Şəffaf - gizli şeir- dən sonra

 

Rənglər silsiləsi

 

Mən, bu bir üzündən o bir üzü görünən Şəffaf Şəhərin Dəli Sükutuyam...

İnsanlarının bu üzündən əl uzadanda o üzündə ovuclarıma anqappaq kəpənəklər qonur...

 

***

 

Dalıb getmək istəyirəm Şəffaf Şəhərin şərqisini dinləyə-dinləyə - "Saçların da baş qoyub uyumaq istəyərlər"...

Ovuclarımı qoşalaşdırıb günəş işığından süzülən göz yaşlarının altına tuturam, ovuclarımdakı baxışlarıma zillənir və gülümsəyirəm. Bir dəli parıltı əks edir ovuclarımdakı sonsuzluqdan. Sözlər misralara çevrilir zamansızlığın o tayından, həqiqətin, yalanın düşünülüb qəlbimizi titrədən heyrəti fonunda duyğulara qanad açan boşluğunda içimin dərinliyində müəllifinin qeyb olduğu dolaşıqlığında özünü öldürüb bir gün bir dağ başında zühur edəcəyi günə dualar yollayan bir şeir asta-asta dolanır başıma... Bir şeir süzülür ovuclarıma, dua edən əllərimə təsəllini tərk etmiş inam qüvvəsiylə - Nə varsa olmayan odur...

Vaxtdır...

Barmaqlarımı aralayıb ovuclarımdakı gizli şeirin bölünmüş misralarını Yer Üzünə səpələyirəm... Tapın, yığın, adamına qaytarın şeiri...

 

***

 

Şəffaf şəhərin gecə qaranlığında, ulduz işığında küləklənən səsini dinləyirəm... Qatdan-qata otaqlar içində insan taleləri... Yuxuda, düşüncədə, ayrılıqda. Bir-birinin qoynunda, beşikdə, yataqda, pəncərə qarşısında... Uzaqlardan bir üfüq görünür, bir də üfüqü kəsib keçən düşüncələrin sədası. Yumulmuş göz qapaqları arasında əriyib gedən zamanın qoca tövşəmələri əlçimlçim bulud kimi səpələnir üfüqün qolları boyunca...

iyinlərim yer olar"- söyləmişdi Şəffaf Yalın Adamın sevgisi...

 

***

 

- Sən sevmə,- dedi qarı - sənin sevgin fəlakət olacaq...

Cavan ağacın gövdəsinə söykənib dayaqlanan kötüyün üstündə oturub əlindəki çubuqla torpağın üstündə qırıq-qırıq xətlər çəkirdi qarı... Elə gözünü o xətlərdən ayırmadan dedi, nə əlini saxladı, nə başını qaldırdı, sanki dediklərini də o qıza deyil, çəkdiyi xətlərin dərinliyinə pıçıldadı: "Sən sevmə!"

Qırıq-qırıq xətlər "gup" eləyib dünyanın dərinliyinə bir cırmaq atdı. O dərinlikdən bir hava qalxdı, hansı simə toxunduğu bilinməyən barmaqların tərpənişi ovcunda bir-biriylə kəsişməyən xətlər cızdı qızın...

- Dünyada heç bir kişinin çiyinləri sənin sevginə yer olmağa dözməz. Sən sevmə!...

...Dünyanın dərinliyindən bir su fışqırdı. Əvvəl bulanıq-bulanıq. Sonra duru-duru... Axdıqca duruldu, axdıqca dincəldi... Axdıqca göy üzünə boylanıb qarının çəkdiyi cızığı özünə çay yatağı elədi...

 

***

 

Günlərin bir günü örtüyünü çəkib üstündən salar dünya. Adına həqiqət - yalan deyilən heç nə qalmaz əbədi ölüm yolçuluğunun addımlarında. Bədənini soyununub olmayan şəhərlərin salınmamış yollarını tutar. İnsanların insan, divarların divar, qapıların qapı olduğunu unutduğu müqəddəs əfsanənin içinə dalıb şeir boyda əbədiyyətə qovuşar bir səs...

"İçindəki duyğular soyunmaq istəyərlər"...

Soyunarlar...

Soyunarlar..

Soyunarlar...

Səs, əlini toxundurar örtüyü çəkilib atılmış qəlbinin üstünə. Gizildəyər gizlinlərdə bir əsinti. "Azadlıq!"- bir ruh havalanar kainatın çıxış nöqtəsinə doğru... Ayaqları yerdən üzülər, əlləri dayaqdan... Daha bundan sonrası yoxdur, olmaz, ola bilməz... Qaytarıb o örtüyü üstünə çəkməz Şəffaf Şəhərin ruhu...

 

***

 

Mən, bu üzündən o biri üzü görünən Şəffaf Şəhərin gizli gecə qonağıyam...

Düşüb gedərəm qaranlığının içinə... Başımı qaldırıb pəncərələrə boylanmaram - orda nə olduğu görünər, ayağımın altına baxmaram - ayağımın altındakı boşluqdan başqa bir şey deyil, əlimə əl axtarmaram, yanıma qulaq yoldaşı - Kimsə yoxdur bu tərk edilmiş aləmdə ... Qoxusunu çəkərəm ciyərlərimə şəffaflığın, duaların anqappaq qanadları soldan gələr toxunar, sağdan gələr toxunar... Qırıq-qırıq kəlmələrin sızıltısını duyaram. İçindən bir həsrət qopar Şəffaf Şəhərin ürəyinin, pəncərə şüşələrinə dəyib qayıdar. Yerində su damcılarının izi qalar...

ki adam bir olar"...

