O, öz illərini götürüb mənə verdi ki...

 

Dördüncü divar" layihəsinin qonağı Akademik Milli Dram Teatrının istedadlı və peşəkar aktrisası, maraqlı qadın Şəhla Əliqızıdır.

- Şəhla xanım, rayonda doğulub böyümüsünuz. Teatrı, aktyorluq sənətini seçməyiniz maraqlıdır. Təsadüfi seçim idi, ya məqsədli?

- Mənim anam evdar qadın, atam isə dəmir yolu işçisi olub. Nağılları, dastanları, məntiq tapmacalarının hamısını atamdan mənimsəmişəm. Dünyagörüşümdə baş verən inkişafda anam qədər atamın da rolu çox olub. Bir dəfə iş vaxtı atam çox ciddi zədə aldı. Bir ilə qədər yataq rejimi atam üçün çətin olsa da, bizim üçün xoşbəxtlik idi. Çünki o, həmişə bizim yanımızda olurdu və boş qalmağımıza imkan vermirdi. Nağıllar, dastanlar oxutdurur, onlar üzərindən tapşırıqlar verirdi. Elə həmin ərəfədə "7-17" verilişinin rayonlarda filialları yaranmağa başlamışdı. İstedadlı uşaqları özləri seçib üzə çıxarır, təqdim edirdilər. Mənim də hardasa on iki, on üç yaşım olanda televizorda həmin verilişin elanlarını görüb anama dedim ki, mən aparıcı olmaq istəyirəm. Anam da, ailəmizin digər üzvləri də bilirdilər ki, inadkar xasiyyətim var. Anam məni həmin müsabiqəyə apardı. Elə oldu ki, səsimi bəyənib məni verilişin aparıcısı etdilər. Sonra Mədəniyyət evində, rayon Kukla Teatrında işlədim. Amma məktəbi bitirəndən sonra sənədlərimi üçüncü qrupa vermək istəsəm də ingilis dilini zəif bildiyim üçün üç il dalbadal kəsildim. Rayona gedəndə mədəniyyət evinin rəhbəri mənim aparıcılıq, səs qabiliyyətimi nəzərə alıb sənədlərimi Mədəniyyət və İncəsənət Universitetinə verməyimi məsləhət gördü. Yadıma gəlir ki, qabiliyyət imtahanına gecikmişdim. Qəbulda isə Şəfiqə Məmmədova da vardı.

- Universitetin ikinci kursunda oxuyarkən teatrda işləməyə başlamısınız. Başlanğıc kimi, bu, tələbə üçün böyük uğur idi.

- Haqlısınız. İkinci kursdan teatrda işləməyə başladım. Amma birinci iş yerim İrəvan Dövlət Teatrı olub. Universitetdə bizim Elmira Məlikova adlı müəlliməmiz vardı. O vaxt mən qabiliyyət imtahanı verəndə rəhmətlik Elmira xanımın qardaşı oğlu da bizimlə birgə imtahan vermişdi. Elmira xanım mənim səsimə vurulmuşdu. Mən ikinci kursda oxumağa başlayanda Elmira xanım İrəvan Teatrına baş rejissor təyin olundu və orda Hüseyn Cavidin "Maral" tamaşasını hazırlayanda məni Maral rolunu ifa etmək üçün teatra dəvət etdi. Sonra elə oldu ki, mən həmin tamaşada həm Maral, həm də Humay obrazını ifa etdim. Elmira xanımdan müəllim kimi çox şey öyrənmişəm. Onunla bərabər "Yuğ" Teatrına da gedib-gəlirdim. Və düşünürdüm ki, elə universiteti bitirəndən sonra "Yuğ" Teatrında aktrisa kimi fəaliyyətə başlayacam. Amma sonra hər şey başqa cür oldu.

- Cənnət Səlimovanın kursunu bitirsəniz də onun işlədiyi teatrda yox, Akademik Milli Dram Teatrında işə düzəldiniz..

