Ədəbiyyatşünaslıq elminin məbədi
Milli Elmlər Akademiyası Azərbaycan elminin baş qərargahı,
ölkə ziyalılığının elmi laboratoriyası,
xalqımızın zəngin milli sərvətidir. Elmi tədqiqat
institutları Baş qərargahın nizami hissələri, elm
adamları isə alimlər ordusunu təmsil edən və
silahı qələmə çevirərək mübarizə
aparan qüvvələrdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Akademiya
Baş qərargahının humanitar cəbhəsinin əsas
aparıcı elmi qvardiyalarından biridir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu elm sahəsində
bütün tarixi boyu milli ideoloji cəbhənin önündə
gedən, bu istiqamətdə söz sahibi olan təşkilatlanmış
bir elmi qurumdur. Ölkədə ədəbi-ictimai fikrin və
ümummilli ideologiyanı formalaşdıran ən
mühüm elm ocaqlarından biri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutudur.
Azərbaycan
ədəbiyyatşünaslıq elminin formalaşması və
inkişaf etdirilməsində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
böyük xidmətləri vardır. Ölkəmizdə ədəbiyyat
siyasətinin müəyyən edilməsində və həyata
keçirilməsində Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu həmişə aparıcı
mövqedə dayanmışdır. Bu mənada Nizami adına Ədəbiyyat İnstitutu da, öz
növbəsində, Azərbaycanda ədəbiyyat tədqiqatlarının
Baş qərargahıdır. Azərbaycan ədəbiyyatının
və ədəbiyyatşünaslıq elminin strategiyası və
taktikası əsasən Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda hazırlanmışdır. Fəaliyyət
göstərdiyi 85 il ərzində ölkəmizdə
bədii yaradıcılığın və ədəbiyyatşünaslıq
elminin inkişaf etdirilməsi sahəsində meydana
çıxmış istiqamətverici ideyaların və
tezislərin müəlliflik hüququ digər elm və ali təhsil
qurumları ilə müqayisədə hamıdan çox
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna məxsusdur.
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu bu gün də respublikamızda ədəbiyyat
haqqında elmin əsas mərkəzi funksiyasını məsuliyyətlə
və şərəflə yerinə yetirməkdədir. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin ədəbiyyat
haqqında dediyi aşağıdakı sözləri eyni dərəcədə
ədəbiyyat haqqında elmə də aid etmək olar:
"Azərbaycanın milli azadlığı, istiqlaliyyəti
yolunda ən çox bizim ədəbiyyatımız, incəsənətimiz,
mədəniyyətimiz xidmət göstəribdir… Azərbaycan ədəbiyyatı qədim dövrlərdən
indiyədək öz zənginliyi ilə bütün dünya
xalqları içərisində öncül yerlərdə
olubdur. Demək bu, həm bizim tariximizdir, həm
mənəviyyatımız, həm də milli mədəniyyətimizdir".
Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu zəngin, keşməkeşli
və şərəfli bir yol keçmişdir. Ədəbiyyat İnstitutunun keçdiyi yol milli ədəbiyyatın
və Azərbaycan ədəbiyyatşünaslıq elminin təşəkkül
və inkişaf yolu deməkdir. Ədəbiyyat
İnstitutu ədəbiyyatşünaslıq elminin
inkişafının barometri kimi bu elm sahəsinin tənəzzülü
və tərəqqisini özündə əks etdirir. Ədəbiyyat İnstitutunun tənəzzül
yaşadığı illər, eyni zamanda, ədəbiyyatın
və onun haqqında elmin böhranlı və ya məşəqqətli
dövrü olmuşdur. Əksinə,
Ədəbiyyat İnstitutunun tərəqqi etdiyi illərdə
Azərbaycan ədəbiyyatı da, ədəbiyyatşünaslıq
elmi də, ictimai fikir də inkişaf etmişdir. Ona görə də Ədəbiyyat İnstitutundan
danışmaq tam mənası ilə ədəbiyyatdan və
ədəbiyyatşünaslıq elmindən, ictimai fikrin
inkişaf səviyyəsindən söz açmaq mənasını
daşıyır. Obrazlı şəkildə
belə demək mümkündür ki, Ədəbiyyat
İnstitutu ədəbiyyat və ədəbiyyatşünaslıq
anlayışlarının sinonimidir. Bədii
ədəbiyyat Ədəbiyyat İnstitutunun tədqiqat
obyektini, ədəbiyyatşünaslıq elmi isə ədəbiyyatın
elmi mahiyyətini ifadə edir. Əgər
çoxəsrlik zəngin Azərbaycan ədəbiyyatı
möhtəşəm bir məbəddirsə, Ədəbiyyat
İnstitutu onun qızıl açarıdır. Ədəbiyyat İnstitutu, ədəbiyyatşünaslıq
elmi bədii ədəbiyyatın, yaradıcılıq proseslərinin
mahiyyətini müəyyən edir, qiymətini verir, gələcək
inkişaf yollarına işıq salır, təsir göstərir.
Keçdiyi şərəfli və keşməkeşli yol,
yaratdığı davamlı elmi ənənələr,
yetirdiyi böyük elmi simalar, meydana qoyduğu zəngin elmi irs Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunu da möhtəşəm elm məbədinə
çevirmişdir.
Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu XX əsrin
əvvəllərində fəaliyyət göstərmiş Tədqiq
və Tətəbbö Cəmiyyətinin (Azərbaycanı
Öyrənmə Cəmiyyətinin - İ.H.) və Azərbaycan
Elmi Tədqiqat İnstitutunun Dil, Ədəbiyyat və İncəsənət
bölməsinin bazasında yaradılmış akademik elmi
qurumdur. SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialı Azərbaycan
bölməsində 22 mart 1933-cü il
tarixində yaradılan Ədəbiyyat sektoru Akademiya sistemində
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
bünövrəsini, təməlini təşkil edir. Dövrün tanınmış ədəbiyyatşünas
alimi Əli Nazim Mahmudzadə (1906-1941) Ədəbiyyat sektoruna
rəhbərlik etmişdir. Bu ilk akademik qurumda Əli
Nazim Ədəbiyyat sektorunun sədri olmaqla yanaşı, həm
də ədəbi abidələrin nəşri seksiyasına,
Salman Mümtaz ədəbi irs, Hənəfi
Zeynallı şifahi ədəbiyyat, Həsən İmanov
Əlyazma qaynaqları seksiyalarına rəhbərlik etmək
vəzifələrini həyata keçirmişlər.
