Dünya

 

"SÖZ" gözəlinin nazını çəkmək" (Füzuli) yalnız istedadlı adamlara qismət olan bir səadətdir. Həqiqi şeir bəstələnməmiş nəğmədir. "Söz yaradanın mədhi-sənası, nəğməsidir". "Sözə xor baxmaq olmaz, hər söz // Ərşdəndir gəlib hədiyyə bizə" (Füzuli). Mən həmişə demişəm; ədəbiyyatında Füzuli olan xalqın şairi olmaq çətindir. Şair dostum Ramiz Məmmədzadə deyir: "Bir var şairlər, bir var şeiryazanlar". Bizdə şeir yazan çoxdur, şair isə tək-tük. Şeiryazanlar SÖZ əzabını yaşamır, dülgər taxta ilə məşğul olduğu kimi onlar da sözlə predmet kimi məşğul olurlar. Mən şair deyiləm, bəlkə şeiryazanlardan biriyəm. Fəqət, hələ böyüməmiş bu çocuqları SÖZ işığına, ədəbiyyat ab-havasına çıxarmağa cəsarət etdim. SÖZ aşiqlərinə dərin hörmətlə Nizaməddin Şəmsizadə...

 

 

Dünya

 

Mən o mən deyiləm, dinlə, əzizim,

Məni məndən alıb apardı dünya.

Bir zaman bağçamda güllər əkərdim,

Gülümü köksümdən qopardı dünya.

 

Arzular qoşmuşdum, arzu dalınca,

Şəklimi qoymuşdun sən balınca.

Dönüb rüzigara, iti qılınca,

Başımı bədəndən apardı dünya.

 

Qoşa çinar idik, gənclik çağında,

Boy atıb bitmişdik cənnət bağında...

Günəş gülümsərdi al yanağında,

Ömrü minib sürən çapardı dünya.

 

Axır ürəyimdə duyğular seli,

Şöhrətim, nüfuzum bürüyüb eli.

İllər yavaş-yavaş qatlayıb beli,

Məni bir hardan tapardı dünya?

 

Gör necə şahlardan neçə tac aldı,

Ömrümü günümü məndən bac aldı.

Məni qocaltdıqca özü qocaldı

Bir tabuta qoyub apardı dünya.

 

İlahi, əlimdən alma dünyamı

Qoy yansın hələlik ömrümün şamı.

Bilmədi cavanam, ya qocayammı,

Məni bu dünyadan apardı dünya.

 

Avqust bayatıları

 

Dedin: - Söylə bayatı,

Dedim: - Qalıb boyatı,

Əlimi saza atdım,

Kişnədi türkün atı.

 

Əlimdə sazım telli,

Sevgilim incə belli.

Bir öpüş almaq üçün

Çıxardım ilan dili.

 

Saçları sinə üstə,

Qulacı dəstə-dəstə.

Mənə bir busə verdi,

Dərdindən düşdüm xəstə.

 

Həsrətim vuruşur xatirələrdə

 

Susub telefonun özündən əvvəl,

Çoxdandı əlimə dəyməyib əlin.

Həsrətim vuruşur xatirələrdə,

Nağıla bənzəyir ötən günlərim.

 

Saçlarına düzə bilmədiyimdən

Vaxtından çox qabaq solub güllərim.

Söyüdlər yenə başını əyib,

Amma ki, əlinə dəymir əllərim.

 

Çoxdan unutmuşam nizim sözünü,

Gülüm güllərlə bərabər solub.

On birdən on birə çəkən günümüz

İndi intizarla, həsrətlə dolub.

 

Xəyallarla yüklü tənha bir qayıq,

Üzür xatirələr okeanında.

Gecələr yuxuma girirsən yaman,

Yenə danışmırsan adam yanında.

 

Qəmli gözlərinə baxıb susuram

Tez yadıma düşür Leylinin sözü.

Özgə əlindədir bilirəm məhar,

Həsrətlə qapanır könlümün gözü.

 

Bəlkə utanırsan qocalığımdan?

Bəlkə çəkinirsən ucalığımdan?

Sənə ev qurmuşam xatirələrdə,

Mənə boy verməyən bu yad şəhərdə.

 

Əzəldən tufana düşdü güllərin,

Orda-burda keçdi gözəl günlərin.

Kimlərə qismətdir bilmirəm nəyin,

Mənə kifayətdir xatirələrin.

 

Xəyal bağçasında əkmişəm səni,

Xatirə bağıdır gülün məskəni.

Allaha əmanət qoyub gedərəm

Bir gün bu dünyadan aparsa məni.

 

Yaman

 

Yaman udub yaxşını,

Pozub gözəl naxışını

İgidlərin baxışını

Yenə çən-duman alıb,

Dünyanı yaman alıb.

