Sənə sənsizlikdən salam yollayıram

 

Batırın məni

 

Bir qaya parçasıyam,

duyğular mənə söykənib axan sular.

Hər dəfə çırpıldıqca sinəmə,

bir-bir qopur misralar.

Bəzən altından ovulan qaya parçası kimi,

bir misra özümdən aşıra da bilir məni.

Bəzən

sənsizləyəndə,

uf demədən güllə kimi sıxıram gecəni,

sənə doğru xəyalımda.

O an çopur-çopur misralar

mərmi partlayışından qovrulan

torpağı xatırladır mənə.

Qəlbimdə duyğuların qaya söykənəcəyinə,

söykənirsən sən o an.

züm sürüşüb yıxılıram,

sənə bağlı duyğularımdan.

Mənə bir şeir de,

sahildə balıq axtaran qağayı dilində.

Bəlkə,

onda bu qaya duruşumu,

sularda batıra biləm.

Özümdə batmaqdan yaxşıdır

sularda batmaq.

 

Ölüm

 

Ölüm,

Yaşamağın ən üst pilləsidi.

Yaşamaq Tanrının ən ağır şilləsidi.

Dözümlülər ölür,

Dözümsüzlər ölür,

Hər iki halda

Ölüm gülür...

Biri ayrılığa,

Biri barışığa ağardır dişlərini.

Ölüm,

Tanrının üzünə dik baxacağım o gün,

Mənim üçün

Səndən qorxduğum qədər

İkinci qorxduğum var ki -

Sevgi?!

 

İki ilk

 

Bir məndə iki mən var,

Biri Allaha tapınar,

Biri özünü Vətəndə tapar.

Biri-birinə Allahdı.

İnamı

Allah haqqı.

Biri-birinə Vətəndi

Vətəndaşlığıdır andı.

İki mən var bir məndə

Bir üzü özündən boy verir,

Bir üzü o biri üzünü geyir.

Beləcə yeriyir məndə mən.

Vətən - Allah,

Allah - Vətən!

 

Tənhalıq

 

Bilirsən, var?

Bir gün bu gün kimi gecə uzanar,

Dizlərini qucaqlayar əllərin.

Darayar tənhalığın saçını zülmət gecənin.

Qapını kimsəsizlik taqqıldadar,

Evdə yoxam deməyə

sözlər sürüşər dilindən.

Oyanar bu səsə xatirələr,

Diksinər içində

Yatan o sən.

Görərsən, o sən sən deyilsən.

Qaçmaq istərsən geriyə,

Ayaqların boy verməz boyuna.

Xatirələr səni soyuna-soyuna,

Səni soyundurar.

Divarlarda əksini soyunduğuna

baxıb deyərsən,

Sən ?!

 

İnan

 

Qəbirlər səbirlərin pərdəsidir,

Səbir pərdəmizin altında

Bir ölü yatır, əslində.

Hər ölüm diriliyin başlanğıcı deyil, oğul!

Dirilmək sevilməkdir yoxluğunda da.

Sevməyi bacarmayanlar,

Ölməyi bacarmır.

Ölüm o qədər ali mərtəbə ki,

Heç kim şax gedə bilmir o kürsüyə.

Üzümüzü özümüzə uzada bilək kaş ki.

Ünvana bu qədər gecikmişkən,

Qatarı yubatmayaq növbəti dayanacağa.

İnanıram bəxtlərin vaxtsa oyanacağın.

Kim inanmır, inanmasın.

İnam bir dam məsələsidir.

Damı deşik evlər,

Bünövrəsinə qədər mələr.

 

Adalar

 

Adalar,

Suların boğulan yeri.

Orda üzə çıxır yerin dibi.

Adalar üsyanıdır torpaqların,

Adalar sahilidir həm suların.

Sahildə suların ləpə-ləpə

Öpüşündən başlayır ayrılığı həyatın.

Bu dəniz dünyada adalar

Qurtuluşudur gəmisi batmış kapitanın.

Adalar

Hər tərəfi su.

Suyun ortasında bir ovuc torpaq qurusu.

Bir ada ömrüdür ömrüm.

Suyun göbəyində susuzam.

Birinə xilas yoluyam,

Birinin üzünə ağam....

Suyun ortasında suyu bölən torpağam,

bu qədər.

Ey,

Məni kəşf etmək istəyənlər,

Bilirsiz?

Suları altından axıdan adalar,

Üstündə sulara tabut olar.

 

Dönə bilsəm

 

Bir gün dönə bilsəm,

unudacağam hər şeyi:

məsələn, ədəbiyyat dərsində

Leyli Məcnunu səhnələşdirdiyimizi,

özümüzü bir-birimizə öyrəşdirdiyimizi.

Küçənizi çıxaracağam yadımdan.

Öz adımdan,

özümə məktub yazacağam:

bağışla!

Dönə bilsəm bu qışda,

sənə bürüyəcəyəm sənsizliyi.

Üşüyən qəlbində qızınacağam.

Kölgənə uzanacağam,

ey uzun ayrılıq heykəli!

 

Bu gecənin şeiri

 

Bu gecənin şeiri sənsizlik

misra- misra hönkürür tənhalıq.

Bənd-bənd sökülür gecə,

bir axın bürünüb sənə

xəyalın divarlarını yıxır.

Bu gecənin havası kimi ağır,

sıxıcıdır şeiri .

Sən biləsən e,

olsaydın yerimdə,

yəqin, sən

sıyrılardın içindən.

Gecə keçir,

Ay geri qayıdır biçindən.

Ulduzlar bir-bir sönür,

Günəş öz yuvasına dönür.

Mən öz yuvamda,

öz havamda

öz mahnımı çalıram.

Bu gecənin şeirini yaza-yaza,

sənə sənsizlikdən salam da yollayıram.

Alsan da sağ ol, almasan da!

 

Rəngsizlik

 

Son vaxtlar ağı qaradan yaxşı seçirəm,

Qaranlıqdı çünki baxdığım hər yer.

Gözlərimə son dəfə eynək taxdığım

yadıma da gəlmir,

yadıma düşsə idi,

tarixini bilərdim

rəngsizliyin başlanğıcının.

 

Elnur Uğur Abdiyev

 

Ədəbiyyat qəzeti.- 2018.- 3 noyabr.- S.27.