Yatmış şəhərin yuxusu
yaxud rəssam Ucal Haqverdiyev
1984-cü ildə
Sibirdə tanış
olduq. Port-Artur
savaşı dövründən
qalma məşhur Qırmızı Kazarmada əsgərlik həyatı
yaşadıq. Hər
dəfə məxməri
səsiylə Fransua Millenin anasının səhərlər oğlunu
oyadarkən dediyi sözləri təkrarlayardı:
"Qalx, Fransua, quşlar artıq çoxdan Allahı salamlayıb".
Ucalın səsi yaddaşımda bu sözlərlə qaldı. Bir də hər
səhər yuxudan duranda "Da zdravstvuet jivopisğ!"
- deməyi vardı.
Əsgərliyini rəssam olaraq başa vurdu. Qələm-kağız əlindən düşməzdi.
Ya gündəlik qeydlər yazar, ya da
rəsm çəkərdi.
Çox vaxt da ney çalan qıvrımsaçlı
bir qızın rəsmini. Sənət haqqında, özəlliklə,
İntibah dövrü
rəssamlığı barədə
söhbətlərindən doymazdım.
Avanqard idi. Ucalın rəsmlərindəki kultroloji arxetip Azərbaycandan Misirə, Bibliyadan Andrey Rublyova, fransız impressionizmindən primitivizmə,
ekspressionizmə qədər
şaxələnirdi. Və Ucalın primitivizmi Pirosmaninin deyil, Qogenin, yaxud Anri Russonun primitivizmi
ilə səsləşirdi.
Sənətşünaslar bunu necə
qarşılayar, bilmirəm,
amma yazmaq istəyirəm ki, Ucalın "Sehirli bağ"ı ilə Anri Russonun "Röya"sındakı parlaq
ekspressiya, lirika, rəng qamması, hüzur və harmoniya, plastika, hətta mifoloji semantika belə eynidir. Amma Ucal həm də
şairdi axı,
"saatları geriyə
- əbədiyyətə çəkməyi"
vardı:
Amma mən Sizin üçün
Səmanı çəkəcəyəm,
Və o gözəl rəqsini güllərin, yarpaqların.
Ulduzların odunu sönməyə qoymayacam,
Həqiqət nuru olsun qoy
bütün nağılların.
Bir az
arzu gərəkdir, bir az da
ümid olsun,
Su üstüylə
xəfifcə gah sürüşən, gah süzən,
Bir az
eşq bacarığı,
bir az gözəllik
qalsın,
Heç olmasa azca da
sirr - kiçicik möcüzə.
Bir də ki...saatları geriyə çəkəcəyəm,
Bir xeyli gün əvvələ, yəni əbədiyyətə!
(rus dilindən çevirəni: Cavi Dan)
Onun saatları tanıdığım
gündən indi barəsində bu sətirləri yazdığım
ana qədər əbədiyyətə işləyirdi. "Röyalar
şəhəri"ndəki çərpələng uçuran
qız, yuxuya dalmış evlər, evləri çevrələyən
dağlar, dağın
zirvəsindəki ağac...
"Mən - şəhərin rəssamı,
/ Şəhər-mənim yuxumdu"
- deyən Ucal sükutun və zamanın harmoniyasını
yaradırdı. "Sevgililər"dəki
intim romantika, eşqin və həzzin nirvanası və Ucalın şeirlərindən uçub
sevgi çardağına
qonmuş göyərçin...
"Sehirli bağ"dakı
zaman da bizdən uzaqdakı zamandır. Onun indiyə dəxli
yoxdur. İşığa
doğru uçan maral da, bağ
da, çılpaq qadın da sanki
Edem bağının
zamansızlığındadır. "Sehirli bağ"dakı
obrazlar sistemi, kompozisiyaya yerləşdirilmiş
aləm - qadınla maral arasındakı məsafə Ucalın qeyri-adi erudisiyasından soraq verir. Karl Qustav Yunqdan
başlayaraq, simvol və arxetipləri araşdıranların qənaətinə
görə, meditasiya zamanı insan məni qadın təhtəlşüurunda maral
obrazında zühur edir. Ona medium da deyirlər.
Çünki o, insanlara, ağaclara,
heyvanlara, hətta daşlara da daxil olaraq onları
bir-birinə bağlayır.
Onun içində yanan od
bütün kainatda yanır, yaxud kainatı işıqlandırır.
Ucalın zamanı ətrafdan
təcrid olunmuş, öz daxilinə hopmuş, gizli, sirli və bütöv
bir zamandır. Daha çox da zamansızlıqdır.
Özüm üçün
balaca bir ev çəkmək
istədim,
Baca, soba, pəncərə,
Pəncərədə göyərçin - nağıl
kimi mənzərə.
Uzun masa üstündə süfrə yox, mahud sərdim.
Bir də damda leyləyə ufacıq yuva qurdum,
Bir də ki yaz
nəfəsli şən
və şux bir ildırım.
Zərfdə xoşbəxt
xəbərlər...
Hər şey haqda xəbərlər,
daha nələr və nələr....
Çaya enən
bir çığır,
Çayqırağı bir bərə... və sair və ilaxır...