Mikayıl Rəfili, Bəkir Çobanzadə, Həbibulla Səmədzadə,
Əmin Abid, Böyükağa Talıblı, Xalid Səid Xocayev,
Paşa Sultanov kimi istedadlı elm adamlarının burada
çalışması Ədəbiyyat sektorunda hansı səviyyədə
elmi tədqiqat qurumu olduğunu təsəvvür etməyə
imkan verir. Ədəbiyyat sektoru ölkəmizdə
ədəbiyyatşünaslıq üzrə sistemli elmi tədqiqatların
təməllərini yaratmışdır. Qısa
müddətdə Ədəbiyyat sektorunda Məhəmməd
Füzulinin, Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin,
Mirzə Ələkbər Sabirin, Seyid Hüseynin, Sultan Məcid
Qənizadənin əsərləri çapa hazırlanıb
nəşr etdirilmişdir. Burada Tədqiq və
Tətəbbö Cəmiyyəti dövründən
başlanan folklor materiallarının toplanması və nəşri
işi ardıcıl olaraq davam etdirilmişdir. Ədəbiyyat
sektorunda "Kitabi-Dədə Qorqud"un
elmi-tənqidi mətni hazırlanmışdır. Ədəbiyyatşünaslıq istiqaməti üzrə
Azərbaycan ədəbiyyatı klassiklərinin, XIX-XX əsrlərdə
yaşayıb-yaratmış yazıçı və şairlərin
həyatı və yaradıcılığı haqqında
ilk elmi tədqiqatlar meydana çıxmışdır.
Bundan başqa, Türk Mədəniyyət sarayının
(indiki Milli Elmlər Akademiyası Rəyasət Heyətinin
binasının - İ.H.) 1932-ci ilin 29 dekabrında Az OZFAN-ın sərəncamına verilməsi
burada digər elm sahələri ilə yanaşı, ədəbiyyatşünaslıq
elminin də inkişaf etdirilməsi işinin normal şəkildə
təşkilinə münbit şərait
yaratmışdır.
SSRİ
Elmlər Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan
bölməsi 25 oktyabr 1935-ci il tarixindən
etibarən mərkəzi Akademik qurumun birbaşa Azərbaycan
filialına çevrilməsindən sonra bu elmi təşkilatın
nəzdində müstəqil Dil və Ədəbiyyat
İnstitutu yaradılmışdır. Azərbaycan Elmlər
Akademiyasının təsis edildiyi 1945-ci ilə qədərki
on il müddətində dövrün
xüsusi çətinliklərinə görə Dil və
Ədəbiyyat İnstitutunun rəhbərliyi səkkiz dəfə
dəyişdirilmişdir. Xüsusən, ölkədə
repressiya tədbirlərinin həyata keçirildiyi 1936-1939-cu
illərdə Dil və Ədəbiyyat İnstitutunda direktor vəzifəsi
bəzən hər il bir neçə dəfə
əvəzlənməli olmuşdur. Milli mənsubiyyət
etibarilə eston olan Artur Rudolfoviç Zifeldt - Simumyaqi
(1889-1938) Dil və Ədəbiyyat İnstitutuna 27 fevral
1936-cı ildən 1 iyun 1937-ci ilə qədər cəmisi bir
il 3 ay başçılıq etmişdir.
Dil və Ədəbiyyat İnstitutunda Əhməd Əhmədov
41 gün (1 iyun - 11 iyul 1937-ci il), İdris Həsənov 6 ay 28
gün (19 iyul 1937 - 17 fevral 1938-ci il), Aleksey Klimov 10 ay 14
gün (17 fevral - 31 dekabr 1938-ci il), Heydər Hüseynov 8 ay 25
gün (1 yanvar - 25 sentyabr 1939-cu il), Fəziləddin Babayev 2 ay
(1 avqust - 1 oktyabr 1939-cu il) - direktor vəzifəsində
çalışmışlar. Heydər
Hüseynovdan başqa direktorların hamısı
repressiyanın qurbanı olmuşlar. Direktor
müavini Qulam Bağırzadə və elmi katib Hənəfi
Zeynallı da qanlı repressiya ilə üzləşmişdir.
Heydər Hüseynov isə bir qədər sonra
1950-ci ildə siyasi təqiblərə dözməyərək
intihar etməli olmuşdur. Dil və Ədəbiyyat
İnstitutuna 1939-cu ildən 1950-ci ilə qədər rəhbərlik
etmiş Məmməd Arif Dadaşzadə də 1950-ci ildə
siyasi rejim tərəfindən "Türkiyə casusu"
elan edilərək şübhəli şəxs kimi vəzifəsindən
və partiya sıralarından azad edilməklə ev dustağı cəzası
almışdır.
Belə çətin şəraitə baxmayaraq, Dil və
Ədəbiyyat İnstitutunda elmi tədqiqatlar davam
etdirilmiş, ədəbiyyat tarixinə iz salan nəticələr
əldə olunmuşdur. Dilçilik tədqiqatları ilə geniş dairədə
tanınan Artur Rudolfoviç Simumyaqi özünün "Azərbaycanı
öyrənməyə doğru", "Azərbaycan ədəbi
dili haqqında", "Türk dillərində elmi
terminologiyanın yaranması prinsipi haqqında" adlı
sanballı əsərlərindən başqa Dil və Ədəbiyyat
İnstitutunda dilçilik tədqiqatlarına geniş meydan
açmışdır. Dil və Ədəbiyyat İnstitutunun direktor
müavinləri Əli Nazim Mahmudzadə və Qulam
Bağırzadə, elmi katib Hənəfi Zeynallı ədəbiyyatşünaslıq
və dilçilik sahələrinin bütün istiqamətlər
üzrə inkişaf etdirilməsinə səy göstərmişlər.
"Molla Nəsrəddin haqqında" tədqiqat
əsərinə görə Əli Nazim Mahmudzadəyə
dissertasiya müdafiə etmədən elmlər namizədi elmi
dərəcəsi verilmişdir. Bu mərhələdə
Mahmud Qaşqarinin "Divani-lüğət-it-türk" əsəri
Xalid Səid Xocayev tərəfindən çapa
hazırlanmışdır. Mirzə Ələkbər
Sabirin vəfatının 25 illiyinə dair keçirilmiş
elmi konfrans böyük əks-səda doğurmuşdur. Toplanma materialları əsasında
"Koroğlu" dastanı nəşr edilmişdir.
Böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan
olmasının 800 illik yubileyi ilə əlaqədar
bütün tədbirlər: əsərlərinin Azərbaycan
dilinə tərcüməsi və nəşri haqqında elmi
tədqiqatların aparılması və çap edilməsi
kimi əhəmiyyətli məsələlər Dil və
Ədəbiyyat İnstitutu tərəfindən uğurla həyata
keçirilmişdir. Bundan başqa, 1943-1944-cü illərdə
2 cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin hazırlanıb nəşr edilməsi
ölkə miqyasında mühüm elmi hadisə kimi
qarşılanmışdır. Azərbaycan SSR Xalq
Komissarları Sovetinin 8 sentyabr 1938-ci il
tarixli 4925 saylı qərarı ilə Dil və Ədəbiyyat
İnstitutuna Nizami Gəncəvinin adının verilməsi də
əhəmiyyətli hadisəyə çevrilmişdir.
Ümumiyyətlə,
ölkəmizdə elmin inkişafında, o cümlədən
də Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun hərtərəfli şəkildə tərəqqi
etməsində 27 mart 1945-ci ildə Azərbaycan SSR Elmlər
Akademiyasının yaradılması geniş meydan
açmışdır. Bu dövrdən etibarən Nizami adına Ədəbiyyat İnstitutunun
inkişafında yeni mərhələ
başlanmışdır. Elmlər
Akademiyasının prinsiplərinə uyğun olaraq bu elmi tədqiqat
institutunda planlı və sistemli tədqiqatlar
aparılmış, sanballı çoxcildlik nəşrlər
və monoqrafik tədqiqatlar hazırlanaraq elmi ictimaiyyətə
çatdırılmışdır. Respublikanın ədəbi-mədəni
və ictimai həyatında Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu aparıcı mövqeyi ilə
seçilmişdir. Ölkədə
keçirilmiş ədəbi şəxsiyyətlərin
yubiley mərasimlərində, elmi konfranslarda və müzakirələrdə,
hətta ideoloji xarakterli müşavirələrdə Ədəbiyyat
İnstitutu aparıcı söz sahibi olmuşdur. Ədəbiyyatşünaslıq üzrə elmi dərəcəli
yeni nəsil mütəxəssislərin hazırlanması sahəsində
də Ədəbiyyat İnstitutu səmərəli fəaliyyət
göstərmişdir. Ölkəmizin digər ali təhsil müəssisələri və
elmi tədqiqat qurumları üçün yüksək
ixtisaslı elmi kadrların hazırlanması işini Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu yerinə yetirmişdir. Beləliklə,
Nizami adına Ədəbiyyat İnstitutu
Azərbaycan SSR Elmlər Akademiyası sistemində özünəlayiq
şərəfli yer tutmuş, ölkə miqyasında
nüfuzlu elmi tədqiqat ocağı kimi qəbul
edilmişdir.
Elmlər
Akademiyasının tərkibinə daxil olduqdan sonra Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutuna
müxtəlif illərdə aşağıdakı elm xadimləri
rəhbərlik etmişlər:
1. Akademik
Məmməd Arif Dadaşzadə (10.06.1904-27.12.1975) - 25 sentyabr
1939-27 iyul 1950-ci il; İkinci dəfə: 7
dekabr 1957 -17 sentyabr 1959-cu il.
2. Akademik
Mirzə İbrahimov (28.10.1911-17.12.1993) - 15 avqust 1950-29 fevral
1952-ci il.
3.
Professor Mirzəağa Quluzadə (24.10.1907-1979) - 29 fevral 1952-7
dekabr 1957-ci il. İkinci dəfə: 19
aprel 1968-9 aprel 1979-cu il.
4. Akademik
Məmmədağa Şirəliyev (13.09.1909-19.04.1991) - 1 iyun
1960- 19 aprel 1968-ci il.
5. Akademik
Kamal Talıbzadə (1923-2006) - direktor v.i.e. - 19 aprel 1979-15 may
1980-ci il.
6. Akademik
Məmməd Cəfər Cəfərov (09.05.1909-09.05.1992) - 15
may 1980-10 aprel 1981-ci il.
7.
AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov
(11.02.1920-28.08.2002) - 10 aprel 1981-9 sentyabr 1985-ci il.
8.
AMEA-nın müxbir üzvü Yaşar Qarayev
(05.03.1936-25.08.2002) - 9 sentyabr 1985-25 avqust 2002-ci il.
9. Akademik
Bəkir Nəbiyev (21.08.1930-15.03.2012) - 10 fevral 2003 - 15 mart
2012-ci il.
10.
AMEA-nın müxbir üzvü Teymur Kərimli (1953, 2 oktyabr)
direktor v.i.e. - 4 iyul 2002-10 fevral 2003-cü il;
İkinci dəfə: 15 mart 2012 - 9 iyun 2013-cü il.
11. Akademik
İsa Həbibbəyli (1949, 16 oktyabr) - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru -
19 iyun 2013-cü il tarixindən.
Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda müxtəlif tarixi
dövrlərdə Azərbaycan və dünya ədəbiyyatının
ayrı-ayrı istiqamətlər üzrə tədqiq edilməsi
sahəsində mühüm işlər həyata
keçirilmişdir. İlk növbədə
onu qeyd etmək lazımdır ki, Azərbaycan ədəbiyyatının
tarixi ilə əlaqədar araşdırmalar Ədəbiyyat
İnstitutunun çoxcəhətli fəaliyyətində
aparıcılıq təşkil etmişdir. Bu həm elmi tədqiqat institutu əməkdaşlarının
plan işlərində, həm də müdafiə olunmuş
doktorluq və namizədlik dissertasiyalarında ədəbiyyat
tarixçiliyi ilə əlaqədar tədqiqatlar əsas yer
tutmuşdur. Ədəbiyyat İnstitutunun
müxtəlif illərdə nəşr etdirdiyi "Azərbaycan
ədəbiyyatı məsələləri" (1964),
"Sovet ədəbiyyatşünaslığının
aktual problemləri" (1974), "Azərbaycan mətnşünaslığı
məsələləri" (1974), "Azərbaycan
filologiyası məsələləri" (1988) və sair
kitablarda və toplularda sistemli şəkildə olmasa da ədəbiyyat
tarixçiliyi məsələlərindən söz
açılmışdır.
