Varisin "Sonuncu mogikan"ı

 

Azərbaycan yazıçısı Varis Yolçuyev, deyəsən, yavaş-yavaş dünyanı fəth etməyə başlayır. Və bu, bir istedad (və işıq!) fütuhatıdır ki, vaxtilə onun dahi babalarına da qismət olmuşdu... Dədə Qorqud, Nizami, Nəsimi, Füzuli... Hansı biri "son mogikan" deyildi?..

Ancaq hər dövrün, gəlin razılaşaq ki, özünün "son mogikan"ı var. Və onu da qəbul edək ki, mogikanlığın nə əvvəli olur, nə də ortası... Di gəl ki, nə qədər paradoksal olsa da, həyat hər dəfə bu "son mogikan"dan başlayır...

Varisin "Sonuncu mogikan"ı həm ideya- məzmunu, həm də ekzistensial təəssüratı ilə bir-birinin davamı olan iki epiqrafla başlayır; birincisi odur ki, "həyatınızın hansısa bir guşəsində hər hansı bir hadisəylə, hər hansı bir insanla rastlaşmağınız yalnız ona görə baş verir ki, siz əvvəlcədən orada onların rəsmlərini çəkmisiniz. Onlarla nə etmək istəyirsiniz - bu artıq sizin sonrakı seçiminizdir" (Riçard Bax); ikincisi isə "dünyanı xilas etməyə başlamaq üçün öncə bir-bir insanları xilas etmək lazımdır" (Çarlz Bukovski) mülahizəsindən ibarətdir. Və hər iki epiqrafda deyilənlər, əslində, həyatın mənasını dərk etmək baxımından nə qədər maraqlı görünsə də, elə həmin həyatın özünə tətbiq etmək nöqteyi-nəzərindən tamamilə mücərrəd, hətta demək olar ki, gəlişigözəl səslənir... Ancaq kim zəmanət verə bilər ki, bu dünyanın özünün "zat"ında da belə bir mücərrədlik və ya gəlişigözəllik yoxdur?

Varis hekayədə çox zaman qəribə bir laqeydliklə "həyat" adlandırdığımız, bəsit olduğu qədər də çoxşaxəli hadisələr bolluğunda elə məqamları seçib bir-birinə hörür ki, mücərrədlik (və gəlişigözəllik!) içərisində qəhrəmanını yalnız uydurmasın, eyni zamanda oxucunu inandırsın ki, onu yazıçı yox, həyatın özü uydurub. Və "insanlar ya qocalıb ölürlər, ya da xəstəlikdən, bədbəxt hadisələrdən. Amma o, yorulub öləcək"... Niyə?.. Çünki "həyat" adlandırdığımız bəsit olduğu qədər də çoxşaxəli hadisələr bolluğu nəzarətdən çıxanda, doğrudan da, adamı yorur... Hekayənin qəhrəmanı - əyalət şəhərlərindən birindəki universitetin tələbəsi hara gedirsə, qırmızı cildli kitabı özü ilə aparır. Amerika hindu-mogikanlarının tarixindən bəhs edən bu kitabda yazılanlarla hekayənin qəhrəmanının tərcümeyi-halı (və taleyi!) arasında nə isə elə bir əlaqə var ki, tələbə (əslində, onun tələbəliyi də hər cəhətdən şərtidir: təhsil almalı olduğu universitet xırda məişət maraqları içərisində öz varlığını çoxdan itirib) təhtəlşüur şəkildə hiss edir ki, o da sonuncu mogikanlardandır... Həyat bütün vulqar, hərcayı, bayağı hökmləri ilə onun üzərinə yeriyir: evində kirayə qaldığı qadın canını boğazına yığıb; kənddəki ailəsi becərdikləri tütünü sata bilmir ki, ona xərclik göndərsinlər; tələbə yoldaşları oxumaq əvəzinə yüz oyundan çıxırlar; televiziyanın "Səhər proqramı"ndakı əttökən söhbətlər də bir tərəfdən ovqatını təlx edir... O ki qaldı tələbə yoldaşı Zivərin günbəgün artan "məhəbbət"inə, heç dözüləsi iş deyil... Həyat bundan ibarətdirsə, adam yorular da, ölər də...