 

Ümid yoxdu gümana,

Güman quldu yamana.

Üz tutsan da ha yana

O yan viran olubdu,

Yaman onu udubdu.

 

Yaxşı-yaman içində

Buğda saman içində

Güllər tikan içində

Təslim olub yamana

Dəyişibdi zamana.

 

***

 

Səndən ayrılmağın çarəsi ölüm,

İzin ver yenidən qoynuna dönüm.

Özünə qaytarım məhəbbətini,

Yaşayaq ilahi səadətini.

 

Şəkərə xitab

 

Dahi filosofların

Qalın kitablarını

Oxumaq istəyirəm -

Gözüm qoymayır.

Gözümün qarşısında

Əqrəb oynayır.

Göz yaşım

Yanağımla sürüşür,

Kitab əlimdən düşür.

Neçənci kərə

Lənət oxuyuram

Andır şəkərə.

Fikirlərim dağılır

Laxtalanmış qan kimi,

Qüssədən dartılır

Qəlbimin sarı simi.

Oxunur sonuncu

Ömür nəğməsi,

Gedir həyat həvəsi.

Gəlir ölüm nəfəsi

Bir ki, Əzrailin

"Gəl gedək" kəlməsi...

 

Tərsinəmi axır çayların suyu

 

Yaman kədərliyəm yenə bu axşam,

Titrəyir əlimdə ömür adlı şam.

Uçur xəyalımda ölüm qorxusu,

Gəlir pəncərədən halva qoxusu.

 

tez dəyişildi sevginin donu?

İlğım tək görünür ömrümün sonu.

tez cılızlaşdı böyük arzular,

Tərsinəmi axır çaylarda sular ?!

 

Ağlayıram

 

Ayaqlarım şişib, bir daş,

Üstündə qurmuşam bardaş.

Gözlərimdən axır qan-yaş

Öz ömrümə ağlayıram.

 

Günlər keçib gedir hədər,

Can sirdaşım olub kədər.

Dua edib axam-səhər

Allaha bel bağlayıram.

 

Adamların üzü bir daş

Xain çıxıbdı dost, sirdaş

Qapımı döyməyir qardaş

Dünyaya kin saxlayıram.

 

Daha qalmayıb səbrim,

Harada qazılıb qəbrim?

Yerini nişan ver, Allah!

Tez gedib içinə girim.

 

İsrafil sur çalanda

 

Avazla oxunan

"Yasin"in hər kəlməsi

Süzülür sevgilinin

Nəmli kirpiklərindən,

Ah çəkirəm dərindən

Allahın təbəssümü

işıq salır qəlbimə.

 

Ruhum qüdrət verir

dünyaya divan tutan

dözümümə, səbrimə

Uzanıram tabuta

Nuhun gəmisi kimi

 

Gəmi üzür dalanda

Gedirəm o dünyaya -

Bir qayıtmaq üçün

İsrafil sur çalanda.

 

Qocalıram

 

İllər ötür yavaş-yavaş,

Yaş üstünə qalanır yaş,

Tökülür diş, ağarır baş

Nüfuz artır, ucalıram

Vaxt yetişir, qocalıram.

 

Artır ürəyimin qəmi,

Gedir sevgilərin dəmi.

Toplu görürəm aləmi

Hamıdan dala qalıram

Gündən-günə qocalıram.

 

Yuxum çəkilibdi ərşə

Bir qulp qoyuram hər işə

Giley edirəm gərdişə

Tez-tez xəyala dalıram,

Baba olub qocalıram.

 

Yuxu

 

Ölülər dəstə-dəstə

Gəlirlər qəbrim üstə.

Ağızlarında dua

Boğazlarında hava.

 

Biri baş əyib keçir,

Biri söz deyib keçir.

Biri bərəldir gözün

Biri gizlədir üzün.

 

Anamın qaş-qabağı,

Şirin sözlər deyirəm.

Eşitməyir qulağı,

Əyilib əzizləyir

Bir sarışın uşağı.

 

İyulsuz yay

 

Şair dostum

Ramiz Məmmədzadəyə

 

 

 

Bir qəribə yay idi

On yeddinin yayı.

Yox idi orta ayı

Günlər tələsərək

Alov kimi axırdı.

Günəş qəzəblə bizi

Yandırırdı-yaxırdı.

İyulsuz bir yay idi

Kimsə qəzəbləndirib

Bu il gələn yayı

Düşüb itmişdi yaydan

Ən isti iyul ayı.

 

Nizaməddin Şəmsizadə

 

Ədəbiyyat qəzeti.- 2018.-20 oktyabr.- S.19.