Bundan başqa, Azərbaycan ədəbiyyatı tarixinə
və ya milli ədəbiyyatın ayrı-ayrı inkişaf mərhələlərinə
və görkəmli yaradıcıların həyat və
yaradıcılığına həsr olunmuş monoqrafik tədqiqatlar
Ədəbiyyat İnstitutunda hazırlanıb Elmlər Akademiyasının
"Elm" nəşriyyatında nəşr olunmuşdur. Böyük Vətən
müharibəsi illərində çap edilmiş 2 cildlik
"Müxtəsər Azərbaycan ədəbiyyatı
tarixi" (1943-1944) Ədəbiyyat İnstitutunun ədəbiyyat
tarixinə həsr olunmuş ilk sistemli elmi nəşri idi.
Bu elmi nəşrdə Azərbaycan ədəbiyyatı
tarixi ən qədim dövrlərdən XX əsrin əvvəllərinə
qədərki bütün mərhələlər üzrə
ardıcıl şəkildə təqdim olunmuşdur. Bundan sonra Ədəbiyyat İnstitutunda
hazırlanıb çap edilmiş 3 cildlik "Azərbaycan ədəbiyyatı
tarixi" (1957-1960) XX əsr ərzində Azərbaycan ədəbiyyatının
çoxəsrlik tarixi inkişaf yoluna və əsas
simalarına həsr edilmiş ən sanballı akademik nəşrdir.
Bu çoxcildlik nəşrdə elmi-nəzəri
cəhətdən xüsusi bir dövrləşmə
aparılmasa və ədəbiyyatın inkişaf dövrlərinin
adları göstərilməsə də, Azərbaycan ədəbiyyatı
tarixi mərhələlər üzrə təqdim
olunmuşdur. Çoxcildlikdə
"Ən qədim dövrlərdən XVIII əsrin sonuna qədərki
çoxəsrlik Azərbaycan ədəbiyyatı" təsnifat
baxımından vahid bir dövr kimi verilmişdir. Kitabın ikinci cildində XIX əsrin əvvəllərindən
1917-ci ilə qədər olan tarixi mərhələ bu
dövrü əhatə edən rum rəqəmləri ilə
XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı
adlandırılmışdır. Çünki
sosializmin və kapitalizmin bir-birinə düşmən
münasibəti bəslədiyi bir vaxtda Azərbaycanda
kapitalist münasibətlərinin formalaşdığı həmin
mərhələlərin xüsusi bir dövr və ya
"yeni dövr Azərbaycan ədəbiyyatı"
adlandırılması çətin məsələ idi.
Eyni zamanda, ideoloji prinsiplər nəzərə
alınmaqla Azərbaycan sovet ədəbiyyatının tarixi
Azərbaycanda sovet hakimiyyətinin quruculuğu 1920-ci ildən
yox, Rusiyada bolşeviklərin hakimiyyətə gəldiyi
1917-ci ildən hesab edilmişdir. Bununla belə, 3 cildlik
"Azərbaycan ədəbiyyatı tarixi"ndə dövrləşmədə
ideoloji meyarlar nəzərə alınsa da, icmallarda və
portret-oçerklərdə əksər hallarda milli ədəbiyyatın
daxili inkişaf qanunauyğunluqlarından, yazıçı və
şairlərin fərdi yaradıcılıq xüsusiyyətlərindən,
bədii mətndən çıxış etmək əsas
kimi qəbul olunmuşdur. Buna görə də
"Azərbaycan ədəbiyyatı tarixi"
çoxcildliyindəki bir çox icmallar və portret-oçerklər
monoqrafik xarakter daşıyır. Səməd Vurğun,
Mirzə İbrahimov və Məmməd Arif Dadaşzadənin
ümumi redaktorluğu ilə Ədəbiyyat İnstitutunun əməkdaşları
tərəfindən yazılıb nəşr edilmiş 3
cildlik "Azərbaycan ədəbiyyatı tarixi" geniş
mənada Azərbaycan ədəbiyyatşünaslıq elminin
mühüm elmi nailiyyəti idi.
Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda akademik Məmməd Arif
Dadaşzadənin baş redaktorluğu ilə hazırlanıb
çapdan buraxılmış 2 cildlik "Azərbaycan sovet ədəbiyyatı
tarixi" (1967) kitabında da ideoloji prinsiplərin əleyhinə
çıxmadan, zəruri hallarda hakim ideologiyanın tələblərinə
əməl etməklə ədəbiyyatın bu tarixi mərhələsi
inkişaf dövrləri əsasında və ədəbi
növlər üzrə təhlil edilib qiymətləndirilmişdir.
Bu, ədəbiyyat tarixçiliyi baxımından Azərbaycan
sovet ədəbiyyatına münasibətdə Ədəbiyyat
İnstitutunun formalaşdırdığı model kimi orta və
ali məktəblər üçün
hazırlanan dərsliklər üçün də qəbul
edilmiş bir formata çevrilmişdir. Akademik Məmməd
Arif Dadaşzadənin Moskvada rus dilində nəşr
edilmiş "Azərbaycan ədəbiyyatı" adlı
monoqrafiyasında da (1979) ədəbi materialdan çıxış etmək
ideoloji sxemləri üstələmişdir.
Dövlət
müstəqilliyi illərində Azərbaycan ədəbiyyatı
tarixinin yeni konsepsiyasının işlənib
hazırlanması istiqamətində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
ardıcıl iş aparılmışdır. Bu
münasibətlə 1994-cü ildə Ədəbiyyat
İnstitutunda "Ədəbiyyat tariximiz necə
yazılmalıdır" mövzusunda keçirilmiş
müşavirə milli ədəbiyyat tarixçiliyi
konsepsiyasının hazırlanması baxımdan birinci
mühüm addım hesab oluna bilər. Ədəbiyyat
İnstitutunun direktoru, görkəmli ədəbiyyatşünas
Yaşar Qarayevin rəhbərliyi ilə keçirilən
müşavirədə çıxış edən Azadə
Rüstəmova, Tehran Əlişanoğlu, Tahirə Məmməd,
Zaman Əsgərli, Hüseyn Həşimli, Nazif Qəhrəmanlı
və başqalarının ədəbiyyat tarixçiliyinə
dair baxışları bu mühüm işin elmi
konsepsiyasının ayrı-ayrı detallarını əks
etdirmişdir.