- Hə. Bunun maraqlı tarixçəsi var. Üçüncü kursda oxuyanda İranda festival üçün nəzərdə tutulmuş Çexovun "Üç bacı" tamaşasını Timuçin Əfəndiyevin istəyi ilə biz dram teatrında bir dəfə ictimaiyyət üçün təqdim etdik. Həmin tamaşadan sonra Timuçin müəllim məni xüsusi olaraq qeyd etmişdi. Elə dördüncü kursun sonunda bir gün dekan köməkçimiz mənə xəbər verdi ki Timuçin müəllimin və öz müəllimlərimin məsləhəti ilə məni işləmək üçün Akademik Milli Dram Teatrına göndərirlər.

- Xəbəri necə qarşılamışdınız?

- Sözün düzü, mənə qəribə gəlmişdi. Çünki həm xəbərim yox idi, həm də bu haqda məndən soruşan olmamışdı. Açığı, dram teatrına gəlmək kimi fikrim də yox idi. Bir az hazırlıqsız idim, ehtiyat edirdim, narahatlıq keçirirdim. Bilirsiniz, insanın ailəsi yanında olanda özünə daha arxayın olur. Demirəm özümə arxayın deyildim. Amma mən səhv etməkdən qorxurdum. Fikirləşirdim ki, gedərəm ötkəm xasiyyətimlə teatrın mühitinə uyğunlaşa bilmərəm və yaxud da kiminsə qəlbini qıra bilərəm. Həm də biz tələbə olanda bu teatr haqqında miflər yaratmışdılar ki, ora bataqlıqdır, gənc aktyorlara, yeni gələnlərə rol vermirlər və s. Bu və başqa fikirlər biz gənclərdə müəyyən bir qorxu hissi, sədd yaratmışdı. Mən də elə belə qarmaqarışıq fikirlərlə dördüncü kursu bitirəndən sonra rayona getdim. Düşünürdüm ki, yay tətili bitəndən sonra sənədlərimi elə rayonda mədəniyyət şöbəsinə verib işə düzələrəm. Elə oldu ki, sentyabrda AzTv-nin rejissoru, rəhmətlik Azər Qasımlı mənə zəng vurub Bakıya yarımçıq qalan verilişin aparıcılığını davam etdirməyə çağırdı. Bakıya gələndən sonra Elmira xanım yenidən məni teatra getmək üçün həvəsləndirdi. O vaxt teatrın rəhbəri rəhmətlik Əlabbas Qədirov idi. O, teatra gec gəldiyim üçün məndən bir az incik idi. Amma sınaq müddəti təyin edib məni teatrda saxladı. "Hərənin öz payı" tamaşasının məşqlərinə baxandan sonra məni aktrisa kimi işə götürdü. Bu da hardasa mən teatra gəldiyim vaxtdan ay yarım sonra baş verdi.

- Teatrla bağlı eşitdikləriniz və gördükləriniz arasında nə dərəcədə fərq oldu?

- İşə düzələndən sonra təsəvvürümdə olan o qorxulu teatr mifi dağıldı və mən tamamilə əks münasibət gördüm. Gördüm ki, teatrda adama heç də pis münasibət bəsləmirlər, adamın ayağından çəkmirlər, paxıllıq etmirlər. Əlbəttə, ola bilsin bu kimi hallar da kiminləsə baş verir. Amma adamın özünün başqalarına qarşı olan münasibətindən, yanaşmasından da çox şey asılıdır. Əgər insan içini təmiz saxlayıb çirkləndirməməyi bacarırsa, bir kimsənin işinə qarışmırsa, onun qeybətini etmirsə, çörəyinə bais olmursa, bunlar da həyatda heç vaxt onun özünə qayıtmır. Əslində, teatr da, səhnə də həyatın özü, həyatdan bir metr, iki, üç pillə yüksəklikdə olan hissəsidir. Teatrda çox az aktyor, aktrisa deyə bilər ki, mənim onunla münasibətim alınmayıb, yoldaşlığım tutmayıb. Çox şükür ki, məni görəndə insanların üzü gülür. Bunu hiss edə bilirəm. Əgər bunu yarada bilmişəmsə, insan kimi bu mənim uğurumdur.