"Akvariumda balıq, dibçəkdə gül, qəfəsdə quş. Bir də həbsxanada insan...

Bayaq yarımçıq qalmış fikrini tamamlamağa can atdı.

Sənin hərəkətliliyin akvariumun, dibçəyin, qəfəsin, kameranın ölçüləri həddindədir. Hərəkətsizliyin isə çəmənlər, səmalar, ümmanlar və ucsuz-bucaqsız torpaqlar qədərdir...

Düşüncələrini yazmamaq fikrində hələ ki qəti idi. Haçansa bu fikri korrektə etməyəcəyinə əmin deyildi həm də".

Varisin qəhrəmanı özünəməxsus bir "lakmus kağızı"dır. Hadisələrin mənəvi-əxlaqi mahiyyəti ilə rənglənir, spektrləşir, ancaq yenidən öz təbii halına qayıdır ki, növbəti reaksiyanı əks etdirsin. Lakin günümüzün sonuncu mogikanı elə də passiv deyil, onu müşayiət edən ən müxtəlif sıxıntılara nəinki yetərincə müqavimət göstərir, bəzən həddini aşmağı da bacarır. Uşaq yaşlarından belədir... Atasının bağladığı arxın qarşısını açmışdı ki, qonşuya da su getsin. Qırxılmış başına qapaz dəyəndə isə qiyam qaldıraraq qaçıb qaraçılara qoşulmuşdu...

Və indi də köhnə xasiyyətindən əl çəkmir...

"Ağır deyil sizə burda işləmək?", - deyə soruşdu. Satıcı təəccübündən şaşırıb "Niyə ki" sualını verəndə əllərini geniş açıb dükan dolu gül-çiçəyə işarə elədi:

- Gövdəsindən zorla ayrılan bu qədər çiçəyin ah-naləsi arasında duruş gətirdiyiniz üçün.

Satıcı sualı bir dəfə də təkrarladıb əvvəlkindən də artıq təəccüblənmiş halda cavab tuşladı:

- Qaqaş, çiçək üçün yəni fərqi var ki, gövdəsi olsun, yaxud güldan? Onsuz da solacaq da.

Dedi, yox, yanılırsız. Fərqi var, özü də çox böyük fərqi var ki, canını evində, doğmalarının arasında tapşırasan, yaxud evindən kənarda, yadların əhatəsində".

Zahirən mənasız höcətləşmədir, ancaq məsələnin mahiyyətinə (xüsusilə, o mahiyyətə ki, bununla ədəbiyyat məşğul olur) varanda görürsən ki, günümüzün sonuncu mogikanı haradasa haqlıdır. Ən azı ona görə ki, həm mogikandır, həm də sonuncudur.

Məşhur müğənniyə zəng edib onu Ahıllar evində pulsuz konsert verməyə dəvət eləyir... Doğrudur, artıq-əskik sözlər də eşidir, ancaq nə edəsən, dünyadı...

Varis "məzmun"dan "forma"ya, "forma"dan "məzmun"a ustalıqla, peşəkar stilist-üslubçu məharəti ilə keçir...

"Bütün avtovağzallar öz aralarında, dəmiryolu vağzalları öz aralarında, liman və aeroportlar da eləcə öz aralarında məktublaşırlar. Avtobus bir avtovağzalın digərinə, qatar bir dəmiryolu vağzalının digərinə, gəmi bir limanın, təyyarə isə bir aeroportun digərinə göndərdiyi məktublardır. Sərnişinlər isə bu məktubların məzmunudur..."