Yaşar
Qarayevin "Azərbaycan ədəbiyyatı XIX-XX əsrlər"
(2002), Şirindil Alışanlının "Müasir
humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı"
(2011), Nazif Qəhrəmanlının "Milli ədəbiyyat
tarixçiliyi: genezis, inkişaf və dövrləşdirmə
problemləri" (1997) monoqrafik tədqiqatlarında Azərbaycan
ədəbiyyatı tarixinin inkişaf mərhələləri
üzrə dövrləşdirilməsi haqqında əhəmiyyətli
elmi-nəzəri qənaətlər irəli sürülmüşdür.
Ədəbiyyat İnstitutunun əməkdaşlarından
Elməddin Əlibəyzadənin "Azərbaycan ədəbiyyatı
tarixi" (2009), Baloğlan Şəfizadənin "Azərbaycan
ədəbiyyatı tarixi" (2002), Bədirxan Əhmədovun
"XX əsr Azərbaycan ədəbiyyatı tarixi" 2
cildliyi (2011), Alxan Bayramoğlunun "Müxtəsər Azərbaycan
ədəbiyyatı tarixi oçerki" (2013) kitabları bu
elmi tədqiqat institutunda formalaşdırılmış ədəbiyyat
tarixçiliyi axtarışlarının məntiqi yekunu kimi
meydana çıxmışdır. Nəhayət,
İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı:
dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri"
layihəsinin Ədəbiyyat İnstitutunun Elmi
şurasında, AMEA Rəyasət Heyətinin və Humanitar
Elmlər bölməsinin iclaslarında müzakirə edilməsi
və elmi ictimaiyyətə təqdim olunması ilə ədəbiyyat
tarixçiliyinə dair konsepsiya axtarışları
yekunlaşdırılmışdır. Nizami adına
Ədəbiyyat İnstitutunda müəlliflər kollektivi tərəfindən
yazılıb nəşr edilmiş "Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatı" 2 cildliyi
ölkəmizdə dövlət müstəqilliyi şəraitində
ümummilli meyarlar və müasir elmi-nəzəri prinsiplər
əsasında hazırlanmış mükəmməl akademik
nəşrdir. İkicildlikdə dövrləşdirmə
baxımından bu tarixi mərhələ müstəqillik
dövrü çoxmetodlu ədəbiyyat dövrü kimi səciyyələndirilmişdir.
İlk dəfə olaraq dövlət müstəqilliyi illərində
meydana çıxmış neorealizm, postmodernizm, dekadentizm,
magik realizm kimi ədəbi cərəyanları da diqqət mərkəzinə
2 cildlik "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı"
yeni tarixi epoxada Ədəbiyyat İnstitutunun mühüm elmi
nailiyyətlərindən biri sayılmağa layiqdir. Yeni
dövrləşmə konsepsiyası əsasında
hazırlanmasına start verilmiş "Azərbaycan ədəbiyyatı
tarixi" 10 cildlik nəşrinin birinci cildinin çapdan
çıxması Ədəbiyyat İnstitutunun 85 illik
yubileyinə əhəmiyyətli bir töhfədir. Üzərində
tamamlama işləri gedən 7 cildik "Azərbaycan ədəbiyyatı
tarixi"nin 5-ci cildi, "Molla Nəsrəddin" və
"Mirzə Fətəli Axundzadə" ensiklopediyası da ədəbiyyat
tarixçiliyi ənənələrinin
işığında yaradılan ciddi elmi layihələrdir. Nizami Gəncəvinin "Sirlər xəzinəsi"
əsəri əsasında Siracəddin Hacının
yazdığı oncildlik monoqrafiya müəllifin
böyük zəhmətinin nəticəsi olmaqla bərabər,
Ədəbiyyat İnstitutunun parlaq nailiyyətləri
sırasında qeyd olunmalıdır. Ədəbiyyat
İnstitutundakı "Şifahi xalq ədəbiyyatı"
(Məhərrəm Qasımlı), "Qədim dövr Azərbaycan
ədəbiyyatı" (İmamverdi Həmidov), "Orta əsr
Azərbaycan ədəbiyyatı" (Fəridə
Əzizova), "Yeni dövr Azərbaycan ədəbiyyatı"
(İslam Qəribli), "Cənubi Azərbaycan ədəbiyyatı"
(Teymur Əhmədov), "XX əsr (Sovet dövrü) Azərbaycan
ədəbiyyatı" (Şirindil Alışanlı)
şöbələrində aparılan genişmiqyaslı elmi
tədqiqat işləri ədəbiyyat tarixçiliyi üzrə
qazanılmış nailiyyətləri daha da möhkəmləndirir.
İnstitutda hazırlanmış çoxcildlik
Cənubi Azərbaycan ədəbiyyatı antologiyaları və
ədəbiyyatın bu qoluna həsr olunmuş tədqiqatlar
geniş mənada Azərbaycan ədəbiyyatı tarixinə
dair tədqiqatları tamamlayır.
Nizami adına Ədəbiyyat İnstitutunda ədəbiyyat
nəzəriyyəçiliyi istiqamətində də
genişmiqyaslı tədqiqatlar aparılmış, qiymətli
elmi nəşrlər meydana çıxmışdır. Ədəbiyyat İnstitutunda akademik Məmməd Cəfər
Cəfərovun rəhbərlik etdiyi "Ədəbiyyat nəzəriyyəsi"
şöbəsi ölkə üzrə Ədəbiyyat nəzəriyyəçiliyinin
Baş qərargahı kimi qəbul edilmişdir. Ədəbiyyat nəzəriyyəçilərinin
bir neçə nəsli bu şöbənin zəminində
yetişib formalaşmışdır. Yaşar Qarayev,
Arif Hacıyev, Şamil Salmanov, İsa Həbibbəyli, Sabir
Əliyev, Şirindil Alışanlı, Tahirə Məmməd,
Məmməd Əliyev və başqaları Ədəbiyyat
İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi"
şöbəsinin tanınmış yetirmələridirlər.
