Bir gün gəlsən yoxam

 

 

1976-cı ildə Zəncanın Ağbulaq kəndində dünyaya göz açıb. Hazırda Qum şəhərinin Elmi hövzəsində fiqh fəlsəfə üzrə təhsil alan Heydər Bayat 2000-ci ildən ədəbiyyat sahəsində elmi fəaliyyətə başlayıb. O, 2003-cü ildə Qum şəhərində "Türk Ədəbiyyatı Otağı" adlı mərkəz yaradıb. Tanınmış yazar həmçinin "Pəyam-i Qum" həftəlik dərginin türkcə bölümünün təsisçisidir.

O taylı-bu taylı Azərbaycanın ünlü şairi dərin fəlsəfi məzmunlu şeirlərin, bir çox məqalənin, həmçinin türk dilində "Alma yolu" adlı şeir toplusunun fars dilində "İki ayna arasında alma" kitabının müəllifidir.

 

Bir gün gəlsən yoxam

 

Bir gün gəlsən, yoxam.

Sənə,

mənə,

hətta anamla Tanrıya

bağlı olmayan bir yoxluq.

Adəm, doğma yurdu kimi

qonacaq üstümə

quş yumurtasına qonar kimi.

Bir gün gəlsən,

mətnlərdə deyil,

hətta haşiyələrdə,

hətta ətək yazılarında,

hətta kitabların arasında

düşüb qalan cırıq kağızlarda,

qurumuş çiçəklərdə,

hətta pəncərədən calanan işıqda

arama məni.

Bir gün gəlsən yoxam,

amma sən

yoxluğu yaxşı tanırsan.

Gözlərini yumduğun yerdən başlanır

gözlərinin baxmadığı yerdən

vücudun yox bölümü...

 

***

 

Bir gun gəlməsən,

gəlmə .

Payız ürəyindən şərab çək

yoxluğumu içməyə

xəzəllərin əncmadində

dondur anılarımı,

tapşır Qafqaz dağlarının hərəzlərinə.

Köçərilərin yolda ölən cənazələri kimi,

qar altında quylansın anılarım

Gunəşin bəsirətindən uzaq...

 

***

Yox olsam da,

bir yerlərdə qalıram.

Sənin anılarında

sən varkən mən varam

acı budur...

 

Qarğanı duymaq

 

Fəlsəfə sona yetdi,

qarğa qanadlanırdı

zili.

Əsfar kitabının üstündə

Kəhəkdən daha oyanlıq bir çayda

Bəlxə baxdı,

Söhrəvərdə,

qar, qar, qar!

daşlara bir söz dedi,

kollara...

hamısı da eşitdilər,

mən ...

mən fikrə getdim, qarğa deyir?

Daş, daş idi,

kol, kol,

amma mən

mən deyildim...

bəzənmiş duyğumda

yerin

boş görünürkən

duyğum gücənməkdəydi

qarğanı duymağa.

 

Yalançılar

 

Uşaqlıqda

Ay əllərimi aldatdı...

Cavanlıqda

Sən ürəyimi aldatdın...

Həyətdə,

İndi baxıram

Yol ayaqlarımı aldadıb

Küçədə...

 

Yenə dilək

 

Çıxmaq üçün endik

Olduğumuz zirvələrdən.

Qanadı verdilər sənə,

Uçmaq nisgilini mənə.

Ayağı verdilər sənə,

Çatnaq diləyini mənə.

İndi yalvarıram sənə:

Ay sən!

Geri qaytar məni,

Olduğum zirvələrə.

 

Amma qız

 

Getmişdim alma dərəm

Sarımsaqlar yekəlmişdilər...

Bir qız ətəyi dolu sarımsaq

Baxıb dedi: "İstidən saxlar

At ağzına,

İsti vurmadan saxlar"

"Amma qız,

Mənim hələ donum açılmayıb!"

Qaçıb anasına dedi:

"Yazıq! Ana, o oğlan dəlidir!"

"Almalar?!

Almalar?! Hardadır?" -

sordum...

"Ağaclarını kəsdik, alanı yoxdu!" -

dedi...

"Üzümlüklər necə?" -

Sordum.

"Sirkəsiz sarımsaq, bir şeyə yaramaz,

Üzümlüklər durur" -

dedi...

 

Oğru

 

Tanrı coşdu,

Mən axdım,

Varlığın çayı dalğalandı...

Tanrı şaxdı,

Mən saçdım,

Yoxluğun yurdu işıqlandı...

Tanrı baxdı,

Mən baxdım,

Mən alçaqlandım,

O ucalandı...

Yer-göy

Aralandı...

Sonra

Sol cibimdən Həvvanı eşiyə çıxardım.

Tanrı dedi:

"Ay oğru!"

Gözləri buludlandı...

 

Bu ölkə

 

Boynumu qucaqlamağa,

Bilirəm

Boyun çatmaz...

Bu ölkənin dar ağacları

Ucadır.

Belə ki, darları uca qururlar

Son görüşdə

Boynumu qucaqlamağa...

Bilirəm

Boyun çatmaz.

 

Heydər BAYAT

 

Ədəbiyyat qəzeti.- 2018.-20 oktyabr.- S.21.