Hekayənin (və onun qəhrəmanının) yaddaşında otuzuncu illərin hadisələri də var...

"Qələmlə yazmasa da yaddaşla yazırdı, üst-üstə qalaqlayırdı cildləri. İçində toplaşmış sevinc və fərəhlərdən ara-sıra sevinirdi, fərəhlənirdi, amma daha çox iniltiləri, ah-ufları sezirdi, damcılayan göz yaşlarına diksinirdi.

Adi boş kağızlarla məna kəsb edən yazılı kağızlar eyni cür yanmırlarmış, əmin idi; birincilər dərhal alovlanıb çırtıltıyla yanır, bir göz qırpımında kül olurlarmış. İkincilər isə uzun-uzadı: hərfbəhərf, cümləbəcümlə, fikirbəfikir yanırlarmış. Heç külləri də ələ gəlmirmiş..."

Otuzuncu illərin insan-düşüncə faciələrinə bu mövqedən də təhlil vermək olarmı? Məncə, çox mümkündür... Və hətta mənalıdır.

Varisin gənc qəhrəmanı könlünü açmaq, gözəl Fraydanın rəqsinə baxmaq üçün sirk tamaşasına gedir...

"Aman Allah, bu qədər incəlik, elastiklik, ahəngdarlıq və bunlardan doğan bu qədər sehrkar gözəllikmi olardı? Fraydanın hər bir hərəkətinə, jestinə, mimikasına acgözlüklə tamaşa edirdi".

Ancaq bu da uzun çəkmir...

"Qırmanclı atlı çıxışa başlayanda səsgücləndiricili mərdimazarlar yenidən, özü də daha inamla, özlərinə güvənlə arenada peyda oldular, qanını bir daha qaraltdılar, Kələntərli ilə görüşdə iştirak edən hər bir kəsə həm Kələntərlinin nəfis tərtib olunmuş fəaliyyət proqramı, həm də əlli manat məbləğində əskinas hədiyyə olunacağı xəbərini qapqara ləkə kimi bu al-əlvan gözəlliyə pərçim elədilər. Bir anda zalda uğultu qopdu, onu gördü ki, adamlar durub çıxışa doğru getməyə başlayır. Səsgücləndiricinin "Tələsin, yerlər məhduddur!" elanı eşidildikdə isə giriş qapısı önündə əsl tünlük yarandı"...

Müəllif "dərin"ə getmir, daha doğrusu, təfsilata varmır, ancaq onun nə dediyini anlamaq üçün bir-iki ştrix də kifayət eləyir. Çünki bizim bir sıra qələm adamlarından fərqli olaraq Varis oxucusunun həssaslığına, bu dünyanın, bu cəmiyyətin üzvi tərkib hissəsi olmasına inanır. Və hətta oxucusu ilə polemikaya girməkdən, səmimi həmsöhbət olmaqdan da çəkinmir.

...Arena boşalır. Bir o qalır, bir də "kağız pula allergiyası olan" Cumalı kişi. Tamaşa isə davam edir... Sən demə, bu Cumalı kişi də az aşın duzu deyilmiş... Arenanı tərk etməmiş tamaşaçılara bağışlanan büllur vazanı ələ keçirməsi bir yana, "şərik"ini təhqir də edir... Özü də həyasızlıqla...

"Kərpicsifət xanım Qodyavir Mixalıça söz verərkən televizor azacıq xırıldadı, görüntü itdi, dərhal da hər şey düzəldi. Qodyavir Mixalıç dünyanı, doğrudan da, mədəniyyətin xilas edəcəyini söyləyib bu şüara sübut olaraq dünənki "çp" zamanı (aparıcının him-cimlərinə məhəl qoymayaraq o, "çp"-nin mahiyyətini açıqladı) pul dalınca qaçmayan, arenada Cumalı kişi ilə birgə qalan gənc bir oğlanın da mövcudluğunu bildirəndə hiss etdi, içinə hədsiz sevinc dolur, kövrəldi, gözləri yaşardı. Di gəl, Cumali kişi kobud tərzdə mikrofonu qaparaq söylədiyi sözlərlə dünyanı tam zülmətə qərq etdi:

- O gənc mənimlə yanaşı oturmuşdu. Onun əlli manatın dalınca getməməsi mədəniyyətə sevgisi səbəbindən deyildi. Özü mənə etiraf etdi ki, sadəcə, kağız pula allergiyası var, toxunanda bütün bədəni qaşınır, köppə-köppə səpir...