Akademik Məmməd Cəfər Cəfərov
Ədəbiyyat İnstitutunda və ümumən Azərbaycan
elmində Ədəbiyyat nəzəriyyəsi elmi məktəbinin
yaradıcısıdır. Məmməd Cəfər Cəfərovun
"Azərbaycan ədəbiyyatında romantizm", "Mirzə
Fətəli Axundzadənin ədəbi-tənqidi
görüşləri", Mir Cəlal Paşayevin "Azərbaycanda
ədəbi məktəblər", "Füzulinin
poetikası", Yaşar Qarayevin "Azərbaycan ədəbiyyatında
faciə janrı", "Azərbaycan realizminin mərhələləri",
Arif Hacıyevin "Romantizm və realizm", Şamil
Salmanovun "Azərbaycan şeirində ənənə və
novatorluq", Şirindil Alışanlının "Romantizm
mübahisələr, həqiqətlər", "Ədəbi-bədii
düşüncənin sərhədləri", Tahirə Məmmədin
"Neosufizm" kimi sanballı nəzəri əsərləri
ölkə ədəbiyyatşünaslıq elminin
fövqündə dayanan sanballı tədqiqatlardır. Bu gün də Ədəbiyyat İnstitutunda ədəbiyyat
nəzəriyyəçiliyi uğurla davam etdirilir. Professor Tahirə Məmmədin rəhbərlik etdiyi
"Ədəbiyyat nəzəriyyəsi" şöbəsinin
əməkdaşları klassik elmi-nəzəri ənənələri
uğurla davam etdirir, müasir baxışları əks etdirən
ciddi elmi əsərlər yazıb nəşr etdirirlər.
Son vaxtlarda "Ədəbiyyat nəzəriyyəsi"
şöbəsində hazırlanmış 2 cildlik
"Ədəbiyyat nəzəriyyəsinin inkişaf mərhələləri
və problemləri" tədqiqatı yeni dövr ədəbiyyat
nəzəriyyəçiliyinin mühüm nailiyyətlərindəndir.
Ədəbiyyat İnstitutunda 2018-ci ildə
yaradılmış "Ədəbi cərəyanlar"
sektoru burada nəzəriyyəçilik sahəsində yeni
bir elmi istiqamətin inkişaf etdirilməsinə yol
açır.
Ədəbiyyatşünaslıq
elminin əsas tərkib hissələrindən biri olan Ədəbi
tənqid sahəsi Ədəbiyyat İnstitutunda iki istiqamətdə
inkişaf etmişdir: Məmməd Arif məktəbi və
Kamal Talıbzadə istiqaməti. Akademik Məmməd
Arif Dadaşzadənin müasir ədəbi prosesin, yeni əsərlərin
təhlil edilib elmi cəhətdən qiymətləndirilməsi
sahəsindəki fəaliyyəti və onun ətrafında
formalaşan ədəbiyyatşünaslar nəslinin fəal
axtarışları əsasında ədəbi tənqid məktəbi
yaranmış və elmimizə sanballı töhfələr
bəxş etmişdir. Məmməd Arif ədəbi tənqid
məktəbi müxtəlif dövrlərdə Yəhya
Seyidov, Orucəli Həsənov, Sokrat Musayev, Arif Səfiyev,
Akif Hüseynov və başqaları kimi tanınmış
simalarını yetirmişdir. Hazırda Ədəbiyyat
İnstitutunda "Ədəbi tənqid" və
"Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı"
şöbələrində Azərbaycan ədəbi tənqidinin
yeni nəsli uğurla fəaliyyətlərini davam etdirirlər.
Tehran Əlişanoğlu, Vaqif Yusifli, Elnarə Akimova, Rahid Xəlilov,
Qurban Bayramov, Nərgiz Cabbarlı, Salidə Şərifova,
Qürbət Mirzəzadə, Mərziyə Nəcəfova, Lalə
Həsənova, Aynurə Mustafayeva və başqaları
müasir dövrün ədəbi tənqidi fikrini uğurla təmsil
edirlər. XX əsrin 70-80-ci illərində
keçirilmiş və XXI əsrdə yenidən
canlandırılmış "Ədəbi proses"
müşavirələri Ədəbiyyat İnstitutu tənqidçilərinin
mühüm yaradıcılıq nailiyyətidir. 2013-cü ildən ardıcıl olaraq geniş
miqyasda keçirilən bu elmi-yaradıcılıq
müşavirələri "Ədəbi proses" hərəkatına
çevrilmişdir. "Ədəbi
proses" yaradıcılıq müşavirələrinin
2013-2018-ci illəri əhatə edən 5 cildlik materialları
bu elmi-ədəbi prosesin qiymətli salnaməsidir.
Akademik Kamal Talıbzadənin adı ilə bağlı
olan tənqid tarixi istiqaməti də özünün
davamçılarını yetirmişdir. Tənqid
tarixi ədəbiyyat tarixçiliyi ilə ədəbi tənqid
arasında olan elm sahəsi kimi çıxış etməkdədir.
Dünya ədəbiyyatı və ədəbi əlaqələr
istiqamətində də Ədəbiyyat İnstitutu
özünəməxsus ənənələrə malikdir. Keçmiş
sovet hakimiyyəti zamanı ədəbi əlaqələr
mövcud siyasi sistemin tələblərinə uyğun olaraq əsəsən
Sovetlər İttifaqı xalqlarının ədəbiyyatları
ilə əlaqələri əhatə etmiş, ən
yaxşı halda Avropanın sosialist ölkələrinin ədəbiyyatları
ilə münasibətləri də özündə cəmləşdirə
bilmişdir. Şıxəli Qurbanov, Həbib Babayev, Mirəli
Seyidov, Vaqif Arzumanlı, Gülər Abdullabəyova, Tamara
Şərifli, Lyudmila Səmədova, Aidə Feyzullayeva, Sara
Osmanlı və başqaları həmin epoxanın
adlı-sanlı yetirmələridirlər. Hazırda
isə Ədəbiyyat İnstitutunda ədəbi əlaqələrin
geniş şəbəkəsi yaradılmışdır.
Professor Gülər Abdullabəyovanın rəhbərlik
etdiyi "Dünya ədəbiyyatı və kompativistika"
şöbəsinin əməkdaşları əsasən Qərb
ədəbiyyatını Azərbaycan ədəbiyyatı ilə
müqayisəli şəkildə tədqiq etməklə məşğuldurlar.
İndiki halda Qərb ədəbiyyatının
sərhədləri genişləndirilərək Avropa və
Rusiyadan başqa Amerika ədəbiyyatını da
özündə birləşdirir. 2017-ci
ildən Ədəbiyyat İnstitutunda dünya ədəbiyyatı
anlayışının yeni bir istiqaməti
yaradılmışdır. Professor Bədirxan
Əhmədovun rəhbərlik etdiyi "Azərbaycan-Asiya ədəbi
əlaqələri" şöbəsi adından da
göründüyü kimi, Cənub-Şərqi Asiya ölkələrinin
ədəbiyyatlarını araşdırmaqla dünya ədəbiyyatı
anlayışının üfüqlərini genişləndirir.