 

***

 

"Mənə gəlmək istəsən səs kimi gəl, səs kimi"...

Nədir sənə gəlmək, Şəffaf Şəhər? Nədir bu heyrət? Nədir bu uçuş? Hardasan sən? Mən səni harda qoyub gəldim, mən səni harda gözlərimin qarşısında ən səssiz-sədasız halınla tapdım... Hardadır bu şəffaflığın sirri? Cavabında, əlimi köksümə qoyuram... Şəffaf Şəhərin o üzündən sinəsinə çırpılan yumruqların səsini eşidir bir gizli şeir...

Şəhərin şəffaf arakəsmələrində oynaşan al-əlvan şarların uçuşunu izləmək üçün günəşin doğuşunu gözləməkdəyəm...

Yuxusunun içində bir körpə hıçqırığı duyuram... Dəniz ləpələri kimi göy qübbəsindən süd yolunun ənginliyinə havalanır. Əlimi bətnimə qoyuram, başımı aşağı salıram. Soruşuram:

- Niyə ağlayırsan?..

 

***

 

..."Məndən get nəfəs kimi,

Mənə dön nəfəs kimi"...

Sükut... sükut...sükut... deyilibsə deyilməyib, bilinibsə bilinməyib... oxunubsa oxunmayıb, yaşanıbsa şəffaf şüşə qaba salınıb qapısız daş qəfəsin içində gizlədilib... Əlini o qapısız daş qəfəsə uzadıb alma ağacından şəffaf şüşə qabda can dərdin, ey Sevgili!... Çırp onu yerə, qoy canım Şəffaf Şəhərin ruhları arasına dağılsın. Səhər oyanıb ruh dənlənən anqappaq quşlar yuxularımdan qanadlanıb duman kimi yayılsın xəyallarımın yaşıl bağçalarında... Sonra torpaqdan göyə dartın, mənə yet...

 

***

 

"Eyyyy, mən deyirəm ki, mən"...

Sonsuz çöllərə tuturam üzümü:

- Eeeeyyy..... eeeeyyyyy... eeeyyyy....

"O duyğu eşq olar ki,

O duyğu yasaq olar"...

Biləklərimdə barmaq izləri sıxışıb qalmayıb... Orda zəncir düyünləri yoxdur... Sirrimi heç kimə demək istəyən Dostun dərin quyusunundan bir ağac pöhrələnib- Mən ana olmuşam... Baharda yaşıllaşan, payızda sarılaşan, mənim kimi üşüyən, yarpaqları mənim kimi pıçıldaşan, budaqları dua edən qadın əlləri üzü yuxarı açılan bütün ağacları mən doğmuşam...

...- Mən hardan olmuşam?..

Anası bəlli o qızın, atası bəlli... Amma yoox... Nəsə elə deyil axı, dincəlmir, sakitləşmir, içindən bir kişi bətni onu özünü duyduğu qapını aramağa çağırır...

Bezdi qarı, bir gün qup-quru barmaqlarını qızın kövrək barmaqlarına düyünləyib onu geniş bağın bir küncündəki nəhəng palıd ağacının hüzuruna apardı:

- Budur, sən bu palıd ağacının koğuşundan çıxmısan...

Qız ilk dəfə başını palıdın gövdəsi boyu qaldırıb səmaya baxdı, sonra onu qucaqladı... Qulağını kələ-kötür üzünə söykəyib dedi:

- Sənə qarışmağa gələcəyəm...- Sonra ağacı kəsdilər...

 

***

 

Başımı bu üzündən o üzü görünən Şəffaf Şəhərin sinəsinə qoyub bir içim yuxu dadmaq istəyirəm... Olmurmu? Olur. Hər şey yuxudadır. Hər yer yuxudadır, hamı yuxudadır... Tanrı, günəşi oyatmamışdan əvvəl ucsuz-bucaqsız Göy Çöllərindən bir dəstə şehli çöl çiçəyi dərib gətirib, Şəffaf Şəhərin üstündə köksünə sıxıb, qoxlayır... Əvvəl şeh damcıları qopub düşür üzüaşağı şəhərin canının üstünə, sonra çiçəklərin rəngləri, sonra Tanrı çiçək dəstəsini sevincindən havalanan uşaq kimi öz başının üstündən göyə atır... Qayıdıb başından aşağı axır çiçəklər,əvvəl çiyinlərinə, sonra qollarına, sonra enir... enir... enir... Şəffaf Şəhərin təmizliyinə səpələnir... Tanrının çiçəkləri yuxusundan oyanıb güzgülərdən özlərinə baxırlar...

 

***

 

Mən, bu bir üzündən o biri üzü görünən Şəffaf Dünyanın Gizli Aşiqiyəm... Açılan səhərin genişliyində gecəylə vidalaşıram. Yuxarıya doğru qalxan pilləkənlərin kənarında başımı Tanrının dizləri üstünə qoyub eyni evə - Kəsilmiş Ağacımın sərgərdan nəfəsinə qayıdıram...

"Uyumasaq da olar"...

 

Hədiyyə Şəfaqət

 

Ədəbiyyat qəzeti.- 2018.- 20 oktyabr.- S.9.