadına salarsan o uğursuz gün,

Bir ömrü kökündən titrətdiyini,

Məni bir yalançı səadət üçün

Tələsik, namərdcə tərk etdiyini.

 

Darılıb, sıxılıb, yaxanı açıb,

Durub baş götürüb getmək istəsən,

Ağrının, kədərin əlindən qaçıb

Dünyadan yox olub itmək istəsən.

 

Gələrsən, sakitcə qapımı döyüb

Girərsən, səssizcə gülərsən, bəsdir.

Başını dizimin üstünə qoyub

Ağrısız, xoşbəxtcə ölərsən, bəsdir.

 

***

 

Elə yaxınsan ki, xatirələrdə

Elə bil canlısan, elə bil varsan.

Sən ordan-zamanın durduğu yerdən

Elə bil boylanıb indi çıxarsan.

 

Sanki canımdasan, sanki indicə

Təsəvvürlərimdəki şəffaf sehrdən

Sıyrılar o otaq, o ay, o gecə,

Sən də otağın pəncərəsindən

 

Titrək əllərinlə sarıb çiynimi,

Çırpınır, ruh kimi, şəfəq yayırsan

Və məni əbədi sevəcəyini

Durub göy üzünə pıçıldayırsan.

 

Durub dönüşünü gözləyəcəyəm

Həmin o dalanda, həmin o tində.

Bəlkə, illər keçər, bəlkə, bir ömür,

Gələr, sonu çatar bu həsrətin də.

 

Durub gözləyəcəm yağışda, qarda,

Durub gözləyəcəm qışda, baharda,

Bir ömür keçəcək bir intizarda,

Bir ömür bitəcək aldanışlarda.

 

Hərdən gizli-gizli ağlayacağam

Duymadan bir kimsə, görmədən heç kim,

Bir can bahasına saxlayacağam

Bir heçin uğruna atdığın eşqi.

 

Qəlbimdən gümanlar, ömrümdən illər,

Yanımdan insanlar gəlib keçəcək,

Öncə baxıb-baxıb heyrətlənənlər

Sonra bu halıma adət edəcək.

 

Hər gəlməyişindən bir az qırılıb,

Bir az sönüb, solub azalacağam.

Get-gedə ağrını səadət bilib

Bu yox oluşumdan həzz alacağam

 

***

 

Bu, yəqin ölümdü gəldi gizlicə,

Gəldi bu libasda, gəldi bu adda.

Baxdı gözlərimdə sevgini seçə,

Qondu damağımda ləzzəti dada.

Sonra ürəyimdən sevinci ala,

Yerinə bir girov dərd qoya qala.

 

Mən elə bu dərdlə ölərəm yəqin,

Üstündən nə qədər zaman keçsə də.

Bərkiyər, canımda qalar həsrətin,

Qəlbimdən nə qədər güman keçsə də.

 

Ya infakta dönər, ya şişə dönər,

Bir gün bir yerimdən vurar qanayar,

Görər qurbanını ölüm mələyi,

Uzaqdan bu dərddən məni tanıyar...

 

Mən elə bu dərdlə ölərəm yəqin,

Sıxılıb-sıxılıb üzüntülərdən.

Kimsə bilməyəcək sirrini sənin,

Kimsə bilməyəcək sən öldürübsən.

 

***

 

Gəl çıxar canımdan bu ləzzətləri,

Səndən haram qalsın istəmirdim mən.

Sənsiz can yerinə, bədən yerinə

Təkcə yaram qalsın istəmirdim mən.

 

İllərlə qəlbimə həyan sandığım,

Sən demə, ən böyük düşmənimmişsən.

İllərlə qəlbimə bıçaq vurmağa

Bir fürsət anını gözləyirmişsən.

 

O aylı, ulduzlu, dənizli eşqlə

Bu dərsi mən özüm sənə vermişəm.

Sən demə, illərlə bu gizli eşqlə

Mən sənə xəyanət öyrədirmişəm.

 

***

 

Daha nə fərqi var kim kimi atdı,

İndi ikimiz də atılmışlarıq.

Birimiz sevincdən, birimiz dərddən,

Hərəmiz bir yeni sevda başlarıq.

 

Sənin görsənişli bir sevgin olar,

Aşıb yayılarsan saxta sevincdən.

Amma gündən-günə qəlbin sıxılar,

Yanında başqası, ürəyində mən.

 

Hərə bir yol seçər ayrılıqlara,

Hərə bir don biçər iztirablara.

Beləcə bir ömür yaşanar gedər,

Bu rəngli dünyada sən , mən qara.

 

Mən elə xoşbəxtəm bu dərdlə inan,

Sən elə bədbəxtsən o sevincinlə.