Azərbaycan-Asiya ədəbi əlaqələri Ədəbiyyat
İnstitutunda yeni istiqamət olub, özündə Çin,
Yaponiya, Cənubi Koreya, Hindistan, Pakistan, Əfqanıstan, Vyetnam,
Banqladeş kimi ölkələrin
ədəbiyyatları ilə əlaqələri əhatə
edir. Şöbədə Çin, yapon, urdu
dillərini bilən mütəxəssislərin olması Asiya
ədəbiyyatının öyrənilməsinin perspektivlərini
təsəvvür etməyə imkan verir. Yeni təşkil
olunmuş "Çin Tədqiqatları Mərkəzi" (Nərmin
Cahangirova) Asiya tədqiqatlarının miqyasını daha da
genişləndirir. Türk xalqları ədəbiyyatlarının
araşdırılması da "Dünya ədəbiyyatı"
tədqiqatları anlayışında yeni bir mərhələdir.
Professor Məmməd Əliyevin rəhbərlik etdiyi
"Türk xalqları ədəbiyyatı", filologiya elmləri
doktoru Almaz Ülvinin başçısı olduğu "Azərbaycan-Türkmənistan
və Özbəkistan ədəbi əlaqələri"
şöbələrində türk xalqlarının ədəbiyyatı
və bu xalqların ədəbiyyatları ilə ədəbi
əlaqələrin tədqiqində mühüm nailiyyətlər
əldə edilmişdir. Türk xalqları ədəbiyyatının
mənşəyi və mərhələlərinə,
görkəmli qırğız yazıçısı
Çingiz Aytmatovun yaradıcılığına, Azərbaycan-Özbəkistan
ədəbi əlaqələrinə həsr edilmiş beynəlxalq
elmi konfranslar bu sahədəki inkişafın yeni
dalğasını göstərən mühüm faktlardır.
Ədəbiyyat İnstitutunda Əlişir Nəvai Mərkəzinin,
Daşkənd Əlişir Nəvai adına
Özbək Dili və Ədəbiyyatı İnstitutunda
Nizamişünaslıq Mərkəzinin yaradılması ədəbi
əlaqələrin müasir dövrünün əhəmiyyətli
hadisələridir. Bütövlükdə isə
ədəbi əlaqələrin yeni formatda müqayisəli ədəbiyyatşünaslıq
kimi istiqamətləndirilməsi bu sahədə müasir
dövrün reallığıdır.
Son
beş il ərzində Ədəbiyyat İnstitutunda
"Nizamişünaslıq" (Nüşabə Araslı),
"Erkən yeni dövr Azərbaycan ədəbiyyatı"
(Mahirə Quliyeva), "Azərbaycan mühacirət ədəbiyyatı"
(Nikpur Cabbarlı), "Müstəqillik dövrü Azərbaycan
ədəbiyyatı" (Tehran Əlişanoğlu),
"Ədəbi tənqid" (Vaqif Yusifli), "Mətbuat
tarixi və publisistika" (Asif Rüstəmli), "Uşaq ədəbiyyatı"
(Elnarə Akimova) şöbələrinin,
"Füzulişünaslıq" (Ataəmi Mirzəyev)
sektorunun fəaliyyətə başlaması Azərbaycan ədəbiyyatının
daha dərindən və əsaslı şəkildə tədqiq
edilməsinə geniş imkanlar yaradır. Həmçinin Təhsil
şöbəsinin (Samir Səttarov), Beynəlxalq əlaqələr
(Xanım Zairova), İctimaiyyətlə əlaqələr (Pənah
Hacıyev), Nəşriyyat və proqnozlaşdırma (Töhfə
Talıbova) köməkçi şöbələri də
Ədəbiyyat İnstitutunda elmi-təşkilati tədbirlərin
yüksək səviyyədə həyata keçirilməsinə,
elmi əlaqələrin inkişaf etdirilməsinə kömək
edir.
Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda beynəlxalq
əlaqələr geniş miqyas almışdır. Maksim Qorki
adına Dünya Ədəbiyyatı İnstitutu, Çin
Sosial Elmlər Akademiyasının Mədəniyyət Mərkəzi,
Pekin Xarici Dillər Universiteti, Beynəlxalq Türk
Akademiyası, Almaniyanın Humboldt Universiteti, Polşanın
Ədəbi Tədqiqatlar İnstitutu, Qafqaz Universitetlər
Birliyi (Türkiyə), Təbriz Dövlət Universiteti,
Şota Rustaveli adına Gürcü Ədəbiyyatı
İnstitutu, Bolqarıstan Ədəbiyyat İnstitutu,
Monqolustan Ədəbiyyat İnstitutu ilə
bağlanmış əməkdaşlıq müqavilələri
elmi əlaqələrin inkişaf etdirilməsinə, beynəlxalq
təcrübələrin qarşılıqlı surətdə
öyrənilməsinə meydan açır. Ədəbiyyat
İnstitutunda keçirilmiş beynəlxalq elmi konfranslar və
institutun əməkdaşlarının xarici ölkələrdə
keçirilən beynəlxalq elmi konfranslarda geniş tərkibdə
iştirakı elmi əlaqələrin səmərəli
formatı kimi inkişaf etdirilir. Nobel mükafatı
laureatı Vole Şoyinka, görkəmli yazıçı və
ictimai xadim Oljas Süleymenov, böyük macar türkoloqu Georq
Xazai, Türkiyənin tanınmış elm xadimi Əhməd
Bican Ərcilasun, Estoniya, Bolqarıstan, Monqolustan, Türkmənistan
Elmlər akademiyalarının prezidentləri ilə
keçirilən görüşlər Ədəbiyyat
İnstitutunun üfüqlərinin daha da genişləndirilməsinə
xidmət edir.
Ədəbiyyat İnstitutunda yaradılmış
"Ədəbiyyatşünaslıq, plyus"
Yaradıcılıq Birliyi (professor Vüqar Əhməd) elm
adamlarının bədii yaradıcılıq sahəsindəki
fəaliyyətinin üzə çıxarılması,
onların bədii əsərlərinin qiymətləndirilməsi
və nəşr edilməsi tədbirlərini həyata
keçirir.