- Şəhla xanım, teatrda uzun illərdir ki, işləyirsiniz. Tamaşaçılar sizi bir-birindən fərqli rollarda görüblər. Ən sonuncu rollarınızdan biri isə "Qətibə İnanc" tamaşasındakı Səba olub. Belə irihəcmli, tarixi romanda iştirak etmək çətin olmadı?

- Peşəkarlıq baxımından götürsək, aktyor üçün heç bir rol fərqi olmamalıdır. Ancaq hər bir aktyorun özünə yaxın bildiyi, oynamaq istədiyi rollar çoxdur. Tarixi qəhrəmanlar, incə ruhlu obrazlar mənə daha çox yaxındır. Çünki ruhən çox həssas adamam və rola heç vaxt ötəri yanaşmaram. Əgər mənə bir rol verilibsə, ilk növbədə, onu oxuyuram, haqqında araşdırmalar edirəm, axtarışlara başlayıram və s. Sözləri demək və ya səhnədə dayanmağı bu sənətə dəxli olmayan adamlar da bacarar. Amma rolu yaratmaq, onun xırdalıqlarına varmaq, tamaşanın, rejissorun ali məqsədini anlamaq, dərk etmək artıq insandan aktyorluq məharəti tələb edir. Və hər aktyor da vaxt, həvəs, düşüncə yetməzliyindən bu kimi tələblərə cavab verə bilmir. Amma mən əvvəldən axıra qədər öz obrazımın, tamaşanın şəklini görə bilirəm. "Qətibə İnanc" tamaşasında süjet xətti xırda-xırda açılır. Qətibənin içini, daxilini ortaya çıxarmaq üçün köməkçi vasitələr, obrazlar lazım olur. Və həmin tamaşada da Səbanın obrazını bundan artıq, geniş təsəvvür etmək mümkün deyildi. Belə olsaydı, onda gərək başqa bir xətt də açılaydı, tamaşanın həcmi böyüyəydi. Əslində isə bir çoxlarında belə təsəvvür yaranır ki, Səba qulluqçudur. Amma bu belə deyil. Əsərdə Səba kəndləri olan, mülkiyyətli, həm də məkrli qadındır, dostdur, sirdaşdır. Hətta xatırlayırsınızsa, əsərdə belə bir hissə vardı ki, Səba Qətibənin sevgilisi Hüsaməddinlə də görüşür. Biz bunu əsərdə verməkdə çətinlik çəkir, hadisələrin genişlənməsindən, tamaşanın uzanmasından ehtiyat edirdik. Amma rejissor Mərahim Fərzəlibəyov həmin münasibəti Qətibənin oğlu ilə əlaqələndirdi, həm də, belə deyək, Səba obrazını çox çirkləndirməyib, təmiz saxlamağa çalışdı.

- Xalq artisti Bəsti Cəfərova ilə işbirliyi, tandem necə alındı?

