Mona Rosa

 

Ali Lidarın

ən çox sevdiyi sevgi şeiri

 

Mona Rosa, siyah güllər, güllər.

Geyvənin gülləri bəyaz yataq.

Qanadı qırıq quş mərhəmət istər.

Ah, sənin üzündən qana batacaq,

Mona Rosa, siyah güllər, güllər.

 

Gecə Aya hürər axmaq köpəklər,

Ürkək-ürkək baxar dovşanlar dağa.

Mona Rosa,

            bu gün məndə bir özgə hal var,

Yağış iri-iri düşər torpağa,

Durmaz, Aya hürər axmaq köpəklər.

 

Açma pəncərəni, pərdələri çək,

Mona Rosa, səni görməməliyəm.

Bir baxışın ölməm üçün yetəcək.

Anla, Mona Rosa mən bir dəliyəm,

Açma pəncərəni, pərdələri çək.

 

O zeytun ağacı, söyüt kölgəsi

Məndəcə çıxarlar gün işığına.

Bir nişan üzüyü, bir qapı səsi

Səni xatırladır hər zaman mənə

O zeytun ağacı, söyüt kölgəsi.

 

Zambaqlar ən səssiz yerlərdə açar,

Hər yabanı güldə taparsan qürur.

Bir şamın ardında gözləyən rüzgar

İşıqsız qəlbimi titrədib durur,

Zambaqlar ən səssiz yerlərdə açar...

 

Zaman tezcə keçirmiş, Mona,

Saat on ikidir, söndü işıqlar.

Uyu ki, durnalar girsin röyana,

Baxma tuhaf-tuhaf göyə bu qədər,

Zaman tezcə keçirmiş, Mona.

 

Hər axşam gələndə əncir quşları

Daraşırlar bağın meyvələrinə.

Birinin rəngi , birinin sarı

Ah, məni vursunlar o quş yerinə,

Hər axşam gələndə əncir quşları.

 

İnan, Mona Rosa, tapıram səni

Əncir quşlarının baxışlarında.

Gəl, həyatla doldur bu süst yelkəni.

Üzdüyüm dənizin göy sularında

İnan, Mona Rosa, tapıram səni.

 

Artıq inan mənə, qəriban qızı,

Dinlə qəbul et etirafımı.

Bir soyuq, bir mavi, bir qərib sızı

Alov-alov sardı cümlə canımı,

Artıq inan mənə, qəriban qızı.

 

Mona Rosa, siyah güllər, güllər.

Geyvənin gülləri bəyaz yataq.

Qanadı qırıq quş mərhəmət istər.

Ah, sənin üzündən qana batacaq,

Mona Rosa, siyah güllər, güllər.

 

Tərcümə etdi:  Dilsuz

 

Sezai KARAKOÇ

 

Ədəbiyyat qəzeti.- 2018.- 20 oktyabr.- S.17.