"Ədəbiyyatşünaslıq, plyus"
Yaradıcılıq Birliyi xətti ilə keçirilən
"Fizika və lirika" konfransları, "Qoşa
qanad" müzakirələri, kitab təqdimatları,
müsabiqələr, "Ədəbiyyatşünaslıq,
plyus" Yaradıcılıq Birliyinun elmi-ədəbi
mühitini daha da zənginləşdirir. Ədəbiyyatşünas
alimlərin bədii əsərlərindən ibarət olan
"Plyus bədii yaradıcılıq" almanaxı elmi tədqiqat
institutunun ədəbi təmayüllü
antologiyasıdır.
Müasirləşmək
yollarında məqsədyönlü addımların
atılması Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunu yeni üfüqlərə
çıxarır. Ən müasir texnologiya ilə təchiz
edilmiş "Elektron akt zalı", "Elektron oxu
zalı" və "Elektron ekran" müasir elmi
inkişafa geniş yol açmağa xidmət edən əlavə
imkanlardır. "Elmi informasiya və tərcümə"
şöbəsi (Zakirə Əliyeva) Ədəbiyyat
İnstitutunun 3 dildə saytını idarə edir, alimlərin
əsərlərinin biblioqrafik nəşrlərini çapa
hazırlayır. Bu şöbədə
hazırlanmış Ədəbiyyat İnstitutu əməkdaşlarının
5 cildlik biblioqrafiyası bu elmi tədqiqat İnstitutunda hər
bir əməkdaşın elmi fəaliyyətini güzgüdə
olan kimi əyani şəkildə əks etdirir.
Azərbaycan
Milli Elmlər Akademiyasının həşişi və
müxbir üzvlərinin demək olar ki, hamısının fəaliyyəti
Nizami adına Ədəbiyyat İnstitutu
ilə əlaqədardır. AMEA-nın həqiqi üzvləri
Məmməd Arif Dadaşzadə, Mirzə İbrahimov, Məmməd
Cəfər Cəfərov, Həmid Araslı, Feydulla
Qasımzadə, Kamal Talıbzadə, Bəkir Nəbiyev,
İsa Həbibbəyli, Teymur Kərimlinin, müxbir üzvlər
Abbas Zamanov, Yaşar Qarayev, Əlyar Səfərli,
Nüşabə Araslı, Tehran Əlişanoğlu ya
birbaşa Ədəbiyyat İnstitutunda
çalışmış, ya da elmi fəaliyyətlərinin
mühüm bir mərhələsini bu elmi-tədqiqat
institutunda keçirmişlər. Hazırda institutda 4 nəfər
əməkdar elm xadiminin, 1 nəfər akademik və 2 nəfər
müxbir üzvün, 47 nəfər elmlər doktorunun, 91 nəfər
filologiya üzrə fəlsəfə doktorunun
çalışması burada böyük bir elm qvardiyasının
yazıb-yaratmaqda olduğunu göstərir. Son
illərdə 9 nəfər əməkdaşın elmlər
doktorluğu üzrə dissertasiya müdafiə etmələri
institutun mühüm elmi nailiyyətlərindəndir. İnstitutda qısa müddətdə gənc alimlər
qvardiyasının formalaşması burada ədəbiyyatşünaslıq
elminin böyük ehtiyat qüvvəsinin
yarandığını göstərir.
Nizami adına Ədəbiyyat İnstitutunun çoxcəhətli
və səmərəli fəaliyyəti dövlət tərəfindən
yüksək qiymətləndirilmişdir. İnstituta
1982-ci ildə "Xalqlar dostluğu" ordeninin verilməsi bu
elmi tədiqiqat ocağının ədəbiyyatşünaslıq
elminin inkişafındakı xidmətlərinin böyük
miqyasından xəbər verir.
Nizami adına Ədəbiyyat İnstitutunda görkəmli
dövlət xadimi Heydər Əliyevin həyatı və fəaliyyətinin,
yazıçı və şairlərə, ədəbiyyat və
incəsənətə qayğısının tədqiqi sahəsində
diqqətəlayiq işlər görülmüşdür. Akademik Bəkir Nəbiyevin rəhbərliyi ilə
Ədəbiyyat İnstitutu əməkdaşlarının
hazırladıqları "Heydər Əliyev və Azərbaycan
ədəbiyyatı" monoqrafiyası 2010-cu ildə Azərbaycan
Respublikasının Dövlət mükafatına layiq
görülmüşdür. Ədəbiyyat
İnstitutunda İsa Həbibbəyli, Tehran
Əlişanoğlu, Əlizadə Əsgərli, Elnarə
Akimova, Aygün Bağırlı, Lalə Həsənova tərəfindən
yazılaraq 2018-ci ildə nəşr edilmiş "Ədəbiyyatda
Heydər Əliyev obrazı: tarixi gerçəklikdən
ideala" monoqrafiyası bu mövzuda yeni formatda meydana
çıxan qiymətli tədqiqat əsəridir. Bütövlükdə isə XX əsrin
yetmişinci illərindən sonra yaranan ədəbiyyat
ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik
ideallarının işığında tədqiq edilərək
ümumiləşdirilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 5 noyabr 2018-ci il tarixli Sərəncamı ilə Nizami
adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının
ölkəmizin ən yüksək fəxri adlarına,
diplomlara və medallara layiq görülməsi bu elmi tədqiqat
müəssisəsinin müasir inkişafına dövlət
səviyyəsində verilmiş ən yüksək qiymətin
ifadəsidir. Göstərilən böyük diqqət və
qayğıya görə, möhtərəm Prezidentimiz
İlham Əliyevə Nizami adına Ədəbiyyat
İnstitutunun kollektivi adından dərin minnətdarlığımızı
çatdırmağı özümə şərəfli borc
hesab edirəm. Heç şübhəsiz,
göstərilən böyük etimad Ədəbiyyat
İnstitutunun kollektivini daha səylə və məsuliyyətlə
çalışmağa səfərbər edir.
85
yaşın mübarək, Ədəbiyyat İnstitutu -
böyük ədəbiyyatşünaslıq məbədi!
5 noyabr 2018-ci il
İsa HƏBİBBƏYLİ
Ədəbiyyat qəzeti.- 2018.- 9 noyabr.- S.2-4.