Bu dəfə qanadlarını üz-gözünə çırpan quşcuğazı necə də canlı hiss etdi..."

Bu quşcuğaz, nə az, nə çox, ölüm mələyi imiş...

Və bu da mogikanlardan bəhs edən qırmızı cildli kitabın sonu:

"...Amma müharibəni qalibiyyətlə bitirib ABŞ-ın müstəqilliyini elan edən hökumət mogikanların şücaətini qiymətləndirmək əvəzinə onların torpaqlarında zorən öz ağdərili vətəndaşlarını yerləşdirdi. Get-gedə sıxışdırılan sonuncu mogikanlar məyus halda Viskonsin ştatında irokezlərin verdiyi sığınacağa üz tutdular. Orda da yerli tayfaların içində əriyərək yox oldular..."

...Kitabın postskriptumunu professorgilə gedərkən avtobusda oxuya bildi:

"... The Last of the Mohicans - Sonuncu mogikan hazırda hansısa sosial qrupun son nümayəndəsinə, öz dövrünü başa çatdırmış hansısa insan fəaliyyətinin, hansısa ideyanın, köhnəlmiş qaydaların tərəfdarına deyilir..."

Sən demə, televiziya (cəmiyyət) heç də həmişə yalan danışmır. Yeniyetmə bir oğlanın on beş manatlıq mobil telefon arzusu həqiqət imiş. Və bu arzusunu yeniyetmənin ürəyində qoymaq insafdan deyilmiş...

"Tələsmək lazım idi, birdən, Bazar meydanında köhnə-külüş alıb-satan alverçi köşkünü bağlayıb gedərdi. Ona saatını on beş manata təklif etmək qərarına gəlmişdi".

Əlbəttə, belə-belə şeylər bir son mogikanın ağlına gələ bilər, bir də Don Kixotun... Nə Don Kixot, nə də sonuncu mogikan ağlına sığışdıra bilməz ki, nə vaxtsa bu dünyanın gözəlliyi azala, xeyirxahlığı tükənə, son işığı sönə bilər...

"Professor nəsə danışırdı, fikrini cəmləyəndə nə dediyindən agah oldu. Deyirdi, dədə-babalar illərdir bizlərçün işıq, istilik rəmzi olaraq şamlar yandırıb qoyublar, amma indi hərə həmin şamların birini söndürməkdədir. Gün gələcək, ən son şamı da söndürəcəklər, işıqsız, istiliksiz qalacağıq. Və sual edəndə ki, bundan qorxmursan, gözünü saatından ayırıb udqunaraq "yox" - dedi.

Professor dərin heyrət içində sualını təkrarladı:

- Necə?! Sən ən son şamı söndürmələrindən, işıqsız, istiliksiz qalacağımızdan qorxmursan?!

Eyni qətiyyətlə yenidən "yox" - dedi.

- Niyə?!

- Çünki günəşi ki söndürə bilməyəcəklər?!"

Hər iki qəhrəman haqlıdır: Don Kixot da, sonuncu mogikan da...

Və Varisin "Son mogikan" hekayəsində bir romana bəs edəcək qədər bol ümid işığı var. Görünür, yazıçını şöhrətləndirən də məhz bu işıq (və istedad!)dır...

 

Nizami Cəfərov

 

Ədəbiyyat qəzeti.- 2018.- 6 oktyabr.- S.11.