Hələ xumarından ayılmamısan,

Get də zaman keçsin, qəlbini dinlə!

 

Yuxular qəlbimin sahillərindən

Hər gecə qovduğum xatirələri

Alır dalğa-dalğa qaytarır geri

Və belə hər səhər sanki yenidən,

 

Yenidən başlayır o ayrılıqlar,

Yenidən başlayır o dərd, o ələm,

Yuxular qoymur ki, sakit yaşayam,

Yuxular qoymur ki, əzabsız öləm.

 

***

 

Ömür səndən sənə yaşanır ancaq,

Qalanı özünü aldatmalarda,

İşə getmələrdə, evə qayıtmalarda,

Gün keçirmələrdə, baş qatmalarda,

Yenə, yenə sənə can atmalarda

Ömür səndən sənə yaşanır ancaq.

 

***

 

Bu ürək buraxmır, buraxmır səni,

Ha dartır insanlar, ha dartır zaman,

Dartınır, qanayır, buraxmır səni,

Dost-tanış qınayır, buraxmır səni.

Sən də istəyirsən çıxıb gedəsən

Bu sərsəm ürəkdən, dəli ürəkdən,

Çırpınır, ağlayır, buraxmır səni,

Yalvarır, saxlayır, buraxmır səni.

Yapışıb çarəsiz xatirələrdən

Dirənir, gücənir, buraxmır səni,

Buraxmır heç səni, buraxmır səni

Bu ürək buraxmır, buraxmır səni.

 

***

 

Canıma dərd düşür, səhər açılır

Onun yoxluğuna açılır səhər.

Yenə yaxşıydı ki, sərxoş gecələr

Alıb aparırdı qəlbimi yuxu,

Röyalar, xəyallar qarışığında

Hiss olunmurdu onun yoxluğu.

 

Canıma dərd düşür, səhər açılır,

Elə bil açılan yaradır səhər

Bir də açılacaq neçə səhərlər.

 

***

 

Nəsə qalmalıdır bu yaşantıdan,

Elə silək gedək, ömür olmaz ki.

İllərin qoynuna daşan həyəcan

Elə bircə gündə unudulmaz ki.

 

Elə bir nəfəslə atılmaq olmaz

Sevgidən-sevgiyə, ömürdən-ömrə.

Elə bir həvəslə satılmaq olmaz,

Özü də heç nəyə, heç nəyə görə.

 

Oynaq dalğadırmı ürək dediyin,

Gələ hər ayağı yuya çəkilə?

Ömür qumar deyil, ürək zər deyil,

Atıb gözləyəsən səadət gələ.

 

Həyat dərindədir, vitrində deyil,

Səni aldatmasın yalançı qürur.

Səadət bir anın sehrində deyil,

Sınanmış illərin üstündə durur.

 

Canın bu sevgidən doymayacaq ki,

Bir başqa sevgiyə daşıb dolasan,

Səni xatirələr qoymayacaq ki,

Sakit yaşayasan, xoşbəxt olasan.

 

Mən indi neynəyim, mən necə ölüm?

Ölümdən betərmiş etdiyin zülüm.

İndi bu yaralı ürəklə gedim

Kimin qapısında sevgi dilənim?

Sən var idin varsa-yoxsa dünyada,

Nə ölümüm vardı yoxsa dünyada

Həyatın, ölümün bu xofu ilə,

Arzular, xəyallar buxovu ilə?

Sanırdım gizlədib bəlkə, qədərdən

Səni ölümümə saxlayacam mən.

Bəlkə, bu sevgiylə həyatdan doyub,

Başımı dizinin üstünə qoyub,

Ağrısız, sakitcə öləcəkdim mən,

Niyə bu taleyi aldın əlimdən?

 

***

 

Mən nahaq buraxdım tövbə anını,

Hələ ki ruhumun iztirabları

Qovurdu dünyanın həyəcanını,

Qəlbimi ağrısız dartıb qoparıb,

Tərk edib dünyanı cilvələriylə,

Səni də, səni də bu dünya ilə

Elə birdəfəlik unudacaqdım,

Nahaq, mən o anı nahaq buraxdım.

 

***

 

Gəl!

Qayıt gəl ömrümə, daha gəl,

Sən oldun ömürdən baha, gəl!

Burax o mənasız həyatı,

darıx gəl.

Önündəki divarları,

qəlbləri yıx, gəl!

Həyat qoymasa,

yuxulardan bir yol tap gəl,

xəyallardan sıyrıl,

xatirələrdən qop, gəl.

Bədən gələ bilmirsən, ruh gəl!

Çıx gəl, çıx gəl!

Canım çıxdı, canından çıx gəl!

 

Arzu ƏSƏD

 

Ədəbiyyat qəzeti.- 2018.- 3 noyabr.- S.4-5.