Bir də ora enməyi
görmək, duymaq istədim.
Bir də yazmaq istədim,
yazmaq, yazmaq istədim.
Qarşı sahilə
keçib mən oxumaq istədim
Necə yazdım-yaşadım,
necə yaşadım-yazdım...
....amma ki, bacarmadım....
(çevirəni: Səlim
Babullaoğlu)
Tablolarındakı kompozisiyaların, dəst-xəttin
özünəməxsusluğu onu müasirlərindən
xeyli fərqləndirirdi. Ucal yeni
dövrün nadir rəssamlarından
biriydi. Sənətdə yeni yol quranlardan oldu. Yolun avanqardını seçdi.
80-90-cı illər Azərbaycan
rəssamlığının modern axtarışlarını Ucalın
iştirakı olmadan dəyərləndirmək, bəlkə
də, heç mümkün deyil.
Nəsrimizdə epik sanbalına və modernist estetikasının parlaqlığına
görə seçilən
"Əbuhübb" romanında
Aydın Talıbzadə
avanqard bir rəssam obrazı yaradıb: Tuncal! Çəkdiklərini heç kəs
anlamır. Həm də
şairdir.
Amma şeirlərini dostlarından
başqa heç kəsə oxumur. Bütün halıyla - rəsmlərilə,
şeirlərilə, qəribəlikləri
ilə Tuncal Ucaldır. Aydın Talıbzadənin özündən
də soruşmuşam:
"Ucal bizim məhəllədə yaşayırdı.
Dərin
ünsiyyətim yox idi onunla. Sadəcə
seyr edirdim onu" - deyir. "Necə qalıb
yadınızda?" "Qəribə, çox qəribə adam,
heyrətləndirəcək dərəcədə qəribə
adam. Başında
sombrero, əynində qara
köynək, qara şalvar və qara çəkmə: gülümsər çöhrəli
topasaqqal bir cavan. Onun təbəssümündə
və baxışlarında
mən bir məna oxuyurdum həmişə: "əfsus
ki, siz heç
nə anlamırsınız,
siz mən anlayanı anlamırsınız."
Bu qədər...
"Tuncal
əksərən vedalardan
danışırdı, amma
hindli deyildi. Salavat çevirirdi,
amma müsəlman deyildi. Kilsənin zəngini eşidəndə
xaç vururdu, amma xristian deyildi.
Yom-Kippurim bayramlarında
xavraya gedirdi, amma yəhudi deyildi..." "Əbuhübb"ün bu
nöqtəsində dayanıram.
Yaddaşımdakı Ucal oyanır.
Xəyalım 1985-ci ilə gedir.
Ucalla vedalar, hətta şamanizm barədə danışsaq
da, xristianlıq, islam, yəhudilik
barədə danışmamışdıq.
Bir az
da dərindən xatırlayıram. O zaman
25 yaşlı Ucal rəssamlığa din səviyyəsində
etiqad edirdi. Onun peyğəmbərləri
İntibah rəssamlarıydı...
Leonardo da Vinçi, Mikelancelo, Rafael, Rembrandt... Səhərlər
isə yalnız bu duanı oxuyurdu:
"Da zdravstvuet jivopisğ!"
Sonralar Leonardo da
Vinçi onu "Müqəddəs İyeronim"ə
yaxınlaşdıracaqdı...
Posmotri - okno zapotelo.
Narisuy menə
na okne.
Çtob ono poteklo, poteplelo...
Bir də on doqquz il
sonra təsadüfən
Bakıda - Torqovı küçəsində onu
uzaqdan gördüm. Şeirlərindəki obraza bənzəyirdi.
Uçulmuş şəhər idi
sanki. "Ucal, Ucal!" - deyə
səslədim. Qara, uzun
saqqalı, laübalı
yerişi onu tanınmaz etsə də, Ucal olduğu
dərhal bilinirdi. Dayandı. Arxaya - səs gələn
tərəfə baxdı.
Yaxınlaşdım. Tanıdı. Qucaqlaşdıq. Amma bu, artıq
mənim tanıdığım
Ucal deyildi. Ürəyi ağrıyırdı. "Harda
görüşək?" - sualıma
"Vaxtımın çoxunu
kilsədə oluram"
- deyə cavab verdi. Heç nə anlamadım.
"Kilsədə niyə?.."
Ucalla görüşmədiyimiz
illərdə mən Məkkə ziyarətində
olmuşdum, o isə...
Bir vaxt rəsm qovluğunu dizinin üstünə qoyub ney çalan
qıvrımsaçlı bir
qızın şəkillərini
çəkən Ucal
isə Bakıda Mixail Arxangel kilsəsinin divar freskalarını çəkən
provaslav Pyotr Ucala çevrilmişdi...
Məncə, rəssam Ucalı öz böyük sevgisinin təsəvvüfünə
çatdıran, onu xaç suyuna salan elə ilk gənclik illərindən
könül verib tapındığı renessans
rəssamları oldu.
Azər TURAN
Ədəbiyyat qəzeti.-
2018.- 27 oktyabr.- S.12.