- Bizim Bəsti xanımla tandemimiz xeyli əvvələ, "Afət" tamaşası repertuarda olan dövrə gedib çıxır. Həmin tamaşada Alagöz rolunu ifa edən aktrisa Münəvvər xanım (Münəvvər Əliyeva - S.Ə.) analıq məzuniyyətinə gedəndə mən onun yerinə dublyor kimi təyin olundum. Tamaşaya hazırlıq prosesində ehtiyatlı davranmağa, tərbiyədə, hörmətdə qüsur etməməyə çalışırdım. Və hədsiz dərəcədə də həyəcanlıyam ki, xalq artisti ilə bir səhnəni bölüşürəm, nəyisə düz etməsəm, danlana bilərəm, hətta işdən çıxmağı belə göz önünə gətirirəm. Bir dəfə isə ehtiyatsızlıqdan Bəsti xanımın paltarını tapdaladım. Çox həyəcan keçirdim ki, indi məni danlayacaq. Amma Bəsti xanım buna əhəmiyyət vermədən məni qucaqladı və öz rolum barədə bir çox şeyləri izah etdi. Beləcə, mən ondan yavaş-yavaş öyrənməyə başladım. Bəsti xanım bilirdi ki, mənim kobudluğum qəsdən baş verməyib. O, mənim qorxu-hürkümü görəndə, səmimiyyətimi hiss edəndə ana kimi kömək etməyə çalışdı. Aktrisa kimi ondan çox şeylər öyrənmişəm. Münasibətimiz də hər zaman qaydasında olub, korlanmayıb. Hətta o, "Hökmdar qızı" tamaşasında ifa etdiyi Ağabəyim ağa obrazının paltarlarını sonralar həmin rolu ifa edərkən geyinmək üçün mənə verdi. O, çox istəyirdi ki, mən Ağabəyim ağanı ifa edim. Bəsti xanım həmin rolu təhvil verəndən, tamaşa yeni tərkibdə işlənəndən sonra demişdi ki, bu rolu məndən sonra oynayacaq aktrisa Şəhladır. Və o, öz paltarlarını mənə verərkən mən çox mütəəssir olmuşdum. Çünki Bəsti xanım öz qarderobuna, ifa etdiyi rola qarşı o qədər həssas, sakral yanaşır ki, bu, qısqanclıq yox, rollarına verdiyi dəyərdi. Həmin paltarlar həm də onun illəridir. Təsəvvür edin ki, o, öz illərini götürüb mənə verdi ki, mən də həmin illərdən keçib gedim. Bunun üçün bu gün də mən ona çox-çox minnətdaram.

"Qətibə İnanc" tamaşasında da mən ondan çox şeylər öyrəndim. Hər tamaşa yeni bir başlanğıcdır. Mən aktyor kimi yeni bir tamaşaya başlayanda özümü sıfırlayıram ki, cənab rejissorun nə təklif etdiyini dərk edə bilim. Çünki bizim yolumuzun rəhbəri rejissordu və biz onun arxasınca getməliyik. Bu baxımdan "Qətibə İnanc" tamaşasında Səba kimi irihəcmli, mürəkkəb bir obrazın xüsusiyyətlərini, digər obrazlara qarşı münasibətini itirmədən yığcamlaşdırıb bir tamaşada, Qətibə İnancın ətrafında təqdim etmək ustalıq idi. Mən məhz özüm üçün bu tamaşadan tənəzzülə məruz qalmadan, böyük obrazın kiçik formatda təqdim olunmasını öyrəndim.

- Aktyor səhnədə olsa da imkan tapıb zala nəzər yetirə, tamaşaçını görə bilir. Tamaşaçının münasibəti sizə nə deyirdi?

- Təbii ki, heç bir aktyor öz iştirak etdiyi tamaşaya, roluna pis deməyəcək. Yaxşı tamaşanı tamaşaçısından, onun alqışından bilmək olur. Mən "Qətibə İnanc"la yanaşı, başqa tamaşalarda da iştirak edirəm. Məsələ burasındadır ki, "Qətibə İnanc" tamaşasında tamaşaçı sona qədər oturur, zalı tərk etmir. Bu həm də ondan irəli gəlir ki, Mərahim müəllimin tamaşası heç bir zaman dağılmır. İyirmi il bundan əvvəlki tamaşasını da götürüb onun üzərində bir iki dəfə məşq edib təhvil versək eyni effekti verəcək. Çünki tamaşanın bədii həllini, ana ideyasını, mizanlarını aktyorlarla işi gözəl qurur. O, tamaşanı riyaziyyat kimi həll edir. Tamaşanı ən yaxşı qiymətləndirən isə tamaşaçıdır. Əgər o gəlib tamaşaya sona qədər baxırsa, zalı tərk etmirsə, sonda da alqışlayıb gedirsə, deməli bu tamaşa var, uğurludur və yaşayır. "Qətibə İnanc" tamaşasına gələn tamaşaçının heç birinin zaldan yarımçıq çıxdığını görməmişəm. Tamaşaçı hadisələrin ardıcıllığı ilə, ifaların, musiqinin xətti ilə oturub sona qədər qalır. Bəzi tamaşalar var ki, özümüz də gəlib baxırıq, birinci hissədə zal dolu, ikinci hissədə isə boş olur. Bizim tamaşada şükür ki, belə hallar olmayıb. Bu, tamaşanın və aktyorların uğurudur. Deməli, tamaşa var.

- Şəhla xanım, aktrisaların bir-birilə dostluğu çox az hallarda baş tutur. Aktrisa Şəlalə Şahvələdqızı ilə çox yaxın dostsunuz. Səhnədə və səhnədən kənarda aktrisa, qadın dostluğu mümkündür?

- Şəlalə çox vicdanlı və mərd insandır. O, cibindəki son pulu dostuna verib, özü yolu piyada gedər. Bir həftəyə yaxındır ki, mən xəstə yatırdım. Mənzilim də altıncı mərtəbədədir, lift işləmir. O, yanıma gəlmək istəyirdi, mən isə zəhmət çəkməsinə razı olmurdum. Amma bir gün məndən xəbərsiz axşam saat doqquzda aptekdən dərman alıb gəldi. Mənə xeyli tibbi köməklik edəndən sonra çıxıb getdi. Teatrımızdakı gənc nəsildən olan aktyorlarla çox yaxşı anlaşa bilirik. Çünki başqasının uğuruna sevinməyi bacaran adam dostluq etməyi də bacarır.

- Aktrisa üçün ailə nə dərəcədə vacibdir və nə qədər çətindir? Ümumiyyətlə nə zamansa aktrisa kimi məşhur, amma qadın kimi tək qalacağınızdan ehtiyat etmirsiniz?

- Aktrisa olmaq qadın üçün, əlbəttə ki, çətindir. Çünki bizim milli mental dəyərlərimiz hələ də öz mühafizəkarlığını saxlayır. Bizdə aktrisa ilə ailə qurmağa hər adam cürət etmir. Ailənin olması isə tək aktrisa üçün yox, bütün qadınlar üçün vacibdir. Peşəsindən asılı olmayaraq qadın bu dünyaya ana olmaq üçün gəlir. Ancaq ailə məsələsi də qismət, tale işidir. Əgər kiminsə qismətində bu varsa olacaq, yoxdursa yox. Deməli, onun da qismətinə belə yazılıb. Belə deyim də, bir ağac minlərlə çiçək bitirir, amma o ağac yüz, iki yüz meyvə gətirir. Hər çiçək də bar vermir. Amma mən hələ ümidimi itirmirəm (gülür). Orta yaş həddindəyəm. Qismət olar innən belə ailə quraram. Sənətlə ailənin çətinliyini müqayisə edəndə isə deyərdim ki, çətin deyil. Qadın kişilərə nisbətən ailəyə də, işə də vaxt tapır. Bunlar hamısı insanın özündən asılıdır. Hərdən rəfiqələrimizlə danışanda deyirik ki, işləyən qadının evi daha təmiz olur, nəinki işləməyən qadının. Çünki o, işlərini planlı edir. Ailə qismətim olmasa, övladım olmasa, bəlkə də, nə vaxtsa peşmançılıq çəkərəm. İndi bacımın universitetdə oxuyan qızı ilə bir yaşayıram. O, demək olar ki, mənim öz qızımdır. Kiçik də olsa, mənim ailəm hesab olunur. Özümü ailəsiz saymıram. Elə o da mənim qızım hesab olunur.

 

Söhbətləşdi: Samirə Əşrəf

 

Ədəbiyyat qəzeti.- 2018.- 24 noyabr.- S.23.